Məhkəmə qərarları › İş №2-1(118)-2708/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2708/2024

23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2708/2024 23.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri “Samur Abşeron” kanalının şimal hissəsində 0,10 ha hissədən ibarət 1207 saylı bağ torpaq sahəsi üzərində onun adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhərinin “Samur Abşeron” kanalının şimal hissəsində 0,10 ha hissədən ibarət 1207 saylı bağ torpaq sahəsi üzərində onun adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər X4 İcraiyyə Komitəsinin 4.417 nömrəli, 1989-cu il tarixli qərarı ilə Azərboru prokatı zavodunun 2000 ailəsinə Samur- Abşeron kanalının şimal meşə xəttində 162 hektar torpaq sahəsi ayrılmışdır. Həmin qərara uyğun olaraq 1999-cu ildə mühasib işlədiyi "Azərboru” X6 Cəmiyyətinin Həmkarlar İttifaqı təşkilatının qərarına və onun nəzdində olan "Metallurq" kollektiv bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1999-cu il tarixli, 5 nömrəli protokoluna əsasən "Samur-Abşeron” kanalının şimal hissəsində 0,10 ha hissədən ibarət torpaq sahəsi iddiaçıya ayrılmış və 1207 saylı bağçının üzvlük kitabçası verilmişdir. Həmin vaxtdan da torpaq sahəsi iddiaçının istifadəsindədir və orada qanuni sənədlər əsasında ev tikib yaşayır. İddiaçı Bağçının üzvlük kitabçasını ərizəsinə əlavə etməklə cavabdeh DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsinə müraciət edərək qeyd olunan bag sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alıb Çıxarış verilməsini xahiş etmişdir. Lakin cavabdehin ünvanladığı xx.xx.2023-cü il tarixli məkubunda Metallurq Bağçılıq Cəmiyyətinin ərazisində yerləşən bag sahələrinə dair bağçılıq-yoldaşlıq təsərrüfatının sxematik xəritələri və bağçılıq cəmiyyəti üzvlərinin siyahısının adlı siyahısı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdasinə təhvil verilmədiyini əsas gətirilərək ərizəsi təmin etməmişdir. Arxiv sənədlərinin vaxtında cavabdehə təqdim edilməməsi iddiaçının günahı deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, “Metallurq” Bağçılıq Cəmiyyətinin ərazisində yerləşən bağ sahələrinə dair bağçılıq-yoldaşlıq təsərrüfatının sxematik xəritələri və bağçılıq cəmiyyəti üzvlərinin adlı siyahısı idarəyə təhvil verilmədiyi üçün həmin ərazidə yerləşən torpaq sahələrinin qeydiyyata alınması ilə bağlı müraciətlərin icrası tərəfimizdən təmin oluna bilmir. Buna görə də dəfələrlə Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına, Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt Bələdiyyəsinə arxiv saxlanclarında aşkar olunduğu halda “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyətinin üzvlərinə bağ sahələrininayrılması ilə bağlı arxiv məlumatlarının, o cümlədən bağçılıq-yoldaşlıq təsərrüfatının sxematik xəritələrinin, bağçılıq cəmiyyəti üzvlərinin adlı siyahısının idarəyə təqdim olunması ilə bağlı sorğular göndərilmiş, lakin sorğular müvafiq qurumlar tərəfindən müsbət cavablandırılmamışdır. Qeyd olunanlarla əlaqədar olaraq bildiririk ki, “Metallurq” Bağçılıq Cəmiyyətinin ərazisində yerləşən bağ sahələrinə dair arxiv məlumatları idarəyə daxil olduqdan sonra müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır. Həmçinin, inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar sözügedən torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilməsinə şərait yaradılmamışdır. İş materiallarında olan: -1207 nömrəli bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı 1999-cu ildən bağçılıq cəmiyyətinin üzvüdür. -041216 seriyalı qəbzdən görünür ki, İddiaçı 2008-ci ildə torpaq vergisi ödəmişdir. -X2 heyətinin 06 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı "xxxx" ASC “Metallurq” bağçılıq yoldaşlığının üzvlüyünə qəbul edilmişdir. -xx.xx.2023-cü il tarixli İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin müayinə aktından görünür ki, torpaq sahəsində texniki inventarlaşma işləri aparılmış, torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zonasında yerləşmir. Ümumi tikinti altı sahəsi 298,0 kv m olan 2 ədəd 1 mərtəbəli bağ evi mövcuddur. - Məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən qeyd olunan bağ torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Hazırkı mübahisənin predmetini cavabdehin 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq təsbit edilmişdir. Həmin əsaslardan biri də, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışdır (Qanunun 8.0.7-ci maddəsi). İddiaçı da tələbinin əsası kimi 1999-cu il tarixli “Bağçının üzvlük kitabçası”na istinad edərək mübahisəli 0.10 ha torpaq sahəsinin ona Azərbaycan Boru Prokat zavodunda işlədiyi dövrdə “Metallurq” Ceyranbatan Bağçılıq Cəmiyyəti tərəfindən bağ sahəsi kimi ayrıldığını iddia edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7ci maddəsinə istinadən iddia tələbinin təmin olunması üçün iddiaçı tərəfindən təqdim edilmiş həmin müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması müəyyən olunmalıdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda, məhkəmə sözügedən sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması ilə bağlı məsələni lazımi qaydada araşdırmalı və qiymətləndirməlidir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, Qanunun 8.0.7-ci maddəsində göstərilən üzvlük kitabçası kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməlidir. Yəni, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və üzvlük kitabçası bağ torpaq sahəsi üzərində hüququn qeydiyyatı üçün birgə əsas kimi çıxış edir. Hazırkı iş üzrə cavabdehin imtinası və iddia ərizəsinə etirazının dəlillərindən müəyyən edilir ki, “Metallurq" Kollektiv Bağçılıq Cəmiyyətinin üzvlərinin adlı siyahısı və bağçılıq yoldaşlıq təsərrüfatının sxematik xəritələrinin Ərazi idarəsinə təhvil verilməmişdir. Eyni zamanda, iddiaçı hazırda həmin cəmiyyət tərəfindən ona bağ torpaq sahəsinin ayrıldığını iddia etsə də, öz adının da qeyd olunduğu cəmiyyətin üzvlərinin adlı siyahısını məhkəməyə təqdim etməmişdir. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın İddiaçı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar