Məhkəmə qərarları › İş №2-1(118)-2710/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2710/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2710/2023 07.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, məsləhətçi X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2019-cu il tarixində xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 1 ərazisində yerləşən ümumi sahəsi 28,00 kv.m olan mənzilin **********00109 saylı abonent kodunun iddiaçının adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı xx.xx.2022-ci il tarixində cavabdeh orqan Cavabdeh-nə rəsmi məktub ilə müraciət edərək xx.xx.2019-cu il tarixli № 153 saylı kirayə müqaviləsinə əsasən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Fərrux Qayıbov küçəsi, ev 21, mənzil 14 ərazisində yerləşən ümumi sahəsi 28.00 kv metr olan mənzil, həmin mənzilin iddiaçının istifadəsində olduğundan, ondan öncəki mülkiyyətçinin abonent kodunun onun adına rəsmiləşdirilməsi ilə bağlı X2 Cəmiyyətinin yerli qurumlarına müraciət etməyinə baxmayaraq əvvəlki abonentin borcu olduğuna görə həmin abonent kodunun iddiaçının adına rəsmiləşdirilmədiyini bildirmişdir və istifadəsində olan Sumqayıt şəhəri. H.Z.Tağıyev qəsəbəsi. Fərrux Qayıbov küçəsi, ev 21, mənzil 14 ərazisində yerləşən ümumi sahəsi 28,00 kv metr olan mənzilin **********00109 saylı abonent kodunun iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı qanunvericiliyə uyğun tədbir görülməsini və bu barədə ona rəsmi məlumat verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya ünvanlanmış məktubda qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin abonent kodunda ad dəyişmə edilməsi ilə bağlı "xxxx" ASC-və daxil olmuş müraciətə (xx.xx.2023cü il tarixli. M-1009-5/2023 nömrəli) Müştəri xidmətləri idarəsində baxılmışdır. "xxxx" ASC-nin elektron məlumat bazasındakı abonent kodunda ad dəyişmə edilməsi AR-sı Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş "Elektrik enerjisindən istifadə Qaydaları" ilə tənzimlənir. Mövcud qaydalara və həmin qaydalara hazırlanmış əlavə reqlamentə əsasən vətəndaşlar tərəfindən müvafiq sənədlər "ASAN Kommunal" mərkəzlərinə təqdim edilir və əməkdaşlar tərəfindən baxılaraq, qaydaların tələblərinə uyğunluğu yoxlanılır. Daha sonra abonent koduna hesablanmış borc olmadığı halda müraciət təmin edilir. Ərizədə qeyd edilmiş məsələ "xxxx" ASC-nin elektron məlumat bazasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən yaşayış sahəsi **********00109 nömrəli abunə kodu ilə qeydiyyardadır və həmin kod üzrə əvvəlki dövrlərdə istehlak edilmiş lakin dəyəri ödənilməmiş dondurulmuş borc mövcuddur. "Elektrik enerjisindən istifadə Qaydalarının" 8.22- ci bəndinə əsasən Məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi eleklirik enerjisinin haqqının ödənilməsini tələb etməlidir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, onu tələbi aydınlaşdırılmışdır. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixində xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 1 ərazisində yerləşən ümumi sahəsi 28,00 kv.m olan mənzilin **********00109 saylı abonent kodunun iddiaçının adına keçirilməsini istəyir. Lakin iddiaçının cavabdeh qismində qoyduğu "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir və hazırkı mübahisə cavabdehin inzibati fəaliyyəti ilə əlaqədar yox, eletrik enerjisinin satışı ilə bağlı mülki hüquq münasibətlərindən yaranmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Məhkəmə qeyd edir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli qərarında təbii inhisar subyektləri ilə bağlı mübahisələrə hansı hallarda inzibati icraat qaydasında baxılmalı olması müəyyənləşdirilmişdir. Həmin qərarın nəticəsi olaraq qeyd olunmuşdur ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında İnzibati məhkəmələr tərəfindən baxılır. Lakin hazırki mübahisə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn bir mübahisə deyildir. Belə ki, hazırkı mübahisə cavabdehin inzibati fəaliyyəti ilə əlaqədar yox, eletrik enerjisinin satışı ilə bağlı mülki hüquq münasibətlərindən yaranmışdır. Mübahisənin tərəfləri isə hazırkı iş üzrə iddiaçı, cavabdeh və iddiaçının daşınmaz əmlak əldə etdiyi əvvəlki mülkiyyətçilərdir və mübahisə tərəflər arasında daşınmaz əmlakın və eletrik enerjisinin satışı ilə bağlı müqavilə öhdəliklərindən yaranmışdır Bu halda iddiaçı öz hüquqlarını mülki məhkəmə icratı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələri ilə qoruya bilər. Bu halda müvafiq ümumi məhkəmədə iddia inzibati orqandan tələb formasında deyil, mülki məhkəmə icratı qaydasında nəzərdə tutulmuş iddia tələbləri formasında qaldırılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edərək, müvafiq ümumi məhkəməyə müraciət etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar