Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2714/2025 24.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı “cavabdehin onu ehtiyata buraxılmağına dair əmrinin ləğv olunması və hərbi xidmətə bərpa olunmağına dair qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı “cavabdehin onu ehtiyata buraxılmağına dair əmrinin ləğv olunması və hərbi xidmətə bərpa olunmağına dair qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ildən etibarən Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçir, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbini bitirmiş, Ali hərbi Məktəbi bitirdikdən sona həmin Məktəbdə zabit kimi 2024-cü ilin avqust ayınadək xidmət keçmişdir. Ali Hərbi Məktəbin əvvəlki rəhbərliyi ilə onun heç bir problemi olmayıb, məktəbə yeni rəis təyin olunandan sonra məqsədli şəkildə onu oradan uzaqlaşırmaq yolunu tutub, və ən nəhayət 2024-cü ilin avqust ayında Daxili Qoşunların Baş İdarə rəisi onun yanına çağıraraq şantaj edib ki, “raport yazıb öz xahişinlə ehtiyata getməsən səni şərləyib cinayət işi açacağıq”. İddiaçı da məcbur olaraq belə bir raport yazmış, bundan sonra, yəni 2024-cü ilin avqust ayının ortalarında ona şifahi olaraq bildirilmişdir ki, “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.Ona həmin əmr təqdim olunmayıb, imza atıb tanış olmamış, nəyə əsaslanaraq belə bir əmr verilməsi də ona aydın olmadığı üçün inzibati qaydada Daxili İşlər Nazirliyinə şikayət edərək məsələnin araşdırılmasını xahiş etmiş, Daxili İşlər Nazirliyinə ünvanladığı şikayətə cavab olaraq xx.xx.2024-cü ildə Daxili Qoşunlarının Baş İdarəsindən cavab məktubu almış, həmin imtina cavabında qeyd olunur ki, “xidmət etdiyiniz müddətdə dəfələrlə nöqsanlara yol vermiş, vəzifə borclarının icrasına laqeyd münasibət bəsləmiş, tutulan nöqsanlardan və verilmiş intizam cəzalarından nəticə çıxarmamış, şəxsi intizamsızlıq nümayiş etdirərək zabitə yaraşmayan hərəkətlərə yol vermisiniz. Bununla əlaqədar, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi institutunun rektorunun təqdimatı əsasında vəsatət qaldırılmış və X3 müavini- Daxili Qoşunlar komandanının müvafiq əmri ilə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə’’nin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmısınız.” Hesab edir ki, cavabdehin müvafiq əmri qanunsuz olduğundan ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, iddiaçı xidmət etdiyi dövrdə xx.xx.2023-cü il tarixdə “funksional vəzifə borclarının icrasına ciddi yanaşmadığına görə” bölük komandiri tərəfindən “Töhmət”, xx.xx.2024-cü il tarixdə “funksional vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmadığı üçün” bölük komandiri tərəfindən “Töhmət”, xx.xx.2024-cü il tarixdə “xidmət apararkən və xidmətin təşkilində nöqsanlara yol verdiyinə görə” Ali Hərbi Məktəb rəisinin Maddi-Texniki Təminat üzrə müavini tərəfindən “Töhmət”, xx.xx.2024-cü il tarixdə “funksional vəzifələrinə məsuliyyətlə yanaşmadığına görə” bölük komandiri tərəfindən “Töhmət” elan edilərək intizam qaydasında cəzalandırılmış, ehtiyata buraxıldığı günədək üzərində qüvvədə olan 4 intizam cəzası olmuş, lakin, görülən bütün tədbirlərə baxmayaraq öz üzərində dönüş yaratmamış, mənfi xasiyyətnamə ilə xarakterizə olunmuşdur. İddiaçı ərizəsində Ali Hərbi Məktəbin əvvəlki rəhbərliyi ilə heç bir probleminin olmadığını, məktəbə yeni rəis təyin olunduqdan sonra məqsədli şəkildə onu ordu sıralarından uzaqlaşdırmaq yolu tutulduğunu bildirsə də, məlum olmuşdur ki, onunla aparılmış kollektiv və fərdi tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzalarından həmçinin, Hərbi İnstitutun rəhbərliyi, eləcə də, bölük komandiri tərəfindən aparılmış nəzarət qaydasında eyni zamanda fərdi söhbətlərdən nəticə çıxartmayaraq xidməti fəaliyyətində dönüş yaratmamış, üzərində qüvvədə olan 4 (dörd) intizam cəzası olmuşdur.Həmçinin, iddiaçı ərizəsində X3 müavini-daxili qoşunların komandanının onu yanına çağıraraq raport yazıb öz xahişi ilə ehtiyata getməyəcəyi təqdirdə şərləyib cinayət işi açılacağı ilə şantaj edildiyini, məcbur qalaraq belə bir raport yazdığını, bundan sonra, yəni 2024-ci ilin avqust ayının ortalarında ona şifahi olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığını, ona həmin əmrin təqdim olunmadığını, imza atıb tanış olmadığını bildirsə də, müvafiq sənədlərdən məlum olur ki, o, xx.xx.2024-cü il tarixdə Hərbi İnstitutun rektoruna 3- 13-14-8/1-2328/2024 nömrəli raportla müraciət edərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etmiş, gələcəkdə Daxili qoşunlarda yenidən xidmətə qayıda bilməyəcəyi barədə məlumatlı olduğunu, heç bir şikayətinin olmadığını, Hərbi-həkim komissiyasına göndərilməsinə ehtiyacının olmadığını bildirmişdir.Yuxarıda göstərilənlərlə əlaqədar onunla söhbətlər aparılmış, söhbət zamanı ehtiyata buraxılması fikrinin qəti olduğunu bildirmiş və ehtiyata buraxılması ilə əlaqədar yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir.X3 müavini-daxili qoşunların komandanının xx.xx.2024-cü il tarixli 154 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən, Hərbi İnstitutun rektorunun xx.xx.2024-cü il tarixli 3-13-14-8/Ə172/2024 nömrəli nizami hissə üzrə əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır.Eyni zamanda, İddiaçı X3 müavini-daxili qoşunların komandanının xx.xx.2024-cü il tarixli 154 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və Hərbi İnstitutun rektorunun xx.xx.2024-cü il tarixli 3-13- 14-8/Ə172/2024 nömrəli nizami hissə üzrə əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılması elan olunaraq ona hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinə xx.xx.2024-cü il tarixli 231 nömrəli göndəriş verilmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən əmr elan edildikdən sonra iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəmədə mübahisələndirilməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü ildə məhkəmədə iddia qaldırmasına baxmayaraq, cavabdeh tərəfindən müvafiq əmr iddiaçıya elan edildikdən 2 aydan çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə görə ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Göründüyü kimi hərbi qulluqçulara əmrin təqdim edilməsi, onlara həmin əmrin elan edilməsi ilə həyata keçirilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Həmin Əsasnamənin 166-cı maddəsinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin 20-ci maddəsi). Hərbi hissənin yerləşdiyi yerin dəyişdirilməsi hərbi qulluqçunun həqiqi hərbi xidmətdən vaxtından əvvəl buraxılmasına, habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı hərbi qulluqçu olduğundan əsasnamənin tələbinə əsasən ona əmr xx.xx.2024-cü ildə elan edilmiş, deməli iddiaçı mübahisə etdiyi əmrdən məlumatlı olmuşdur. Lakin, iddiaçı şikayət etmə müddətini ötürdükdən sonra iddia tələbi ilə qeyd olunan əmrin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı “cavabdehin onu ehtiyata buraxılmağına dair əmrinin ləğv olunması və hərbi xidmətə bərpa olunmağına dair qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X5
Məhkəmə qərarları › İş №2-1(118)-2714/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2714/2025
24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver