Məhkəmə qərarları › İş №2-1(118)-2715/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2715/2023

13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2715/2023 13.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Üçüncü şəxs X11 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhər X9 xx.xx.1988-ci il tarixli qərarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhər X9 xx.xx.1988-ci il tarixli qərarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ilk öncə məhkəməyə ərizə ilə müraciət edərək, üçüncü şəxslər X10, X6, X3, X7, X1, X8 torpaq sahəsinin ayrılmasına əsas olmuş Sumqayıt şəhər X9 İcariyyə Komitəsinin xx.xx.1998-ci il tarixli 26 nömrəli qərarı və onun əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamələrin ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması bardə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh qismində Sumqayıt Şəhər İcra Hakimiyyətinin qalmasını və Sumqayıt şəhər X9 xx.xx.1988-ci il tarixli, 26 nömrəli qərarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində 2324B ünvanında yerləşən torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Belə ki, Sumqayıt şəhər X9 İcariyyə Komitəsinin xx.xx.1998-ci il tarixli 26 nömrəli qərarı əsasında “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrlə X5 və onun yaxın qohumları X6, X3, X7, X2, X8 ayrılmışdır. Eyni zamanda X4 ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinə dair şəhadətnamə mövcuddur. Lakin qeyd etmək lazımdır ki, sözügedən torpaq sahəsi bağ sahəsi hesab olunur və həmin torpaq sahələri bağ təsərrüfatı idarələrinin yurisdiksiyasında olduğundan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sözügedən torpaq sahələrinə dair şəhadətnamə vermək hüququ yoxdur.Sözügedən torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi alınmış və qeyd olunmuşdur ki, İddiaçı torpaq sahəsi ilə üçüncü şəxslərin torpaq sahələri üst-üstə düşür. Yuxarıda da qeyd olunduğu kimi, İddiaçı məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona müvafiq çıxarış verilmişdir. Belə olan halda həmin torpaq sahəsinin üçüncü şəxslərə ayrılmasına əsas olmuş xx.xx.1998-ci il tarixli 26 nömrəli qərar və onun əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamələr ləğv edilməlidir, çünki bu iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alıb, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə lazimi qaydada iddiaçı, cavabdeh və digər üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X11 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəf məhkəmənin icraatında olan digər işin baxılmasının yubadılması məqsədi ilə qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət edib. Belə ki, məhkəmədə qaldırılan digər iddia tələbi İddiaçı adına verilən çıxarışın ləğvi ilə bağlıdır, o isə öz növbəsində Bağlar Təsərrüfatı İdarəsi ilə 3-cü şəxsin arasında bağlanmış müqaviləyə əsas olan ümumi qərarın ləğvini tələb edir. Qeyd olunan qərar ümumi xarakterli olduğundan onun ləğv edilməsi mümkün deyil. Məhkəmədən qərar qəbul edilərkən bu halın nəzərə alınmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən elektron məhkəmə sistemi vasitəsilə təqdim edilən xx.xx.2023-cü il tarixli vəsatətə münasibətdə bildirilir ki, iddiaçının tələbi ümumi xarakterli qərar ilə bağlı, yəni 3-cü şəxslərin bir başa adı göstərilmədiyi qərarla bağlı olduğundan vəsatətin təmin edilməsi məqsədəmüvafiq deyil. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən təqdim edilmiş Sumqayıt şəhər X9 xx.xx.1988-ci il tarixli 26 saylı iclas protokolunun 3.389 saylı qərarı bağ sahələrinə ehtiyacı olan şəxslərə bağ sahələrinin verilməsi haqqında olmuş və həmin qərarın əsasında bağ təsərüfatı idarələri bağ sahələrinə ehtiyacı olan şəxslərə torpaq sahəsinə dair icarə müqavilələri bağlamışdırlar. Hesab edilir ki, iddiaçının bir çox şəxslərə ümumi torpaq sahəsinin ayrılması haqqında xx.xx.1988-ci il tarixli 26 saylı iclas protokolunun 3.389 saylı qərarın ləğv edilməsi tələbini etməyə subyektiv hüququ yoxdur. Belə ki, qeyd olunan qərar qəbul edilərkən, torpaq sahələrini kimlərə paylanacağı barədə məlumat mövcud deyildi. Başqa sözlə desək hazırkı iddia tələbi üzrə 3-cü şəxslər bağ sahələrinə dair hüquqlarını bağ sahələrinə dair icarə müqavilələri rəsmiləşdirdikdən sonra əldə etmişdirlər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüququna malik olmadığına görə iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhər X9 xx.xx.1988-ci il tarixli, 26 nömrəli qərarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar