Məhkəmə qərarları › İş №2-1(118)-2715/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2715/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2715/2024 27.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “onunla Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, 1 saylı yataqxananın, 9 saylı evin 483 nömrəli mənzilin 2 otağına dair kirayə müqaviləsinin bağlanmasına Sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ilkin olaraq məhkəməyə müraciət edib, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, 1 saylı yataqxananın, 9 saylı evin 483 nömrəli mənzilin, onun istifadəsində olan 2 otağına dair kirayə müqaviləsinin bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi olunla əsaslandırılmışdır ki, iddiaçı 1981-ci ildə “Azqur” Səhmdar Cəmiyyətində əmək fəaliyyətinə başlamış və onun mənzil sahəsinə ehtiyacı nəzərə alınaraq 1985-ci ildə həmin cəmiyyət tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, 1 saylı yataqxananın, 9 saylı evin 3 otaqlı 483 nömrəli mənzil ayrılmışdır. Cavabdeh təşkilat 2022-ci ildə mübahisəli mənzilin 1 otağına dair kirayə müqaviləsi bağlanmışdır. İddiaçı daha sonra həmin mənzilin istifadəsində olan 2 otağına dair iş yeri üzrə mənzil sahəsinin ayrılmasına dair sənədləri Cavabdehnə təqdim etmiş, lakin onun müraciətini müsbət həll etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının yaşadığı Xırdalan şəhəri 26 cı məhəllədə yerləşən 9 sayılı bina vaxtilə “Azqur” Səhmdar Cəmiyyətinin balansında olmuş və iddiaçıya Səhmdar Cəmiyyətinin göndəriş sənədi ilə həmin binanın 483 nömrəli otağı iddiaçıya verilmişdir, iddiaçının RİH-nə müraciəti əsasında həmin sahəyə dair onunla mənzil kirayə müqaviləsi bağlanmışdır. Lakin sonradan iddiaçı yenidən RİH-nə müraciət edərək onun istifadəsində 2 otağın olduğunu qeyd edərək onunla 2 otağa görə mənzil kirayə müqaviləsi bağlanmasını xahiş etsə də əlavə otağın onun istifadəsinə verilməsinə dair hər hansı sənəd təqdim etməmişdir. İddia tələbində iddiaçı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 58.1ci maddəsinə istinad etməklə boş qalan sahəyə onunla kirayə müqaviləsi bağlanmalı olduğunun qeyd etsə də qanunvericiliyin tələbini təhrif olunmuş şəkildə verərək həmin maddədə “sosial” sözünü qeyd etməmişdir. Belə ki, Mənzil Məcəlləsində qeyd olunan “sosial kirayə müqaviləsinin birtipli forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmamışdır və iddiaçı məhz bu səbəbdən də həmin maddəyə təhrif edilmiş şəkildə istinad edir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur.Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli, 5-29/2-Ş-79-068/2023 nömrəli imtina məktubu, etiraz ərizəsi, Cavabdeh başçısının 374 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamının surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, Cavabdeh Xırdalan şəhər 3 saylı MTİİTS tərəfindən verilmiş 14, 778, 779 nömrəli xx.xx.2024-cü il tarixli arayışlar və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtıdan yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Cavabdeh hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan yaşayış sahəsi Cavabdeh baılansında olduğuna görə və qeyd olunan ərazi üzrə müvafiq mənzillərin vətəndaşlara verilməsi səlahiyyəti Cavabdehnə aiddir. Belə olduğu tədqirdə Cavabdeh hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Cavabdehnə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, 5-29/2-Ş-79- 068/2023 nömrəli məktubu ilə imtina cavabını almışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat ümumilikdə iddiaçının tələbini yerinə yetirməkdən imtina etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonunun idarəçiliyi hüdudları daxilində yerləşdiyinə görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya mənzilə ehtiyacı olan şəxs kimi 1985-ci ildə “Azqur” Səhmdar Cəmiyyətinin işçisi olduğu səbəbindən ona verilmiş və iddiaçı həmin mənzildə ailə üvləri ilə birlikdə məskunlaşmışdır. İddiaçıya həmin müəssisə tərəfindən 3 otaqdan ibartər olmuş, iddiaçı 2022-ci ildə mübahisəli mənzilin 1 otağına dair cavabdeh təşkilat ilə kirayə müqaviləsini rəsmiləşdirmişdir. İddiaçı mübahisəli mənzilin digər 2 otağının rəsmiləşdirilməsi üçün onunla kirayə müqaviləsinin bağlanmasına görə sərəncam verilməsini cavabdehdən xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Hal-hazırda qeyd olunan mənzil Cavabdeh balansında olmasına baxmayaraq, iddiaçının adına rəsmiləşdirmə işlərinin məcburi köçkünlərin oradan köçürüləndən sonra mümkün olmasını bildirir. Məhkəmə hesab edir ki, cavabdehin hüquqi mövqeyi əsassızdır. Belə ki, mövcud mübahisə hüquq münasibətlərinin yarandığı dövrdə, 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları əsasında həll edilməlidir. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə kirayəçi-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini kirayə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 52-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində kirayə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 54-cü maddəsində qeyd edilmişdir ki, kirayədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Kirayədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 83-cü maddəsinə görə yaşayış sahəsini kirayə müqaviləsi yalnız kirayəçinin, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Kirayəçinin ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış kirayə müqaviləsi üzrə ilk kirayəçi əvəzinə özünün kirayəçi hesab edilməsini kirayəçi və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. Kirayəçi öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Məhkəmə hesab edir ki, Sumqayıt çörək-qənnadı kombinatı HİK və MMK tərəfindən 28 nömrəli, xx.xx.1995-ci il tarixli protokol ilə Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanda yerləşən 12 saylı evin, 68 nömrəli mənzil X1 ayrılmışdır. İddiaçının mənzil üzərində qanuni gözləntiləri var və onun mübahisələndirilən mənzilə dair kirayə hüquqları qanuni əsaslarla yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan hüquq mübasibətləri 2009-cu ilə qədər yarandığına görə iddiaçı ilə bağlanacaq mənzilə dair kirayə müqaviləsi 1985-ci ildə qəbul edilmiş və 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları əsasında bağlanmalıdır. Həmçinin, iş materiallarına əlavə edilmiş Cavabdeh başçısının 374 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, mübahisəli mənzilin 1 otağına sərəncam verilmiş və iddiaçının kirayə müqaviləsi bağlanılması hüququ məhz cavabdeh təşkilatın özü tərəfindən tanınmışdır. Qeyd olunan yaşayış sahələrinə hüquqmüəyyəedici sənədlərin cavabdeh təşkilat tərəfindən “İnzibati İcraat” haqqında Qanunda nəzərdə tutulmuş Bərabərlik və Çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edir. Belə ki, “İnzibati İcraat” haqqında Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Ona görə də qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, 1 saylı yataqxananın, 9 saylı evin 483 nömrəli mənzilin 2 otağına dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına Sərəncam verilməsi öhdəliyi Cavabdehnə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar