Məhkəmə qərarları › İş №2-1(118)-272/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-272/2022

21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-272/2022 21.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Şirəliyeva Vəfa Zavrulla qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz rayon Qalağan bələdiyyəsinə qarşı “İsrafilova (Məmmədova) Günay Ağarza qızının adına Xaçmaz rayonu Ərəb kəndi ərazisində 2,09 ha torpaq sahəsinin ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Xaçmaz rayon Qalağan bələdiyyəsinə qarşı “İsrafilova (Məmmədova) Günay Ağarza qızının adına Xaçmaz rayonu Ərəb kəndi ərazisində 2,09 ha torpaq sahəsinin ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1989-cu ildə Xaçmaz rayonu Ərəb kəndində anadan olmuşdur və 1990-2001-ci illərdə Xaçmaz rayonu Ərəb kəndində yaşamışdır. O, 2001-ci il tarixədək həmin kənddə yaşamış və daimi pasport qeydiyyatında olmuşdur. Xaçmaz rayon Qalağan kənd İ.Ə.D nümayəndəliyinin Ərəb kəndi üzrə 01 saylı təsərrüfat kitabında mərhum X2 təsərrüfatının üzvü kimi qeydə alınmışdır. Respublikanin ərazisində 1996-cı ildən başlayaraq Aqrar İslahatlar aparılmışdır. Həmin vaxt o, Xaçmaz rayonu Ərəb kəndində yaşamış və onun adı Ərəb kəndində torpaqdan pay olmalı olan subyektlərin siyahısına salınmamış, lakin müəyyən olunmayan səbəblərdən onun adı siyahıdan çıxarılaraq ona pay torpaq sahəsi verilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya və onun nümayəndəsinə hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması, tələbi ilə bağlı inzibati orqana müraciətinin, habelə inzibati orqanın onun müraciətinin təmin edilməsindən imtinasının və ya hərəkətsizliyinin zəruri olması bildirilmişdir. İddiaçı və onun nümayəndəsi pay torpaq sahəsinin ayrıldığı zaman iddiaçının azyaşlı olduğunu, buna görə də məhkəməyə həmin dövrdə müraciət etmədiklərini bildirdilər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki işdə iddiaçının tələbi İddiaçı adına Xaçmaz rayonu Ərəb kəndi ərazisində 2,09 ha torpaq sahəsinin ayrılmasından ibarətdir. Məhkəmə iddiaçının torpaq sahəsinin ayrılmasına dair tələbinə münasibətdə qeyd edir ki, Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür və həmin qurumun hüquqi varisi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə bələdiyyələrə özlərinə məxsus torpaq sahələrini başqa şəxslərin istifadəsinə, icarəsinə, mülkiyyətinə verilməsi ilə bağlı diskresion səlahiyyələr verilmiş və bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin istifadəyə, icarəyə, mülkiyyətə verilməsinin xüsusi mexanizmi müəyyən edilmişdir. Hazırki işdə iddiaçı ona aqrar islahat zamanı ayrılmamış torpaq sahəsinin, Xaçmaz rayon Qalaağan bələdiyyəsi tərəfindən ona ayrılmasını tələb edir ki, bələdiyyənin bununla bağlı qanunvericilikdən irəli gələn bir öhdəliyi mövcud deyildir. Qanunvericilikdən irəli gəlməyən bir öhdəliyin isə icra edilməsinə bələdiyyə məcbur edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Xaçmaz rayon Qalağan bələdiyyəsinə qarşı “İsrafilova (Məmmədova) Günay Ağarza qızının adına Xaçmaz rayonu Ərəb kəndi ərazisində 2,09 ha torpaq sahəsinin ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar