Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2732/2022 26.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İdidaçı İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) ştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim komissiyasına qarşı xx.xx.2022-ci il tarixdə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 11569 saylı xəstəlik haqqında şəhadətnamədə onun diaqnozunun səbəbli əlaqəsinin “ümumi xəstəlikdir” sözləri əvəzinə “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda alınmışdır” sözləri ilə əvəz edilməklə dəyişdirilməsi və Silahlı Qüvvələrin Baş psixiatrı vəzifəsini icra edən həkimin təyin etdiyi “kəskin dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, ağır depressiv epizodla və intihar fikriləri ilə” diaqnozunun şəhadətnaməyə qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh küçəsi, 70 ünvanda yerləşən məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilməsi nəzərə alaraq xəstəlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 11569 saylı xəstəlik haqqında şəhadətnamədə səbəb əlaqəsinin “ümumi xəstəlikdir” sözləri əvəzinə “Hərbi travmadır,Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda alınmışdır” sözləri ilə əvəz edilməklə dəyişdirilməsi və Silahlı Qüvvələrin Baş psixiatrı vəzifəsini icra edən həkimin təyin etdiyi “kəskin dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, ağır depressiv epizodla və intihar fikriləri ilə” diaqnozunun şəhadətnaməyə qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci il təvəllüdlüdür. xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Ailəlidir, 2 övladı vardır. 44 günlük Vətən Müharibəsi başlayandan sonra xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən hərbi xidmətə çağrılmış və birbaşa döyüş əməliyyatları aparılan zonaya göndərilərək, 16 oktyabr 2020-ci ildən 26 dekabr 2020-ci ilədək Fizuli, Cəbrayıl, Xocavənd, Şuşa, Xankəndi istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Birinci dəfə xx.xx.2020-ci ildə Fizuli rayonu ərazisində, ikinci dəfə isə xx.xx.2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə iki dəfə düşmən tərəfindən atılan top mərmiləri partlayışlarına düşərək ağır travma almışdır. Həmin vaxt qızğın mühairbə getdiyi üçün və döyüş yoldaşları ilə birlikdə hücumda olduğu üçün travması qeydiyyata alınmamışdır. Hazırda o, Müdafiə Nazirliyi tərəfindən müharibə veteranı adı və müvafiq vəsiqə ilə təmin edilmişdir, Fizulinin, Qubadlının və Şuşanın azad olunmasına görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təmin edilmişdir. Hərbi xidmətdən buraxıldıqdan sonra səhhətində yaranan problemlərlə əlaqədar müxtəlif vaxtlarda yerli poliklinikaların həkimləri və “Yaşat” Fondunun dəstəyi ilə mütəmadi ambulator müalicələr almış və eləcə də 2 dəfə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında 43 gün stasionar şəraitdə müalicədə olmuş, Bakı Psixi Sağlamlıq mərkəzinin direktoru, Tibb elmləri doktoru, professor Fuad İsmayılov və Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının, Mirqasımov adına Respublika Klinik xəstəxanasının həkimləri tərəfindən müayinə olunaraq həqiqətən də xəsarət almağı həkimlər tərəfindən təsdiq edilərək arayış və epikrizlərlə təsdiqlənmişdir. Aldığı xəsarətlər ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin rəisinə müraciət etmiş və xx.xx.2020-ci il tarixdə şəhadətləndirilmək üçün hərbi hospitala göndərilmişdir. xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək Müdafiə Nazirliyinin Hərbi Poliklinikasında həkim komissiyasında yoxlanılıb şəhadətləndirildikdən sonra LOR, nevropatoloq və psixiatr həkim mütəxəssisləri tərəfindən barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” nin 14„b”, 17„b”, 40„c” maddələri ilə “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə məhdud yararlı” qərarı verilmişdir (Əsas: xx.xx.2022-ci il tarixli 3561№-li müayinə vərəqi). Lakin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası şəhadətnamənin verilməsini yubatmış v xeyli müddət keçdikdən sonra ona diaqnozun və xəstəliyin səbəb əlaqəsi kimi travma haqqında arayışın olmamasına isntinad edərək “Ümumi xəstəlikdir” göstərilməklə xx.xx.2022-ci il tarixdə xəstəlik haqqında şəhadətnamə vermişdir. Halbuki, onun döyüş əməliyyatlarında yaralanması və dəfələrlə müayinə və müalicə olunması istər hərbi hospitalın həkimləri, istərsə də kliniki xəstəxanaların həkim heyyətinin ona təyin etdiyi diaqnozlarl təsdiq edilir. Onun aldığı xəsarətlər həqiqətən də partlayış travmasından sonra və yaxud mərmi partlaması nəticəsində əmələgələn xəsarətlərdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasəncavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndırilmiş və ona təyin edilmiş “Mülayim dərəcədə ifadə olunmuş postkommosion pozuntu, mülayim dərəcədə ifadə olunmuş depressiya epizodu somatizə olunmuş əlamətlərlərlə, kəllədaxili hipertenzıya və vegetativ damar paroksizmlər ilə təzahür edən ensefalopatiya, soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşıtmə pıçıltı nitqini sağ qulaqda 1 (bir) metr məsafədən eşitməsi” diaqnozu ilə olan xəstəliklərlə o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-cı il tarixli 59 saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" xəstəliklər cədvəlinin 14 b", 17"b”, 24”b” 40 "b" maddələri ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmış və xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi “Ümumi xəstəlik" kimi təyin edilərək şəhadətnamənin bir nüsxəsi ona verilmişdir. Vətəndaş İddiaçı məxsus 28.0S.2022-ci ıl tarixli 11569 nömrəli xəstəlik haqqında şəhadətnamənin 8ci anamnez hissəsindən məlum olur ki xx.xx.2020-ci ıl tarixdən xx.xx.2020-ci ilədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Lakin müharibə dövründə xəsarət alması ilə bağlı müalicə almamış və travma haqqında arayış təqdim etməmişdir. Bu səbəbdən də Müdafiə Nazirliyi Baş Klinik Hospitalının baş nevroloqunun və baş psixiatrının rəylərinə əsasən İddiaçı xəstəliklərinin hərbi xidmətlə səbəb əlaqəsi “Ümumi xəstəlik" kimi təyin edilmişdir. İş materiallarında olan: -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Azərbaycan Respubliaksı Silahlı Qüvvələrində səfərbərliklə əlaqədar həqiqi hərbi xidmtə keçmiş və Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarilxi 246 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. - İddiaçı aid AO № ******* saylı hərbi biletdən görünür ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli və Şuşa isitiqamətində gedən döyüşlərədə iştirak etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli əmri ilə tərxis olunmuşdur. - 11569 saylı xx.xx.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı “Mülayim dərəcədə ifadə olunmuş postkommosion pozuntu, mülayim dərəcədə ifadə olunmuş depressiya epizodu somatizə olunmuş əlamətlərlərlə, kəllədaxili hipertenzıya və vegetativ damar paroksizmlər ilə təzahür edən ensefalopatiya, soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşıtmə pıçıltı nitqini sağ qulaqda 1 (bir) metr məsafədən eşitməsi” diaqnozu qoyulmuş və xəstəliyin səbəbli əlaqəsi kimi «ümumi xəstəlikdir» göstərilmişdir; o, “sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin: - 1.5-ci bəndinə görə tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbiuçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür; - 1.8-ci bəndinə görə hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbihəkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür; - 1.9-cu bəndinə görə vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir; - 5.1-ci bəndinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. - 7.1-ci bəndinə görə hərbi qulluqçuların, orqanlarda xidmət keşən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbihəkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; - 7.2-ci bəndinə görə hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. Həmin bənddə nəzərdə tutulmuşdur ki, «Ümumi xəstəlikdir» qərarı aşağıdakı hallarda çıxarılır: -əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; -əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. Yuxarıda qeyd olunan Əsasnamənin 7.2-ci bəndində həmçinin nəzərdə tutulmuşdur ki, «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: -əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; -əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; -əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; -əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Qərarın 7.3-cü bəndinə görə hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Göstərilən normaların məzmunundan aydın olur ki, hərbi həkim komissiyalarının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. Travma haqqında arayış vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilir. Məhkəmə qeyd edir ki, yaranmış xəstəliyin səbəbli əlaqəsi travma haqqında arayışa uyğun olaraq müəyyən edilir. Cavabdeh həmin arayışın təqdim edilməməsinə istinad edərək iddiaçıya təyin edilmiş diaqnozların səbəbli əlaqəsi kimi “ümumi xəstəlikdir” göstərilmişdir. Məhkəmə hesab edir ki, travma haqqında arayışın olmaması (təqdim edilməməsi) cavabdehi müraciətlə bağlı inzibati icraat aparılması vəzifəsindən azad etmir. Cavabdeh iddiaçının müraciəti ilə əlaqədar inzibati icraat başlamalı, lazım gələrsə müvafiq orqanlara sorğular verməli, nəticə etibarı ilə aparılmış araşdırma nəticəsində qanunamüvafiq qərar verməli idi. Lakin cavabdeh heç bir araşdırma aparmamış, onun dinlənilmə hüququnu təmin etməmiş, iddiaçının yaralanması barədə sənəd olmamasına istinad edərək müraciətin təmin olunmasından imtina etmişdir. Hətta cavabdeh Mərkəzi Hərbi-Həkim Komissiyasının ünvanladığı 2269 saylı xx.xx.2022-ci il tarixli (şəhadətnamə verildikdən sonra) sorğuya cavab olaraq Müdafiə Nazirliyinin Baş X1 bölməsinə ünvanladığı sorğuya cavab olaraq iddiaçıda müəyən edilmiş xəstəlik “kəskin dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, ağır depressiv epizodla və intihar fikriləri ilə” diaqnozuna uyğun olmasını və səbəbli əlaqənin təyinində nevroloqun rəyinin əsas götürülməli olmasını bildirmişdir. Bundan sonra Mərkəzi Hərbi-Həkim Komissiyası sorğu ilə Nevroloqoya bölməsinə müraciət edərək xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin təyin olunması üçün köməklik göstərilməsini xahiş etmişdir. Buna cavab olaraq nevroloq travma haqqında arayışın təqdim edilməməsini və iddiaçıda müəyyən edilmiş xəstəliyin “kəllədaxili hipertenzıya və vegetativ damar paroksizmlər ilə təzahür edən ensefalopatiya” diaqnozuna uyğun olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması, xəsarət alması yaranma tarixinin uyğunluğuna və yaranmış xəstəliyin xarakterinə uyğundur. İddiaçının şiddətli döyüş əməliyyatlarında iştirak etməsi işin mübahisəsiz haldırı və həmin vaxt onun xəsarət almasının qeydə alınmaması istisna olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qeyd olunan Qanunun 24.2-cü və 24.3-cü maddələrinə görə isə, inzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . Eyni Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən verilmiş 11569 saylı xx.xx.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə onun diaqnozunun səbəbli əlaqəsinin “ümumi xəstəlikdir” sözləri əvəzinə “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda alınmışdır” sözləri ilə əvəz edilməsi kimi dəyişdirilməsi və Silahlı Qüvvələrin Baş psixiatrı vəzifəsini icra edən həkimin təyin etdiyi “kəskin dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, ağır depressiv epizodla və intihar fikriləri ilə” diaqnozunun şəhadətnaməyə qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən verilmiş 11569 saylı xx.xx.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə onun diaqnozunun səbəbli əlaqəsinin “ümumi xəstəlikdir” sözləri əvəzinə “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütovlüyü uğrunda alınmışdır” sözləri ilə əvəz edilməsi kimi dəyişdirilməsi və Silahlı Qüvvələrin Baş psixiatrı vəzifəsini icra edən həkimin təyin etdiyi “kəskin dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, ağır depressiv epizodla və intihar fikriləri ilə” diaqnozunun şəhadətnaməyə qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikaı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə (Sumqayıt Məhkəmə Kompleksi) verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2732/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2732/2022
26.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver