Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2736/2025 25.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsinə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli, 47 nömrəli sərəncamından çıxarışdan görünür ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırmaq məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamı ilə Saray qəsəbə icra hakimiyyətinin sərəncamına verilmiş 3,47 ha torpaq sahəsindən İddiaçı 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmış və ona fərdi yaşayış evi tikməyə icazə verilmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 9 oktyabr 2023-cü il tarixli, 3-21-3-32/2-C-0083-8/23 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, aparılan araşdırma zamanı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli, 47 saylı sərəncamından çıxarışı ilə ayrılmış 0,05 ha olan torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı hazırkı ərizəyə əlavə olunmadığı müəyyən edilmişdir. Bundan başqa, müayinə olunan torpaq sahəsinin iki hissəyə bölünərək digər şəxslər tərəfindən istifadə olunduğu, həmçinin sənəd üzrə torpaq sahəsinin bir hissəsinin başqa şəxsə məxsus sənəd üzrə torpaq sahəsi itə üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmçinin, müraciət üzrə təqdim edilən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli, 47 saylı sərəncamında Saray bələdiyyəsi sədrinin qeydinə əsasən sözügedən sərəncamın artıq bir dəfə sənədləşdirildiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 6 mart 2025-ci il tarixli, 3-21-3-32/2-3656/2025 nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmaqla yanaşı yaşayış məntəqələri kateqoriyalı torpaqlara aiddir. Elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair DWG və DBF məlumatları aşkar edilməmişdir. Abşeron rayonu Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsinin bir hissəsi **********20 reyestr nömrəli çıxarışla üst-üstə düşür. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən sözügedən torpaq sahəsi üzərindəki fərdi yaşayış evləri digər şəxslərin faktiki istifadəsindədir. Sözügedən torpaq sahəsi müayinə aktına və elektron məlumat bazasına əsasən kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 21 aprel 2025-ci il tarixli, 3-21-3-32/2-6089/2025 nömrəli məktubu ilə qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 30 noyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən **********20 reyestr nömrəli 0,07 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. - 15 may 2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X3 **********20 reyestr nömrəli 0,07 ha torpaq sahəsini alıcı X1 mülkiyyətinə vermişdir. - torpaq sahəsinə dair digər hüquq müəyyənedici və texniki sənədlər.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
5. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon, Saray qəsəbəsində yerləşən və Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999cu il tarixli, 47 saylı sərəncamından çıxarışı əsasında iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinə dair adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
7. Məhkəmənin 9 dekabr 2025-ci il tarixli, 2-1(118)-2736/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə X2 (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdir.
8. Məhkəmənin 21 yanvar 2026-cı il tarixli, 2-1(118)-2736/2025 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra - “cavabdeh”) ilə əvəz edilmişdir.
9. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
10. Etiraz daxil olunmamışdır.
c) Tərəflərin iştirakı və izahatları:
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdirlər.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
13. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
14. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
15. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
16. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi X4 imtina məktubun dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
18. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
19. Nəzərə alınmalıdır ki, məhkəməyə iddia ilə müraciət və iddiaya mahiyyəti üzrə baxılmasını tələb hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə tabedir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər mütləq ödənilmiş olmalı, xüsusən də qaldırılmış iddiaya inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmağa imkan verən müvafiq prosessual normalar mövcud olmalıdır.
20. İşin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur və məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
21. Bu baxımdan “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
22. İddiaçı iddia tələbinin əsası kimi bildirir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya müvafiq icra hakimiyyətinin nümayəndəliyi tərəfindən ayrılmış, buna dair müvafiq sənədlər də mövcuddur. Buna baxmayaraq, cavabdeh tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından əsassız olaraq imtina verilmişdir.
23. Cavabdeh orqanın imtina dəlili isə ondan ibarətdir ki, torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı hazırkı ərizəyə əlavə olunmadığı, torpaq sahəsinin iki hissəyə bölünərək digər şəxslər tərəfindən istifadə olunduğu, həmçinin sənəd üzrə torpaq sahəsinin bir hissəsinin başqa şəxsə məxsus sənəd üzrə torpaq sahəsi itə üst-üstə düşdüyü, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli, 47 saylı sərəncamında Saray bələdiyyəsi sədrinin qeydinə əsasən sözügedən sərəncamın artıq bir dəfə sənədləşdirildiyi müəyyən edilmişdir.
24. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktından, həmçinin əlavə edilmiş ortofoto görüntüsündən müəyyən edilmişdir ki, iddiaçı tərəfin iddia etdiyi 0,05 ha torpaq sahəsinin 0,008 ha hissəsi üçüncü şəxsə məxsus **********20 reyestr nömrəli çıxarışla üst-üstə düşür.
25. Eyni zamanda, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər əsasında məhkəmə müəyyən etmişdir ki, qeyd edilən üçüncü şəxsin çıxarışı hazırda da qüvvədədir, iddiaçı və ya digər şəxslər tərəfindən mübahisələndirilməmiş və ləğv olunmamışdır.
26. Nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən qeydiyyat hüquqmüəyyənedici sənədlər əsasında aparılır və qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada ləğv edilmədiyi, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşmədiyi halda, hüquqi cəhətdən etibarlı sayılır. Bu mənada, hüquqmüəyyənedici sənədin qüvvədə qaldığı müddət ərzində onun əsasında əldə edilmiş hüquq və həmin hüququn reyestrdə aparılmış qeydiyyatı da hüquqi cəhətdən mötəbər hesab olunur.
27. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyul 2025-ci il tarixli, 2-1(102)-1506/2025 nömrəli qərarında qeyd edilmişdir ki, “İddiaçı məqsədinə yalnız sözügedən bağ sahəsinə üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədin mübahisələndirilməsinə dair iddianın uğurlu olduğu təqdirdə çata bilər. Lakin bu zaman hüquqmüəyyənedici sənədin mübahisələndirilməsinə dair iddianın qanunvericiliklə müəyyən olunmuş mümkünlük şərtlərinin mövcudluğu yoxlanılmalı və həmin şərtlərin ödənilib-ödənilmədiyi, o cümlədən iddia müddətinin ötürülüb-ötürülmədiyi müəyyən olunmalıdır.”
28. Belə ki, iddiaçı ümumi 0,05 ha torpaq sahəsinin 0,008 ha hissəsini də iddia etsə də, həmin hissə üzərində üçüncü şəxsin mülkiyyət hüququ qüvvədədir və iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi torpaq sahəsinin 0,008 ha hissəsi münasibətdə mümkün sayılmamalıdır.
29. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək izah olunur ki, yaranmış vəziyyətin aradan qaldırılması məqsədi ilə üçüncü şəxsə məxsus sənədlər iddiaçının mülkiyyət hüquqlarına müdaxilə edilən hissədə məhkəmə icraat qaydasında mübahisələndirilə bilər.
30. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
31. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Abşeron rayon, Saray qəsəbəsində yerləşən və Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli, 47 saylı sərəncamından çıxarışı əsasında iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinə dair adına çıxarışın verilməsi” iddia tələbi “torpaq sahəsinin 0,008 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışın verilməsi” hissəsində mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova