Məhkəmə qərarları › İş №2-1(118)-2737/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2737/2024

19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2737/2024 19.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: müəyyən hərəkətləri etməkdən çəkinmə) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdehnə qarşı “hasar tikilməsinə imkan verilməməsi ilə bağlı hərəkətlərdən çəkinmə” tələbinə dair iddiası üzrə inzibati işə 19 iyul 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin 1 avqust 2015-ci il tarixli, A seriyalı, 010121 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisi ünvanda yerləşən kənd təsərrüfatı təyinatlı, dövlət mülkiyyət növlü, 0,32 ha torpaq sahəsi X2 istifadəsindədir. Sənəddə həmin torpaq sahəsinin planı və koordinatları göstərilmişdir.

2. 9 fevral 2023-cü il tarixli “Torpaq icarə hüquqlarının alqı-satqısı müqaviləsi”ndən görünür ki, satıcı X3 məxsus olan, Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisi ünvanda yerləşən 0,32 ha torpaq sahəsinin istifadə hüququnu alıcı İddiaçı MMC-nin istifadəsinə vermişdir.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 1 mart 2023-cü il qeydiyyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisi ünvanda yerləşən kənd təsərrüfatı təyinatlı 0,248 ha torpaq sahəsi İddiaçı MMC-nin icarəsindədir.

4. Cavabdeh İddiaçı MMC-yə göndərilmiş 17 noyabr 2023-cü il tarixli, 5-29/1- 2901/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndinə əsəsən, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Sözügedən torpaq sahəsində tərəfindən mişar daşı ilə hasarlanma işləri aparılması bilavasitə əsaslı tikinti işlərinə aiddir və qanunvericiliyə uyğun olaraq həmin işləri aparmaq qanunaziddir.

5. “X5” MMC-nin 3 may 2024-cü il tarixli, 58 nömrəli mütəxəssis rəyindən görünür ki, tədqiqatın nəticəsində Bakı şəhəri, Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən, İddiaçı MMC-yə məxsus 0,248 ha torpaq sahəsinin kənarlarına perimetrboyu mişar daşından hasarın inşa olunması ekoloji cəhətdən torpaq qatına və ya təbiətə hər hansı bir zərər vurmadığı müəyyən edilmişdir. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73 və 79-cu maddələrinin tələblərinə əsasən, sözügedən torpaq sahəsinin kənarlarına perimetrboyu hündürlüyü 2 metr 20 santimetrə qədər hasarın inşa olunmasına (təbii və süni daşdan olan hasarlarda daxil olmaqla) icazə tələb olunmadığı müəyyən edilmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 22 may 2024-cü il tarixli, 3-21-3-02/2-6615/2024 nömrəli məktubundan görünür ki, elektron kadastr baza məlumatlarına əsasən Abşeron rayonu, Türkan Üzümçülük sovxozu ərazisində yerləşən 0,32 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli Sərəncamı ilə Cavabdeh idarəçiliyində saxlanılmış torpaq sahələrinə aiddir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

7. İddiaçı MMC (bundan sonra - “iddiaçı”) Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə hüquqlarını pozan qanunsuz müdaxiləsindən müdafiə olunmağı üçün, iddiaçının istifadəsində olan Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisi ünvanında yerləşən 0,32 ha torpaq sahəsinin 0,248 ha sahəsi üzərində tərəfindən hasar tikilməsinə cavabdehin imkan verilməməsi ilə bağlı hərəkətlərdən çəkinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə cavabdeh arasında bağlanmış 11 avqust 2008-ci il tarixli, 335 nömrəli və 29 iyul 2015-ci il tarixli, 3M- 1078 nömrəli icarə müqavilələrinə əsasən cavabdehə məxsus Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən 0,32 ha torpaq sahəsi 99 il müddətinə X2 xeyrinə icarə hüququ ilə yüklü edilmişdir. Torpaq sahəsi üzərində X2 icarə hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 4 avqust 2015-ci il tarixli, ********** nömrəli çıxarışla rəsmiləşdirilmişdir. X1 ilə iddiaçı arasında bağlanmış 9 fevral 2023-cü il tarixli, 3M-90 nömrəli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən satıcı, yəni X4 tərəfindən Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisi ünvanında yerləşən 0,32 ha torpaq sahəsinin 0,248 ha sahəsi üzərində istifadə hüququ alıcı, yəni iddiaçıya satılmışdır. Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisi ünvanında yerləşən 0,248 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüquqları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqlarm Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 1 mart 2023-cü il tarixli, ********** nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Sözügedən torpaq sahəsi üzərində icarə hüququ iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş qaydada əldə olunmuş və rəsmiləşdirilmişdir. Şirkət olaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq və abadlıq işləri aparmaq məqsədilə sözügedən torpaq sahəsində hasar ucaltmaq üçün tikinti işləri aparılır. Belə ki, ərazini hasarlamadan orada hər-hansı bir kənd təsərrüfatı məhsullarının əkilməsi və ya istehsalı mümkün deyil. Buna baxmayaraq özünü cavabdeh orqanın əməkdaşları kimi təqdim etmiş bəzi şəxslər tərəfindən həmin torpaq sahəsində iddiaçıya hasar tikilməsinə icazə verilməmişdir. Belə ki, sözügedən torpaq sahəsi üzərində hasarın çəkilməsi məqsədi ilə tikinti işləri aparılan zaman cavabdeh orqanın əməkdaşları qeyd olunan əraziyə gələrək iddiaçı tərəfindən həmin torpaq sahəsinin hasarlanmasının qanunsuz olduğunu bildirmiş və işin dayandırılması barədə göstəriş vermişlər. Lakin göstərilən hasarın tikintisi işinin hansı qanunvericiliyə əsasən qanunsuz olduğunu qeyd etməmiş və əsaslandırmamışdırlar. Buna görə də, Cavabdeh başçısına 17 oktyabr 2023-cü il tarixli, ARC/LTR/23- 405 №-li məktub göndərilərək Cavabdeh başçısı tərəfindən iddiaçıya sözügedən ərazidə hasar tikintisini qadağan edən tələbin və ya hər hansı bir göstərişin olubolmaması, o cümlədən yaradılmış süni əngəllərin aradan qaldırılması barədə göstəriş verilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən cavab məktubun göndərilmişdir (§4). Hesab edilir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsində hasar tikintisi üçün imkan verilməməsi sahibkarlığın inkişafına yaradılan süni əngəldir. Belə ki, cavabdeh tərəfindən göndərilmiş cavab məktubunda da icra hakimiyyəti bu qərəzli mövqeyini əsaslandıra bilməmişdir. Ona görə də, cavabdehin inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və iddiaçının bilavasitə hüquqlarını pozan qeyd olunmuş qanunsuz müdaxiləsindən müdafiə olunmağı üçün həmin qanunsuz hərəkətlərin qarşısı alınmalıdır.

9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12.1, 13.1, 13.2, 58, 77, 81, 83.1, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1, 79.1.3, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 71.2, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.4, 14.2, 34.2-ci maddələrinə istinad olunmuşdur.

10. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

12. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının icarəsində olan 0,248 ha torpaq sahəsi təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Qanunvericiliyə görə kənd təsərrüfatı təyinatlı torpaq sahələrində əsaslı tikinti işlərinin aparılması yolverilməzdir. İddiaçı icarəsində olan torpaq sahəsini kənar təsirlərdən qorumaq üçün müasir üsulla dəmir torlardan istifadə edə bildiyi halda, qanunvericiliyin tələbinin pozulması ilə sahəni mişar daşı ilə hasarlamaq niyyətindədir. İddiaçının ərizəsində Torpaq Məcəlləsinin 58-ci maddəsinə istinad etməsi yolverilməzdir, çünki həmin maddənin tələbindən də görünür ki, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməlidir.

14. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13, 58-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.

17. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

18. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

19. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

21. Belə ki, irəli sürülmüş iddia müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

22. İPM-in 2.2.4-cü maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər.

24. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin inzibati akt sayılmayan əlverişsiz hərəkətlərinin edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür.

b) Tətbiq edilən hüquq:

25. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

M a d d ə 1 2 . Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir (-)

M a d d ə 1 3 . Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

M a d d ə 5 8 . Torpaq sahəsində tikintinin həyata keçirilməsi

1. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.

2. Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.

“Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

“Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

M a d d ə 7 7 . Torpaq sahələri üzərində hüquqların məhdudlaşdırılması Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və ya icarəçilərinin hüquqlarının məhdudlaşdırılması torpaqdan istifadənin ərazi planlaşdırılması, torpaqların zonalaşdırılması, kütləvi servitutların müəyyən olunması haqqında müvafiq qaydada qəbul edilmiş qərarlara uyğun olaraq müəyyən edilir.

M a d d ə 8 1 . Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları aşağıdakılardır: torpaqdan təyinatı üzrə istifadə etmək; qadağan edilmiş bitkilər istisna olmaqla, kənd təsərrüfatı bitkilərinin əkinləri və istehsal edilmiş məhsul üzərində mülkiyyət hüququnu həyata keçirmək; torpaq sahəsində geniş yayılmış faydalı qazıntılardan, su ehtiyatlarından öz təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək; torpağın verilməsi şərtlərinə müvafiq surətdə istehsal təyinatlı müvəqqəti yardımçı tikililər və qurğular ucaltmaq; torpaqdan istifadəyə və icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada almaq; bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəsinə) vermək; qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyəti həyata keçirmək.

M a d d ə 8 3 . Torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsi

1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər.

2. Torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsindən imtina edilməsinə o şərtlə yol verilə bilər ki, belə imtina başqa şəxslərin hüquq və mənafelərinə toxunmasın və ətraf təbii mühitə zərər vurmasın. (-)

26. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 73. Hasarların tikintisinə dair tələblər 73.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. 73.2. İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. 73.3. Mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir. 73.4. Qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

M a d d ə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.

M a d d ə 79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.” “Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”

“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ...”

28. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”

“Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”

c) Məhkəmənin mövqeyi

29. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

30. İddiaçı torpaq sahəsi üzərində icarə hüququnun qanunla nəzərdə tutulmuş qaydada əldə olunmuş və rəsmiləşdirilmiş olmasına, şirkət olaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq və abadlıq işləri aparmaq məqsədilə sözügedən torpaq sahəsində hasar ucaltmaq üçün tikinti işləri aparmasına ərazini hasarlamadan orada hər-hansı bir kənd təsərrüfatı məhsullarının əkilməsi və ya istehsalı mümkün olmamasına istinad edərək, istifadəsində olan Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisi ünvanında yerləşən 0,32 ha torpaq sahəsinin 0,248 ha sahəsi üzərində tərəfindən hasar tikilməsinə cavabdehin imkan verilməməsi ilə bağlı hərəkətlərdən çəkinməsi ilə bağlı tələblə məhkəmə müraciət etmişdir.

31. Cavabdeh isə etirazında iddiaçının icarəsində olan 0,248 ha torpaq sahəsi təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasına, qanunvericiliyə görə kənd təsərrüfatı təyinatlı torpaq sahələrində əsaslı tikinti işlərinin aparılması yolverilməz olmasına, torpaq sahəsini kənar təsirlərdən qorumaq üçün müasir üsulla dəmir torlardan istifadə edə bildiyi halda, sahəni mişar daşı ilə hasarlamaq niyyətində olmasına istinad etmişdir.

32. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Torpaq icarə hüquqlarının alqı-satqısı müqaviləsi” ilə satıcı X3 məxsus olan, Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisi ünvanda yerləşən 0,32 ha torpaq sahəsinin istifadə hüququnu alıcı olan iddiaçının istifadəsinə vermişdir. İddiaçının adına olan çıxarışdan görünür ki, hüququ yüklü edilən cavabdeh qurumdur, torpaq sahəsinin kateqoriyası isə kənd təsərrüfatı təyinatı torpaqlardır.

33. İddiaçının Nizamnaməsindən görünür ki, MMC Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növlər ilə yalnız müvafiq icazəni aldıqdan sonra məşğul ola bilər. İş materialına əlavə edilmiş arayışa əsasən, iddiaçının fəaliyyət istiqamətlərinə çoxillik bitkilərin becərilməsi, ağacların, kol bitkilərinin və qərzəkli meyvələrin becərilməsi və s. daxildir.

34. Yuxarıda qeyd olunan normalardan da göründüyü kimi kənd təsərrüfatı təyinatlı torpaqlar məqsədli istifadə, yəni kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün istifadə olunur və bu zaman kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun tikililər və qurğular quraşdırmaq olar.

35. Bundan əlavə, iş matarialına əlavə edilmiş xəritədən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazinin qonşuluğunda yarımstansiya da daxil olmaqla kifayət qədər tikililər vardır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(102)-1842/2023 saylı qərarında qeyd olunmuşdur ki, “ ...

27. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir.

28. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? ...

30. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.

31. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

32. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır.

33. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. ...”

37. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

38. İPM-in 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.

39. Hazırki işdə də cavabdeh iddiaçı tərəfindən tikinti işlərinin aparılmasına etdiyi müdaxilələri zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir.

40. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki dövrdə dövlət tərəfindən dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsinin və inkişafının infrastrukturunun formalaşdırılması, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə maliyyə, maddi, elmi-texniki və informasiya resurslarının əldə etmələri üçün güzəştli şəraitin yaradılması, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sahibkarların fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu ilə sahibkarların fəaliyyətinə qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla hər hansı müdaxilə qadağan olunur.

41. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək (§ 1- 6), qanunvericiliyin normalarını nəzərə alaraq (§ 25-28) belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

42. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı istifadəsində olan Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisi ünvanında yerləşən 0,32 ha torpaq sahəsinin 0,248 ha sahəsinin üzərində iddiaçı tərəfindən hasar tikilməsinə imkan verilməməsi ilə bağlı Cavabdeh tərəfindən edilən hərəkətlər (müdaxilələr) əsassız hesab edilsin və aradan qaldırılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar