Məhkəmə qərarları › İş №2-1(118)-274/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-274/2021

18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-274/2021 18.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X4 və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 cavabdeh Quba rayonu Alekseyevka bələdiyyəsinə qarşı Quba rayonu Alekseyevka bələdiyyəsinin xx xxxxxxxx 2019-cu il tarixli 09 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 cavabdeh Quba rayonu Alekseyevka bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayonu Alekseyevka bələdiyyəsinin xx xxxxxxxx 2019-cu il tarixli 09 saylı qərarının etibarsız hesab edilməsinə dair qərarın çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Quba rayonu Alekseyevka bələdiyyəsinin xx xxxxxxxx 2019-cu il tarixli 09 saylı qərarının ləğv edilməsi barədə qərar çıxaılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Alekeyevka bələdiyyəsinin xx xxxxxxxx 2019-cu il tarixli 09 saylı qərarı ilə Alekseyevka bələdiyyəsinin mülkiyyətində olan “yaşayış məntəqələrinin torpaqları kateqoriyalı” ümumi sahəsi 400.0 kv m torpaq sahəsi Timiryazev kənd sakini X1. Bələdiyyə tərəfindən göstərilən torpaq sahəsi satılarkən qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, həmin ərazi iddiaçının evinı yaxın ərazidə yerləşdiyindən o, dəfələrlə bələdiyyəyə müraciət edərək göstərilən torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Lakin bələdiyyə heç bir əsas olmadan torpağı ona satmaqdan imtina etmişdir. Halbuki, iddiaçı həmin kəndin sakini olduğundan torpağı hərracdan lənar almaq hüququna malik olmuşdur. Bələdiyyə isə həmin ərazini hərrac və ya müsabiqədən kənar qaydada başqa kəndin sakini olan B.Rüstəmova satmışdır.bununla bağlı həmin bələdiyyə qərarı etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X5 iddianı qəbul etməyərək izah etdi ki, mübahisələndirilən torpaq sahəsi ona satılarkən boş sahə olmuş və heç kimin istifadəsində olmamışdır. Torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur, həmin torpaq sahəsinin ona satılması zamanı hər hansı qanunpozuntusuna yol verilməmiş və heç kimin hüquqlarına toxunulmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Quba rayon Alekseyevka bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 09 saylı qərarı 400 kv m torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə alınması proseduruna başlanması barədədir. bundan sonra xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi cavabdeh bələdiyyə orqanı tərəfindən üçüncü şəxs X1 və sonuncu torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etmişdir. İddiaçı torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmasını mübahisələndirmədiyindən məhkəmə hesab edir ki, iddia tələbində göstərilən xx.xx.2019cu il tarixli qərar mübahisə predmeti ola bilməz. Həmin qərarla yalnız bələdiyyə torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun qeydə alınması üçün prosedurlara başlanılması barədə qərar qəbul etmiş və daha sonra alqı-satqı müqaviləsi əsasında torpağı Bədrəddin Rüstəmova satmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpaq sahəsi iddiaçının evinin yaxınlığında yerləşsə də, mübahisəli torpaq sahəsi onun evinə bitişik yerləşmir və aralarında kifayət qədər məsafə vardır. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqların bələdiyyə tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 cavabdeh Quba rayonu Alekseyevka bələdiyyəsinə qarşı Quba rayonu Alekseyevka bələdiyyəsinin xx xxxxxxxx 2019-cu il tarixli 09 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 cavabdeh Quba rayonu Alekseyevka bələdiyyəsinə qarşı Quba rayonu Alekseyevka bələdiyyəsinin xx xxxxxxxx 2019-cu il tarixli 09 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar