Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2741/2023 06.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Şirvan –Yaşma” Bağçılıq Yoldaşlığı Cəmiyyəti tərəfindən 02 saylı Protokola əsasən ona verilmiş 36/117 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Şirvan –Yaşma” Bağçılıq Yoldaşlığı Cəmiyyəti tərəfindən 02 saylı Protokola əsasən ona verilmiş 36/117 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi kimi qeyd edilən Babaşova Güldəstə Adil qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Şirvan– Yaşma” Bağçılıq Yoldaşlığı Cəmiyyəti tərəfindən 02 saylı Protokola Əsasən ona verilmiş 36/117 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabedehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Rəcəb qızı Sumqayıt Aliminium Zavodunda işləyərkən “Şirvan-Yaşma” X2 üzvlüyünə qəbul edilmişdir. X4 İdarə Heyətinin 25 iyul 1990-cı il tarixli 02 saylı protokoluna əsasən ona 36/117 saylı bağ sahəsi verilmişdir. Torpaq sahəsinin yerləşməsinin sxematik planı təsdiq edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən o, ərizə ilə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək çıxarış verilməsini xahiş etmişdir. 2 saylı Sumqayıt Ərazi İdarəsi özünün 01 dekabr 2021-ci il tarixli məktubu ilə imtina cavabı vermişdir. İmtinaya səbəb kimi “Şirvan-Yaşma” Bağçılıq Yoldaşlığı Cəmiyyəti və həmin Cəmiyyətin tabe olduğu qurumun Həmkarlar İttifaqı tərəfindən tərtib və təsdiq edilmiş bağçılıq-yoldaşlığı üzvlərinin siyahısı 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilməməsi göstərilmişdir. O, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Sumqayıt Aliminium zavodunda işləyərkən "X1 Yoldaşlığına üzvlüyünə qəbul edilmişdir. Onun adı Bağçılıq Cəmiyyətinin adlı siyahısında 400-dür. Həmin siyahı Bağçılıq Cəmiyyətinin möhürü ilə təsdiq edilib 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilmişdir. Torpaq sahəsi iddiaçının faktiki isitfadəsindədir. Lakin cavabdeh əsassız bəhanələr gətirərək siyahının ona təqdim edilmədiyini bildirir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul eməyərək izah etdi ki, araşdırma zamanı məlum olmuşdur ki, iddiaçıya və o cümlədən həmin təsərrüfatdan bağ sahəsi əldə etmiş digər şəxslərə bağ sahələrinin ayrılmasına dair müvafiq sənədlər vermiş “Şirvan-Yaşma” bağçılıq-yoldaşlığı cəmiyyəti və ya həmin cəmiyyətin tabe olduğu qurumun həmkarlar ittifaqı tərəfindən tərtib və təsdiq edilmiş bağçılıq-yoldaşlığı üzvlərinin siyahısı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilməmişdir. Həmin sənədlərin təhvil verilməsi barədə aidiyyəti üzrə sorğu göndərilmişdir. Yekun olaraq bildirilmişdir ki, qeyd olunan bağçılığa dair arxiv sənədləri aidiyyəti üzrə təhvil verildikdən sonra Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən “Şirvan-Yaşma” B/Y 36/117 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciətin qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmə iclası barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə prosesinə gəlməmişdir. Lakin, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək səhəti ilə əlaqədar iclasda iştirak edə bilməyəcəyini və inzibati işin müvəqqəti dayandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini əsaslı hesab etmədi. Belə ki, xəstəliyi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə tərəfindən iddia ərizəsində qeyd edilən əlaqə vasitəsinə dəfələrlə hüquqi yardım məqsədilə məhkəməyə dəvət edilsə də proseslərə gəlməmişdir.Ona görə də məhkəmə iddia tələbinə mahiyyəti üzrə baxmağı məqsədəmüvafiq hesab etdi. İş materiallarında olan etibarnamədən görünür ki, iddiaçının adından imza etmiş şəxsin özünü iddiaçının nümayəndəsi kimi təqdim etməsinə baxmayaraq, məhkəmə həmin şəxsi səlahiyyətli nümayəndə kimi qəbul etmədi. Belə ki, iddiaçı tərəfindən verilmiş etibarnamədə məhkəmədə onun hüquqlarının müdafiəsi nəzərdə tutulmamış, verilmiş etibarnamə qanunvericiliklə məhkəmədə təmsil etmək səlahiyyəti olmayan şəxsə (baldızına) verilmişdir. Məhkəmə mahiyyəti üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borclu olmasına baxmayaraq, iddiaçı məhkəməyə dəvət edilsə də prosesə gəlməmişdir. Belə olan halda dəqiqləşdirilmiş iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması da iddianın mümkünlük şərtlərini həyata keçirilməsinə maneədir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia qeyrimümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ““Şirvan–Yaşma” Bağçılıq Yoldaşlığı Cəmiyyəti tərəfindən 02 saylı Protokola Əsasən ona verilmiş 36/117 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabedehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2741/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2741/2023
06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver