Məhkəmə qərarları › İş №2-1(118)-2742/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2742/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2742/2022 11.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi, İddiaçı Əliyeva (Abbazova) Şasənəm Mamedovnanın (işləməyən, ünvan 2 ünvanında yaşayan) və onun vəkili X3 (“Kredo” Vəkil Bürosunun vəkili) iştirakı ilə, İddiaçı Əliyeva (Abbazova) Şasənəm Mamedovnanın Cavabdehnə qarşı ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun doğum faktının Qırğızıstan Respublikasının Kant rayonunun Oktyabr kənd sovetliyi (indiki Qırğızıstan Respublikasının Çuy Vilayətinin Alamüdün rayonunun Oktyabr kəndi , qırğız dilində Кыргыз Респувликасы, Чуй облусу, Аламудун району, Октяабр кыштак) tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Qırğızıstan Respublikasının müvafiq qurumlarındn alınaraq oan təqdim edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Əliyeva (Abbazova) Şasənəm Mamedovna Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ondan şəxsiyyəti təsdiq edən Sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun - 1947-ci ildə Qırğızıstan Respublikasının Kant rayonunun Oktyabr kəndində anadan olmuş Abbazova (nikahdan sonrakı soyadı Əliyeva) Şasənəm Mamedovnanın doğum faktının Qırğızıstan Respublikasının Kant rayonunun Oktyabr kənd sovetliyi (indiki Qırğızıstan Respublikasının Çuy Vilayətinin Alamüdün rayonunun Oktyabr kəndi qırğız dilində Кыргыз Респувликасы, Чуй облусу, Аламудун району, Октяабр кыштак) tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Qırğızıstan Respublikasının müvafiq qurumlarındn alınaraq oan təqdim edilməsi vəzifəsinin Xaçmaz rayon qeydiyayt şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əliyeva (nikahdan əvvəlki soyadı Abbazova) Şasənəm Mamedovna 1947-ci ildə Qırğızıstan Respublikasının Kant rayonunun Oktyabr kəndində (indiki Qırğızıstan Respublikasının Çuy vilayətinin Alamüdün rayonunun Oktyabr kəndi; qırğız dilində: Кыргыз Республикасы, Чүи облусу, Аламүдүн раиону, Оҝтабрһ кыштак) anadan olmuşdur. Anası Güldəstə adında şəxs olumuş, onun nə zaman və harada doğulması barədə məlumatı yoxdur. Anasının bel sümüyü sınması ilə əlaqədar yataq xəstəsi olmuşdur. Təxminən 1959-cu ildə anası Qırğızıstanda vəfat etmişdir. X28 adlı şəxs olmuş, atasının nə zaman və harada doğulması barədə məlumatı yoxdur. Ancaq atasının əslən Azərbaycanın Gəncə şəhərindən olduğunu bilir. Atası təxminən ididaçının üç yaşı olarkən vəfat etmişdir. Atası vəfat etdikdən sonra iddiaçı və xalası Nazlının yanında yaşamış, heç vaxt məktəbə getməmişdir. 12 yaşdan 1967-ci ilə qədər Qırğızıstan Respublikasının Kant rayonunun Oktyabr kəndində kolxozda işləmişdir. Qazaxıstana getdikdən sonra nikaha daxil olmaq üçün ona şəxsiyyətini təsdiq edən sənəd lazım olmuşdur. Nikaha daxil olmaq üçün pasportu olmamışdır. Həmin vaxt poçt vasitəsilə Qırğızıstan Respublikasının Kant rayonunun Oktyabr kənd sovetliyinə müraciət məktubu göndərilmişdir. Həmin müraciətinə cavab olaraq ididaçıya Qırğızıstan Respublikasının Kant rayonunun Oktyabr kəndində yaşamağı barədə xx.xx.1967-ci il tarixli 332 nömrəli arayış göndərilmişdir. Həmin arayış əsasında xx.xx.1967-ci il tarixdə X17 ilə nikaha daxil olmuşdur. Nikahları Qazaxıstan Respublikasının Çimkənd vilayətinin (indiki Türkistan vilayəti) Sayram rayonunun Belevodski kənd sovetliyi tərəfindən xx.xx.1967-ci il tarixdə 25 nömrəli aktla qeydə alınmışdır. Nikaha daxil olduqdan sonra ona ərinin soyadına uyğun olaraq “Əliyeva” soyadı verilmişdir. Həmin nikahdan onların alti övladları vardır. Təxminən 1970-ci ildə əri və böyük oğlu İsmaillə birlikdə daimi yaşamaq məqsədilə Azərbaycana gəlmişdir. Azərbaycana gəldikdən sonra Qusar rayonunun Bədirqala kəndində yaşamağa başlamışlar. O, Qusar rayonunun Bədirqala kənd sovxozunda işə düzəlmişdir. Həmin sovxozda təxminən 1973-cü ilin əvvəllərinə qədər işləmişdir. 1981-ci ildə əri X2 kimi təyinatla Qırğızıstan Respublikasına göndərilməsi ilə əlaqədar, iddiaçı da uşaqları ilə birlikdə 1981-ci ildə Qırğızıstana getmiş və 1996-cı ilə kimi orada yaşamışlar. Həmin vaxt onun pasportu olmadığı üçün iddiaçı Qırğızıstana Qusar rayonunun Bala Qusar kənd Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən pasport əvəzinə verilmiş xx.xx.1981-ci il tarixli, 1077 nömrəli arayış əsasında getmişdir. 1996-cı ildə əri və uşaqları ilə birlikdə daimi yaşamaq üçün Azərbaycana qayıtmışdır. Həmin vaxtdan etibarən Xaçmaz rayonunun Çaykənarı kəndində yaşayır. Ərİ X17 xx.xx.1949-cu il tarixdə Qazaxıstan Respublikasının Almatı vilayətinin Kaskelen rayonunun (indiki Karasav rayonu) Kaskelen kəndində anadan olmuş, əri Azərbaycan Respublikasının vətəndaşı olmuş və xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonunun Çaykənarı kəndində vəfat etmişdir. Oğlu X23 xx.xx.1969-cu il tarixdə Qazaxıstan Respublikasının Çimkənd vilayətinin (indiki Türkistan vilayəti) Sayram rayonunun Krasnavodsk kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Xaçmaz rayonunun Çaykənarı kəndində yaşayır. X14 xx.xx.1973-cü il tarixdə Qusar rayonunun Bədirqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Xaçmaz rayonunun Çaykənarı kəndində yaşayır. X5 xx.xx.1976-cı il tarixdə Qusar rayonunun Bədirqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Xaçmaz rayonunun Çaykənarı kəndində yaşayır.X6 xx.xx.1978-ci il tarixdə Qusar rayonunun Bədirqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Xaçmaz rayonunun Çaykənarı kəndində yaşayır.X7 xx.xx.1980-cı il tarixdə Qusar rayonunun Bədirqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Xaçmaz rayonunun Çaykənarı kəndində yaşayır.Oğlu X22 xx.xx.1986-cı İl tarixdə Qırğızıstan Respublikasının Kalinin rayonunun (indiki Cayıl/Jayl rayonu) Bolşevik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Xaçmaz rayonunun Çaykənan kəndində yaşayır.İddiaçı heç vaxt SSRİ nümunəli pasportla təmin edilməmiş, 1996-cı ildə Azərbaycana Qırğızıstan Respublikasının Çuy vilayətinin Cayıl/Jayl rayonunun Cayıl/Jayl kənd soveti tərəfindən verilmiş arayışla gəlmişdir. Azərbaycana gələndə onun doğum haqqında şəhadətnaməsi də olmamışdır. Bu səbəbdən də bu vaxta qədər şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Hazırda iddiaçının 75 yaşı var. Lakin doğum faktımı, şəxsiyyətini və vətəndaşlığımı təsdiq edən sənədim olmadığı üçün vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Hazırda o, heç bir dövlətin himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarından yararlana bilmir. Şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməsi üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Bu səbəbdən də onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunması zərurəti yaranmışdır. Lakin şəxsiyyətini təsdiq edən və sərhədkeçmə əsas verən sənədi olmadığı üçün Qırğızıstan Respublikasına gedib həmin sənədi ala bilmir.Hazırda iddiaçı Xaçmaz rayonunun Çaykənarı kəndində yaşayır və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. Buna görə də mən xx.xx.2022-ci il tarixdə Cavabdehnə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğum yer üzrə qeydiyyata alındığını təsdiq edən DMX tərəfindən verilmiş arayış əsasında onun 1947- ci ildə Qırğızıstan Respublikasının Kant rayonunun Oktyabr kəndində anadan olmuş Abbazova (nikahdan sonrakı soyadım: Əliyeva) Şasənom Mamedovnanın - doğum faktımın Qırğızıstan Respublikasının Kant rayonunun Oktyabr kənd sovetliyi (indiki Qırğızıstan Respublikasının Çuy vilayətinin Alamüdün rayonunun Oktyabr kəndi: qırğız dilində: Кыргыз Республикасы, Чүи облусу, Аламүдүн раиону, Октабрһ кыштаҝ) tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Qırğızıstan Respublikasının müvafiq qurumlarından alınaraq təqdim edilməsini təmin etmələrini xahiş etmişdir.Cavabdeh xx.xx.2022-ci il tarixli. 05/Q-633/17 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - İİ-KP № 101603 seriyalı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X25 ilə X10 xx.xx.1967-ci ildə rəsmi nikaha daxil olmuşlar. - X27 ,X22,X23, X18, X12 məxsus doğum haqqında şəhadətnamələrdən görünür ki, onların ata qrafasında X24, ana qrafasında X13 qeyd edilmişdir. -X15 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 18/4-a saylı arayışdan görünür ki, xx.xx.1947-ci il təvəllüdlü vətəndaşlığı olmayan şəxs Alıyeva Shasanama (Sənədin nömrəsi: ***-*******8) ona görə ki, həqiqətən o, xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətində ünvan 2i ünvanına olduğu yer üzrə qeydiyyata düşmüşdür. Miqrasiya Məcəlləsinin 21.6.-cı maddəsinə əsasən Alıyeva Shahsanamın Azərbaycan Respublikasında xx.xx.2023-cü il tarixədək yaşamaq hüququ var. - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş himayə sənədindən görünür ki, Aliyeva Shasanam BMT QAK –nın mandatı altında olan şəxsdir. - Qusar rayon Bala Qusar kənd XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli 1077 saylı arayışdan görünür ki, X1 rayon Bədirqala kənd sakini olub həmin kənddə yaşayır, o, 1947-ci ildə anadan olmuşdur.Arayış pasport əvəzinə verilir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və vəkilinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin l bəndinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Konstitusiyanın 69-cu maddəsinin İİ bəndinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları, yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxslər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə digər qaydalar müəyyən edilməyibsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər və bütün vəzifələri yerinə yetirirlər. Əcnəbilərin və vətəndaşlığı otmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının- milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının və diger qanunvericilik aktlarının tələblərinə riayət etməli, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər. Xarici dövlət onun ərazisində Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının həyata keçirilməsinə məhdudiyyət qoyduqda Azərbaycan Respublikasının qanunu ilə Azərbaycan Respublikasının ərazisində eyni məhdudiyyətlər həmin dövlətin vətəndaşları üçün müəyyən edilə bilər. Belə qanun onun qəbul edilməsinə əsas olan hallar aradan qaldırıldıqda ləğv olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növü və xarakterindən və digər hallardan asılı olmayaraq Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər. Azərbaycan Respublikası ərazisindəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin ikinci hissəsində müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Həmin Qanunun 8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşlığı əldə edə bilərlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Məcəllənin 21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 5-ci maddəsinin birinci bəndinə əsasən hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarım və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən isə Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsiriəndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrdən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyataxtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlerin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər. İş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı hazırda vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və həmin himayə sənədi əsasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyətini müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunmuş və iddiaçıya verilmiş himayə sənədi Azərbaycan Respublikası dövlət orqanı tərəfindən qəbul edilmişdir. Digər tərəfdən iddiaçı Azərbaycan Respublikasına gəldiyi zaman qanuni əsaslarla, yəni ona pasport əvəzi verilmiş arayışla gəlmişdir. Onun hazırda şəxsiyyətini təsdiq edən sənədin olmaması şəxsin hüquqlarının məhdudlaşdırılmasına əsas verməməlidir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə, Azərbaycan Respublikası vətəndaşları arasında heç birr ayrıseçkilik qoyulmamış, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırılması müəyyənləşdirilmişdir. Hazırkı işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli, 9xx-xx-00010 nömrəli himayə sənədi əsasında şəxsin müraciəti təmin edilməlidir. Belə ki, qeyd edildiyi kimi, iddiaçı ona məxsus sənədlərlə doğumun qeydə alındığı ölkəyə gedə bilmir və lazımı sənədləri əldə edə bilmir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında onun vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq, Xaçmaz rayonu Çaykənarı kəndinə qeydiyyata almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Əliyeva (Abbazova) Şasənəm Mamedovnadan şəxsiyyəti təsdiq edən Sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun -1947-ci ildə Qırğızıstan Respublikasının Kant rayonunun Oktyabr kəndində anadan olmuş Abbazova (nikahdan sonrakı soyadı Əliyeva) Şasənəm Mamedovnanın-doğum faktının Qırğızıstan Respublikasının Kant rayonunun Oktyabr kənd sovetliyi (indiki Qırğızıstan Respublikasının Çuy Vilayətinin Alamüdün rayonunun Oktyabr kəndi qırğız dilində Кыргыз Респувликасы, Чуй облусу, Аламудун району, Октяабр кыштак) tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Qırğızıstan Respublikasının müvafiq qurumlarındn alınaraq ona təqdim edilməsi vəzifəsi Xaçmaz rayon qeydiyayt şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar