Məhkəmə qərarları › İş №2-1(118)-2744/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2744/2025

15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2744/2025 15.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X6 Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar şəhəri ərazisindən 0.10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövləl reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Qusar Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 05/2-18 nömrəli qərarı ilə fərdi evin tikintisi üçün Qusar şəhəri ərazisindən 0.10 ha torpaq sahəsi onun adına ayrılmışdır. Həmin qərar əsasında onun adına JN 265F qeydiyyat nömrəli, 30101004 kodu olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir.Həmçinin adına şəhadətnamə də verilərkən ayrılmış torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü Qusar Bələdiyyəsi tərəfindən tərtib edilərək təsdiqlənmişdir.Həmçinin, o Qusar rayonunda qeydiyyatdadadır. Uzun illərdir ki, torpaq vergisi dövlət büdcəsinə mənim onun tərəfindən ödənilir. Bu günə kimi də bununla əlaqədar torpaq vergisi üzrə borcunun olmaması ilə bağlı ona Qusar Bələdiyyəsi tərəfindən A-57 nömrəli, xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Lakin bütün bunlara baxmayaraq torpaq sahəsinə dair heç bir hüquqmüoyyənedici sənəd mövcud deyildir.İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, cavabdehin **********32 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə sözügedən həmin topraq sahəsinə dair şəhadətnamənin təhvil verilməsi və ona dair heç bir arxiv sənədin aşkar edilməməsi səbəbindən torpağın onun adına rəsmiləşdirilməsindən imtina etmişlər. Bundan başqa "xxxx" MMC-yə müraciət etmiş, həmin MMC-nin 3-21-3-60/2-Ş- 00xx-xx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin JN 265F qeydiyyat nömrəli, 30101004 kodu olan torpağın mülkiyyətə verilməmsinə dair şəhadətnamənin tərtib edilməsinə əsas olmuş ilkin torpaqayrmıa sənədlərinin aşkar edilməməsi qeyd edilmişdir. Cavabdehin imtinası əsassızdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərərək bildirmişdir ki, İddiaçı JN-265F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qeydiyyatdan keçib-keçməməsi bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Müraciətə cavab olaraq xx.xx.2021-ci il tarixli, **********32 nömrəli məktubla bildirilmişdir ki, JN-265 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçməmişdir və arxiv nüsxəsi aşkar edilməmişdir. Bundan əlavə İddiaçı etibarnamə üzrə nümayəndəsi vətəndaş X2 JN-265 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərin təsdiq edilmiş surətinin verilməsi barədə "xxxx" MMC-ə müraciət etmişdir. Müraciətə cavab olaraq xx.xx.2024-cü il tarixli 3-21-3-60/Ə-Ş-00xx-xx/2024 nömrəli məktubla bildirilmişdir ki, "xxxx" MMC-ti tərəfindən verilmiş cavab məktubuna əsasən məlum olmuşdur ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı JN-265 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir. Yuxarıda göründüyü kimi, iddiaçının 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət ərizəsinin məzmunu daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi bağlıdır və Ərazi İdarəsi tərəfindən cavab məktubu hüquqların dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə deyildir.Qeyd olunanları nəzərə alaraq İddiaçı 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edir və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin xx.xx.2021-ci il tarixli, **********32 nömrəli məktubu, xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2- 4167/2024 nömrəli imtina məktubu, JN-265F Kod 30101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surəti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/Ə-Ş-00xx-xx/2024 nömrəli məktubu, 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəldiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2025-ci il tarixli, 3-21-3- 34/2-4167/2024 nömrəli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Qusar rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. İddiaçının hüquqi marağı JN-265F Kod 30101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında onun adına rəsmiləşdirilmiş Qusar şəhəri ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reystrində qeydiyyata almaqdan ibarətdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin 3-21-3-60/2-1872/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən məlum olmuşdur ki, Xaçmaz rayonu, Yergüc kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair məlumatlar JN-265F Kod 30101004 nömrəli şəhadətnaməyə aid ilkin torpaq ayrıma sənədləri aşkar edilməmişdir. Bundan başqa təqdim edilən mütəxəssis rəyindən görünür ki, “iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi JN-265F Kod 30101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən plan cizgiyə uyğundur, İddiaçı mübahisə predmeti olan faktiki torpaq sahəsi 0,10 hektar ölçüdə təşkil edir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarında dəqiqləşdirildikdə, ümumilikdə 0,0364 hektar ölçüdə olmaqla - 0,0182 hektar hissəsinə X1 adına **********78 reyestr nömrəli çıxarış və plan ölçü sənədi və digər 0,0182 hektar hissəsinə də Əmrahov Rahib Reysəddän oğlunun adına **********08 reyestr nömrəli çıxarış və plan ölçü sənədi işlənib verilmişdir yəni ümumi 0,0364 hektar hissədə üst-üstə düşür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsini TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən dəqiqləşdirildikdə bələdiyyə mülkiyyəti olmaqla 0,0033 hektar hissəsi “kənd təsərrüfatı təyinatlı torpaqlarına aid olmaqla, uqodiyası – “kolluqlar”a, 0,0967 hektar hissəsi isə “yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla, uqodiyası - "tikinti altında olan torpaqlar”a aid edilməklə uçota alınmışdır. Qeyd- Torpaq sahəsi naturada hər tərəfdən metal tor hasarı ilə hasara alınaraq ümumi 0.10 hektar ölçüdə istifadə edilir, torpaq sahəsində hal-hazırda tikinti altı sahəsi 107,4 kv.metr olan fərdi yaşayış evi inşa edilir, torpaq sahəsinə verilmiş JN-265F nömrəli (KOD 30101004} seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" elektron məlumat bazasında olan xəritə üzərində, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında öz əksini tapmamışdır, torpaq sahəsinin 0.0379 hektar hissəsi ərazidən keçən “10 kV-luq yüksək gərginlikli elektrik xətti”nin qoruma zolağına düşür”. Göründüyü kimi mübahisəli torpaq sahəsinin faktiki koordinatları digər şəxsin torpaq sahəsinin koordinatı ilə üst-üstə düşdüyündən, indiki halda iddiaçının tələbi təmin edilə bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: -9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; -9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; -9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; -9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmiş, yəni arxivlərdə müvafiq dövlət aktına əsas olmuş sənədlər aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar şəhəri ərazisindən 0.10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövləl reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar