Məhkəmə qərarları › İş №2-1(118)-2754/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2754/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2754/2023 30.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin X1 üzrə Mərkəzi filialına qarşı “cavabdehin 3-17-1/2-M-5977/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2- M5977/2023 saylı qərarı ilə iddiaçıdan xx.xx.2022-ci ii tarixdən xx.xx.2022-ci il tarixədək 1688,61 manat məbləğində artıq ödənilmiş cəmi 1688,61 manat məbləğində sosial yardımın tələb edilərək 10 gün müddətində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi 80 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının hesabına ödənilməsi qərara alınmışdır. Aşağıda sadalananlara əsasən cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2- D 527 7/2023 saylı qərarını tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, qərar xx.xx.2023-cü ildə çıxarılsa da, o həmin qərarı xx.xx.2023-cü ildə rəsmi qaydada poçt vasitəsilə almışdır. Ona Dövlət Sosial X5- Xızı regional filialı tərəfindən 01.05.2.022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 241,23 manat məbləğində ünvanlı dövlət sosial yardımı ödənişi aparılmışdır. Fondun Sosial Ödənişlər Departamenti tərəfindən ailənin gəlirlərində baş vermiş dəyişikliklə bağlı xx.xx.2022-ci il tarixli **********2 nömrəli göstəriş məktubuna əsasən, onun və ailəsinin xx.xx.2022-ci il tarixdə Abşeron-Xızı regional filialı tərəfindən təyin edilmiş ünvanlı dövlət sosial yardımının ödənişi dayandırılmışdır. Onun ailənin gəlirlərində heç bir dəyişiklik olmayıb. Bu əsasla ailəsinə təyin edilmiş sosial yardımın dayandırılması qanunsuzdur. Hazırda cavabdehin belə nəticəyə gəlməsi tamamilə əsassız və qanunsuzdur. Ona görə də cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-M5977/2023 saylı qərarı ləğv olunmalıdır.Eyni zamanda ona təyin olunmuş aztəminatlı ailə kimi sosial yardım təyin olunması cavabdeh inzibati orqan tərəfindən həyata keçirilmiş, evin, ailə tərkibi, iş yeri onlar tərəfindən yoxlanılmış və təyinat məhz həmin orqan tərəfindən verilmişdir.Belə ki, əgər təyinat zamanı hər hansı bir qanunsuzluq mövcud olmuşsa, o zaman həmin məsuliyyəti o deyil, cavabdehin məsul şəxsləri daşımalıdır. Yəni mübahisə predmeti olan məbləğ inzibati və ya intizam icraatı zamanı həmin şəxslərdən tutulmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 241,23 (iki yüz qırx bir manat iyirmi üç qəpik) ünvanlı dövlət sosial yardım təyin olunmuşdu. Bundan sonra Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə mərkəzi filialı tərəfindən keçirilmiş yoxlama zamanı ailənin gəlirlərində (aliment almasına dair hər hansı sənəd təqdim etməmişdir) baş vermiş dəyişikliklər aşkar edildiyi üçün iddiaçıya təyin edilmiş ünvanlı sosial yardımın ödənişi xx.xx.2022-ci ildən dayandırılmışdır. İddiaçı qanunvericilik normalarının tələblərini pozduğu ailənin gəlirlərində baş vermiş dəyişiklik barədə inzibati orqana məlumat vermədiyi üçün ona təyin olunmuş ünvanlı sosial yardım xx.xx.2022-ci il tarixdə dayandırılmış və ödənilmiş 1688,61 manat vəsaitin geri ödənilməsi iddiaçının üzərinə qoyulmuşdur. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın çıxardığı qərar əsaslı və qanunauyğun olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə - Cavabdehin əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında 3-17-1/2-M-5977/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın surəti, cavabdehin etirazı və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində cavabdeh tərəfindən əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında 3-17- 1/2-M-5977/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin X1 üzrə Mərkəzi filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DSMFnin X1 üzrə Mərkəzi filialı hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar DSMF-nin X1 üzrə Mərkəzi filialı tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı Sumqayıt şəhəridir, iddiaçının hüquqi ünvanı DSMF-nin X1 üzrə Mərkəzi filialının xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə sosial ödənişlər DSMF-nin X1 üzrə Mərkəzi filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə DSMF-nin X1 üzrə Mərkəzi filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazırkı iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı DSMF-nin X1 üzrə Mərkəzi filialına müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, iddiaçı tərəfindən DSMF-nin X1 üzrə Mərkəzi filialı tərəfindən qəbul edilmiş əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında mübahisələndirilən qərarı xx.xx.2023-cü ildə əldə etmiş, xx.xx.2023-cü ildə həmin qərarın ləğv edilməsinə görə məhkəmədə iddia qaldırmış və bununla da nəzərdə tutulmuş prosessual müddətləri ötürməmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya cavabdeh tərəfindən 241.23 məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Sonradan cavabdeh tərəfindən İddiaçı təyin edilmiş sosial yardımın ödənişi xx.xx.2022-ci ildə dayandırılmışdır. İddiaçıya təyin edilmiş sosial yardım xx.xx.2022-ci ildə dayandırıldığından, cavabdeh təşkilat iddiaçıya ödədiyi ümumilikdə 1688.61 manat məbləğin geri qaytarlımasını haqqında 3-17- 1/2-M-5977/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı qərarın qanunsuz olduğu qənaətinə gələrək məhkəməyə müraciət etmişdir. Cavabdeh DSMF publik hüquqi şəxsin X1 üzrə Mərkəzi filialı həmin qərarın qanunvericiliyə uyğun olaraq qəbul edildiyini bildirir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 3-17-1/2-M- 5977/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən: -10.1 Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. -10.2.Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. -10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. -10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. -10.5. Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır. -10.6. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş sosial geri qaytarılmasının yalnız iki qaydası mövcuddur- tərəfin razılığı ilə inzibati orqanın özü tərəfindən qəbul edilmiş qərar və tərəfin razılıq olmadığı tədqirdə həmin vəsaitin qarşı tərəfdən məhkəmə qaydasında tutulması. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın artıq ödənilmiş pulun geri qaytarlması ilə bağlı qərar qəbul edilməsində subyektiv hüququ yoxdur. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh təşkilatın mübahisənin həlli ilə bağlı birbaşa xüsusi normanın, yəni “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 10-cu maddəsi mövcud olduğu tədqirdə ümumi norma qismində çıxış edən “İnzibati İcraat haqqında” Qanunun 82.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat hazırkı qərarın qəbul edilməsində haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən 3-17-1/2-M- 5977/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərar əsassız olduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin X1 üzrə Mərkəzi filialının 3-17-1/2-M-5977/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar