Məhkəmə qərarları › İş №2-1(118)-276/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-276/2022

30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-276/2022 30.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsinə qarşı “Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 577 saylı ev üzərində mərhum X1nun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq adına arayışın verilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 577 saylı ev üzərində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 577 saylı ev üzərində mərhum X1nun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq adına arayışın verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhər Corat qəsəbəsində 577 saylı evdə yaşayır. X1 xx.xx.2006-cı ildə rəhmətə getmişdir. X14 isə xx.xx.2017-ci ildə dünyasını dəyişmişdir. Anası vəfat etməmişdən qabaq xx.xx.2016-cı il tarixində Sumqayıt şəhər 1 saylı Dövlət Notariusuna gələrək şəxsən bütün ev və mülkü ona vəsiyyətnamə ilə vərəsə seçərək vermişdir. Atası ilə anası rəhmətə gedənədək onların evlərinin çıxarışından başqa lazım olan sənədləri vardır. Anasının vəfatından sonra o evləri üçün çıxarış almaq istəmiş və yenə də həmin notariusa müraciət etmişdir ki, vəsiyyətnamə əsasında evi sənədləşdirsin. Onlar həmin evdə hələ 70-ci illərdən yaşayırlar. Notarius 577 saylı ev üçün hüquq müəyyənedici sənəd almaq üçün Sumqayıt şəhər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə məktubla müraciət etmişdir. O da öz növbəsində 04 aprel 2021-c ii tarixində lazımi sənədləri toplayaraq, dövlət rüsumunu ödəyərək sənədləri reyestr xidmətinə təhvil vermiş və ona bildirilmişdir ki, 20 gündən sonra gəlib sənədləri götürə bilər. Ancaq o 5 aya qədər gözləmiş və sonda yenə də lazımı sənədlərin çatışmamazlığı haqda məktubla ona bildiriş vermişlər. Beləcə yenidən Corat qəsəbəsi Ərazi İcra Nümayəndəliyindən də rəsmi qaydada evin X1na aid olması haqda arayış almış və digər sənədlərlərlə birlikdə 8 iyun 2021-ci ildə sənədləri yenidən reyestr xidmətinə təhvil vermişdir. Ona bildirilmişdir ki, sənədləri 02 avqust 2021ci il tarixində hazır olacaq. Lakin, təyin olunmuş vaxtda sənədlərinə hələ baxılmadığı və 15 gün daha gözləməli olduğu bildirilmişdirr. Daha sonra yenidən ona sənədlərinin hazır olmadığını bildirmişdir. O, 2 dəfə Dövlət Əmlakının reyestr xidmətinin 193 saylı Qaynar xəttinə öz şikayətini bildirmişdir. İddiaçı reyestr xidmətinə Azərbaycan Respublikası Kommunal Təsərrüfatı Nazirliyinin tabeliyində olan Texniki İnventarlaşdırma bürosunun xx.xx.1971-ci ildə ev üçün verdiyi texniki pasportu, evin təsərrüfat pasportunu, Corat qəsəbəsi İcra Nümayəndəliyinin rəsmi arayışını və digər lazımi sənədləri təqdim etmişdir. Bu sənədləri onlara verən qurum o vaxtkı Azərbaycan Respublikası Kommunal Təsərrüfatı Nazirliyinin tabeliyində olan Texniki İnventarlaşdırma Bürosu, indi isə onun bütün funksiyalarını yerinə yetirən, öz üzərinə götürən, indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, vətəndaş İddiaçı etibarnamə üzrə nümayəndəsi İsmayılov Aslan Cabbar oğlu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi İsmayılov Aslan Cabbar oğluna bildirilmişdir ki, sözügedən daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması ilə bağlı İddiaçı əvvəlki, xx.xx.2021-ci il tarixli ********** qeyidyyat nömrəli müraciətinin araşdırılması zamanı idarənin xidməti istifadəsində olan arxiv məlumatlarında daşınmaz əmlaka dair hər hansı hüquq müəyyənedici sənəd və ya arxiv qovluğu aşkar olunmadığından sözügedən fərdi yaşayış evinə dair müvafiq hüquq müəyyənedici sənəd və ya təsərrüfatbaşına kitabdan çıxarış aşkar olunduğu halda həmin sənədin təsdiq olunmuş sürətinin idarəyə təqdim edilməsi ilə bağlı Sumqayıt Dövlət Arxiv idarəsinə xx.xx.2021-ci il tarixli **********99 sorğu ünvanlanmış və ərizənin icra müddəti qanunvericiliyin tələblərinə uyğun olaraq 1 (bir) ay müddətinə dayandırılmışdır. Ərizənin dayandırma müddəti başa çatanadək Dövlət Arxivinin Sumqayıt Filialından sorğuya münasibət bildirilmədiyindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmiş, bu barədə yaşadığı ünvana ərizəçiyə xx.xx.2021-ci il tarixli və **********50 nömrəli, bildiriş göndərilmişdir. Hazırkı müraciətə isə əlavə olaraq Sumqayıt şəhər İHB-nın Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, nümayəndəlikdə saxlanılan təsərrüfat kitablarında Sumqayıt şəhər, Corat qəsəbəsi 577 ünvanda yerləşən evin mərhum X3 adına qeydiyyata alındığı barədə xx.xx.2021-ci il tarixli 1011 nömrəli arayış əlavə olunmuşdur. Kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na daxil edildiyi üçün nümayəndəlikdə saxlanılan təsərrüfatbaşına kitabın X3 adına qeydiyyat aparılmış vərəqindən çıxarışın təsdiq olunmuş sürətinin idarəyə təqdim edilməsi ilə bağlı Sumqayıt şəhər İHB-nın Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq icra nümayəndəliyinin məsul şəxsi icra nümayəndəliyində saxlanılan kitabı xx.xx.2021-ci il tarixdə baxış üçün idarəyə gətirmişdir. Təqdim olunan kitaba baxış zamanı müəyyən olunmuşdur ki, icra nümayəndəliyində saxlanılan kitab təsərrüfatbaşına kitab yox, Corat qəsəbəsi üzrə inventarlaşdırma aparılmış fərdi yaşayış evlərinin siyahıya alınma kitabıdır. Bununla əlaqədar olaraq ərizəçiyə bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. Buna görə də idarənin istifadəsində olan arxiv məlumatarında daşınmaz əmlaka dair arxiv sənədləri aşkar olunmadığından, həmçinin, sorğu verilmiş müvafiq dövlət orqanlarında fərdi yaşayış evi üzərində hüquqların qeydiyyatı üçün hüquq müəyyənedici sənədlər aşkar olunmadığından ərizənin icrası təmin olunmamışdır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmiş, bu barədə İddiaçı etibarnamə üzrə nümayəndəsi İsmayılov Aslan Cabbar oğluna 27 avqust 2021-ci il tarixli **********17 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Cavabdeh inzibati orqanın 08 sentyabr 2021-ci il və 23 dekabr 2021-ci il tarixli məktublarından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 577 saylı ev üzərində iddiaçının atasının hüquqlarının təmin edilməsindən imtina edilmişdir. - Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 577 saylı texniki pasportdan görünür ki, idiaçının mərhum X1nun adına Corat qəsəbəsi, 577 saylı evin texniki pasportu tərtib edilmiş, texniki pasport Texniki İnventarlaşdırma Bürosunun möhürü ilə təsdiqlənmişdir. - AZ-İ 515149 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 20 may 2006-cı ildə ölmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli 880 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə vəfat etmiş X5 vərəsəsidir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 23 may 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi 577 saylı fərdi ev ilə 577A saylı fərdi ev eyni ev deyil və ayrı-ayrı ünvanlarda yerləşir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının X1nun adına Corat qəsəbəsi, 577 saylı evə dair Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 577 saylı texniki pasport tərtib edilmiş, Texniki İnventarlaşdırma Bürosunun möhürü ilə təsdiqlənmişdir. İddiaçı həmin fərdi yaşayış evi ilə bağlı hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabehin 08 sentyabr 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş məhkəmənin icraatında olarkən iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilmiş və dəqiqləşdirilmiş ərizəyə uyğun olaraq yenidən cavabdeh inzibati orqana müraciət edilmişdir. Cavabdehin 23 dekabr 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi bildirilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 22 sentyabr 2021-ci il tarixli 75/1 saylı arxiv çıxarışından görünür ki, Sumqayıt şəhər X11 İcraiyyə Komitəsinin iclasının 17 nömrəli, 07 iyun 1990-cı il tarixli protokol qərarı ilə X8 fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsinin ayrılması qərara alınmış və X2 qəsəbəsi, 577 nömrəli evdə yaşayır. Məhkəmə tərəfindən Sumqayıt şəhəri Corat qəsəbəsi 577 saylı fərdi ev ilə 577A saylı fərdi evin eyni evlər olub-olmamasının və həmin evlərin yerləşdiyi ərazinin eynilik təşkil edib-etməməsinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssis rəyi alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsinə sorğu göndərilmişdir. Həmin inzibati orqanın 23 may 2022-ci il tarixli rəyi ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi 577 saylı fərdi ev ilə 577A saylı fərdi evin eyni ev olmadığı və ayrı-ayrı ünvanlarda yerləşdiyi qeyd olunmuşdur. Cavabdehin imtinasının əsası kimi fərdi yaşayış evinə dair arxiv əsaslarının və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Fərmanının 2.4-cü maddəsinə əsasən, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin əsası hesab olunur. Siyahının 1.11-ci bəndində qeyd edilir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar müvafiq əmlaka hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. İddiaçının atasının adına tərtib edilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport 1971-ci ildə tərtib edilmişdir. Pasportun üz qabığında (birinci səhifədə) Bakı şəhəri icraiyyə komitəsinin Texniki İnventarlaşdırma Bürosunun adı qeyd edilmişdir. Pasportun Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi, yaxud ona tabe qurumlar tərəfindən verildiyi təsdiq olunur. İddiaçının mərhum X1nun evə mülkiyyət hüququnun olması barədə əsas hüquqmüəyyənedici sənəd - iş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosunun şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportdur. Odur ki, X3 qanuni vərəsəsi kimi onun qızı olan hazırkı iş üzrə iddiaçının həmin yaşayış evinin mərhum atasına məxsus olması barədə arayış alması üçün qanuni əsaslar yaranmışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının atasının adına tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 577 saylı texniki pasportun arxivdə olmaması və ya arxivə təhvil verilməməsi iddiaçının məsuliyyətinə səbəb ola bilməz. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə qeyd edir ki, iddiaçının atasının mübahisələndirilən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları yarandığından, həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq arayış verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 577 saylı ev üzərində iddiaçının mərhum X1nun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və arayışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 577 saylı ev üzərində iddiaçının mərhum X1nun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və arayışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar