Məhkəmə qərarları › İş №2-1(118)-2767/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2767/2024

20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2767/2024 20.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X3, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehlərdən ayrı-ayrılıqda 25.000 manat kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(105)- 348/2022 nömrəli qərarına əsasən iddia ərizəsi təmin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlillikdən imtinası əsassız hesab edilmiş, ona xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi DTSERA-nın üzərinə qoyulmuş, cavabdeh kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2-1(102)-2023/2022 nömrəli qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyasının qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)- 463/2022 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı icra olunması üçün, qərarın könüllü icrası üçün təyin olunmuş 30 gün müddət barədə cavabdehin xəbərdar olunması, icra olunmadığı halda 50000 manat cərimə olunması haqqında göndərilmiş məktubu cavabdeh DTSERA xx.xx.2023-cü il tarixdə alsa da, könüllü 30 günlük müddət ərzində məhkəmə qərarı icra olunmamışdır, hüquqları pozulmuşdur.Poçt xəbərnaməsinin surətindən, Hökumət Portalından SS814940827AZ ştrix kodlu məlumatdan göründüyü kimi məktub xx.xx.2023-cü il tarixdə DTSERA-ya çatdırılmışdır. Müraciətinə cavab olaraq Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 463\2022 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda yazılanlardan göründüyü kimi, xx.xx.2023-cü il tarixdə DTSERA məhkəmənin məktunu alsa da, “hal-hazıradək inzibati orqan tərəfindən nıəhkəmə qərarı icra edilməmişdir”. .......Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). xx.xx.2021-ci il tarixli şikayət ərizəsini SS747077315AZ ştriz kodlu sifarişli xəbərnaməli məktubla ƏƏSMN-ə göndərmiş və poçt xəbərnaməsindən göründüyü kimi xx.xx.2021-ci il tarixdə ünvançıya çatdırılmışdır. Şikayət ərizəsində o məlumat almaq barədə ərizələrinə cavab verilmədiyindən yazmışdır. Lakin, bundan sonra hüquqları daha da çox pozulmuşdur. Belə ki, ƏƏSMN-nin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021 -ci il tarixli məktubundan göründüyü kimi DSMF-yə və DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2021 -ci il tarixli rəsmi müraciətlərinə məlumat verməkdən imtina olunmuşdur. Buna görə o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati orqan məlumatı ondan gizlətməklə qanunun tələblərini və hüquqlarını pozmuşdur. Bundan belə nəticə çıxır ki, insan hüquqlarının pozulmasının başında duran nazirliyin tabeçiliyindəki təşkilat yox, nazirliyin özüdür.Azərbaycan Respublikası ƏƏSMN xx.xx.2021-ci il tarixli şikayət ərizəsinin, poçt qəbzinin və SS747077315AZ göndərişinin ünvançıya çatdırılması barədə poçt xəbərnaməsinin surətləri hazırkı iddia ərizəmin qoşmasında əlavə olunmuşdur. Udduğu məhkəmə qərarlarının xx.xx.2023-cü il tarixli ərizəsində göstərməklə SS814922430AZ ştriz kodlu sifarişli məktubla ƏƏSMN cənab Sahil Babayevə göndərmiş ki, araşdırma aparıb, günahkarları cəzalandırsın, məsuliyyət tədbiri görsün və ona məluımat versin. Lakin, ərizəsinə bu günə kimi nahiyyəti üzrə baxılmamışdır.Məhkəməyə qədər pretenziya qaydasında ƏƏSMN xx.xx.2023-cü il tarixli ərizənin, poçt qəbzinin və çatdırılmasını göstərən SS843749929AZ ştrix kodlu Göndərişin izlənməsi məlumatının surətlərini hazırkı iddia ərizəsinin qoşmasında məhkəməyə verir, poçt qəbzinin əslini isə məhkəmə iclasında sübut kimi təqdim edəcək. ƏƏSMN-in tabeçiliyindəki DTSERA-ya məhkəməyə qədər pretenziya qaydasında xx.xx.2023-cü il tarixli ərizənin, poçt qəbzinin və çatdırılmasını göstərən SS843749929AZ ştrix kodlu Göndərişin izlənməsi məlumatının surətlərini hazırkı iddia ərizənin qoşmasında məhkəməyə verir, poçt qəbzinin əslini isə məhkəmə iclasında sübut kimi təqdim edəcədir. Hüquqlarının uzun müddət pozulması və təyin olunmuş könüllü müddətdə cavabdehin təqsiri üzündən məhkəmə qərarlarının tam və dəqiq icra olunmaması nəticəsində, Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə **********JA-1İ Teleqram göndərmək məcburiyyətində qalmış, Azərpoçt MMC-nin ********* nömrəli məxaric qəbzindən göründüyü kimi Teleqram göndərişi üçün 12,10 manat pul ödəmiş, səlahiyyətli təşkilatlara çoxsaylı müraciətlər göndərmək məcburiyyətində qalmış, hüquqlarının uzun müddət pozulması nəticəsində onda mənəvi sarsıntı və iztirab hissinin yaranmasına səbəb olmuşdur. Adi həyat tərzi dəyişmişdir.Məhkəməyə qədər pretenziya qaydasında xx.xx.2023-cü il tarixli və sairə ərizələrini inzibati orqan alsa da, bu günə kimi mahiyyəti üzrə baxılmamışdır.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı E.Qulivevə münasibətdə qanunsuz və əsassız hərəkətlərin edilməsi nəticəsində zərər vurması halları müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi ziyanın dəyməsi barədə səbəbii əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar ona vurulmuş maddi ziyanın məbləğini öz şəxsi mülahizələrinə əsasən əsaslandırmağa çalışsa da. bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin iddiaçı əlillik dərəcəsinin ona məlumat verilmədən dəyişdirilməsini əsas gətirərək maddi və mənəvi zərərin dəyməsini iddia etsə də, bu hal əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı iddia tələbinə baxılan zaman (2021-2023-cü illər) məhkəmə prosesi gedişində aşkar edildiyindən bu hal mötəbər sübut hesab edilə bilməz.İddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qevd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi sözügedən iddia o zaman təmin edilə bilər ki. cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçı E.Qulivevə vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. İşə məhkəmədə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. İddiaçı cavabdehin hərəkətləri nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. İşdə olan tibbi müavinə sənədləri iddiaçının məhz cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən sağlamlığının pozulması ilə səbəbli əlaqəni sübut etməyə kifayət etmir. Beləliklə də hazırkı iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçı E.Qulivevə maddi və mənəvi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Qeyd edilməlidir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Qeyd olunanlara əsasən cavabdeh təşkilat iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə ƏƏSMN-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, mənəvi zərərin nə olduğunu şəxsin keçirdiyi bəzi sarsıntı və iztirabları sadalayaraq daha aydın bir şəkildə göstərmək olar. 3 noyabr 2008-ci il “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi və s. kimi örnəklərlə qeyd olunur. Qeyd edilən haların iddiaçıda olmadığından iddia təmin edilməmlidir. İnzibati Prosessual Məcəlləyə görə, iddiaçılar öhdəliyin icrası haqqında iddia vasitəsilə cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi, həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddiaçının inzibati orqana müvafiq tələblə bağlı müraciəti olmadığından iddia mümküsüz hesab olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçının cavabdehə ünvanladığı pretenziya məktublarının surəti, cavabdehlərin etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi ziyanın dəyməsi barədə səbəb əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. İddiaçı əlillik dərəcəsinin ona məlumat verilmədən dəyişdirilməsini əsas gətirərək maddi və mənəvi zərərin dəyməsini iddia etsə də, bu hal əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı iddia tələbinə baxılan zaman məhkəmə prosesi gedişində aşkar edildiyindən bu hal mötəbər sübut hesab edilə bilməz. Belə ki, iddiaçının iddia tələbində göstərdiyi qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(105)-348/2022 nömrəli qərarında göstərilənlərə münasibətdə bildirilir ki, məhkəmə tərəfindən qərarda göstərilən mövqe cavabdeh təşkilatın zəruri araşdırmanın lazımi qaydada aparılmaması ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, İddiaçı 3-cü dərəcə əlilliklə bağlı ödənilən pensiya məbləği ilə bağlı hər hansı bir narazılığı olmamış və onun tərəfindən 3-cü dərəcə əlilliyə görə ödənilən məbləğ iradə ifadəsinə uyğun həyata keçirilmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-462/2022-ci il tarixli qərarı qəbul edilənə qədər nə iddiaçının nə də cavabdehin əlillik dərəcəsinin səhv müəyyən olunması barədə məlumatı yox idi. Başqa sözlə desək cavabdehin səhv olaraq iddiaçıya 2-ci dərəcə əvəzinə 3-cü dərəcə əlilliyin təyin edilərək nəzərdə tutulmuş məvacibin ödənilməsində qərəz mövcud deyil. Qeyd olunan araşdırmanı lazımi qaydada həyata keçirilməməsində (yəni əlillik dərəcəsinin səhv hesablanmasında) günahkar olan şəxslərin intizam qaydasında yuxarı rəhbərliyi tərəfindən tənbeh edilməsi ilə nəticələnə bilər. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatdan kompensasiya tələb edilməsi üçün əsas hesab edilə bilməz. Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Həmin Qərarın 8-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hesab olunur ki, cavabdeh inzibati orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehlərdən ayrı-ayrılıqda 25.000 manat kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar