Məhkəmə qərarları › İş №2-1(118)-277/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-277/2020

19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-277/2020 19.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədirliyi, X1 katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “onun mülkiyyətində olan Şabran şəhəri, Gəndov kəndində yerləşən torpağa və üzərində tikilmiş evin 7/12 pay hissəsinə hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “onun mülkiyyətində olan Şabran şəhəri, Gəndov kəndində yerləşən torpağa və üzərində tikilmiş evin 7/12 pay hissəsinə hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1970-ci ildə X6 ilə ailə həyatı qurmuş, birgə nikahlarından övladları-Fariz, Nüşabə, Şəlalə və Zamin anadan olmuşdur. Dəvəçi rayon XDS İK-nin 13.05.1982-ci il tarixli qərarı ilə, həyat yoldaşı X3 fərdi mənzil tikintisi üçün Gəndov kəndində torpaq sahəsi ayrılmışdır. Həmin evin tikintisini başa çatdırandan sonra, 1987-ci ilin fevral ayında evə texniki pasport alınmışdır. Texniki pasportda mülkiyyətçi kimi həyat yoldaşı X6 qeyd edilmişdir. Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 19.11.1998-ci il tarixli qərarı ilə yaşadıqları torpaq sahəsinə, JN-565A KOD 30404018 qeydiyyat nömrəli torpaq şəhadətnaməsi verilmişdir. Həmin torpaq şəhadətnaməsində həyat yoldaşı X2, onun və övladları-Nüşabənin, Farizin, Şəlalənin və Zaminin adları mülkiyyətçi kimi qeyd edilmişdir. 01.12.2014-cü il tarixdə həyat yoldaşı X6 vəfat etmişdir. Həyat yoldaşı vəfat edəndən sonra onunla birlikdə kiçik oğlu Zamin yaşayır. Təxminən 2015–ci ilin əvvəllərində oğlu Zamin ona qarşı kobudluq etməyə başladı. Kobudluqdan sonra onu təhqir etməyə başlamışdır. O, oğlu Zaminin bu hərəkətlərindən Şabran rayon Polis şöbəsinə müraciət etmiş və müraciətinə cavab olaraq, bildirmişlər ki, müraciəti mülki xarakterlidir. O, oğlu Zamin ilə üz-üzə gəlməmək üçün, evin paylara ayrılmasını və həmin paylarda o biri qardaşları və bacıları nəzərə alınmasını bildirmiş, lakin oğlu Zamin ona bildirmiş ki, ev onundur. Onların arasında ümumi mülkiyyət olan əmlakın paylara ayrılması ilə əlaqədar mübahisə yarandığına görə, mübahisənin həlli üçün məhkəməyə müraciət etmiş və ərizəsində, xahiş etmiş ki Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin 13.05.1982-ci il tarixli Qərarı ilə Şabran rayon Gəndov kənd ərazisində onun həyat yoldaşı X3 ayrılmış torpaq sahəsinə və onun üzərində tikilmiş evə, ona 7/12 payın, hər övladına 1/12 payın müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Şabran rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli 2(031)-1024/2018 saylı Qətnaməsi ilə, Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin Qərarı ilə Şabran rayon Gəndov kənd ərazisində X3 ayrılmış torpaq sahəsinə və onun üzərində tikilmiş evə, ona 7/12 hissədə pay müəyyən edilmişdir. 04.10.2019-cu il tarixində o, Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə yuxarıda qeyd etdiyi məhkəmə Qətnaməsi əsasında dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 19.10.2019-cu il tarixli **********23 saylı məktubu ilə ona cavab bildirilmişlər ki, Şabran rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli 2(031)-1024/2018 saylı Qətnaməsi ilə, Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin Qərarı ilə Şabran rayon Gəndov kənd ərazisində X3 ayrılmış torpaq sahəsinə və onun üzərində tikilmiş evə, ona 7/12 hissədə və hər övladına 1/12 hissədə pay müəyyən edilmişdir, Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqların dövlət qeydiyyatını həyata keçirilməsini təmin edir, Şabran rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli 2(031)-1024/2018 saylı Qətnaməsi ilə, onun daşınmaz əmlak üzərində mülkiyyət hüququ müəyyən edilmədiyinə görə, Qətnamənin icrası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə aid deyildir. Qeyd olunanlara əsasən hesab edir ki, Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin Qərarı ilə Şabran rayon Gəndov kənd ərazisində X3 ayrılmış torpaq sahəsinə və onun üzərində tikilmiş evə, ona müəyyən edilmiş 7/12 hissədə paya hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və texniki pasortun verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın 5 saylı Ərazi İdarəsi tərəfindən verilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Şabran rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli 2(031)-1024/2018 saylı qətnaməsi əsasında dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi ilə bağlı 04.10.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı müraciətinə 18.10.2019-cu il tarixli **********23 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, ərizənizə əlavə edilmiş Şabran rayon Məhkəməsinin 15.11.2018–ci il tarixli 2(031)–1024/2018 saylı qətnaməsi ilə Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin 13.05.1982-ci il tarixli Qərarı ilə Şabran rayon Gəndov kəndi ərazisində X3 ayrılmış torpaq sahəsinə və onun üzərinə tikilmiş evə, İddiaçı 7/12 hissədə pay , hər övladına 1/12 hissəd pay müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqların dövlət qeydiyyatınının həyata keçirilməsini təmin edir. Həmin qətnamə ilə daşınmaz əmlak üzərində mülkiyyət hüququ müəyyən edilməmişdir və bununlada qətnamənin icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə aid deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Odur ki, yuxarıda qeyd olunan məsələləri nəzərə İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsi təmin edilməsin. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən görünür ki, İddiaçı Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin Qərarı ilə Şabran rayon Gəndov kənd ərazisində əri X3 ayrılmış torpaq sahəsinə və onun üzərində tikilmiş evə, ona müəyyən edilmiş 7/12 hissədə paya hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və texniki pasortun verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı həmin torpaq sahəsi üzərində vərəsəlik hüququ əsasında gözlənilən mülkiyyət hüququna malikdir, torpaq sahəsinə və onun üzərində tikilmiş evə ona müəyyən edilmiş 7/12 hissədə pay hüquqları digər şəxslərin istifadəsində qalması onun hüquqlarını pozur. Mübahisəli fərdi yaşayış evinin iddiaçının mərhum əri Nağdı Muradova məxsus olmuş və hazırda iddiaçı həmin fərdi yaşayış evində və altında olan mərhuma aid olan hissədə torpaq sahəsi üzərində vərəsəlik hüququ əsasında Azərbaycan Respublikası “Mülki Məcəlləsinin” 1159-cu maddəsinə və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10–cu maddələrinin tələblərinə əsasən gözlənilən mülkiyyət hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mərhum əri Nağdı Muradovdan miras qalmış əmlakın vərəsəlik qaydasında qəbul edilməsi ilə əlaqədar müvafiq notariat kontoruna müraciət etməmişdir. Dəvəçi rayon XDS-nin icrayyə komitəsinin 1982-ci il 13 may tarixli qərarına əsasən X3 Gəndov kəndində ayrılmış 012,5 ha həyatyanı torpaq sahəsində yaşayış sahəsi 56 m2, faydalı sahəsi isə 90 m2 olan iki otaq, mətbəxt və eyvandan ibarət fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçı övladı Zamin Muradov ilə aralarında yaranmış mülki mübahisəsi ilə əlaqədar Şabran rayon Məhkəməsinə müraciət edərək, Dəvəçi rayon XDS-nin İcrayyə komitəsinin 13.05.1982-ci il tarixli Qərarı ilə Şabran Rayon Gəndov kənd ərazisində onun həyat yoldaşı X3 ayrılmış torpaq sahəsinə və onun üzərində tikilmiş evə, ona 7/12 payın,hər övladına ½ payın müəyyən edilməsini xahiş etmişdir. Şabran rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı hazır ki, iddia tələbi ilə bağlı məhkəmədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 22.2–ci maddəsində qeyd edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra – çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən isə Qanunun 8–ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Yəni hər bir halda, ilkin qeydiyyat hüquq sahibinin adına aparılmalı, arayış və ya çıxarış da həmin qeydə uyğun verilməlidir. Qeyd edilən daşınmaz əmlaka dair vərəsəlik hüquqları isə daha sonra məhz həmin sənədlər əsasında rəsmiləşdirilməlidir. Göstərilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinə mərhum ərindən miras qalmış, əmlak kimi mülkiyyət hüququnun tanınmasını tələb etdiyi üçün hər bir halda müvafiq qanuni əsasların mövcudluğu müəyyən edilərsə, ilk növbədə ilkin qeydiyyat hüquq sahibi kimi iddiaçının mərhum ərininin adına aparılmalı, arayış və ya çıxarış da həmin qeydə uyğun verilməlidir. Lakin hazırki işdən mübahisəli torpaq sahəsinin mərhum ərinə aid olan hissəsinə və tikiliyə İddiaçı mülkiyyətində olması faktı təsdiq edilmir. İddiaçı iddiasının əsası kimi Şabran rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli 2(031)- 1024/2018 saylı qətnaməsinə istinad etsə də, məhkəmə hesab edir ki, həmin qətnamə ilə Nağdı Muradovdan miras qalmış əmlaka vərəsəlik payları müəyyən edilməyib. Belə ki, Şabran rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli qətnaməsində göstərilmiş “torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə” müəyyən edilmiş paylar X3 ayrılmış torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmiş Dəvəçi rayon XDS-nin İcrayyə Komitəsinin 13.05.1982-ci il tarixli qərarı ilə əlaqədar olmuşdur. Belə olan halda iddiaçının hazırki iddianı irəli sürməsi üçün əsası-heç bir subyektiv hüququ müəyyən olunmur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM–nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Daha sonra həmin qərarda deyilir ki, İPM–nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Beləliklə məhkəmə hesab edir ki, iddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “onun mülkiyyətində olan Şabran şəhəri, Gəndov kəndində yerləşən torpağa və üzərində tikilmiş evin 7/12 pay hissəsinə hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar