Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-277/2022 19.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Həbillayeva (Əzizova) Təranə Hacı qızının iştirakları ilə İddiaçı cavabdeh Sumqayıt “ASAN Xidmət” X3 qarşı (üçüncü şəxs - Həbillayeva (Əzizova) Təranə Hacı qızı) “onunla X7 arasında 07 iyul 2021-ci il tarixdə Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsində bağlanmış, 1493 nömrəsi ilə qeydə alınmış nikah akt qeydinin və həmin akt qeydi əsasında verilmiş nikah haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ilkin olaraq cavabdeh Sumqayıt “ASAN Xidmət” X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla X7 arasında 07 iyul 2021-ci il tarixdə Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1493 nömrə ilə qeydə alınmış nikahın bağlandığı gündən etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X7 arasında 07 iyul 2021-ci il tarixdə Sumqayıt "ASAN Xidmət Mərkəzi" Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra X4 “Həbillayeva" soyadı verilmişdir. Tərəflər arasında nikah bağlanılsa da, onların ailə qurmaq niyyəti olmamışdır. Tərəflər arasında heç bir ailə münasibəti yaranmamış, onlar bir yerdə yaşamamışlar. Ümumiyyətlə, tərəflər bir-birlərini tanımır, nikahın bağlanması prosesində şəxsən iştirak etməmişlər. Nikahlarının hansı şəkildə rəsmiləşdirilməsi barədə heç bir məlumatları yoxdur. Ona görə də tərəflər arasında olan nikah etibarsız hesab edilməlidir. Çünki, ailə qurmaq niyyəti olmadan bağlanmış nikah etibarsızdır və bu nikahın məhkəmə qaydasında pozulması artıq hər iki tərəfin növbəti nikaha daxil olacaqları vaxtda növbəti nikahın ikinci dəfə nikaha girmək kimi qiymətləndirilməsindən ibarət neqativ nəticəyə gətirib çıxarır. Hazırda subay şəxslə boşanmış şəxsin nə olduğunu izah etməyə ehtiyac yoxdur və belə hesab edirik ki, məhkəmə iddiaçının durumunu nəzərə almalıdır. İddiaçı ilk gündən, eləcə də nikah qeydə alınarkən, qəti şəkildə ailə qurmaq niyyətində olmamış, ümumiyyətlə, nikaha daxil olduğu xanımı tanımır. Bu səbəbdən də iddiaçı cavabdeh Sumqayıt “ASAN Xidmət Mərkəzi" Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək X7 ilə bağlanmış nikahın etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin Sumqayıt "ASAN Xidmət Mərkəzi" Qeydiyyat şöbəsinin 25 avqust 2021-ci il tarixli məktubuna əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq nikahın məhkəmə qaydasında etibarsız sayılması və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hesab edilir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Ona görə də Sumqayıt Şəhər Məhkəməsinə tərəflər arasında bağlanmış nikahın etibarsız hesab edilməsi tələbinə dair ərizə ilə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərardadına əsasən iddia ərizəsi geri qaytarılmış və qərara alınmışdır ki, İnzibati Məhkəmədə baxılmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirərək onunla əsaslandırmışdır ki, iddia tələbini qəbul edir. Belə ki, 07 iyul 2021-ci il tarixdə İddiaçı məxsus AZE № 00105646 nömrəli və X4 məxsus AA1492753 nömrəli şəxsiyyət vəsiqələrini təqdim edən vətəndaşlar Sumqayıt “ASAN xidmət” X3 yaxınlaşaraq nikaha daxil olmaq üçün ərizə ilə müraciət etmək istədiklərini bildirmişlər. Müvafiq qaydada şəxsiyyət vəsiqələrini, tibbi müayinədən keçmələrinə dair arayışları təqdim etmişlər. Sənədlər tam qanuni formada olmuş, heç bir uyğunsuzluğa rast gəlinməmişdir. Həmin vaxt vətəndaşlar karantin qaydalarına uyğun olaraq tibbi maskada olmuşlar. Müraciətə baxan Qeydiyyat orqanının məsul əməkdaşı Lalə Hüseynova şəxsiyyət vəsiqələrinin müraciət edən vətəndaşlara məxsus olduğunu zənn edərək və sənədlərdə hər hansı bir pozuntu olmadığını nəzərə alaraq onların ərizələrini qəbul etmiş və tərəflər arasında bağlanmış nikahı qeydə almışdır. Sonradan vətəndaş - İddiaçı Sumqayıt “ASAN xidmət” X3 müraciət edərək nikaha daxil olduğu xanımı tanımadığını, ümumiyyətlə, nikaha daxil olmaq üçün Sumqayıt “ASAN xidmət” X3 gəlmədiyini bildirmiş, X7 ilə aralarında 07.07.2021-ci il tarixdə Sumqayıt “ASAN Xidmət Mərkəzi” Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1493 nömrə ilə qeydə alınmış nikahın bağlandığı gündən etibarsız hesab edilməsini xahiş etmişdir. 25 avqust 2021-ci il tarixli cavab məktubuna əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq nikahın məhkəmə qaydasında etibarsız sayılması və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 26.10.2021-ci il tarixli qərardadı ilə Həbillayeva (Əzizova) Təranə Hacı qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi məhkəmənin elektron kabinetinə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək iddiaçı ilə X7 arasında 07 iyul 2021-ci il tarixdə Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsində bağlanmış, 1493 nömrəsi ilə qeydə alınmış nikah akt qeydinin və həmin akt qeydi əsasında verilmiş nikah haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında iştirak edən nümayəndə iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı münasibətdəki izahatına uyğun çıxış edərək bildirmişdir ki, təqdim etdiyi video görüntüdən də göründüyü kimi iddiaçı və Təranə Əzizova nikahın bağlanması üçün qeydiyyat şöbəsinə gəlməmişlər. İddiaçının adından şəxsiyyət vəsiqəsini və tibbi arayışı təqdim edən qohumu X1 olmuşdur ki, Təranə Əzizova ilə onun arasında faktiki nikah münasibətləri olmuş və ər-arvad kimi bir yerdə yaşamışlar. X8 nikaha daxil olmaq üçün öz sənədlərini deyil, qohumu olan iddiaçının sənədlərini təqdim etmişdir. Nikah üçün müraciət edənlər isə tibbi maskada olduğundan əməkdaş onları müəyyən etməmiş və məsuliyyətsizlik edərək onlar tərəfindən təqdim olunan sənədləri qəbul edərək ona məxsus otağa gətirmişdir. Sənədlərin qaydasında olduğunu gördüyü üçün qeydiyyatdan keçirmiş və beləliklə, nikah üçün gün təyin edilmişdir. X5 isə vəzifələrinin icrasına məsuliyyətsiz yanaşdığından və fərqli şəxslərin nikahları rəsmiləşdirildiyindən intizam tənbehi qaydasında dövlət qulluğuna xitam verilmişdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin olunmasını və nikah qeydinin ləğv edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə hər hansı bir məlumatı məhkəməyə təqdim etməmişdir. Üçüncü şəxs qismində məhkəmə iclasına cəlb edilmiş Həbillayeva (Əzizova) Təranə Hacı qızı izahatında bildirmişdir ki, o, X1 ilə faktiki nikah münasibətində olmuşdur. İddiaçı Taleh Əbdürəhimovun bacısının kürəkəni, həm də dayısı oğludur. Taleh Əbdürəhimovla onun münasibəti 2020-ci ilin dekabr ayında başlamışdır. Münasibətləri bir neçə ay davam etdikdən sonra Taleh Əbdürəhimov ona bildirmişdir ki, rəsmi nikaha daxil olacaqlar. Eyni zamanda, aralarında kəbin olacağını bildirmiş və ona məxsus şəxsiyyət vəsiqəsini götürmüşdür. 12 iyun 2021-ci il tarixdə nikah üçün gün təyin etdiyini söyləmiş, hətta bununla bağlı ödəniş qəbzini də göstərmişdir. 07 iyul 2021-ci il tarixdə qeydiyyat şöbəsində nikahla bağlı olaraq imza etməli idilər. X2 deyil, tamamilə başqa bir qadını Sumqayıt “ASAN Xidmət” X3 aparmışdır. Ona isə nikahın yalan olaraq hələ 25 iyul tarixinə uzandığını bildirmişdir. Sonradan o, nikah haqqında şəhadətnaməni tələb etmişdir. Bununla bağlı olaraq Gəncə Cavabdeh Qeydiyyat Şöbəsinə müraciət etmiş, ona 07 iyul tarixində nikah haqqında şəhadətnamənin cavabdeh orqandan götürüldüyü bildirilmişdir. Ona görə də o, dərhal Sumqayıt “ASAN Xidmət” X3 getmiş və onu əməkdaş Lalə xanım qəbul etmişdir. Kamera görüntülərinə baxılan zaman Taleh Əbdürəhimovun yanında olan qadının o olmadığını əməkdaşlara bildirmişdir. Ona məxsus nikahın saxta olması ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində də izahat verib. Bütün bu qeyd edilənlərə əsasən üçüncü şəxs iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə daxil olmuşdur. Həmin sənədlərə aşağıdakılar aiddir: İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surəti ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1989-cu ildə, Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olmuş, hazırda həmin kənd ərazisində qeydiyyatdadır. Üçüncü şəxs X7 23.05.1986-cı ildə, Gəncə rayonunda anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Sumqayıt Cavabdeh qeydiyyat şöbəsi tərəfindən 25.08.2021-ci il tarixdə verilən nikah haqqında şəhadətnamədən çıxarışa əsasən İddiaçılə ilə üçüncü şəxs Təranə Əzizova arasında nikah 07 iyul 2021-ci il tarixdə 1493 nömrəli akt qeydi ilə tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Həbillayev, arvada isə Həbillayeva soyadı verilmişdir. Cavabdeh orqan tərəfindən verilən 25.08.2021-ci il tarixli imtina məktubu ilə iddiaçının ərizəsinin icrasından imtina olunmuş və məhkəmə qaydasında həll edilməsi tövsiyə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7587/2021 saylı, 30.08.2021-ci il tarixli qərardadı ilə tərəflər arasında nikahın etibarsız hesab edilməsinə dair iddia ərizəsi geri qaytarılmışdır. İş materiallarına İddiaçı və Təranə Əzizovanın nikaha daxil olmaq haqqında ərizəsi, nikaha daxil olmaq istəyən şəxsin tibbi müayinədən keçdiyi barədə arayışların surəti də əlavə edilmişdir. İş materiallarına cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş video görüntüdən müəyyən olunur ki, Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsində nikaha daxil olmaq üçün müraciət edən şəxslər İddiaçı və Təranə Əzizova deyil, digər şəxslər olmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İşdən göründüyü kimi İddiaçı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş Əzizova Təranə ilə aralarında bağlanmış nikahın onların iştirakları olmadan qeydə alındığını və buna görə də akt qeydləri kitabında 1493 nömrə ilə qeydə alınmış nikah qeydinin ləğv olunmasını istəyir. Cavabdeh orqan da tərəflər arasında qeydə alınmış nikah akt qeydinin onların əməkdaşının məsuliyyətsizliyi səbəbindən qeydə alındığını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ailə Məcələsinin 2.3-cü madəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır (9.1.). Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır (9.4.). Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir (11.1.). “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir (3.1.). Nikaha daxil olmağı arzu edənlər bu barədə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə şəxsən yazılı ərizə verirlər. Əgər nikaha daxil olmaq istəyən şəxslərdən birinin üzrlü səbəbə görə (ağır xəstəlik, uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə gəlmək imkanı olmadıqda, gəlmiş ikinci tərəf digər tərəfin özünə aid hissəsini şəxsən doldurduğu birgə ərizə və ya ayrı-ayrı ərizələri təqdim edir. Gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi onun yaşadığı yerin Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir (3.2.). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və üçüncü şəxs Təranə Əzizova qeydiyyat şöbəsinə nikahın bağlanması üçün bilavasitə müraciət etməmişlər. İş materiallarına əlavə edilmiş video görüntüdən də göründüyü kimi Təranə Əzizovanın faktiki nikah münasibətində olduğu X1 adlı şəxs onun və iddiaçının əvəzinə nikah qeydi üçün zəruri olan sənədləri müvafiq qeydiyyat şöbəsinə təqdim etmiş və nikah qeydi müvafiq akt qeydləri kitabında 1493 nömrəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında izahat vermiş üçüncü şəxs Təranə Əzizovanın da qeyd etdiyinə görə o nikahının iddiaçı ilə deyil, Taleh Əbdürrəhimovla qeydə alınacağını zənn etdiyi halda, nikahının T.Əbdürəhimovla deyil məhz İddiaçılə bağlanması onun həmin şəxslə ailə qurmaq niyyətini - qarşılıqlı olaraq nikaha könüllü razılıq əsasında daxil olmasını istisna edir. Yəni, müvafiq qeydiyyat şöbəsinin səhlənkarlığı səbəbindən tamamilə fərqli şəxslər, yəni aralarında nikahın bağlanmasına razılığı olmayan şəxslər arasında nikah qeydinin mövcud olması onların hüquqlarının pozulması anlamına gəlir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 nömrəli qərarında qeyd edilmişdir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 3 nömrəli qərarına edilən dəyişikliyə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə X7 arasında 07 iyul 2021-ci il tarixdə Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsində bağlanmış, 1493 nömrəsi ilə qeydə alınmış nikah akt qeydinin və həmin akt qeydi əsasında verilmiş nikah haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyi Sumqayıt “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin üzərinə qoyumalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ilə Həbillayeva (Əzizova) Təranə Hacı qızı arasında 07 iyul 2021-ci il tarixdə Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsində bağlanmış, 1493 nömrəsi ilə qeydə alınmış nikah akt qeydinin və həmin akt qeydi əsasında verilmiş nikah haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyi Sumqayıt “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-277/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-277/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver