Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2773/2025 11.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Məddud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (çıxarışın ləğv edilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Məddud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu Amsar kəndində iddiaçının faktiki ərazisində yerləşən, sahibliyində və istifadəsində olan 0.92 ha torpaq sahəsinə dair vətəndaş X3 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarışın verilməsi ilə bağlı cavabdehin əməkdaşlarının hərəkətlərini qanunsuz hesab etməklə həmin torpaq sahəsi üzərində onun adına qeydiyyata alınmış mülkiyyət hüququnun və müvafiq çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı Məddud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu Amsar kəndində iddiaçının faktiki ərazisində yerləşən, sahibliyində və istifadəsində olan 0.92 ha torpaq sahəsinə dair vətəndaş X3 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarışın verilməsi ilə bağlı cavabdehin əməkdaşlarının hərəkətlərini qanunsuz hesab etməklə həmin torpaq sahəsi üzərində onun adına qeydiyyata alınmış mülkiyyət hüququnun və müvafiq çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin ümumi ərazisi təxminən 120 ha-dır. X1 cəmiyyətə pretenziya ilə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu Amsar kəndində İddiaçı MMC-nin faktiki ərazisində yerləşən, sahibliyində və istifadəsində olan 0,92 ha torpaq sahəsinin ona məxsus olduğunu iddia etmişdir. Bildiririk ki, İddiaçı MMC 2012-ci ilin sentyabr ayında təsis olunmuş "xxxx" MMC-nin hüquqi varisidir və vətəndaş Ə.Ə.Ağammədovun iddia etdiyi torpaq sahəsi həmin vaxtdan bu günə kimi ümumi ərazinin tərkib hissəsi kimi cəmiyyətin faktiki sahibliyində və istifadəsindədir. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən ərazidə olan əvvəlki mülkiyyətçilərin pulu ödənilərək bütün torpaq sahələri vicdanlı şəkildə əldə edilmişdir. Həm də, Ə.Ə.Ağammədovun iddia etdiyi torpaq sahəsi ölkə ərazisində Qolf idmanı üçün önəmli maliyyə vəsaitləri xərclənərək yaradılmış iki Qolf idman sahəsindən birinin ərazisində yerləşir. İddiaçı Məddud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs olan Ə.Ə.Ağammədovun sözügedən torpaq sahəsinin uzun müddət "xxxx" MMC-nin istifadəsində olduğunu bildiyi və ondan əvvəlki mülkiyyətçiyə pulun ödənilməsinə baxmayaraq həmin əraziyə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığı üçün vicdanlı əldə edən hesab olunmamalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 11 iyun 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi, vəkili iddia ərizəsinə uyğun izagat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardadla inzibati iş üzrə məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edərək təqdim edilmiş etirazı onunla əsaslandırmışdır ki, Quba rayonu Amsar kəndində yerləşən 0,92 ha torpaq sahəsinə dair X1nun mülkiyyət hüququnu təsdiq edən **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi yalnız məhkəmənin qərarı ilə mümkündür. Qeyd olunan hala əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İşdə olan **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışla mübahisəli torpaq sahəsinin inzibati icraata cəlb edilmiş üçüncü şəxs olan X5 məxsus olduğu görünməkdədir. • Məhkəmə sorğusu nəticəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən əldə edilmiş 08 aprel 2025-ci il tarixli müayinə aktına əsasən mübahisəli torpaq sahəsi yuxarıda qeyd edilmiş Çıxarış baza məlumatlarında olan xəritə materialları üzrə X5 məxsusdur, lakin həmin torpaq sahəsi İddiaçı MMC tərəfindən qolf meydançası kimi istifadə olunmaqdadır. Habelə torpaq sahəsi heç bir mühafizə zolağında yerləşməyərək heç bir mülkiyyət sənədi ilə üst-üstə düşməməkdədir. • İş materiallarında olan xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilə əsasən torpaq sahəsi X7 tərəfindən satın alınmış və tam pay hüquqda olmaqla adına xx.xx.2022-ci il tarixli Çıxarış əldə edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.
Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir: 1.1-ci bənd: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bənd: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bənd: Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bənd: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, Quba rayonu Amsar kəndində yerləşən 0,92 ha torpaq sahəsi hazırki tarixdə iddiaçının istifadəsindədir. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Quba rayonu Amsar kəndi olduğu üçün həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində ərizənin icra edilib-edilə bilinməməsinin mümkünlüyünə dair cavab məktubu təqdim edilməmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Quba rayonu Amsar kəndi olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).
Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri.
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.
2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir.
3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmənin mövqeyi
Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı MMC 06 sentyabr 2024-cü il tarixdə mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüqunun və müvafiq çıxarışın ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində iddiaçıya hər hansı cavab verilməmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş sərəncama münasibət məktubunda (etiraz) Quba rayonu, Amsar kəndində yerləşən 0,92 ha mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxs X4 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq xx.xx.2022-ci il tarixli, **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışla təmin edildiyi bildirilmiş və iddiaçının ərizəsinin icra edilə bilinməsinin, yəni üçüncü şəxsin adına tərtib edilmiş çıxarışın ləğv edilməsinin yalnız məhkəmə qərarı ilə mümkün olacağı bildirilmişdir. Məhkəmə inzibati iş üzrə hərtərəfli, ətraflı və obyektiv araşdırmanın nəticəsində cavabdeh orqan tərəfindən təqdim edilmiş ərizənin icrasından imtina halının əsaslı və qanuni olduğu qənaətinə gəlmişdir. Belə ki, Quba rayonu, Amsar kəndində yerləşən mübahisəli torpaq sahəsi İddiaçı MMCnin istifadəsində olan ümumi torpaq sahəsinin tərkibinə daxil edilərək qolf meydançası kimi faktiki olaraq istifadə edilsə də, həmin torpaq sahəsi üzərində başqa şəxsin – X4 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq Çıxarışla təmin edilmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçı hüquqi şəxsin və ya onun hüquqi varisi olduğu digər hüquqi şəxsin mülkiyyət hüquqları hər hansı bir dövrdə dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə araşdırması zamanı əldə edilmiş “Alqı-satqı müqaviləsi”nə əsasən inzibati icraata üçüncü şəxs qismində cəlb edilmiş X7 tərəfindən mübahisəli torpaq sahəsi xx.xx.2022-ci il tarixdə satın alınmışdır, hansı ki, Ə.Ə.Ağammədovun torpaq sahəsini satın aldığı fiziki şəxsin adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli Çıxarış tərtib edilmişdir. Bununla da, iddia tələbində qeyd olunduğu üzrə torpaq sahəsinin İddiaçı MMC-nin hüquqi varisi olduğu 2012-ci il təsis tarixli "xxxx" MMC-nin həmin tarixdən istifadəsində olması iddiası iş materiallarında öz əksini tapmamaqdadır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının mübahisə edilən torpaq sahəsinə dair iddia tələbinin təmin edilməsi üçün heç bir əsas yoxdur.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı Məddud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu Amsar kəndində iddiaçının faktiki ərazisində yerləşən, sahibliyində və istifadəsində olan 0.92 ha torpaq sahəsinə dair vətəndaş X3 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarışın verilməsi ilə bağlı cavabdehin əməkdaşlarının hərəkətlərini qanunsuz hesab etməklə həmin torpaq sahəsi üzərində onun adına qeydiyyata alınmış mülkiyyət hüququnun və müvafiq çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinetin olduğu təqdirdə elektron kabinetə yerləşdirildiyi tarixdən) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev