Məhkəmə qərarları › İş №2-1(118)-278/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-278/2023

30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-278/2023 30.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Kod 30800118, JN-1438A saylı “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnaməyə əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin faktiki yerləşdiyi yerə görə mülkiyyət hüququ əsasında dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ilkin olaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə iddia qaldıraraq onun mülkiyyətində olan Kod 30800118, JN-1438A saylı “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnaməyə əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinə eletkron baza məlumatlarında mövcud olan koordinatlara əsasən reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Novxanı Bələdiyyəsinin 22 iyul 2005-ci il tarixli, 10 saylı qərarından çıxarışa əsasən İddiaçı bələdiyyə torpaqlarının Baş planına əsasən 94 nömrəli 0.10 ha torpaq sahəsi satılmışdır. Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikintisi üçün istifadəsində olan torpaq sahəsinə 16 yanvar 2006-cı il tarixdə JN-1438A nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Cavabdehə ünvanlanmış xx.xx.2022ci il tarixli məktubuna xx.xx.2022-ci il tarixli, **********65 saylı cavab məktubu ilə bildirilmişdir ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur və yeri dəyişdirilmişdir. Dövlət orqanı olaraq iddiaçının hüquqlarının qeydiyyatının aparılması, buraxılmış texniki səhvlərin aradan qahdırlıması xahiş olunmuşdur. İddiaçıya notarial qaydada ərizə ilə müraciət olunması bildirilmişdir. Ərizədə qeyd ediləcək müraciət mətni ona verilmişdir. Müraciətinə xx.xx.2022-ci il tarixli, **********58 saylı məktubla cavab verilmişdir. Qeyd edilmişdir ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur və yeri dəyişdirilmişdir. Bildirilmişdir ki, hüquqların dövlət qeydiyyatına müraciət etməyi məqsədəmüvafiq hesab olunur. Hüquqların dövlət qeydiyyatına müraciətin hansı orqan olması isə izah edilməmişdir. İnzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi hüquqların dövlət qeydiyyatı orqanı olsa da öz vəzifələrini yerinə yetirmir. Baxmayaraq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı haqqında 2.2-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır, cavabdeh üzərinə düşən qanuni öhdəlikləri yerinə yetirməkdən yayınır. Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışa və 21 may 2020-ci il tarixli, 34 saylı cavabdehə ünvanlanmış məktubu ilə torpağın yerləşdiyi faktiki koordinatlar göstərilmiş və X1 Komissiyası tərəfindən vətəndaşa hüquqi sənəd verilən zaman texniki səhvə yol verildiyi, İddiaçı adına JN-1438A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə qonşu torpaq sahəsinə düşdüyü göstərilmişdir. Yol verilmiş texniki səhvin aradan qaldırılmasını və vətəndaşın mülkiyyətinə dair torpaq sahəsinin vətəndaşın özünün istifadəsində olan torpaq sahəsinin aşağıdakı koordinatlara uyğun tərtib olunması xahiş olunmuşdur. Həmin koordinatlar aşağıdakı kimi qeyd edilmişdir: X=397346.8650, Y=4486013.6748; X=397380.2542, Y=4486022.7660; X=397372.5617, Y=4486050.5866; X=397339.0843, Y=4486041.4647; Koordinatların dəyişdirilməsi digər qonşu torpaqlar üçün heç bir problem yaratmır. Əvvəlcədən də qeyd edilən koordinatlarda olan torpaq sahəsi iddiaçıya ayrılmış və həmin vaxtdan da hasara alınmışdır. Həmin torpaq sahəsində yaşayış evi tikilmiş və faktiki olaraq iddiaçı orda yaşayır. Cavabdehlə yerində baxış keçirərkən təsdiq edilmişdir ki, elektron baza məlumatlarında olan torpaq sahəsinə aid koordinatlar Abşeron rayon Novxanı Bələdiyyəsinin məktubu və Yerquruluşu planından çıxarışa əsasən torpağın həqiqətən yerləşdiyi faktiki koordinatlarla eynilik təşkil edir. Torpaq sahəsi elektron baza məlumatlarında torpağın yerləşdiyi koordinatlar üzrə düzgün yerləşsə də faktiki olaraq şəhadətnamədə bu koordinatlar səhv göstərilmişdir. Bildirilmişdir ki, cavabdehə rəsmi qaydada müraciət olunsun və müraciətə sənədlər əlavə edilsin, məhkəməyə müraciət edilmədən hüquqların qeydiyyatı zamanı buraxılmış səhvlər aradan qalxar. Lakin bu texniki səhvlərin aradan qaldırılması cavabdehdən xahiş olunsa da sonradan əsassız olaraq bundan imtina edilmişdir. Abşeron rayon Novxanı Bələdiyyəsinin cavabdehə ünvanlanmış 11 may 2020-ci il tarixli, 198 saylı məktubu ilə İddiaçı Tofik oğluna məxsus JN-1438A saylı “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnamədə İddiaçı Tofik oğlu deyil, İddiaçı olmasını təsdiq edilmişdir. Novxanı bələdiyyəsinin sənədlərində əvvəlcədən ata adı Tofiq yazılsa da şəhadətnamədə sonradan Tofik kimi yazılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı haqqında 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin qanunun 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Bir daha qeyd edirəm ki, Abşeron rayonu Novxanı kəndində yerləşən İddiaçı məxsus olan 0.10 ha torpaq sahəsinin faktiki ayrıldığı və yerləşdiyi yer elektron baza məlumatlarında düzgün göstərilmiş, lakin JN-1438A nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamədə isə torpaq sahəsinin yerləşdiyi koordinatlar texniki səhv buraxılmaqla tərtib edilmişdir. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və apanlan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Reşpublikasının Qanununun 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilən qanunvericiliyin müvafiq maddələrinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin faktiki olaraq qeyd edilmiş koordinatlara uyğun tərtib olunmasını və ata adının “Tofiq” yazılmasını qeyd edilməklə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması, mülkiyyətində olan 0.10 ha torpaq sahəsinə dair reyestrdən çıxarışın və plan-ölçü (texniki pasportun) hazırlanması barədə cavabdehin imtina etməsi əsassızdır. Abşeron rayon Novxanı Bələdiyyəsinin 22 iyul 2005-ci il tarixli, 10 saylı qərarı, Abşeron rayon Novxanı Bələdiyyəsinin 34 saylı, 21 may 2020-ci il tarixli 4 saylı Abşeron Ərazi İdarəsinə rəsmi olaraq ünvanlanmış məktubu, Yerquruluşu planından çıxarışa, Abşeron rayon Novxanı Bələdiyyəsinin 11 may 2020-ci il tarixli, 198 saylı məktubuna əsasən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan 94 nömrəli torpağın yerləşdiyi sahəyə dair Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən sənəd verilən zaman texniki səhvə yol verilmişdir və qeyd edilən koordinatlar “Torpağın mülkiyyətinə verilməsinə dair” JN-1438A nömrəli şəhadətnamədə başqa 96 nömrəli torpaq sahəsinə aiddir. Həmçinin, iddiaçıya məxsus torpaq sahəsinə dair verilmiş JN-1438A saylı “Torpağın mülkiyyətinə verilməsinə dair" Şəhadətnamədə, ata adının bir hərfi səhv yazılmışdır. “Tofiq” adının yerinə “Tofik” yazılmışdır. JN-1438A saylı “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnamədə elektron baza məlumatlarında mövcud olan koordinatlara əsasən reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmaqla aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 18 aprel 2022-ci il tarixli, ********** nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur və yeri dəyişdirilmişdir. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair" 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək iddiaçının mülkiyyətində olan Kod 30800118, JN-1438A saylı “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnaməyə əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin faktiki yerləşdiyi yerə görə mülkiyyət hüququ əsasında dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza uyğun izahat verərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara aşağıdakılar aid edilir: • Abşeron rayon Novxanı bələdiyyəsinin 22 iyul 2005-ci il tarixli, 10 saylı qərarından çıxarışda qeyd olunmuşdur ki, iddiaçıya bələdiyyə torpaqlarının Baş planına əsasən 0,10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərardan çıxarışdan görünür ki, Abşeron rayon Torpaq və Xəritəçəkmə şöbəsi bələdiyyə torpaqlarının Baş planına əsasən iddiaçıya ev tikmək üçün həyətyanı torpaq sahəsi satılmasına müvafiq rəy vermişdir. • Abşeron rayonu Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarış iş materiallarına əlavə edilmişdir. Həmin çıxarış bələdiyyə tərəfindən təsdiq edilmişdir. • Abşeron rayon Novxanı bələdiyyəsinin 198 nömrəli, 11 may 2020-ci il tarixli arayışına əsasən iddiaçıya məxsus JN-1438A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə iddiaçının ata adının “Tofik” deyil “Tofiq” olması təsdiq edilmişdir. • “Torpağın mülkiyyətə verilməsinə dair” (JN-1438A KOD ********) Şəhadətnamədən görünür ki, iddiaçıya Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli, 28 nömrəli qərarı il 0,10 ha torpaq sahəsi ayrılmışdır. Şəhadətnamə DT və XK-nin Abşeron rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. • Cavabdehin **********65 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubuna əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. • Məhkəmə sorğusu nəticəsində əldə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan 0,1005 ha torpaq sahəsi məhkəmə tərəfindən təqdim olunmuş iş materialında Abşeron rayonu, Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilinə düşür və torpaq sahəsi hər hansı bir fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşmür. Eyni zamanda torpaq sahəsinin kateqoriyası yaşayış məntəqqəsinin torpaqlarına aiddir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında Novxanı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 10 saylı qərarının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi cavabdeh orqanın xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti həmin orqana aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və **********65 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Abşeron rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinin 28 oktyabr 2008-ci ilə qədər olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Abşeron rayon Novxanı bələdiyyəsinin 22 iyul 2005-ci il tarixli 10 saylı qərarına əsasən 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi alınmışdır. Torpaq sahəsinin yerquruluşu planından çıxarış tərtib olunmuş və müvafiq qaydada təsdiq edilmişdir. Eyni zamanda Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı ilə iddiaçıya 0,10 ha torpaq sahəsi ayrılmışdır ki, bunun əsasında “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1438A KOD 30800118 olan şəhadətnamə tərtib edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. İddiaçı ona ayrılmış torpaq sahəsi üzrə yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir, lakin cavabdeh inzibati orqan həmin hüququn qeydə alınmasından torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olması və yerinin dəyişdirilməsi səbəbindən imtina edir. Məhkəmə cavabdeh tərəfindən irəli sürülən halı araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina əsassız olduğundan iddia tələbi təmin edilməlidir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Məhkəmə araşdırması zamanı cavabdeh orqana göndərilən sorğuya cavab olaraq da təqdim olunmuş mütəxəssis rəyində bildirilmişdir ki, iddiaçının faktiki istifadəsində olan 0,1005 ha torpaq sahəsi Abşeron rayonu, Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilinə düşür və torpaq sahəsi hər hansı bir fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Göründüyü kimi, Torpağın mülkiyyətə verilməsinə dair” JN-1438A KOD 30800118 olan şəhadətnamə ilə iddiaçıya verilmiş 0,10 ha sahəsinin onun faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil etməsi və hər hansı bir şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməməsi mütəxəssis rəyi ilə təsdiq olunur. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Qeyd edilən halların mövcudluğu cavabdeh orqanın etirazının əsassız olduğuna dəlalət edir. İnzibati İcraat haqqında Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Kod 30800118, JN-1438A saylı “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnaməyə əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin faktiki yerləşdiyi yerə görə mülkiyyət hüququ əsasında dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar