Məhkəmə qərarları › İş №2-1(118)-2782/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2782/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2782/2023 21.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı iddia qaldıraraq “X14, X12 və X8 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvan: Qızıl- Əskər küçəsi), ev 79, mənzil 33-dən qeydiyyatdan çıxarılması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-2782/2023 saylı Qərardadı ilə X14 və X15 zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia onunla əsaslandırılmışdır ki, X5 ilə xx.xx.1956-cı il tarixdə nikahları rəsmi qaydada qeyd alınmaqla evlənmişlər. Həyat yoldaşı A.Şahverdiyevlə yaşadıqları dövrdə keçmiş Quba Rayon X10 İcrayyə Komitəsinin Mənzil İstismar İdarəsi tərəfindən xx.xx.1970-ci il tarixdə həyat yoldaşı A.Şahverdiyevə beş nəfər ailə üzvü ilə birlikdə Quba şəhəri Keçmiş Qızıl-Əskər küçəsi, hal- hazırda Fətəlixan küçəsi mənzil 79 ev 33də mənzil verilmiş və həmin mənzilə dair ərinin adına xx.xx.1970-ci il tarixli order verilmişdir, əri xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. O, hal-hazırda qeyd olunan mənzili özəlləşdirmək istəyir, bununla əlaqədar Quba Rayon “Asan Xidmət” Mərkəzində Notariat ofisinə müraciət edib xx.xx.2023-cü il tarixdə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri sırasına daxil olmuşdur, qeyd olunan mənzil onlara ayrılarkən və sonradan kənar şəxslər mənzilin qeydiyyatına düşüblər, mənzili özəlləşdirməsi ilə əlaqədar həmin şəxslərin bir qisminin qeydiyyatdan çıxarılması zərurəti yaranmışdır və qeydiyyatdan çıxarmaq istədiyi şəxslər isə -X12, X14 və X11r, qeyd olunan şəxslər başqa yerdə yaşayır və könüllü olaraq mənzilindən qeydiyyatdan çıxmırlar, digər şəxslər isə könüllü olaraq qeydiyyatdan çıxmağa razılıq veriblər. O, Cavabdehnə müraciət edib qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin Polis Şöbəsi onun ərizəsinin icrasından imtina etmişdir, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi xx.xx.1970-ci il tarixli 6N-1İ orderdən aşkar olur ki, mərhum həyat yoldaşı X2 Quba şəhəri (Qızıl- Əskər) hal-hazırda Fətəlixan küçəsi ev 79 mənzil 33-də 29,64 kv metr mənzil verilmişdir. İddia ərizəsinə əlavə etdiyi Quba şəhəri Fətəlixan küçəsi 79 mənzil 33-ə dair qeydiyyat çıxarışından aşkar olur ki, cavabdehlər X14, X12 və X15 qeyd olunan mənzildə qeydiyyatdadırlar. İddia ərizəsinə əlavə etdiyi ərizədən və poçt qəbzindən aşkar olur ki, mənzilində qeydiyyatda olan cavabdehlərin qeydiyyatdan çıxarılması üçün rəsmi müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə iclasın vaxtı və yeri barədə məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X9 ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər, cavabdhe tərəfindən iddiaya qarşı yazılı etiraz bildirilməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X14, xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2004-cü il təvəllüdlü X4 rayonu, Quba şəhəri, Fətəlixan küçəsi, ev 79, mənzil 33 ünvanında qeydiyyatdadırlar. - Quba rayon X10 İcraiyyə Komitəsinin Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 6 saylı, 18 fevral 1970-ci il tarixli orderinin surətindən görünür ki, Qızıl-Əskər küçəsində yerləşən iki otaqlı sahəsi 29,64 kv.m olan 33 saylı mənzilə dair X2 adına order verilmişdir. - AZ-İİ 131210 saylı, xx.xx.2020-ci il tarxili “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür. - Quba Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinin 31 yanvar 2023-cü il tarixli, 329 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi sırasına daxildir.

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düüzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvan: Qızıl-Əskər küçəsi), ev 79, mənzil 33-ə dair X2 adına order tərtib edilmişdir. İddiaçı X2 vərəsəsidir. Sözügedən mənzildə üçüncü şəxslər X14, X12 və X15 qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin həmin orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslər X14, X12 və X8 mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Üçüncü şəxslər məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X14, X12 və X8 iddiaçının mülkiyyətində olan Quba rayonu, Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 79 saylı evin 33 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X14, X12 və X8 iddiaçının mülkiyyətində olan Quba rayonu, Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 79 saylı evin 33 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar