Məhkəmə qərarları › İş №2-1(118)-2785/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2785/2023

09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2785/2023 09.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 4Ə-307 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Quba rayonu İkinci Nügədi kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxaırşın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Quba rayon İkinci Nügədi kənd ərazisində yerləşən ona məxsus 0,08 ha torpaq sahəsinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 4Ə-307 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Quba rayonu İkinci Nügədi kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxaırşın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Notariat kontoru tərəfindən xx.xx.2007-ci il tarixli 4-0307 reyestir nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaşı İddiaçı Quba rayonu 2-ci Nügədi kəndində yerləşən yarımçıq tikili ilə birlikdə 0,08 ha həyətyanı torpaq sahəsini X4 almışdır. Həmin torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik yerləşir. L.Hacıyeva onun qonşusu olmuş, torpaq sahəsini satdıqdan sonra köçüb getmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçınnı istifadəsindədir, o, torpaq sahəsini yaşıllaşdırmış, meyvə ağacları əkmiş, yarımçıq tikilini sökmüşdür. xx.xx.2022-ci il tarixdə o, cavabdeh idarəyə müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüquqununn qeydə alınmasını xahiş etmiş, lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinni məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinini iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, ərizəyə əlavə edilmiş Quba rayon dövlət notariat kontoru tərəfindən təstiq olunmuş xx.xx.2007-ci il tarixli, 4-Ə-307 reyestr nömrəli müqaviləyə əsasən yarımçıq tikili alqı-satqı predmeti olmuşdur. Göstərilən alqı-satqı müqaviləsində 0,08 ha torpaq sahəsi üzərində satıcı tərəfin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Göstərilən halda həmin torpaq sahəsi alqı-satqı predmeti deyildir. İş materiallarında olan : -Quba rayonu ll Nügədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarından görünür ki, Quba rayon İkinci Nügədi kəndi ərazisində yerləşən torpaq sahəsi X1. -xx.xx.2005-ci il tarixli aktdan görünür ki, 0,08 ha torpaq sahəsini X6 təhvil verilmişdir. - -8.08.2007-ci il tarixli, 4-Ə-307 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X3 rayon İkinci Nügədi kənd ərazisində yerləşən ona məxsus 0,08 ha torpaq sahəsində yerləşən yarımçıqtikilini İddiaçı satmışdır. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli cavab məktubundan görünür ki, Quba rayon dövlət notariat ofisində 13 sentyabr 2007-ci il tarixdə 4Ə-307 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X2 rayonu Qam-qam kəndində 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini X5 bağışlamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Göstərilən Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəsi gedən torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən əldə etdiyini iddia edir. Əvvəla, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində əvvəlki saibinin belə mülkiyyət hüququ daşınmmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bundan başqa iddiaçı tərəfindən təqdim edilən alqı-satqı müqaviləsində göstərilən 4- Ə-307 reyestr nömrəli xx.xx.2007-ci il tarixli notariat işi məhkəmə tərəfindən tələb edilmişdir. Ədliyyə Nazirliyi Dövlət Notaruat Arxivi tərəfindən təqdim edilən həmin nömrəli, lakin 13 sentyabr 2007-ci il tarixdə tərtib edilmiş notariat işindən görünür ki, həmin reyestr nömrəsi ilə alqı-satqı deyil, bağışlama müqaviləsi təsdiq edilmişdir. Həmin müqavilənin predmeti başqa şəxslər arasında bağlanan Quba rayonu Qam-qam kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin bağışlanması olmuşdur. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Hazırkı iş üzrə yuxarıda göstərilən hallar nəzərə alındıqda isə məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrılmasına əsas kimi göstərilmiş alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə notariat işi mövcud deyildir. Beləliklə, müəyyən edilmişdir ki, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Hazırki halda iddiaçı torpaq sahəsinin notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona satılması ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar