Məhkəmə qərarları › İş №2-1(118)-279/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-279/2021

08.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-279/2021 08.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə (fərdi qaydada fəaliyyət göstərən vəkil, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon,Adil Məmmədov küçəsi, 85-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba şəhəri ərazisində yerləşən 18 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:1215, kod ********) əsasında iddiaçının mülkiyyətində olan 0,0275 ha torpaq sahəsinin mövcüd ölçüdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsinin ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba şəhəri ərazisində yerləşən, 18 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:1215, kod ********) əsasında iddiaçının mülkiyyətində olan 0,0275 ha torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsinin ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dairqərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Quba şəhəri ərazisində yerləşən, 18 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:1215, kod ********) əsasında iddiaçının mülkiyyətində olan 0,0275 ha torpaq sahəsinin mövcüd ölçüdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsinin ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayon Dödvlət notariat kontorunda təsdiq edilmiş 07 sentyabr 2005-ci il tarixli 4-Ə-828 saylı alqı-satqı müqaviləsi əsasında Quba şəhəri ərazisində yerləşən 0,0275 ha torpaq sahəsini əldə etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən onun adına 18 may 2006-cı il tarixdə torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpaq sahəsindən bu günədək fasiləsiz istifadə edir. Dövlət aktı əsasında mülkiyyətində olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və buna müvafiq “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi ilə bağlı ərizə ilə 24.01.2020-ci il tarixdə Azərbaycan Respubilkası Əmlak Məsələlələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, bu günə kimi müraciətinə heç bir cavab verilməmişdir. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümyəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi əlavə olaraq izah etdi ki, İddiaçı və həyat yoldaşı X3 mübahisəli torpaq sahəsi ilə bitişik torpaq sahələri vardır. Başqa şəxslərlə arasında mübahisə yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, İddiaçı ərizəsinə əlavə olunmuş JN-1215 KOD 30301004 Torpağa mülkiyyət hüququna dair dövlət aktı araşdırılmışdır. Ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsindən təhvil alınmış Dövlət Aktlarının qeydiyyatı kitablarında JN-1215 Dövlət Aktı barədə qeydlər aparılmamış və ərazi idarəsinin elektron kadastr məlumat bazasında məlumatlar aşkar edilməmişdir. Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. İş materiallarında olan : -DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş JN N1215 kod ******* saylı dövlət aktından görünür ki, həmin akt Quba rayon DNK-nun 07 sentyabr 2005-ci il tarixli 4-ə-828 saylı alqı-satqı müqvailəsinə əsasən İddiaçı oğıuna satılmış 0.0275 ha torpaq sahəsinə dair verilmişdir. -RX № ******* seriaylı reyestrdən çıxarışdan görünür ki, Quba şəhəri ərazisində 0.033 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. -DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 23.01.2014-cü il tarixli torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, İddiaçı mülkiyyətində olan 0,033 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. -RX № ******* seriaylı reyestrdən çıxarışdan görünür ki, Quba şəhəri ərazisində 0.0168 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. -DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 01.06.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, X3 mülkiyyətində olan 0,0168 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Məhkəmənin 22 may 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühəndistrexniki ekspertizası təyin edilmişdir. Ekspertizanın 10/1295 saylı 10 iyul 2020-ci il tarixli rəyindən görünür ki, vahid ekektron baza məlumatlarında olan xəritə materiallarına əsasən JN-0333 A saylı torpağa mülkiyyət verilməsinə dair şəhadətnamə ilə X1 mülkiyyətində 0.12 ha torpaq sahəsi göstərilmişdir. Qalan mübahisə predmeti olan 0.14 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə məxsusdur. İddiaçının faktiki olaraq istifadəsində 0.2534 ha torpaq sahəsi vardır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, torpağın İddiaçı tərəfinən alqı-satqı müqaviləsi əsasında əldə etməsi DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş dövlət aktı ilə təsdiq edilir. Həmin dövlət aktının DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitabında qeydə alınmaması və elektron baza mlumatlarında aşkar edilməməsi barədə dəlillərini məhkəmə əsassız hesab edir. Belə ki, həmin hallar müvafiq dövlət orqanlarının funkisyalarına aiddir və həmin sənədlərin və ya qeydiyyatın aşkar edilməməsi vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırmamaldır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı və Quba şəhəri ərazisində yerləşən 18 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:1215, kod ********) əsasında İddiaçı mülkiyyətində olan 0,0275 ha torpaq sahəsinin mövcüd ölçüdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Quba şəhəri ərazisində yerləşən 18 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:1215, kod ********) əsasında İddiaçı mülkiyyətində olan 0,0275 ha torpaq sahəsinin mövcüd ölçüdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar