Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-279/2022 16.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 1i ünvanında yaşayan), Cavabdehin nümyəndəsi X2 (DSM-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, H.Zərdabi prospekti, ev 71a, mənzil 15-də yaşayan) iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin 2 saylı Regional Ərazi filialına qarşı onun 28.03.1985-ci il tarixdən 13.12.2000-ci il tarixədək və 20.12.2000-ci il tarixdən 28.12.2005-ci il tarixədək Quba rayon “Kimya Birliyi”ndə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin 2 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin 2 saylı Regional ərazi filialının hərəkətlərinin qanunsuz hesab etməklə ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək onun 28.03.1985-ci il tarixdən 13.12.2000-ci il tarixədək və 20.12.2000-ci il tarixdən 28.12.2005-ci il tarixədək Quba rayon “Kimya Birliyi”ndə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə Quba rayonunun Pirvahid kəndində anadan olmuş, 1974-1976-cı illərdə keçmiş Sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Quba rayonunda yerləşən 3 saylı Peşə məktəbində 1 il təhsil almış, təhsilini başa vurduqdan sonra isə 1977-ci ildə Quba rayonu “Kirov adına Meyvəçilik soxvozu”nda fəhlə kimi əmək fəaliyyətinə başlamış və 1985-ci ildə işdən azad edilmişdir. 28.03.1985-ci ildə yenidən Quba rayonu “Kimya birliyi”ndə traktorçu kimi işə qəbul edilmiş, 2005-ci il dekabr ayının 28-dək bu vəzifədə çalışmışdır. Beləliklə, onun ümumilikdə 28 il fasiləsiz əmək stajı, 2 il hərbi xidməti və 1 il texniki peşə təhsili olmuşdur. Həmin illər də sosial sığorta stajına daxil edildikdə onun 31 ilə yaxın əmək stajı vardır. 20.05.2021-ci ildə onun 65 yaşım tamam olmuş və o, əmək kitabçası, hərbi bilet, diplomun surətini cavabdeh təşkilata təqdim edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat 07.09.2021-ci il tarixli məktubla ona imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümyəndəsi X3 iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və 07.09.2021-ci il tarixdə cavablandırılmışdır. Cavabdeh orqanın ********** nömrəli imtina məktubuna əsasən İddiaçı əmək kitabçasında qeyd olunan 28.03.1985-ci il tarixdən 28.12.2005-ci il tarixədək Quba rayon “X8”ndə işləməsinə dair sosial sığorta stajının yoxlanılması mümkün olmadığından həmin dövrlərin pensiya hesablanmasında nəzərə alınması qanuna ziddir.İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X4 03.11.2021-ci il tarixdə **********9 nömrəli sorğu göndərilmişdir. Sorğuya gələn 11.11.2021-ci il tarixli 1164 nömrəli cavab məktubunda Quba rayon “X8”nin 27.11.1997-ci ildən sonrakı dövr üçün əmr kitabları və heç bir il üçün əmək haqqı cədvəlləri Azərbaycan Respublikası X5 filialına təhvil verilmədiyi qeyd edilmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun həm 7-ci maddənin hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (65 yaş) çatmışdır.Lakin yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq vətəndaşın əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. İş materiallarında olan : - İddiaçı məxsus AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür. - НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, 1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. - Quba 3 nömrəli texniki peşə məktəbi tərəfindən verilmiş 25.12.1973-cü il tarixli attestatdan görünür ki, İddiaçı 12.02.1973-23.12.1973-cü il tarixlərdə həmin peşə məktəbində traktorist-maşinist peşəsi üzrə təhsil almışdır. - X5 filialı tərəfindən verilmiş 10.09.2021-ci il tarixli 899 saylı arxiv arayışından görünür ki, “Quba rayon Kimya Birliyi”nin heç bir ili üçün əmək haqqə cədvəlləri filiala təhvil verilməmişdir. -Məhkəmənin sorğusuna əsasən X5 filialı tərəfindən verilmiş 18.01.2022-ci il tarixli 15 saylı cavab məktubundan görünür ki, İddiaçı 14.02.1977-ci ildən 01.04.1985-ci ilədək Kirov adına meyvəçilik sovxozunda işləmiş və əmək haqqı almışdır, 28.03.1985-ci ildən 27.03.1995-ci ilədək Quba X8ndə işləmişdir. Belə ki, müvafiq əmrlər kitabında onun 28.03.1985-ci il tarixli 44 saylı əmrlə traktorçu kimi işə qəbul edilməsi və 27.06.1995-cil tarixli 30-k saylı əmrlə sürücülük hüququndan məhrum edilməsi ilə bağlı işdən azad edilməsi barədə əmrlər aşkar edilmişdir. Həmin müəssisənin 1997-ci ildən sonra əmr kitabları X5 filialına təhvil verilməmişdir. -Məhkəmənin sorğusuna əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 02.12.2021-ci il tarixli **********297400 saylı cavab məktubundan görünür ki, “X9 ASC 25.01.2006-cı il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır, vergi ödəyicisinin uçot məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə araşdırması zamanı İddiaçı 27.06.1995-ci ildə sürücülük hüququndan məhrum edilməsi ilə bağlı traktorçu vəzifəsindən azad edilsə də fəhlə kimi işini davam etdirmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının 28.03.1985-ci il tarixdən 13.12.2000-ci il tarixədək və 20.12.2000-ci il tarixdən 28.12.2005-ci il tarixədək Quba rayon “Kimya Birliyi”ndə işləməsi barədə iddiası öz təsdiqini tapmadı. Bununla da onun tələb olunan 25 il sığorta stajına malik olması sübuta yetmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən dövr İddiaçı sosial sığorta stajına daxil edilmədən tələb olunan 25 il sosial sığorta stajı tamam olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmamış olur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-279/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-279/2022
16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver