Məhkəmə qərarları › İş №2-1(118)-279/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-279/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-279/2025 07.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X5, Nümayəndə və X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: şəhadətnamənin ləğv edilməsi, torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçı Nümayəndə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı, X5, Nümayəndə və X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “şəhadətnamənin ləğv edilməsi, torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 may 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”-in 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. JN 202B, KOD 30306018 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı, X5, Nümayəndə və X10 0,06 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin planı və sərhədlərin ölçüsü (miqyas 1:1000), qonşu torpaqlar, həyətyanı sahənin qaiməsi (sertifikatı) göstərilmişdir.

2. Azərbaycan Respublikası Dövlət X17 2 avqust 2010-cu il tarixli, 1322 nömrəli və 30 dekabr 2022-ci il tarixli arxiv çıxarışlarından görünür ki, Sabir adına sovxoz üzrə 5 fevral 1985-ci il tarixli, 6 nömrəli əmrinə əsasən Sabir adına sovxozda həyətyanı torpaq fondunun artırılması barədə Azərbaycan SSR Nazirlər Sovetinin 18 dekabr 1984-cü il tarixli qərarı olmuşdur. Həmin qərarı və bu qərara müvafiq “Azmeyvətərəvəz” təsərrüfatı nazirliyinin 28 dekabr 1984-cü il tarixli, 917 nömrəİi əmrini əldə əsas tutaraq İddiaçı 0,06 ha həyətyanı topaq sahəsi verilmişdir.

3. Azərbaycan Respublikası Dövlət X17 30 dekabr 2022-ci il tarixli arxiv arayışından görünür ki, Quba rayonu Alpan kənd Sovetinin 1983-1985-ci illərə aid Alpan kəndi üzrə təsərrüfatbaşına kitabında İddiaçı təsərrüfat başçısı olub, onun şəxsi istifadəsində 1985-ci ildən 0,06 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir.

4. İddiaçı 5 fevral 1985-ci il tarixli, 6 nömrəli əmrinə əsasən verilmiş 0,06 ha topaq sahəsinin yerquruluşu xəritəsindən çıxarışlar (miqyas 1:10.000; 1:2000).

5. Quba rayonu, Alpan kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin eskiz sxemi (miqyas 1:100)

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 16 may 2023-cü il tarixli, 3-21-3-34/2-73-0125- 8/2023 nömrəli və 22 avqust 2024-cü il tarixli, 3-21-3-34/2-73-0146-8/2024 nömrəli İddiaçı göndərilmiş məktublarından görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair elektron kadastr məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına JN-292 C nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” işlənilmişdir. Lakin həmin sənəd ərizəyə əlavə edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 yə 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 23 fevral 2024-cü il tarixli, 3-21-3- 34/2-1909/2024 nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, iddiaçının və mütəxəssisin iştirakı ilə torpaq sahəsinin koordinatları faktiki olaraq GPS aləti ilə ölçülmüş, kameral şəraitdə elektron uçot xəritələrində və ortofoto materialları üzərində dəqiqləşdirilmişdir. İddiaçırın faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə mövqeyi JN- 202B, KOD 30306018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən qonşu torpaq sahələrinə əsasən yerləşmə mövqeyi uyğunluq təşkil etsə də, ölçülər fərqlidir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən araşdırıldıqda məlum olmuşdur ki, DVJ xəritəsində həmin torpaq sahəsi 292C nömrəli şəhadətnaməyə əsasən torpaq sahəsi ilə üst-üstə düşür. DBF siyahısında 292 nömrə Dadaşova Hüriyyə adına göstərilmişdir. Lakin mübahisəli torpaq sahəsi X9 Uçotu İnformasiya sistemində (TEKUİS) isə 202B nömrəsi ilə göstərilib, lakin ölçüləri fərqlənir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyalı olub, uqodiyası həyətyanıdır.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin 16 sentyabr 2024-cü il tarixli, 3-21-3-60/2-2189/2024 nömrəli məktubu ilə qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - Quba Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 8 nömrəli protokol; - Quba rayon Sabir adına Sovxozun Yerli AİK-ın 18 iyun 1997-ci il tarixli, 13 nömrəli protokolu; - Quba rayonunun Alpan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldə “İddiaçı, Ərəbzəngi Nadir, İlkin Rafiq, Gülşən Rafiq” adları qeyd edilmişdir; - JN 202B, KOD 30306018 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” (§1); - JN 292C, KOD 30306018 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə Dadaşova Hüriyyəyə 0,06 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin planı və sərhədlərin ölçüsü (miqyas 1:1000), qonşu torpaqlar, həyətyanı sahənin qaiməsi (sertifikatı) göstərilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin 13 mart 2025-ci il tarixli, 1094 nömrəli məktubu ilə 9 oktyabr 2024-cü il tarixdə vəfat etmiş şəxs X3 adına Quba regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində açılmış 8 yanvar 2025-ci il tarixli, 8V-14 saylı vərəsəlik işinə dair müvafiq sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - AZ-İİ seriyalı, 458041 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X7 9 oktyabr 2024-cü il tarixdə ölmüşdür. - “Elektron notariat” X1 vasitəsilə “X4” AQİS-dən elektron çıxarışlar. - 8 yanvar 2025-ci il tarixli, **********325 nömrəli, 8İ-325 reyestr nömrəli ərizədən görünür ki, X11 ünvan 3i ünvanda yaşamış anası X7 ölmüşdür. X18 ondan irs qalmış bütün mirası qəbul etmişdir. - 9 oktyabr 2024-cü il tarixdə ölmüş X2 irs qalmış mirasın X11 xeyrinə imtina edilməsi barədə X14, Yıldırım Aidə, X12, X19, X15, X8 ərizələri.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri:

10. İddiaçı (bundan sonra – “İddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə (JN 202B KOD 30306018 əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Alpan kəndində yerləşən 0,06 ha torpaq sahəsinə fərdi yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi işin hallarına (§1-6) istinad edilərək onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə qeyd edilən torpaq sahəsinə 23 iyul 2002-ci il tarixdə “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” (JN 202 B KOD ********) verilib və həmin şəhadətnamədə İddiaçı ilə bərabər ailə üzvlərinin də adları qeyd edilib. Torpaq sahəsində 1986-cı ildən fərdi yaşayış evi tikilib və bugünədək evdə İddiaçı öz ailə üzvləri ilə yaşayır. İddiaçı Dövlət reyestri xidmətindən əmlakına çıxarış tərtib edilməsi məqsədilə müraciət etdiyi zaman məlum olmuşdur ki, JN 202 B KOD 30306018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən cavabdeh orqana təhvil verilmiş şəhadətnamələrin kitabında qeydiyyatdan keçməmişdir. Regional idarəyə dəfələrlə müraciət edilməsinə baxmayaraq, hər dəfə vətəndaşa bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi yeni xəritədə qeydiyyata alınacaqdır. Daha sonra isə məlum olmuşdur ki, eyni koordinatlara Alpan kəndinin digər vətəndaşı Dadaşova Hüriyyənin adına səhvən JN 292 C KOD 30306018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Uzun illərdir fərdi yaşayış evində İddiaçı öz ailə üzvləri ilə yaşamasına baxmayaraq cavabdehdən bildirilmişdir ki, vətəndaş Dadaşova Hüriyyənin adına verilmiş şəhadətnamə əsasında çıxarış alınmaq şərtilə daha sonra həmin vətəndaşdan alqı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyəti öz adına rəsmiləşdirə bilər. İddiaçı uzun illərdir (təxminən 40 il) sahibi olduğu mülkiyyətinin sahibliyinə dair digər təsdiqləyici sənədləri də mövcuddur. Uzun illərdir istifadə edilmiş işıq və qaz sərfiyyatına görə ödənişləri təsdiq edən sənədlər, təyin edilmiş vergi ödəliklərinin ödənilməsinə dair sənədlər, ev telefonun aylıq abunə haqlarını sadalamaq olar. Digər tərəfdən bugünədək heç bir dəfə Dadaşova Hüriyyə torpağın ona məxsusluğuna dair iddia ilə çıxış etməmişdir. Həm də Alpan kəndinin sakinləri də yuxarıda qeyd edilən torpaq sahəsinin və orada tikilmiş fərdi yaşayış evinin İddiaçı və onu ailə üzvlərinə məxsusluğunu təsdiqləyə bilərlər.

12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 8, 15, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 28 mart 2017-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına, prosessual hüquqi əsası kimi isə İPM-in 2.2.3-cü maddələrinə istinad olunmuşdur.

13. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

14. İddiaçı nümayəndəsi və vəkili daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, X3 adına verilmiş şəhadətnamənin ləğv edilməklə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə fərdi yaşayış evi ilə birlikdə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 28 noyabr 2024-cü il tarixli protokolqərardadı ilə icraata qəbul edilmişdir.

15. Məhkəmənin 21 noyabr 2023-cü il tarixli, 2-1(118)-4021/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehə qarşı “şəhadətnamənin ləğv edilməsi, torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır.

16. Məhkəmənin 23 sentyabr 2024-cü il tarixli, 2-1(118)-817/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehə qarşı “şəhadətnamənin ləğv edilməsi, torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə X3 (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması (zəruri cəlbetmə) qərara alınmışdır.

17. Məhkəmənin 28 noyabr 2024-cü il tarixli, 2-1(118)-817/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehə qarşı “şəhadətnamənin ləğv edilməsi, torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə X5 (bundan sonra – “iddiaçı Ə.Balayeva”), Nümayəndə (bundan sonra – “iddiaçı Nümayəndə”), X16 (bundan sonra – “iddiaçı G.Balayeva”) birgə iddiaçılar qismində məhkəmə icraatına cəlb edilmişdirlər.

18. İddiaçılar Ə.Balayeva, G.Balayeva və Nümayəndə iş üzrə iddia tələbinə dair münasibətini bildirərək, mübahisə predmeti üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmasına və çıxarışın verilməsinə etiraz etməmişdirlər.

19. Məhkəmə araşdırılması nəticəsində təqdim edilmiş vərəsəlik işindən müəyyən edilmişdir ki, üçüncü şəxs 9 oktyabr 2024-cü il tarixdə ölmüşdür və onun varisi X13r.

20. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri:

21. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, imtina məktubunda göstərilmiş hallara (§6) istinad etmiş, iddianın təmin edilməməsini xahiş etmişdir.

22. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1, 13.7-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

23. Məhkəmə iclaslarında iştirak edən iddiaçı Nümayəndə iddia tələbini müdafiə etmiş, İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir.

24. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Digər iddiaçılar məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdirlər.

26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır.

27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin hüquqi varisi məhkəmə iclasında iştirak etməmişdir.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

29. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

30. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçılar G.Balayeva və Ə.Balayevanın, cavabdehin səlahiyyətli nümayəndəsinin və üçüncü şəxsin hüquqi varisinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

31. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

32. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

33. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

34. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

35. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

36. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-) Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)

37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

“Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.” “Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. (-)

“Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-)

“Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi (-) 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-) “Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)

38. TM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur: Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

“ Maddə 5 5 . Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-)

“Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

“Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)

“Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

39. MM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

“Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)

“Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar

139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)

40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”

42. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) “Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

c) Məhkəmənin mövqeyi

43. Məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.

44. Belə ki, İddiaçı tələbinin əsası kimi JN 202 B KOD 30306018 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən torpaq sahəsi ona və ailə üzvlərinə məxsus, uzun illər onların faktiki istifadəsində olduğuna, üçüncü şəxs tərəfindən bu vaxtadək mübahisələndirilən torpaq sahəsinə dair iddia edilməməsinə istinad edilmişdir.

45. Cavabdeh isə iddia tələbinə dair etiraz edərək, mübahisə predmeti olan torpaq sahəsinin 292C nömrəli şəhadətnaməyə əsasən torpaq sahəsi ilə üst-üstə düşməsini bildirir.

46. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 və 9.1.3-cü maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

47. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata dair iddiaların öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alınarsa qeyd edilməlidir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir.

48. Həmçinin, formalaşmış təcrübəyə əsasən, bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina və etirazına münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.

49. Bu baxımdan İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində təqdim edilən sənədlərin mötəbərliyinin yoxlanılması istiqamətində məhkəmə tərəfindən araşdırma aparılaraq aidiyyəti orqanlara sorğular verilmişdir.

50. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən DVJ xəritəsində JN 292C, KOD 30306018 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən torpaq sahəsi ilə üst-üstə düşür.

51. Həmçinin, "xxxx" MMC tərəfindən məhkəməyə göndərilmiş arxiv sənədləri ilə iddiaçılara məxsus JN 202B, KOD 30306018 və üçüncü şəxsin adına verilmiş JN 292C, KOD 30306018 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər aşkar olunmuşdur. Qeyd edilmiş şəhadətnamələrin tədqiqi nəticəsində həmin aktların eyni inzibati orqanın qərarı əsasında, eyni əraziyə dair verilməsi müəyyən edilmişdir.

52. Belə ki, məhkəmənin sorğularına cavab olaraq göndərilmiş sənədlər əsasında iddiaçının ləğv etmək istədiyi şəhadətnamənin və onun verilməsinə əsas olmuş aktın mötəbərliyi təsdiq edilir.

53. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərini əsas götürərək, proses iştirakçılarının hüquqlarına qanunsuz müdaxilənin qarşısının alınmasını təmin etmək üçün hazırkı iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

54. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçılar İddiaçı, X5, Nümayəndə və X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X3 adına verilmiş şəhadətnamənin ləğv edilməklə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə fərdi yaşayış evi ilə birlikdə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar