Məhkəmə qərarları › İş №2-1(118)-2790/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2790/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2790/2025 05.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (koordinatlara düzəliş edilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “xx.xx.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və onun əsasında verilmiş plan və ölçüdə olan koordinatlara düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İlkin olaraq Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və onun əsasında verilmiş plan və ölçüdə olan koordinatlara düzəlişlərin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Novxanı kəndi Şıxəli Qurbanov küçəsində yerləşən 0,08 ha torpaq sahəsi DT və XK-nın JN-1157A nömrəli şəhadətnaməsinə əsasən iddiaçı və onun X20nin mülkiyyətinə verilmişdir. X20 özünə düşən 0,04 ha torpaq sahəsini 2018-ci il tarixdə Sevinc Turovskayaya satmışdır. Torpaq sahəsi satılarkən cavabdeh orqan tərəfindən xx.xx.2018-ci il tarixdə bölgü eskizi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş eskizdən müəyyən olunur ki, bölgü eskizi iddiaçı və oğlu tərəfindən razılaşdırılmamış və imzalanmamışdır. Həmin torpaq sahəsi bölgüdən sonra cavabdeh orqanını nümayəndələri tərəfindən naturada iddiaçıya təqdim edilməmişdir. Dəfələrlə iddiaçı tərəfindən torpaq sahəsinin sənədlərinin naturada ona təqdim edilməsi tələb edilmiş, sonda naturada təqdim edilərkən müəyyən olunmuşdur ki, iddiaçının oğlu ilə Sevinc Turovskaya razılaşdırılmış hissədə koordinatlar qeyd edilməmişdir. Belə olan iki qonşu arasında narazılıqlar olmağa başlamışdır. Torpaq sahəsi 1959-cu il tarixdən valideynlərinin istifadəsində olmuş və faktiki sahəsi 0,10 ha təşkil edir. Cavabdeh orqan isə səhvən iddiaçı və oğluna 0,036 ha, Sevinc Turovskayaya isə 0,04 ha, faktiki olaraq isə 0,06 ha torpaq sahəsi ayırmışdır. Dəfələrlə cavabdeh orqana müraciət etsə də müraciəti təmin edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Nümayəndə daha sonra ərizə təqdim edərək hazırkı iş üzrə iddiaçı qismində əsl iddiaçı olan qızının əvəz edilməsini xahiş etmiş və məhkəmə tərəfindən əsl iddiaçı qismində İddiaçı tanınmışdır. Məhkəmə icraatı gedişində X5 ərizə təqdim edərək inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmiş və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin şəxs üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlbetmə qaydasında cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. 22 aprel 2024-cü il tarixdə ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilən apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-876/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-343/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 28 yanvar 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş, lakin iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Nümayəndə Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsinə dair 19 iyul 2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizi və onun əsasında verilmiş plan ölçüdə olan koordinatlara düzəlişlərin edilməsi ilə bağlı cavabdeh orqana 27 yanvar 2023-cü il tarixdə müraciət olmuşdur. Aparılan araşdırma zamanı həmin torpaq sahəsinin naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyələnləşdirmək üçün texniki baxışın keçirilməsinə şərait yaradılmadığı aşkar edilmişdir. Cavabdeh tərəfindən təqdim edilən imtinada isə qeyd edilmişdir ki, JN-1157A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" də göstərilən və xx.xx.2014-cü il tarixində reyestrdə Nümayəndə və X10 adına qeydə alınmış 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və bölgü eskizi əsasında digər şəxsin adına, 0,036 ha hissəsi isə İradə və Samir Vəlizadələrin adına qeydiyyata alınmışdır. Sonradan 0,036 ha torpaq sahəsi notarial qaydada təsdiqlənmiş bağışlanma müqaviləsi və bölgü eskizi əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Özgəninkiləşdirilməmiş yerdə qalan 0,004 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin bölgüsü haqqında Saziş"də istinad olunan və əlavə olunan bölgü eskizinə əsasən, yol (keçid) üçün saxlanılmışdır. Bölgü eskizi əlavə olunmuş Saziş müqaviləsi tərəfinizdən təsdiq edilmişdir. Üçüncü şəxs X5 iddia tələbinə etiraz təqdim etmiş və onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində tərəfindən Abşeron Rayon Məhkəməsində Vəlizadə ailəsinin üzvlərinə qarşı iddia qaldırılaraq sonuncular tərəfindən zəbt edilmiş ona məxsus torpaq sahəsinin özünə qaytarılması, İddiaçı, Nümayəndə, X18 və X10 ona və yaşlı valideynlərinə qarşı nümayiş etdirdikləri özbaşınalıqlar, qərəzli hərəkətlərə son qoyulması, onlar tərəfindən yaradılmış öz mülkiyyətlərindən sərbəst istifadəni məhdudlaşdırmağa yönəldilmiş maneələrin aradan qaldırılması, onların qanunsuz əməlləri və qərəzli hərəkətləri səbəbindən ona dəymiş maddi və mənəvi zərərin Vəlizadələr tərəfindən ödənilməsinin təmin olunması xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsində Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyi ilə onun bütün iddiaları öz təsdiqini tapdığı üçün, Vəlizadələrin bütün iddalarının isə əsassız olduğu ortaya çıxdığı üçün yekun məhkəmə qərarının təxirə salınmasına nail olmaq üçün Abşeron Rayon Məhkəməsinə vəsatət verərək Sumqayıt İnzibati Məhkəməsində icraatda olan iş üzrə yekun məhkəmə aktı çıxanadək işin dayandırılmasını xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024 tarixli e-2(012)-81/2024 nömrəli qərardadı ilə iş üzrə icraat Sumqayıt İnzibati Məhkəməsindəki iş üzrə üzrə yekun məhkəmə aktı çıxanadək dayandırılmışdır. Məhkəmə proseslərinin, mübahisənin həlli müddətinin uzanması səbəbindən mənə dəymiş maddi və mənəvi zərər həddindən artıq artmış, ədalətin bu qədər gecikməsi Vəlizadələrin özbaşınalıqlarını davam etdirməsinə rəvac vermişdir. Vəlizadə ailəsinin üzvləri tərəfindən hüquqları müntəzəm olaraq kobudcasına pozulmuş, ona həm maddi, həm mənəvi ziyan vurulmuşdur. Valideynləri planlaşdırılandan 2 ay daha uzun müddət kirayə evdə qaldıqları üçün 400 manatdan çox əlavə xərcə düşmüşlər. Həmçinin, evinin tikintisi 2023-cü ilin may ayında bitməsinə baxmayaraq ona məxsus torpaq sahəsinin Vəlizadə ailəsi tərəfindən zəbt olunması səbəbindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bugünədək evinin çıxarış sənədi ona təqdim edilməmiş, yalnız Vəlizadə ailəsi tərəfindən ona məxsus torpaq sahəsinin qaytarılaraq məhkəmə prosesinin yekunlaşmasından sonra çıxarış sənədinin təqdim edilməsinin mümkünlüyü bildirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin Sumqayıt İnzibati Məhkəməsinə təqdim etdiyi ekspert rəyindən də göründüyü kimi, Vəlizadələrin iddialarının əksinə onların faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi onun sənəd üzrə mülkiyyətindədir, həmçinin mövcud yolun bir hissəsi də onun sənəd üzrə mülkivyətindədir, qalan hissəsi isə heç bir vətəndaşın mülkiyyətində deyil. Bundan başqa, onun faktiki sahibliyində və istifadəsində olan əlavə torpaq sahəsinin də onlara heç bir aidiyvatı olmadığını onlar özləri Abşeron Rayon Məhkəməsinə təqdim etdikləri etiraz ərizələrində açıq şəkildə bəyan etmişlər. Beləliklə, öncə valideynlərini, sonra isə onu notariusda əvvəlki evinin satışını həyata keçirərkən tanıyan, öz iş şəraitindən makler fəaliyyəti üçün istifadə edən X16 2022-ci ilin sentyabr ayında yaşlı valideynlərinin və onun etibarından istifadə etmə və aldatma yolu ilə öncədən planlanmış və məqsədli şəkildə bu torpaq sahəsinin faktiki 5 sot olduğunu deyərək, sənəddə 4 sot olmasına baxmayaraq qalan 1 sotun çox asan şəkildə sənədləşdiriləcəyini bildirərək əsl dəyəri 20 min manat olan torpaq sahəsinin onlara dəyərindən xeyli baha, yəni 33 min manata satışını təşkil etmişdir. Bundan əlavə Nurlana İsmayılova məhkəmə iclasında bildirmişdir ki, o, Nümayəndə və X16 tərəfindən Sevinc Turovskayaya satılmış 0.04 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. O, həmin torpaq sahəsində tikinti işləri aparmaq istəyərkən Nümayəndə və onun həyat yoldaşı X18 hər dəfə həmin torpaq sahəsinin və gediş-gəliş yolunun onlara məxsus olmasını iddia edərək münaqişəli vəziyyət yaratmış, onun torpaq sahəsinə yeganə giriş-çıxış yolunu məhdudlaşdırmışdılar. Daha sonra o, məcburiyyət qarşısında qalaraq ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, həmçinin, mülkiyyətindən sərbəst istifadəni məhdudlaşdırmağa yönəlmiş hərəkətlərə son qoyulması barədə iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, daha öncə bölgü eskizi əsasında Nümayəndə və Vəlizadə Samirə məxsus olmuş torpaq sahəsi sənəd üzrə 0,036 ha olduğu halda, faktiki vəziyyətdə 0,0407 ha təşkil edir və həmin əlavə torpaq sahəsi ona satılmış torpaq sahəsinə aiddir. Bundan sonra ona məxsus olan və Vəlizadə ailəsi tərəfindən zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair əlavə iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ona məxsus torpaq sahəsinə gedən yola girişin bağlanması Nümayəndə və X14 qadağan edilmişdir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi əslində ona satılmış torpaq sahəsinin bir hissəsidir, iddiaçı həmin torpaq sahəsi üzərində hər hansı hüquqa malik deyildir. Nümayəndə torpaq sahəsinə dair bölgü eskizinin onlar tərəfindən razılaşdırılmadığına dair qeyd etdiklərini əsassız hesab edərək bildirir ki, 29 iyun 2018-ci il tarixdə onların iştirakı ilə notarial qaydada torpaq sahəsinin bölgüsü haqqında saziş bağlanmışdır. Məhkəmə icraatları zamanı alınmış ekspert rəylərindən göründüyü kimi iddiaçıların qeyd etdiklərinin əksinə onların faktiki istifadələrində olan torpaq shaəsinin bir hissəsi onun sənəd üzrə mülkiyyətindədir. Həmçinin, yolun bir hissəsi də onun mülkiyyətindədir, qalan hissəsi isə heç kimin mülkiyyətində deyildir. Qeyd olunan faktı iddiaçı tərəf Abşeron Rayon Məhkəməsində icraat zamanı etirazlarında bəyan etmişlər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İşdə olan JN -1157A Kod 30800118 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarı ilə Nümayəndə Mirhəşim (Oqtay) qızı və X12 0,08 ha torpaq sahəsi verilmişdir. • Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,08 ha torpaq sahəsi Nümayəndə adına qeydiyyata alınmışdır. • İş materiallarında olan daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən (xx.xx.2019-cu il) 0,036 ha torpaq sahəsi iddiaçıya Nümayəndə və X16 tərəfindən bağışlanmışdır. • RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,036 ha torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və plan-ölçü sənədi verilmişdir. • **********96 reyestr nömrəli torpaq sahəsinin bölgü eskizinə əsasən ümumi torpaq sahəsi 0,04 ha hissədə X6, 0,036 ha Nümayəndə və X12 və 0,004 ha ümumi yola aid olmaqla bölünmüşdür. • Torpaq sahəsinin bölgüsü haqqında sazişə əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən torpaq sahəsi bölgü eskizində göstərilən qaydada təsdiq edilmişdir. • AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsi X7 tərəfindən X1 və sonuncunun adına xx.xx.2022-ci il tarixli **********40 nömrəli çıxarış və plan-ölçü verilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - eyni tələblə iddiaya cavab verməli orqana müraciət edilməsinə əməl olunmalıdır. Belə ki, iddiaçı mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab vermişdir.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.-ci maddə1: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.5-ci maddə: 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin norma Mülki Məcəllənin 139-1.1.5-ci maddəsində də qeyd olunmuşdur).

“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. Məhkəmənin mövqeyi

Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron Rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarı ilə Nümayəndə və X12 0,08 ha, X8, X19, X17 və X13 isə 0,12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə dair müvafiq olaraq JN-1157A və JN-1156A Kod 30800118 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr tərtib edilmişdir. Nümayəndə ona və oğlu X10 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən **********96 nömrəli xx.xx.2014-cü il tarixli çıxarış əldə etmişdir. Mübahisəli torpaq sahəsinin 0,04 ha hissəsi X2 və **********96 reyestr nömrəli torpaq sahəsinin bölgü eskizinə əsasən həmin torpaq sahəsi 0,04 ha hissədə Sevinc Turovskayaya, 0,036 ha hissədə Nümayəndə və X12 və 0,004 ha hissədə isə ümumi yola aid olmaqla bölünmüşdür. Torpaq sahəsinin bölgüsü haqqında sazişlə Abşeron rayonu Novxanı kəndində yerləşən torpaq sahəsi bölgü eskizində göstərilən qaydada həmin şəxslərin öz imzaları ilə notarial qaydada təsdiq edilmişdir. Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən (xx.xx.2019-cu il) 0,036 ha torpaq sahəsi iddiaçıya Nümayəndə və X16 tərəfindən İddiaçı bağışlanmış və RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsinə dair sonuncunun adına çıxarış və plan-ölçü sənədi verilmişdir. Digər 0,04 ha hisədə isə torpaq sahəsi AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 tərəfindən X1 və sonuncunun adına xx.xx.2022-ci il tarixli **********40 nömrəli çıxarış və plan-ölçü verilmişdir. Göründüyü kimi, 0,08 ha torpaq sahəsi təsdiq edilmiş bölgü sxemi vasitəsilə 3 hissəyə bölünmüşdür (0,036 ha hissədə iddiaçıya, 0,04 hissədə üçüncü şəxsə, 0,004 ha hissədə ümumi yol olmaqla). İddiaçı məhkəməyə müraciət edərək bölgü eskizində ümumi yola düşdüyü göstərilən 40 kv.m. torpaq sahəsinin iddiaçı tərəfin mülkiyyətində olan torpaq sahəsi olduğunu, əslində həmin sahənin də onların mülkiyyət sənədlərində göstərilməli olduğunu bildirərək məhz həmin bölgü sxeminə əsasən reyestr orqanı tərəfindən qeydiyyatın düzgün aparılmadığını mübahisələndirir və bununla bağlı torpaq sahəsinin planı və ölçüsü sənədində döngə nöqtələrinin koordinatlarının dəqiqləşdirilərək düzəliş edilməsini xahiş edir. Məhkəməyə təqdim edilən ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçının faktiki istifadəsində 412 kv m torpaq sahəsinin olduğu, mülkiyyətinə verilmiş torpaq sahəsindən (360 kv.m) 52 kv.m kənara çıxdığı, kənara çıxılan 52 kv.m torpaq sahəsinin 37 kv.m hissəsinin üçüncü şəxs X3 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Üçüncü şəxs X3 faktiki istifadəsində 435 kv.m torpaq sahəsinin olduğu, mülkiyyətinə verilmiş torpaq sahəsindən (400 kv.m) 35 kv.m kənara çıxdığı müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, faktiki istifadə olunan 435 kv.m torpaq sahəsinin 351 kv m hissəsi onun mülkiyyətinə verilmiş torpaq sahəsidir. Yerdə qalan 49 kv.m (400-351=49) torpaq sahəsinin 12 kv.m hissəsi faktiki gediş-gəliş yolunda, 37 kv.m hissəsi isə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Yəni, ekspert rəyindən də göründüyü kimi, iddiaçının sənəd üzrə torpaq sahəsi 0,036 ha olduğu halda faktiki olaraq 0,0412 ha, üçüncü şəxsdə isə 0,04 ha olduğu halda faktiki olaraq 0,0435 ha müəyyən edilmişdir. Təqdim edilən ortofoto görüntüsündən də müəyyən edilir ki, üçüncü şəxsin sənəd üzrə torpaq sahəsinin bir hissəsi iddiaçı tərəfindən faktiki olaraq istifadə olunur, lakin iddiaçının sənəd üzrə torpaq sahəsi isə üçüncü şəxsin faktiki istifadəsində olan torpaq sahəsi ilə kəsişmir. Üçüncü şəxsin kənara çıxması iddiaçının istifadəsində olan torpağa hər hansı bir maneə yaratmır. Bundan əlavə işin hallarından da göründüyü kimi mübahisəli torpaq sahəsi iddiaçı tərəfindən 0,04 ha hissədə Sevinc Turovskayaya satıldığı zaman mövcud olmuş torpaq sahəsinə üçüncü şəxs tərəfindən satın alındıqdan sonra hər hansı bir dəyişiklik edilməmişdir. Mövcud olan bölgü eskisi və tərəflərin imzası ilə təsdiq edilmiş bölgü haqqında sazişdə də torpaq sahələrinin ölçüsü eyni göstərilmişdir. Belə ki, 0,036 ha hissədə iddiaçıya, 0,04 ha hissədə üçüncü şəxsə, 0,004 ha (40 kv.m) hissədə isə ümumi yol olmaqla torpaq sahəsinin ölçüsü müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edən fotoşəkillərdən də görünür ki, iddiaçının özünə məxsus 0,036 ha torpaq sahəsinə girişi ümumi yolun olduğu hissəyə düşmür. Lakin üçüncü şəxsin özünə məxsus 0,04 ha hissədə olan torpaq sahəsinə girişi isə ümumi istifadədə olan yola təsadüf edir. Həmin yolun iddiaçı tərəfindən ona məxsus torpaq sahəsinə aid edilməsi üçüncü şəxsin gələcəkdə öz mülkiyyətindın isifadəni imkansız vəziyyətə gətirməsinə səbəb ola bilər. Məhkəməyə təqdim edilən mütəxəssis rəyinə əlavədə qeyd olunmuşdur ki, bölgü sazişində qeyd olunan, bölgü eskizinə əsasən ümumi yol iddiaçının (mütəxəssis rəyində texniki səhv olunmuş və “cavabdehin” olaraq qeyd olunmuşdur) sənəd üzrə mülkiyyətində olmasına baxmayaraq, sonradan 40 kv.metr hissəsi yol kimi azaldılmışdır. Faktiki gedişgəliş yolunun 12 kv.m hissəsi sənəd üzrə X3 xüsusi mülkiyyətində, qalan hissəsi sənəd üzrə heç bir vətəndaşın xüsusi mülkiyyətində yerləşmir. İlkin hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsi 0.08 ha olduğu halda plan və ölçü sənədi koordinatlarına əsasən texniki səhv olaraq 0.085 ha tərtib edilmişdir. Bölgü eskizində yalnız sənəd üzrə torpaq sahəsinin azalan hissəsi (40 kv.m) göstərilmişdir. Bölgü sxemi tərtib edilərkən plan və ölçüdə qeyd olunan texniki səhv (0.005 ha) ümumi istifadədə olan yol olaraq çıxılmış və texniki səhv aradan qaldırılmışdır. Hüquqmüəyyənedıci sənədlərdən (0.08 ha torpaq sahəsindən) 40 kv m hissəsi yol olaraq çıxıldığından bölgü eskizində yalnız 40 kv m qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda ümumi istifadədə olan yol tərəflərin heç birinin mülkiyyətində olmadığı üçün ümumi istifadəyə də maneə olmamalıdır. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, bölgü eskizinin tərəflər (Nümayəndə və S.Vəlizadə və S.Turovskaya) arasında tərtib edilmiş saziş müqaviləsinin şərtlərinə görə tərtib edilməsi, başqa cür desək özgəninkiləşdirilməmiş yerdə qalan 0,004 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli torpaq sahəsinin bölgüsü haqqında sazişdə istinad olunan və əlavə olunan bölgü eskizinə əsasən, yol (keçid) üçün saxlanılması, habelə ümumi istifadədə olan yolun iddiaçının torpaq sahəsinə aid olmasının üçüncü şəxsin mülkiyyətinə maneə ola bilməsi halı əsas götürülərək iddia tələbi təmin edilməməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “xx.xx.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və onun əsasında verilmiş plan və ölçüdə olan koordinatlara düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinetin olduğu təqdirdə elektron kabinetə yerləşdirildiyi vaxtdan) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar