Məhkəmə qərarları › İş №2-1(118)-2791/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2791/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2791/2024 26.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə (Açar sözlər: subsidiyanın ödənilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 noyabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. JN 9229, KOD 30311048 Azərbaycan Respublikası “Torpaqdan müvəqqəti istifadə hüququna dair Dövlət Aktı”ndan görünür ki, Quba rayonu Ağbil bələdiyyəsinin 29 iyul 2005-ci il tarixli, 7 saylı qərarı ilə 25 il müddətinə 2 ha torpaq sahəsi meyvə bağı əkmək üçün İddiaçı verilmişdir. Həmin torpaq sahəsinin planı (miqyas 1:2000), qonşu torpaqları göstərilmişdir.

2. 29 avqust 2023-cü il tarixli Aktdan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi, Quba RİHB-nın Vladimirovka İƏD üzrə nümayəndəsi və İddiaçı iştirakları ilə akt tərtib edilərək, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə etdiyi müraciəti ilə Ağbil kəndi ərazisində vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsində GPS aləti vasitəsilə ölçü işləri aparılmış və ərazinin koordinatları müəyyənləşdirilmişdir. Vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğun elektron uçot məlumatlarında müvafiq düzəlişlərin aparılması məqsədəmüvafiq hesab edilmişdir.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin İddiaçı göndərilmiş 5 dekabr 2023-cü il tarixli, 3-22-2/2- T-8xx-xx-1368/2023 nömrəli məktubundan görünür ki, 2022-2023-cü əkin ilində EKTİS-ə daxil edilən 2 hektar torpaq sahəsindən istifadə hüququna dair sənəd barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün həmin torpaq sahəsində həyata keçirilən əkinə görə subsidiya hesablanmamışdır. Cari əkin ili üzrə əkin subsidiyasından yararlanmaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməklə istifadəsində olan 2 hektar torpaq sahəsinə dair məlumatların EKTİS-ə inteqrasiyasının təmin edilməsi və ya həmin torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədini əldə edərək qanunvericiliklə müəyyən olunmuş müddətdə EKTİS-ə daxil edilməsi tövsiyə olunmuşdur.

4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Agentliyinin İddiaçı göndərilmiş 27 dekabr 2023-cü il tarixli, 3-14-22/2-T-204-3/2 nömrəli məktubundan görünür ki, Ekologiya yə Təbii Sərvətlər Nazirliyinin X10 Agentliyi Quba rayonunun Ağbil kəndi ərazisində yerləşən 2,0 hektar bağ sahəsinin 300 kv.m hissəsində ərazinin X7 torpaqlar kateqoriyasına aid olduğunu və qurulması planlaşdırılan suvarma sisteminin su ehtiyatlarından səmərəli istifadə edilməsinə şərait yaradacağını nəzərə alaraq, sözügedən bağ sahəsində gölün (hovuzun) qazılmasına aşağıdakı şərtlər daxilində ekoloji baxımdan etiraz etmədiyini bildirmişdir: 1) ərazinin yerləşmə mövqeyi nəzərə alınaraq, qazıntı meydançasının hasarlanması və sanitar-ekoloji mühafizəsinin təmin olunması; 2) torpağın üst münbit qatının sıyrılaraq götürülməsi, ekoloji tələblərə müvafiq qaydada saxlanılması və işlər bitdikdən sonra abadlaşdırma və yaşıllaşdırma işlərində istifadə olunması; 3) hovuzdan su sızmalarının qarşısının alınması və onun tam hermetikliyinin təmin olunması üçün müvafiq izolyasiya tədbirlərinin görülməsi (xüsusi polietilen örtüklərin çəkilməsi); 4) əmələ gələn tullantıların aidiyyəti icra orqanları ilə razılaşdırılmaqla idarə olunması; 5) hovuzun fəaliyyəti üçün tələb olunan suyun Quba suvarma sistemləri idarəsi ilə bağlanmış müqavilə əsasında mövcud suvarma kanalından götürülməsi; 6) hovuzun yalnız məqsədli təyinatı (bağ sahəsinin suvarılması) üzrə istifadə olunması və onda digər təsərrüfat növlərinin, o cümlədən akvakultura fəaliyyətinin həyata keçirilməsinə yol verilməməsi.

5. Quba Rayonu İcra Hakimiyyəti başçısının Vladimirovka inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 mart 2024-cü il tarixli, 185 nömrəli arayışından görünür ki, İddiaçı Quba rayonu, Ağbil kəndində qeydiyyatdadır, həmin kənddə yaşayır və X6, X8, X13 və X9 onun ailə üzvləridir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 1 may 2024-cü il tarixli, 3-22-2/2-869/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemlərinin EKTİS-ə inteqrasiyası təmin edilməklə torpaq sahələrinə dair məlumatların yoxlanılması zamanı torpaq məlumatlarının müvafiq məlumat bazalarında aşkar edilməməsi, sənədlərdə əks olunan məlumatlarla qeyd edilən məlumat bazaları arasında uyğunsuzluqlar aşkar edildikdə fermerlərə subsidiya ödənilmir və əlavə araşdırmaların aparılmasına ehtiyac yaranır. Bununla əlaqədar fermerlərə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməklə istifadələrində olan torpaq sahələrinə dair məlumatların EKTİS-ə inteqrasiyasının təmin edilməsi və ya torpaq sahələrindən istifadə hüququnu təsdiq edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədlərini əldə edərək EKTİS-ə daxil etmələri tövsiyə olunur. 2022-2023-cü və 2023-2024-cü əkin illəri üzrə İddiaçı 2 hektar torpaq sahəsinə dair EKTİS-də qeydiyyatdan keçirilmiş “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” (JN 9229, KOD ********) sənədi barədə məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya olunan məlumat bazalarında aşkar edilmədiyi üçün həyata keçirilən əkinlərə görə ona subsidiya hesablanmamışdır. Cari əkin ili üzrə (2023-2024) İddiaçı əkin subsidiyasından yararlanması üçün 2 hektar torpaq sahəsindən istifadə hüququnu təsdiq edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədini əldə edərək qanunvericiliklə müəyyən olunmuş müddətdə EKTİS-ə daxil etməsi tövsiyə olunur.

7. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Quba X18 Mərkəzinin 21 may 2024-cü il tarixli, 3-22-3-40/2-T-11-16-7/2024 nömrəli məktubundan görünür ki, İddiaçı JN 9229, KOD 30311048 saylı icarə şəhadətnaməsi ilə 2 ha torpaq sahəsinə 2019-2020, 2020-2021, 2021-2022-ci il əkin subsidiyası dövründə payızlıq buğda əkininə görə subsidiya ödənişi olunmuşdur.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin “Mütəxəssis rəyinin verilməsi haqqında” 4 iyul 2024-cü il tarixli, 3-21-3-34/2-7157/2024 nömrəli məktubu ilə təqdim edilmiş müayinə aktında olan məlumatlardan görünür ki, İddiaçı iştirakı ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və ölçüləri naturadan götürülmüşdür. Torpaq sahəsinin müayinəsi zamanı qonşu torpaq mülkiyyətçiləri ilə heç bir mübahisəli hal qeydə alınmamışdır. Faktiki olaraq onun faktiki istifadəsində olan torpaq sahəsində meyvə ağacları əkilmişdir. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, faktiki istifadəsində 2,13 ha torpaq sahəsi vardır. JN-9229 KOD 30311048 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə xəritə materialları üzərində öz əksini tapsa da, faktiki istifadə olunan torpaq sahəsi ilə uyğunluq təşkil etmir. Belə ki, naturadakı (yerdəki) faktiki istifadə ilə xəritə materialları arasında kəskin uyğunsuzluq mövcuddur. Faktiki istifadəsində olan torpaq sahəsinin 0,92 ha hissəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən X12 kateqoriyalı olub uqodiyası əkin kimi, mülkiyyət növü isə bələdiyyə kimi, 1,21 ha hissəsi isə X3b uqodiyası əkin kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Tərəfindən istifadə olunan və iddia olunan torpaq sahəsinin 1,25 ha hissəsi baza məlumatlarında olan **********93 reyestr nömrəli çıxarışa əsasən Quba rayon Ağbil bələdiyyəsinin mülkiyyətinə məxsus 1,30 ha torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 9 oktyabr 2024-cü il tarixli, 3-21-3-34/2-11514/2024 nömrəli məktubundan görünür ki, Ərazi İdarəsinin arxiv məlumatlarında JN-9229 saylı KOD 30311048 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” aid məlumat aşkar edilmədiyindən sorğulanan məlumatların verilməsi mümkün olmamışdır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

10. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 9229 KOD 30311048 “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnaməyə əsasən Quba rayonu, Ağbil kəndində 2,0 ha X7 torpaq sahəsində buğda əkininə görə, hər il hər hektara 240 manat olmaqla, 2023 və 2024-cü illər üçün ayrılmalı olan 960 manat kənd təsərrüfatı subsidiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi işin hallarına (§1-5) istinad edilərək onunla əsaslandırılmışdır ki, 2023-cü və 2024-cü il üçün ayrılan subsidiyanı almaq üçün Quba X18 Mərkəzinə bəyannamə göndərilsə də, iki il üçün ayrılmalı olan 960 manat məbləğində subsidiyanı ala bilmir. Cavabdeh təşkilatın cavabında qeyd olunandan fərqli olaraq istifadəsində olan torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bazasında mövcuddur. Torpaq sahəsinin çıxarışının alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR publik hüquqi şəxsi 5 saylı Xaçmaz Əİ-nə ərizənin icrası ilə əlaqədar müayinə aparılmış və müvafiq sənədləşdirilmə tərtib edilmişdir. Hal-hazırda torpaq sahəsinə dair şəhadətnamə qüvvədədir. İddiaçının həmin torpaq sahəsindən istifadə etdiyi digər sənədlərlə də öz təsdiqini tapır. Belə olduğu halda cavabdehin imtinası anlaşılan deyildir. Cavabdehin hesablamalı və ödəməli olduğu subsidiya iddiaçının torpaqdan istifadəsinə görə ayrılır. Bu subsidiyanın ayrılmaması nəticəsində Dövlət tərəfindən ayrılan yardımdan yararlana bilmir.

12. İddia tələbinin maddi hüquqi əsası kimi “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 8.1.4, 33.1-ci maddələrinə istinad olunmuşdur.

13. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2023-2024-cü illər üzrə subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə 26 noyabr 2024-cü il tarixli protokol qərardadla icraata qəbul edilmişdir.

14. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

15. Məhkəmənin 8 aprel 2024-cü il tarixli, 2-1(118)-2791/2024 nömrəli qərardadı ilə Aqrar Xidmətlər Agentliyi üçüncü şəxs qismində (adi cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

16. Məhkəmənin 18 noyabr 2024-cü il tarixli, 2-1(118)-2791/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mövqeyi (hazırki tələbin onun səlahiyyətinə aid olmaması) əsaslı hesab edilərək, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinin 8 aprel 2024-cü il tarixli, 2-1(118)- 2791/2024 nömrəli qərardadı ləğv edilmişdir.

17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, o cümlədən müvafiq qurumlara mübahisə predmetinə dair sorğular göndərilmiş, mütəxəssis rəyi alınmışdır.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

18. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur.

19. Etiraz onunla əsaslandırılmışdır ki, 2022-2023-cü əkin ilində EKTİS-ə daxil edilən 2 hektar torpaq sahəsindən istifadə hüququna dair sənəd barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün, həmin torpaq sahəsində həyata keçirilən əkinə görə iddiaçıya subsidiya ödənilməsi mümkün olmamışdır.

20. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin 2019 cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8, 5.1-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

21. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

24. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

25. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

26. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X14 iddia tələbi ilə razılaşmamış, etirazın dəlillərini müdafiə edərək bildirmişdir ki, subsidiya üçün nəzərdə tutulmuş pul dövlət büdcəsindən ayrılır və hazırda bu proses elektron qaydada aparılıər. Elektron bazanı isə Aqrar Xidmətlər Agentliyi təmin edir və yeni tətbiq edilməyə başlamışdır. Vətəndaş müvafiq idarəyəyə müraciət etdikdən sonra, onlar məlumatları bazaya göndərirlər, məlumatlara elektron bazadan baxılır.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

27. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

28. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

29. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

30. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

31. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

32. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

M a d d ə 4 . Torpaq sahəsi

1. Torpaq sahəsi – dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.

3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. (-)

M a d d ə 1 0 . Torpaqların məqsədli təyinatı və hüquqi rejimi

1. Torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.

2. Torpaqların hüquqi rejimi - torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.

3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir.

4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. (-)

M a d d ə 1 2 . X7 torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri X7 torpaqlar sayılır.

2. X7 torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. (-)

M a d d ə 1 3 . X7 torpaqların məqsədli istifadəsi

1. X7 torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. X7 torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.

3. X7 torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

33. Azərbaycan Respublikası Prezidentinin 2019 cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”

1. Ümumi müddəalar 1.1. Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. subsidiya - dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) - kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (bundan sonra - EKTİS) altsistemi; (-) 1.2.9. əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiya; (-)

2. Subsidiyaların verilməsinin təşkili

(-) 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X18 mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. 2.7. Agentlik fermerin razılığı və kredit təşkilatlarına müraciəti əsasında ona veriləcək subsidiya vəsaitinin fermerin X7 kredit (lizinq) borclarının təminatı kimi rəsmiləşdirilməsi və ya həmin borcların ödənilməsinə yönəldilməsi ilə bağlı kredit təşkilatlarının fermerin formalaşan elektron bəyannaməsi və ya subsidiya vəsaiti barədə məlumatlara çıxışını təmin edir. (-)

3. Bitkiçilik sahəsi üzrə subsidiyaların verilməsi

3. Bitkiçilik sahəsi üzrə subsidiyaların verilməsi (-) 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr, habelə dincə qoyulmuş torpaqlar barədə elektron bəyannaməni (müraciəti); 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən, EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); 3.8.2-1. X7, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; 3.8.3. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; 3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; 3.8.5. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. (-)

5. Monitorinq və qiymətləndirmə

5.1. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır: 5.1.1. çarpaz - elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi; 5.1.2. yerüstü müşahidə - peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin, habelə dincə qoyulmuş torpaq sahələrinin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi; 5.1.3. yerində müşahidə - seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, dincə qoyulmuş torpaq sahələrində, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi. (-)

34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”

“Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”

“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ...”

“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ...”

35. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”

“Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”

c) Məhkəmənin mövqeyi

36. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunan hallara əsasən iddia tələbi əsaslıdır.

37. Belə ki, yuxarıda qeyd edilmiş normalarla yanaşı, “X1 X22 X2 Üzrə” X5 17 №-li Milli Mühasibat Uçotu Standartı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2007-ci il “ 29 ” dekabr tarixli i-130 nömrəli əmri ilə təsdiq edilmişdir. Qeyd olunan sənəddə subsidiyanın mahiyyətini anlamaq və tətbiq etmək üçün aşağıdakı mühüm müddəalar mövcuddur:

38. ƏSAS ANLAYİŞLAR.

7. Bu Stаndаrtda istifadə еdilmiş əsas аnlayışlar аşаğıdakı mənaları ifadə еdir: Dövlət – dövlətin özü, dövlət orqanları və analoji təşkilatlar, o cümlədən yerli, milli və beynəlxalq təşkilatlar nəzərdə tutulur. Dövlət yardımı – müəyyən meyarlara cavab verən müəssisə və ya müəssisələr grupuna aid xüsusi iqtisadi səmərənin təmin edilməsinə yönəlmiş dövlət fəaliyyətidir. Bu Standart kontekstində dövlət yardımı, inkişaf sahələrində infrastrukturun yaradılması və ya rəqiblərə ticarət məhdudiyyətlərinin qoyulması kimi ümumi ticarət şəraitinə təsir edən fəaliyyətlər vasitəsilə dolayı olaraq təmin edilən səmərələri nəzərdə tutmur. Hökumət subsidiyaları – müəssisənin əməliyyat fəaliyyəti ilə əlaqədar müəyyən şərtlərin keçmişdə və ya gələcəkdə yerinə yetirilməsinə görə müəssisəyə resursların köçürülməsi formasında olan dövlət yardımıdır. Dəyəri əsaslandırılmış surətdə qiymətləndirilə bilməyən dövlət yardımları, eləcə də müəssisənin adi ticarət əməliyyatlarının bir hissəsini təşkil edən dövlət ilə əməliyyatlar hökumət subsidiyalarına aid deyil. Aktivlərə aid olan subsidiyalar – verilməsinin əsas şərti subsidiya almaq hüququna malik olan müəssisə tərəfindən uzunmüddətli aktivlərin satın alınmasını, tikilməsinı və ya digər yolla əldə edilməsinı tələb edən hökumət subsidiyalarıdır. Bu subsidiyalar üçün aktivlərin növünü, onların yerləşməsini və ya əldə edilməsi və saxlanması müddətlərini məhdudlaşdıran əlavə şərtlər də irəli sürülə bilər. Gəlirə aid olan subsidiyalar – aktivlərə aid olmayan hökumət subsidiyalarıdır. Bağışlanan borclar – müəyyən razılaşdırılmış şərtlərin yerinə yetirilməsi şərtilə kreditor tərəfindən verilən borcların geri qaytarılması tələb olunmayan borclardır.

8. Hökumət subsidiyaları bəzən digər terminlər, məsələn, dotasiya, subvensiya və ya mükafat adları ilə də göstərilə bilər. Hökumət subsidiyaları onlara verilən bu adlarla deyil, hökumət subsidiyaları anlayışına əsasən müəyyənləşdirilməlidir. HÖKUMƏT SUBSİDİYALARİ

9. Hökumət subsidiyaları, o cümlədən ədalətli dəyəri ilə qiymətləndirilən qeyrimonetar subsidiyalar, aşağıdakılar barədə əsaslandırılmış əminlik yarandıqda tanınmalıdır: (a) müəssisənin subsidiyaların alınması ilə bağlı şərtləri yerinə yetirəcəyi; və (b) subsidiyaların alınacağı.

10. Subsidiyanın alınması, özü-özlüyündə onunla bağlı şərtlərin yerinə yetirildiyini və ya yerinə yetiriləcəyini qəti sübut etmir.

39. Göründüyü kimi, yuxarıda qeyd olunmuş müddəaların məzmunundan müəyyən olunur ki, subsidiyanın alınması özlüyündə son olaraq onu sübut etmir ki, bütün şərtlər yerinə yetirilmiş, və yaxud yerinə yetiriləcəkdir. Burada əsas məsələ ağlabatan inamın olmasıdır ki, yalnız bu halda dövlət tərəfindən təqdim edilmiş şərti-geriqaytarılmayan borc olan dövlət subsidiyası verilir.

40. Bu səbəbdən məhkəmə tələb üzrə öz araşdırmasını “ağlabatan inam” çərçivəsində aparmışdır.

41. Bu baxımdan iş materialında olan sənədlərə əsasən aydın olur ki, iddiaçı cavabdeh orqana əkin subsidiyasının alınması ilə əlaqədar müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin icrasından imtina edilmişdir. Cavabdehin imtinasının, eyni zamanda, məhkəməyə təqdim edilmiş etirazının dəlili ondan ibarətdir ki, torpaq sahəsindən istifadə hüququna dair sənəd barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənməmişdir.

42. Cavabdehin imtina məktubunda və məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş məktubundan qeyd edildiyi kimi, iddiaçıya 2023-2024 əkin ili üzrə onun əkin subsidiyasından yararlanması üçün 2 hektar torpaq sahəsindən istifadə hüququnu təsdiq edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədini əldə edərək qanunvericiliklə müəyyən olunmuş müddətdə EKTİS-ə daxil etməsi tövsiyə olunmuşdur.

43. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Quba rayonu Ağbil bələdiyyəsinin 29 iyul 2005-ci il tarixli, 07 saylı qərarı ilə 25 il müddətinə 2 ha torpaq sahəsi meyvə bağı əkmək üçün iddiaçıya verilmişdir. Həmin torpaq sahəsində GPS aləti vasitəsilə ölçü işləri aparılmış və ərazinin koordinatları müəyyənləşdirilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğun elektron uçot məlumatlarında müvafiq düzəlişlərin aparılması məqsədəmüvafiq hesab edilmişdir.

44. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş torpaq sahəsinin müayinə aktından müəyyən edilir ki, torpaq sahəsinin müayinəsi zamanı qonşu torpaq mülkiyyətçiləri ilə heç bir mübahisəli hal qeydə alınmamışdır. Faktiki olaraq iddiaçının faktiki istifadəsində olan torpaq sahəsində meyvə ağacları əkilmişdir, faktiki istifadəsində 2,13 ha torpaq sahəsi vardır. JN-9229 KOD 30311048 nömrəli şəhadətnamə xəritə materialları üzərində öz əksini tapsa da, faktiki istifadə olunan torpaq sahəsi ilə uyğunluq təşkil etmir. Belə ki, naturadaki (yerdəki) faktiki istifadə ilə xəritə materialları arasında kəskin uyğunsuzluq mövcuddur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0,92 ha hissəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən X12 kateqoriyalı olub uqodiyası əkin kimi, mülkiyyət növü isə bələdiyyə kimi, 1,21 ha hissəsi isə X3b uqodiyası əkin kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. İstifadə olunan və iddia olunan torpaq sahəsinin 1,25 ha hissəsi baza məlumatlarında olan **********93 reyestr nömrəli çıxarışa əsasən Quba rayon Ağbil bələdiyyəsinin mülkiyyətinə məxsus 1,30 ha torpaq sahəsi ilə üst-üstə düşür.

45. Beləliklə, işin mübahisəsiz hallarına görə JN 9229, KOD 30311048 saylı icarə şəhadətnaməsi ilə iddiaçıya ayrılan 2 ha torpaq sahəsi hazırda da onun faktiki olaraq da istifadəsində olmaqla, qonşu torpaq mülkiyyətçiləri ilə heç bir mübahisəli hal qeydə alınmamışdır, həmçinin torpaq sahəsinin koordinatları da müəyyəndir.

46. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının JN 9229, KOD 30311048 saylı icarə şəhadətnaməsi ilə 2 ha torpaq sahəsinə 2019-2020, 2020-2021, 2021-2022-ci il əkin subsidiyası dövründə payızlıq buğda əkininə görə subsidiya ödənişləri olunmuşdur.

47. Məhkəmə qeyd edir ki, davam edən münasibətlər çərçivəsində 2019-2020, 2020-2021, 2021-2022-ci il əkin subsidiyaları alan zaman, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədi iddiaçıdan tələb olunmadığından, onun tərəfindən 2023-2024-cü illər üzrə subsidiyanın alınması üçün belə bir şərtin olacağının əvvəlcədən bilməli olmasını düşünmək ədalət prinsipi ilə uyğun gəlmir.

48. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 22 dekabr 2023-cü il tarixli, 2-1(102)-2925/2023 saylı qərarında qeyd olunur ki, “... Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. 53. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. 54. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. 55. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. 56. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. 57. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir.

58. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya hesab edir ki, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış ediləcəyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar. ...”

49. Yuxarıda sadalanan halları məhkəmə ümumilikdə qiymətləndirərək hesab edir ki, hazırki mübahisə üzrə iddiaçıya münasibətdə ağlabatan inam mövcud olduğundan, iddia tələbi təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

50. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 2023-2024-cü illər üzrə subsidiyanın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar