Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2794/2023 27.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “iddiaçının azyaşlı uşaqları xx.xx.2016-cı il doğum tarixli X6 və xx.xx.2017-ci il doğum tarixli X4 təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyalarının Qanunun 18.3-cü maddəsinin tələblərinə uyğun (vəfat etmiş və əlilliyə görə əmək pensiyaçısı olmuş X5 aldığı 258 manat pensiya məbləğinin 2-yə bölünərək uşaqlarına təyin olunmuş pensiyaların hər birinə 129 manat əlavə edilməklə) etdiyi müraciət əsasında xx.xx.2022-ci il tarixdən yeni məbləğlərdə təyin edilməsi, habelə yeni pensiya məbləğlərinə uyğun ödənilməmiş məbləğlərin (2023-cü ildə pensiya artımları (indeksləşmə) nəzərə alınmaqla) uşaqlarına pensiya təyin edilməsi və ödənilməsinin təmin edilməsinin cavabdehlərin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X11 (03 may 1991-ci ildə anadan olmuş) 30 oktyabr 2022-ci ildə avtomobil qəzasında 31 yaşında vəfat etmişdir. O, “Azərtexnolayn MMC-də” qaynaqçı işləyirdi. Onun pensiya kapitalı 27658,43 manat təşkil edir. Eyni zamanda uşaqlıqdan əlilliyi vardı və 3-cü qrup əlil kimi əmək pensiyaçısı idi. Hər ay 258 manat əmək pensiyası alırdı. X11 ilə birgə nikahdan iki azyaşlı oğlan uşaqları vardır-xx.xx.2016-cı il doğum tarixli X12 və xx.xx.2017-ci il doğum tarixli X7. Həyat yoldaşının ölümündən sonra müraciəti əsasında uşaqlarına xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Lakin, uşaqlara pensiya düzgün təyin edilməmiş və düzgün ödənilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********1 saylı məktubundan uşaqların ikisinə birlikdə cəmi 600.84 manat pensiya təyin edildiyi anlaşılır. Bu məbləğ yalnız həyat yoldaşı Rzalı Toğrulun topladığı və pensiyasının hesablanılmasında istifadə edilməmiş pensiya kapitalına görə hesablanan məbləğə bərabərdir. Pensiyanı hesablayan cavabdeh tərəfindən mərhumun əmək pensiyaçısı olması nəzərə alınmamış və onun əmək pensiyasını təşkil edən 258 manat məbləğ bu günədək uşaqlara ödənilmir. Lakin, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə əsasən “Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır”. Göründüyü kimi, Qanun ailə başçısının itirilməsinə görə əmək pensiyasının vəfat edən ailə baçısının sosial vəziyyətindən (əmək pensiyaçısı olub-olmamasından) asılı olaraq hesablanması qaydasını tələb edir. Qanununun 18.3-cü maddəsi isə, birbaşa vəfat etmiş ailə başçısının yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olduğu halda onun əmək qabiliyyətli olmayan ailə üzvlərinə pensiya təyin edilməsi qaydasını müəyyən edir. Əgər vəfat etmiş şəxs əlilliyə görə əmək pensiyaçısıdırsa, Qanun birmənalı olaraq, ilk növbədə onun aldığı pensiyanın sığorta hissəsinin məbləğinin uşaqların sayına bölünərək hər birinə təyin edilməsini nəzərdə tutur. Bundan sonra isə, vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı vardırsa, həmin kapitalın da, Qanunda nəzərdə tutulmuş qaydada hesablanaraq uşaqlara yekun pensiya məbləği təyin edilməsində nəzərə alınmasını tələb edir. Anlaşıldığı kimi, vəfat etmiş ailə başçısı əmək pensiyaçısı olmuşdursa, hər iki amilin ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı istifadə olunması məcburidir. Tək pensiya kapitalı hesabına isə, yalnız vəfat edən ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmadıqda həyata keçirilməsini nəzərdə tutur. Toğrul əlilliyə görə əmək pensiyaçısı olmuşdur və aldığı 258 manat Qanuna əsasən onun pensiyasının sığorta hissəsinin məbləğidir, eyni zamanda, onun əlavə olaraq işləməklə topladığı 27658,43 manat pensiya kapitalı o vəfat etdiyi tarixə onun əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamışdır. Beləliklə, əmək pensiyaçısı olduğu üçün Toğrulun uşaqlarına pensiya Qanunun yuxarıda qeyd edilən 18.3-cü maddəsinə uyğun olaraq aldığı pensiya məbləği və topladığı pensiya kapitalı hesabına təyin edilməlidir: 258 manat pensiya məbləği uşaqların sayına bölünməklə, habelə Toğrul əlilliyə görə əmək pensiyaçısı olduğu üçün onun topladığı və istifadə olunmamış 27658,43 manat pensiya kapitalı Qanunun 13.2-ci və 13.3-cü maddələrinə uyğun hesablanaraq azyaşlı uşaqlarının sayına nisbətdə düşən məbləğ nəzərə alınmaqla, hər bir uşağa ayrılıqda yekun pensiya məbləği müəyyən edilməlidir. Lakin uşaqlara pensiya Qanunun 18.3-cü maddəsinə uyğun təyin edilməmiş və uşaqların Qanunla müəyyən edilmiş məbləğdə pensiya almaq hüquqları pozulmuşdur. Belə ki, vəfat edənin 27658,43 manat pensiya kapitalını Qanunun 13.3-cü maddəsi ilə müəyyən edilmiş düstura uyğun SH = PSK/(TxK) hesablasaq, onda Toğrulun 31 yaşı olduğu üçün 15 yaşından sonra onun sığorta davamiyyəti əmsalı К (31-15=16 16x4=64 64/200=0,32) bərabərdir 0,32, T =144, TxK= 144x0,32= 46,08, PSK =27658,43/46,08=600,22, SH=600,22 Göründüyü kimi Toğrulun aldığı əmək pensiyasının məbləği 258 manat uşaqlara təyin olunan pensiya məbləğinə əlavə olunmamışdır. Buna görə də uşaqlarına pensiya təyin edilməsi ilə bağlı müraciəti əsasında qanuna uyğun düzgün pensiya məbləği müəyyən edilməli və qeyd olunan 258 manat ikiyə bölünərək hər bir uşağın pensiyasına 129 manat əlavə edilməlidir. Əmək pensiyaları haqqında Qanunun 30.1-ci maddəsinə və həmin Qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006 cı il tarixli 377 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən Əmək pensiyasını təyin edən səlahiyyətli orqan olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnamənin 3.1.13-cü bəndinə əsasən məcburi dövlət sosial sığortası vəsaiti hesabına əmək pensiyalarının ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən təmin edilir. Əmək pensiyaları haqqında Qanunun 30.2-ci maddəsinə əsasən Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Mən uşaqlara sözügedən pensiyaların düzgün hesablanmadığını və onların hüquqlarının pozulduğunu yeni müəyyən edə bilmişəm və buna görə də məhkəməyə indi müraciət edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X8 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzindən daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olarag müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu ganunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı oldugda (bu ganunun güvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmağla) təyin olunur. Sözügedən Qanunun 1,0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 14-cü maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixindən mərhum əri X5 ölümü ilə əlaqədar 600.84 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təyin edilən zaman Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən mərhum T.Rzalının fərdi hesabının sığorta hissəsində xx.xx.2011-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qeydə alınmış 27686,72 manat (2022-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı nəzərə alınmışdır. Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Qanunun 13.3-cü maddəsinə görə əlilliyə görə (Qanunun 18.2-ci maddəsinə əsasən analoji olaraq ailə başçısının itirməyə görə) əmək pensiyasının sığorta hissəsinin məbləği SH = PSK/(TxK) düsturu ilə müəyyən edilir (27686,72 /144x0.32=600,84 manat). burada: SH - əlilliyə (analoji olaraq ailə başçısını itirməyə) görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (27686,72) T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144); К - sığorta davamiyyəti əmsalıdır (0.32), pensiya təyin olunan dövrdə qüvvədə olan Qanunun 13.2-ci və 18.2-ci maddələrinə uyğun olaraq ailə başçısını itirməyə görə sığorta davamiyyəti əmsalı ailə başçısını itirməyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Ailə başçısının itirməyə görə əmək pensiyası təyin edilməsi üçün Qanunun 12.1 və 17.1-ci maddələrinə uyğun olaraq vəfat etmiş ailə başçısının 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün mərhum ərinin tələb olunan sığorta stajı 5 il 4 ay il təşkil edir. ((31-15)x4=64 ay=5 il 4 ay) K=64 ay:200=0.32 Eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının məbləği (2 nəfər ailə üzvünə) indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 689,16 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyi. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilmir. Belə ki, iddiaçı azyaşlı uşaqları xx.xx.2016-cı il doğum tarixli X6 və xx.xx.2017-ci il doğum tarixli X4 təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyalarının Qanunun 18.3-cü maddəsinin tələblərinə uyğun (vəfat etmiş və əlilliyə görə əmək pensiyaçısı olmuş X5 aldığı 258 manat pensiya məbləğinin 2-yə bölünərək uşaqlarına təyin olunmuş pensiyaların hər birinə 129 manat əlavə edilməklə) etdiyi müraciət əsasında xx.xx.2022-ci il tarixdən yeni məbləğlərdə təyin edilməsi, habelə yeni pensiya məbləğlərinə uyğun ödənilməmiş məbləğlərin (2023-cü ildə pensiya artımları (indeksləşmə) nəzərə alınmaqla) uşaqlarına ödənilməsini istəyir. Əmək pensiyaları haqqında Qanuna əsasən: 14.1.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış övladları ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3- 1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. 18.3. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. İddiaçı “Əmək Pensiyaları haqqında” Qanunun 18.3-cü maddəsinə istinadən iddiasının təmin edilməsini istəyir. İddiaçı hesab edir ki, vəfat etmiş və əlilliyə görə əmək pensiyaçısı olmuş X5 aldığı 258 manat pensiya məbləğinin 2-yə bölünərək uşaqlarına təyin olunmuş pensiyaların hər birinə 129 manat əlavə edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı qanunun müvafiq normasını düzgün təfsir etmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş xidməti məktubda, eyni zamanda cavabdeh orqanın etirazında məsələyə kifayət qədər aydınlıq gətirilmişdir. Qeyd edilir ki, iddiaçıya pensiya təyin edilən zaman Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən mərhum T.Rzalının fərdi hesabının sığorta hissəsində xx.xx.2011-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qeydə alınmış 27686,72 manat (2022-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı nəzərə alınmışdır. Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Qanunun 13.3-cü maddəsinə görə əlilliyə görə (Qanunun 18.2-ci maddəsinə əsasən analoji olaraq ailə başçısının itirməyə görə) əmək pensiyasının sığorta hissəsinin məbləği SH = PSK/(TxK) düsturu ilə müəyyən edilir (27686,72 /144x0.32=600,84 manat). burada: SH - əlilliyə (analoji olaraq ailə başçısını itirməyə) görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (27686,72) T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144); К - sığorta davamiyyəti əmsalıdır (0.32), pensiya təyin olunan dövrdə qüvvədə olan Qanunun 13.2-ci və 18.2-ci maddələrinə uyğun olaraq ailə başçısını itirməyə görə sığorta davamiyyəti əmsalı ailə başçısını itirməyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Ailə başçısının itirməyə görə əmək pensiyası təyin edilməsi üçün Qanunun 12.1 və 17.1-ci maddələrinə uyğun olaraq vəfat etmiş ailə başçısının 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün mərhum ərinin tələb olunan sığorta stajı 5 il 4 ay il təşkil edir. ((31-15)x4=64 ay=5 il 4 ay) K=64 ay:200=0.32 Eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının məbləği (2 nəfər ailə üzvünə) indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 689,16 manat müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh orqan tərəfindən X5 fərdi hesabının sığorta hissəsində xx.xx.2011-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qeydə alınmış 27686,72 manat (2022-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı nəzərə alınmış, Qanunun 18.2-ci, 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı əmək pensiyasının məbləği (2 nəfər ailə üzvünə) indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 689,16 manat müəyyən edilmişdir. Belə ki, xx.xx.2011-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qeydə alınmış 27686,72 manat pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunarkən nəzərə alındığına görə iddiaçının tələbi əsaslı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2794/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2794/2023
27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver