Məhkəmə qərarları › İş №2-1(118)-2795/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2795/2025

06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2795/2025 06.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Şabran rayon Ağalıq bələdiyyəsinə qarşı “qərarın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair inzibati işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 4 dekabr 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şabran rayonu, Ağalıq kəndində yerləşən **********52 reyestr nömrəli 0,12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 4 dekabr 2019-cu il tarixli, A seriyalı, 449294 nömrəli İddiaçı adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, **********52 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə 0,12 ha, faktiki sahəsi isə 0,1827 ha təşkil edir.

3. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 5 dekabr 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şabran rayonu, Ağalıq kəndində yerləşən **********43 reyestr nömrəli 0,12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 5 dekabr 2019-cu il tarixli, A seriyalı, 449038 nömrəli İddiaçı adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, **********43 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə 0,12 ha, faktiki sahəsi isə 0,1878 ha təşkil edir.

5. 31 mart 2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı Şabran rayonu Ağalıq bələdiyyəsi Şabran rayonu, Ağalıq kəndində yerləşən 0,0879 ha torpaq sahəsini alıcı X1 mülkiyyətinə vermişdir.

6. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 21 aprel 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şabran rayonu, Ağalıq kəndində yerləşən **********58 reyestr nömrəli 0,0879 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 14 aprel 2021-ci il tarixli, AA seriyalı, 612758 nömrəli X1 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, **********58 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə və faktiki 0,0879 ha təşkil edir.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şabran Rayon Notariat Ofisinin 2 oktyabr 2025-ci il tarixli, 649 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - 31 mart 2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” (§5); - Azərbaycan Respublikası Şabran rayonu Ağalıq bələdiyyəsinin 29 mart 2021-ci il tarixli, 07 saylı iclas protokolunun 29 mart 2021-ci il tarixli, 02 nömrəli qərarından görünür ki, Ağalıq kəndində yaşayan X1 25 iyun 2020-ci il tarixli ərizəsi, son 5 ildə bələdiyyənin ərazisində qeydiyyatda olması əsas götürülərək 0,0879 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi məqsədilə 5 il müddətinə özgəninkiləşdirilməməsi şərti ilə onun xüsusi mülkiyyətinə verilmişdir. - torpaq sahəsinin ayrılmasına dair digər hüquq müəyyənedici sənədlər.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:

9. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Şabran rayon Ağalıq bələdiyyəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin torpaq sahəsinin ayrılmasına dair 15 mart 2021-ci il tarixli, 04 saylı qərarının, bu qərar əsasında həmin torpaq sahəsinin alqı-satqısına dair Şabran rayon notariat ofisində bağlanmış 31 mart 2021-ci il tarixli, 4Ə-214 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və dəymiş zərəri əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 10.000 manat pulun tutularaq xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi işin hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı təxminən 2023-cü ilin əvvəllərində torpaq sahəsinə baş çəkərkən orada ağaclarının kəsildiyini və mişar daşından hasar çəkilməsini görmüşdür. Bundan sonra bunu kimin etdiyini araşdırmış və məlum olmuşdur ki, bu işləri görən İsmayılov Səxavət adında şəxsdir. O bildirmişdir ki, bu torpaq sahəsini Ağalıq bələdiyyəsindən satın almışdır. İddiaçı X2 qarşı həmin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və torpaq sahəsinin boşaldılması barədə aidiyyəti üzrə Şabran Rayon Məhkəməsində iddia qaldırmışdır. İş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və mütəxəssisin rəyinə görə mülkiyyətində olan torpaq sahəsinin nə S.İsmayılov, nə də başqası tərəfindən zəbt edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə gedişatında o da müəyyən edilmişdir ki, mülkiyyətində olmasa da, lakin illərdir faktiki istifadəsində olan (satılan həmin torpaq sahəsi iddiaçıya məxsus olan plan-ölçü sənədində göstərilmişdir) mübahisəli torpaq sahəsi cavabdehin 15 mart 2021-ci il tarixli, “04” saylı qərarı ilə Ağalıq kəndində qeydiyyatda olan X3 ayrılmış və bu qərar əsasında həmin torpaq sahəsinin alqı-satqısına dair Şabran rayon notariat ofisində 31 mart 2021-ci il tarixli, 4Ə-214 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra bələdiyyə qərarının ləğvi məsələsi ortaya çıxmışdır. Bu səbəblə də sözügedən bələdiyyə qərarının ləğvi ilə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia tələbini qanuni və əsaslı hesab edir, çünki əgər bələdiyyə həmin mübahisəli torpaq sahəsini həqiqətən da satmaq niyyətində idisə, onda birinci iddiaçıya təklif etməli, iddiaçı almaqdan imtina etdiyi təqdirdə onda başqasına sata bilərdi, çünki torpaq sahəsi faktiki onun istifadəsində olduğundan satın-almaqda üstünlük hüququna malik idi, lakin bələdiyyə bunu etməmiş və ümumiyyətlə bu alqı-satqıdan məlumatı olmamışdır, yalnız məhkəmədə məlumatlı olmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi məhkəmə qaydasında təmin edilməli və cavabdehin torpaq sahəsinin ayrılmasına dair 15 mart 2021-ci il tarixli, 04 saylı qərarı ləğv edilməli, bu qərar əsasında həmin torpaq sahəsinin alqı-satqısına dair Şabran rayon notariat ofisində bağlanmış 31 mart 2021-ci il tarixli, 4Ə-214 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

12. İddiaçı tərəf daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, mübahisələndirilən qərardan Şabran Rayon Məhkəməsində işə baxılan zaman məlumat əldə etdiyi üçün iddia müddətinin ötürdüyünü bildirmiş, iddia müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilməsini və bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmənin 25 avqust 2025-ci il tarixli, 2-1(118)-2795/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qərarın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iş üzrə X4 (bundan sonra - “üçüncü şəxs”) üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.

14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işi hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun mümkün hesab edilməsini xahiş etmiş, həmçinin izahatında mübahisə predmeti olan qərarı barədə məlumatı Şabran Rayon Məhkəməsində olan iş üzrə icraat zamanı əldə etdiyini bildirmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi izahat verərək, iddia tələbinin mümkün hesab edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

19. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

20. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

21. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

22. Qanunvericiliyin tələblərinə əsasən, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaraq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

24. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

25. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

26. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

27. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

28. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

29. Belə ki, hazırkı iddia tələbi dörd hissədən ibarətdir: - cavabdehin torpaq sahəsinin ayrılmasına dair 15 mart 2021-ci il tarixli, 04 saylı qərarının etibarsız hesab edilməsi; - torpaq sahəsinin alqı-satqısına dair Şabran rayon notariat ofisində bağlanmış 31 mart 2021-ci il tarixli, 4Ə-214 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; - torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi; - dəymiş zərəri əvəzi olaraq 10.000 manat pulun tutularaq ödənilməsi.

30. Nəzərə alınmalıdır ki, qanunvericinin hüquqların pozulması haqqında şərti tanınma haqqında iddiaya münasibətdə ayrılıqda ifadə etməməsi müxtəlif cür əsaslandırıla bilər. Belə ki, iddiaçının hüquqlarının və vəzifələrinin hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olması elə iddiaçının hüququnun pozulması ilə birbaşa qarşılıqlı əlaqədədir. Yəni iddiaçının əsaslı marağının olması tanınma iddiasının mümkünlüyü üçün kifayət edir. Subyektiv hüququn pozulması haqqında şərt də elə bununla ehtiva olunur.

31. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia məqsədinə görə mübahisələndirmə haqqında iddia ilə yaxındır. Amma inzibati aktın etibarsızlığının tanınması haqqında iddiaya mübahisələndirmə haqqında iddia ilə bağlı qaydaların birbaşa analoji tətbiqi mümkünsüz olduğu üçün, bu iddia növü xüsusi tənzimləmə tələb edir. Etibarsız inzibati aktın yararsız, əhəmiyyətsiz olduğuna (heç bir hüquqi nəticə yaratmadığına) görə, yəni iddia predmeti mövcud olmadığına görə mübahisələndirmə haqqında iddianın qaldırılması istisna olunur.

32. Etibarsız inzibati aktın həmçinin artıq mübahisə predmeti ola bilmədiyinə görə mübahisələndirmə haqqında iddia ilə mübashisələndirilə bilməz. Buna görə də qüvvədən düşmüş elan edilmiş akta qarşı da, yalnız tanınma haqqında iddia qaldırıla bilər (İPM-in 72-ci maddəsi).

33. Tanınma haqqında iddianın subsidiar qaydada tətbiq olunması (İPM-in 36.4-cü maddəsi). Hər bir hüquqi mübahisə sonunda ən azından həm də hər hansı bir hüquq münasibətinin mövcud olması və ya olmamasının müəyyənləşdirilməsinə yönəlir. Bu səbəbdən tanınma haqqında iddia subsidiar xarakter daşıyır. Tanınma haqqında iddianın digər iddia növlərinə münasibətdə subsidiar elan olunmasında qanunvericinin məqsədi, hüquqi müdafiənin intensivliyi baxımından iddiaçıya onun hüquqi mübahisəsini dolayı deyil, məhz birdəfəlik həll edən hüquqi müdafiə vasitəsindən istifadə imkanının yaradılmasından ibarətdir.

34. Bu səbəblərdən tanınma haqqında iddia ancaq o zaman qaldırıla bilər ki, digər iddia növlərindən istifadə mümkünsüz olsun. Digər iddia növləri dedikdə, mübahisələndirmə, məcburetmə, öhdəliyin icrası haqqında iddia növləri başa düşülür.

35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsi ilə inzibati aktların etibarsız hesab edilməsi halları müəyyən edilmişdir: - hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; - müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; - qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; - maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; - faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; - kimə ünvanlandığı aydın olmayan inzibati akt.

36. Qeyd edilən maddənin tələblərini nəzərə alaraq, məhkəmə müəyyən edir ki, hazırkı işdə iddia tələbinin ilk hissəsi “qərarın etibarsız hesab edilməsi” olaraq göstərilsə də, etibarsız hesab edilməsi üçün heç bir hal müəyyən edilməmiş və iddiaçı tərəfindən əsaslandırılmamışdır. Bundan əlavə, iddiaçının təqdim etdiyi iddia ərizəsinin məzmunundan və verdiyi izahatından da müəyyən edilir ki, iddiaçı torpaq sahəsinin ayrılmasına dair qərarın ləğvini iddia edir. Bu səbəbdən hazırkı iddia tələbi İPM-in 2.2.5-ci maddəsində nəzərdə tutulan müəyyənetmə və tanınma haqqında iddia deyil, mübahisələndirmə növündə olan iddiadır.

37. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də mövcud olmalıdır. Bunlar: - İPM-in 35-ci maddəsinə əsasən, iddia qaldırmaq səlahiyyəti; - İPM-in 38.1-ci maddəsinə əsasən, iddia qaldırmaq müddətinə riayət edilməsi.

38. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

39. Beləliklə, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü elementlərindən biridir.

40. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

41. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.

42. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

43. Belə ki, iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.”

44. Belə ki, iddiaçı tərəfin verdiyi izahatına görə o, mübahisə predmeti olan qərar barədə hazırkı işlə əlaqəli olan Şabran Rayon Məhkəməsindəki olan iş üzrə icraat gedişatında məlumatlı olmuşdur.

45. Məhkəmənin elektron sistemində mövcud olan iddiaçının digər məhkəmə işləri barədə məlumatdan müəyyən edilmişdir ki, istinad edilən Şabran Rayon Məhkəməsində icraatda olan iş 8 aprel 2021-ci il tarixdə məhkəmə daxil olmuş, 2023-cü il tarixdə isə yekunlaşmışdır.

46. Bununla da müəyyən edilir ki, iddiaçı mübahisələndirilən qərar barədə ən geci 2023-cü ildən məlumatlı olmuş, lakin hazırkı iddia tələbi ilə məhkəməyə 15 oktyabr 2024cü il tarixdə müraciət etmişdir. Bununla da qanunvericiliklə qərarın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 gün müddəti ötmüş, müddətin ötürülməsinin üzrlü səbəbini əsaslandıra bilməmişdir.

47. Bundan əlavə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarında qeyd edilmişdir ki, “aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.

48. Həmçinin, iddiaçının “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” iddia tələbi inzibati icraat qaydasında deyil, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır.

49. Eyni zamanda, iddiaçı dəymiş zərəri əvəzi olaraq 10.000 manat pulun tutularaq ödənilməsini tələb etsə də, qeyd edilən zərərin əsası, onu təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən, ümumiyyətlə digər iddia növünə aid olduğundan, həmçinin iddia tələbinin digər hissələrdə mümkün sayılmadığından məhkəmə hesab edir ki, iddia “dəymiş zərərin ödənilməsi” hissəsində də mümkün hesab edilməməlidir.

50. Məhkəmə aparılmış qiymətləndirmənin nəticəsi olaraq, hesab edir ki, iddia ərizəsi yuxarıda göstərilənlərə əsasən mümkün sayılmamalıdır.

51. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

NƏTİCƏVİ HİSSƏ

52. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar