Məhkəmə qərarları › İş №2-1(118)-2797/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2797/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2797/2022 31.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi ilə, İddiaçı (Azərbaycan Dövlət Pedaqoji Universitetində baş müəllim işləyən, ünvan 1 ünvanında yaşayan) Üçüncü şəxs X1 (işləməyən, Xaçmaz rayonu, Xanlıqoba kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdeh Xaçmaz rayonu, Xanlıqoba kəndi ərazisində yerləşən ona məxsus 0,77 ha torpaq sahəsinin JN-0005 nömrəli “Torpağa mülkiyyət hüququna dair“ Dövlət aktında qeyd olunan 4,52 ha torpaq sahəsində payı olan mülkiyyətçilərin pay torpağından sağ və ya sol kənar olmaqla bir qıraqdan ayrılıb 0,77 ha pay torpağı üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Xaçmaz rayonu, Xanlıqoba kəndi ərazisində yerləşən ona məxsus 0,77 ha torpaq sahəsinin JN-0005 nömrəli “Torpağa mülkiyyət hüququna dair“ Dövlət aktında qeyd olunan 4,52 ha torpaq sahəsində payı olan mülkiyyətçilərin pay torpağından sağ və ya sol kənar olmaqla bir qıraqdan ayrılıb 0,77 ha pay torpağı üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1982-ci ildə Xaçmaz rayonu Xanlıqoba kəndindində anadan olmuşdur. 1999-cu ildə torpaq islahatı zamanı ona Xanlıqoba kəndi ərazisində 0.77 ha pay torpağı verilmişdir. Həmin 0,77 ha pay torpağı ailə üzvləri ilə birlikdə ümumi sahəsi 4,52 ha təşkil edən sahədə yerləşir. Bu torpaq sahəsində 2006-ci ilə qədər, universitetdə təhsil aldığı illərdə atası ilə bərabər çalışmış, müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirmişlər. 2006-cı ildə ailə həyatı qurmuş, Azərbaycan Dövlət Pedaqoji Universitetində elmi işçi, sonralar müəllim vəzifəsində çalışmış, Abşeron rayonu Ceyranbatan qəsəbəsində yaşamışdır. 2006-cı ildən sonra ona verilmiş 0,77 ha pay torpağından ailə üzvləri, yəni atası, bacısı və qardaşı tərəfindən istifadə hüququndan məhrum edilmişdir. X6 və onun həyat yoldaşı X4 də pay torpağından istifadə etməyə imkan vermir, atası X2 da ona qarşı aqressiv davranmağa, pay torpağına yaxın gedəcəyi təqdirdə onu ov tüfəngi ilə öldürməyə təhrik edirlər. İddiaçı xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonu, Xanlıqoba kəndində yerləşən JN-0005 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nda qeyd olunan 4.52 ha torpaq sahəsindən ona aid 0,77 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarə xx.xx.2022-ci il tarixdə ona imtina cavabı vermişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cəfər Məmmədov iddianı qəbul etmədi və bildirdi ki, iddiaçının pay torpağına heç kimin iddiası yoxdur. Onun müraciəti ilə bağlı cavabdeh idarədə iddiaçı ilə birlikdə olmuşdur. müəyyən sənədlərin təqdim edilməsi tələb olunmuşdur, o həmin sənədləri hazırlamışdır. Lakin sonradan iddiaçı ilə aralarında nbarazılıq yarandığından idarəyə birlikdə getməmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı müraciətinə zəruri sənədlər tam əlavə olunmamışdır. Belə ki, ərizənizə əlavə olunmuş JN-0005 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktında qeyd olunan 4.52 ha torpaq sahəsində payı olan mülkiyyətçilər arasında razılaşdırılmış və notarial qaydada təsdiq olunmuş bölgü sxemi təqdim edilməmişdir. Qeyd olunan səbəbdən ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. İş materiallarında olan : - -JN- 0005 KOD 30224028 seriyalı torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə Xaçmaz rayonu Xanlıqoba kəndində yerləşən 4.52 ha torpaq sahəsi X3 və 5 nəfər ailə üzvlərinə, o cümlədən İddiaçı verilmişdir. - -Xaçmaz rayon Çarxı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli saylı arayışından görünür ki, İddiaçı Xaçmaz rayonu Xanlıqoba kəndində 0.77 ha torpaq payı vardır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və üçüncü şəxs C.Məmmədovun izahatlartını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, aqrar ishatları zamanı yerli aqrar isahat komissiyası tərəfində 4.52 ha torpaq sahəsi 6 nəfər ailə üzvü ilə birlikdə iddiaçının atası X3 ayrılmışdır. Mübahisəli torpaq sahəsi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsidir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin alqı-satqısı zamanı bütün mülkiyyətçilərin razılığı nəzərə alınmamışdır. Bundan sonra onlar arasında torpaq sahəsinin real bölgüsü və ya payın ayrılması, bölgü planı həyata keçirilməmişdir ki, bu hal iddia olunan sahənin koordinatları baxımından həmin sahənin reyestrdə qeydə alınmasından imtina üçün əsas verir. ‘'Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Həmin Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilən Qanunun 15.1, 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatından imtina oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinin 2-ci bəndinin tələbinə görə birgə mülkiyyətdə olan torpaq sahələrinə sərəncam verilməsi Mülki Məcəllənin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin tələbinə görə ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər (maddə 213.7). Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir (215.5-ci maddə). Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir (215.6-cı maddə). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə görə mübahisəli torpaq sahəsinə dair verilmiş dövlət aktı hüququn qeydə alınması üçün əsas olsa da, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmadığından hüququn dövlət qeydiyyatından imtina barədə cavabdehin hərəkəti qanuni olmuşdur. Məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsinin razılaşdırılmış bölgü sxemi naturada yerləşmə vəziyyətinin təsvir edilməsinə dair sənəd təqdim edilməmişdir. Torpaq sahəsinin real bölgüsü aparılmadığından iddianın dəlilləri əsaslı sayıla bilməz. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdeh Xaçmaz rayonu, Xanlıqoba kəndi ərazisində yerləşən ona məxsus 0,77 ha torpaq sahəsinin JN-0005 nömrəli “Torpağa mülkiyyət hüququna dair“ Dövlət aktında qeyd olunan 4,52 ha torpaq sahəsində payı olan mülkiyyətçilərin pay torpağından sağ və ya sol kənar olmaqla bir qıraqdan ayrılıb 0,77 ha pay torpağı üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar