Məhkəmə qərarları › İş №2-1(118)-2798/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2798/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2798/2022 12.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində hüququn dövlət reyestrində qeydiyyata alınaraq plan və ölçü sənədinin və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsi üzərində hüququn dövlət reyestrində qeydiyyata alınaraq plan və ölçü sənədinin və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 52 saylı qərarı ilə 5 mart 1991-ci il tarixli 21 saylı əmr nəzərə alınmaqla fərdi ev tikiliməsi üçün iddiaçıya 0.06 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi hazıradək iddiaçının istifadəsindədir. O, torpaq sahəsinə yerquruluşu planını hazırlanması üçün rayon icra hakimiyətinə müraciət etmiş, lakin ona Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə müraciət etmək tövsiyyə olunmuşdur. Bundan sonra o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona cavab olaraq sxemin verilməsinni idarənin səlahiyyətində olmaması bildirilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddiaçının müraciətinin sxemin verilməsi ilə bağlı olduğundan mülkiyyət hüququnun qeydə alınması ilə bağlı imtina cavabı verilmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti sözügedən torpaq sahəsinə dair sxemin verilməsi ilə bağlı olmuşdur. Bu halı iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. İddia tələıbində isə mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qoyulan tələblə bağlı cavabdeh inzibati orqanı tərəfindən iddiaçıya imtina cavabı verilməmişdir. Halbuki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası növündə baxılan iddialarda da mümkünlük şərtlərindən biridir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində hüququn dövlət reyestrində qeydiyyata alınaraq plan və ölçü sənədinin və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində hüququn dövlət reyestrində qeydiyyata alınaraq plan və ölçü sənədinin və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar