Məhkəmə qərarları › İş №2-1(118)-28/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-28/2022

28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-28/2022 28.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ona məxsus Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 40 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ilin yay aylarında həyətyanı sahəsinin yanında yerləşən və faktiki 10 ilə yaxın istifadəsində olan 40 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyyəti ilə məşğul olmağı üçün, ona satılmasına dair ərizə ilə Xaçmaz Şəhər Bələdiyyəsinə müraciət etmişdir. Orada onun ərizəsinə baxılmış və torpaq sahəsi ona ayrılaraq satılması üçün qanunvriciliyin tələbinə uyğun olaraq rəyin alınması üçün Xaçmaz Rayon İcra Hakimiyyətinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz Rayon Şöbəsinə müraciət edildi. Xaçmaz Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti İşləri Şöbəsinin 18 avqust 2005-ci il tarixli 793 saylı rəyinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz Rayon Şöbəsinin 18 avqust 2005-ci il tarixli 835 saylı rəyinə əsasən Xaçmaz şəhər Bələdiyyəsinin mülkiyyətində olan 40 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün satılmasına razılıq verilmişdir. Bundan sonra Xaçmaz Şəhər Bələdiyyəsinə qabağcadan 18 avqust 2005-ci il tarixində torpağın dəyərin tam olaraq ödədim (24 saylı 18.08.2020-ci il tarixli X6 verildi) və 24 avqust 2005-ci il tarixli 10 saylı Qərara əsasən sahibkarlıq fəaliyyəti ilə məşqul olmağım üçün 40 kv.m torpaq sahəsinin satılması qərara alındı. Xaçmaz Şəhər Bələdiyyəsinin 24 avqust 2005-ci il tarixli 10 saylı Qərarı və 24 saylı 18.08.2020-ci il tarixli X6 əsasında torpaq sahəsinin alqısatqısma dair akt imzalandı. Akt 30.08.2005-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz Rayon Şöbəsi tərəfindən qeydiyyata alınaraq təsdiq edildi və Xaşmaz Bələdiyyəsinin yerquruluşu xəritəsindən çıxarış verildi. İddiaçı 2020-ci ildə qeyd edilən torpaq sahəsinin üzərində hüquqlarının təsdiq edilməsi və çıxarışın alıması üçün müraciət etmək qərarına gəlmiş, bunun üçün sənədlərinin qüvvədə olması barədə Xaçmaz Şəhər Bələdiyyəsindən 04 fevral 2020-ci il tarixli 51 saylı arayış almış və 40 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqularının qeydiyyata alınaraq Çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinə müraçiət etdim. Lakin oradan aldığı 11 avqust 2020-ci il tarixli **********400 saylı məktuba əsasən onun mülkiyyət hüquqlarının düvlət qeydiyyata alınmasına imtina edilmişdir və səbəb kimi Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin soğuya cavab məktubu olmuşdur. Bu məktubda qeyd edimişdir ki, Xaçmaz Rayon Dövlət Arxivindən alınmış sənədlər öyrənilərkən Xaçmaz Bələdiyyəsinin 24.08.2005-ci il tarixli 10 saylı iclas protokoluna əsasən Xaçmaz şəhəri ərazisindən sahibkarlıq məqsədi ilə 0.004 ha torpaq sahəsinin mənə ayrılması ilə bağlı hər hansı qərarın qəbul edilmədiyi müəyyən olunmuşdur. X5 tərəfindən verilmiş sənədlərin bir nüsxəsi X4 aşkar edilməməsi, onda olan sənədlərin əslini qüvvədən salmır. Bu sənədlərin etibarsız hesab edilməsi üçün Bələdiyyə tərəfindən mübahisələndırılməlidir və məhkəmə qərarı olmalıdır. Bu olmadığı təqdirdə, ona məxsus 40 kv.m torpaq sahəsinin mülkiyyətimə verilməsi barədə Xaçmaz Bələdiyyəsinin qərarı və alqı-satqı akı tam qanuni qüvvəyə malikdir. İkincisi, Xaçmaz Bələdiyyəsi mənə 40 kv.m torpaq sahəsini satmamışdan əvvəl 2005-ci ilin qanunvericiliyinin tələbinə əsasən yerli icrah hakimiyyətinin və X2 Komitəsinin yerli şöbəsinin müsbət rəyini alıb və bundan sonra mənə torpaq sahəsinin satılmasına dair qərar qəbul edib və alqı-satqıya dair akt imzalayıb. Bununlada aydın olur ki, torpaq sahəsinin mənə satılması ilkin olaraq hər iki qurumda razılaşdırılıb və qeydiyyata alınıb. X1 torpaq sahəsinin ona satılması barədə qərar qəbul edəndən və o torpaqğın dəyərini ödədikdən sonra, alqı-satqıya dair akt imzalanmış və qeyd edilən akt 2005-ci ildə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən X2 Komitəsinin Xaçmaz Rayon şöbəsi tərəfindən qeydiyyata alınmış, təsdiq edilmiş və rayonun müvafiq xəritələrinə işlənmişdir (xəritədən çıxarışlar iki ədəd təsdiq edilib mənə təqdim edilmişdir). Ən marağlısıda odur ki, X2 Komitəsi ləğv edildikdən sonra onun hüquqi varisi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi olumuşdur və orada saxlanan bütün arxiv sənədlər Komitəyə təhvil verilmişdir. Lakin Komitənin tərkibində olan Xidmətin bir idarəsinin qeyd edilən məqamları nəzərə almadan onun hüquqlarını pozması anlaşılan deyil və qanunvericiliyin tələblərini kobud şəkildə pozması deməkdir. Dördüncüsü, torpağın mülkiyyətçisi olan Xaçmaz Bələdiyyəsi ona satmış torpaq sahəsinin satılmasını, onda olan sənədlərin əsilliyini təsdiq edir və bununla bağlı hər hansı bir iddiası yoxdur. Bundan əlavə Xaçmaz Bələdiyyəsi 02 iyul 2020-ci il tarixli Protokolu ilə Xaçmaz Bələdiyyəsinin ona sahibkarlıq məqsədi ilə ayrılmış 40 kv.m torpaq sahəsinə dair 24.08.2005-ci il tarixli 10 saylı qərarının əsli və bu qərara əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz Rayon Şöbəsinin və Xaçmaz RİH-nin baş memarının rəyi mövcud olduğuna görə həmin qərarın etibarsız hesab edilməsini mümkün sayılmaması barədə Qərar qəbul etmiş və bu qərar hal-hazırda güvvədədir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı tərəfindən Xaçmaz şəhəri ərazisində yerləşən 40 kv.metr torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş 04.02.2020- ci il tarixli ********** qeydiyyat nömrəli və 11.08.2020-ci il tarixli ərizələr ilə müraciət edilmişdir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı ərizəyə əlavə olunmuş Xaçmaz rayonu, Xaçmaz bələdiyyəsinin 24.08.2005-ci il tarixli 10 saylı qərarın və torpaqların alqı- satqısına dair aktın təqdim edilib-edilməməsi barədə məlumatın və təqdim edildiyi halda təsdiqlənmiş surətlərinin Xidmətin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilməsi ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinə sorğu məktubu göndərilərək ərizənizin icrası bir ay müddətinə dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsindən Ərazi İdarəsinə ünvanlanmış 31.03.2020-ci il tarixli, 08/08 nömrəli cavab məktubunda bildirilmişdir ki, Xaçmaz rayonu Dövlət Arxivindən alınmış sənədlər öyrənilərkən Sizə 40 kv.metr torpaq sahəsinin ayrılması ilə bağlı Xaçmaz bələdiyyəsinin 24.08.2005-ci il tarixli 10 saylı qərarının qəbul edilmədiyi müəyyən edilmiş və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə əsasən həmin qərarın ləğv edilməsi barədə regional ədliyyə idarəsi tərəfindən Xaçmaz bələdiyyəsinə müvafiq təklif məktubu göndərilmişdir. Bildirilir ki, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikası Qanununun 6.0-cı maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aktların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı ərizələrinin icrasından 09.04.2020-ci il tarixli, **********83 nömrəli və 11.08.2020-ci il tarixli, **********00 nömrəli məktublarla imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsininin nümayəndəsi bildirmişdir ki, qeyd olunan torpaq sahəsi İddiaçı ayrılarkən Qanunun tələblərinə tam riayət olunub. Belə ki, həmin torpağın ayrılması zamanı Xaçmaz Rayon İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma şöbəsinin rəyinin olmasına baxmayaraq Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən həmin rəyin olmamasına istinad olunaraq Xaçmaz Bələdiyyəsi tərəfindən verilən 24.08.2005-ci il tarixli qərarın məhkəmə qaydasında ləğv edilməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə iddia tələbi verilmişdir. Lakin, Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə Xaçmaz Regional Ədliyyə İdarəsinin iddia tələbi təmin edilməmişdir. Bundan başqa Xaçmaz Regional Ədliyyə İdarəsinin Xaçmaz şəhər bələdiyyəsinin sədri və əməkdaşı barəsində həmin torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı Xaçmaz rayon Prokurorluğuna verilmiş müraciəti əsasında araşdırma aparılmış və əməkdaşların əməllərində qanun pozuntusu olmamasına görə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunanlara əsasən üçüncü şəxs Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsininin nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 11 avqust 2020-ci il tarixli, **********0 nömrəli imtina məktubu, etirazı, Xaçmaz rayon Bələdiyyəsinin 24 avqust 2005-ci il tarixli 10 saylı qərarın notarial qaydada təsdiqlənmiş surəti, Xaçmaz rayon Bələdiyyəsinin yerqurluşu planından çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, Alğı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənmiş surəti, Sumqayıt İnzibati Məhkəməsinin 16.12.2021-ci il tarixli, 2-1(118)-631/2021 nömrəli qərarın surəti, DTXK-nın Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 835 nömrəli, 18.08.2005-ci il tarixli rəyin surəti, Xaçmaz Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 793 nömrəli, 18.08.2005-ci il tarixli rəyin surəti , Xaçmaz rayon Bələdiyyəsinin 04.02.2020-ci il tarixli 61 nömrəli arayışın surəti, ödəniş qəbzi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 24 avqust 2005-ci il tarixli 10 nömrəli qərarının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 11 avqust 2020-ci il tarixli, **********0 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Xaçmaz rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8.0.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinin 24.08.2005-ci il tarixli 10 nömrəli qərarı əsasında 40 m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi 18.08 2005-ci ildə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müdirinin iştirakı ilə qeyd olunan torpaq sahəsinin sxematik plan sərhədləri ölçülüb, nişangah qoyulduqdan sonra İddiaçı təhvil verilmiş və bu barədə müvafiq sənəd rəsmiləşdirilmişdir. Torpaq sahəsinin dəyəri olan 400000 manat pul 18.08.2005-ci ildə 24 saylı qəbz əsasında Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin hesabına köçürülmüşdür. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. İddiaçı adına ayrılmış 40 m2 torpaq sahəsi üzrə yaranmış onun mülkiyyət hüquqlarını DƏDRX-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi yeganə arqument Xaçmaz rayon Ədliyyə İdarəsinin müraciəti əsasında Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinin 24.08.2005-ci il tarixli 10 nömrəli qərarının qüvvədə olmamasının bildirilməsidir. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumenti araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqument əsassız olduğundan iddia tələbi təmin edilməlidir. İşin araşdırılan hallarından müəyyən olundu ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin cavabdeh Xaçmaz rayon Bələdiyyəsinə qarşı qərarın etibarsız hesab edilməsi tələbinə dair iddiası Sumqayıt İnzibati Məhkəməsinin 16.12.2021-ci il tarixli, 2-1(118)-631/2021 nömrəli qərarı ilə rədd edilmişdir. Məhkəmənin müvafiq qərarı qanuni qüvvəsini almışdır. Bundan başqa Xaçmaz Regional Ədliyyə İdarəsinin Xaçmaz şəhər bələdiyyəsinin sədri və əməkdaşı barəsində həmin torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı Xaçmaz rayon Prokurorluğuna verilmiş müraciəti əsasında araşdırma aparılmış və əməkdaşların əməllərində qanun pozuntusu olmamasına görə cinayət işinin başlanması rədd edilmişdir. Bu onu deməyə əsas verir ki, Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinin 24.08.2005-ci il tarixli 10 nömrəli qərarı qüvvədədir. Belə olan halda məhkəmə cavabdehin yuxarıda göstərilən imtinasını aşağıda göstərilənlərə əsasən əsassız hesab edir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinin 28 oktyabr 2008-ci ilə qədər olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Qanunun qeyd olunan maddəsindən məlum olur ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmadan öncə DTXK-nin müvafiq rəyi alınmalıdır. Nəzərə alınmalıdır ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmamışdan öncə DTXK-nin verməli olduğu rəyin məqsədi qeyd olunan torpaq sahəsinin keyfiyyəti, kateqoriyası, dövlət və ya xüsusi mülkiyyətdə olub-olmamasını, o cümlədən torpaqların vahid registrinin həyata keçirmək məqsədi daşıyırdı. Belə ki, 04 may 2015-ci ilədək qüvvədə olmuş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin” 1-ci bəndinin 3-cü hissəsinə görə komitə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhz bu səbəbdən bələdiyyə tərəfindən torpaq sahələri ayrılmamışdan öncə DTXK-nin müvafiq rəyinin alınması məcburi xarakter daşıyırdı. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən müvafiq rəyin DTXK-dən alınmadan torpaq sahəsinin ayrılması ciddi qanun pozuntusu hesab olunardı. Bundan başqa rayon memarlıq və şəhərsalma şöbəsinin müvafiq rəyidə mövcuddur. Göründüyü kimi Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 24.08.2005-ci il tarixli 10 nömrəli qərarı qəbul edilərkən qanunvericiliyin tələbi gözlənilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinin 24.08.2005-ci il tarixli 10 nömrəli qərarı qüvvədə olduğuna görə həmin qərarın qəbul edilməsi üçün verilməli sənədlər yekun inzibati aktın qəbul edilməsinə yardım etdiyinə görə həmin sənədlərin olmaması səbəbindən 24.08.2005-ci il tarixli 10 nömrəli qərar əsassız hesab edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmçinin, məhkəmə qeyd etməyi zəruri bilir ki, anoloji mübahisələrlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”. İnzibati İcraat haqqında Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Beləliklə, cavabdehin gətirdiyi bütün arqumentlər əsassız olduğundan iddia təmin edilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinin 24 avqust 2005-ci il tarixli 10 nömrəli qərarına əsasən sahibkarlık fəaliyyəti məqsədləri üçün ayrılmış 40 m2 torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar