Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-280/2025 30.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası YYYYYYnə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X7, üçüncü şəxs FFFFFFFFFFFnun nümayəndələri və vəkilləri Vəkil3 və Vəkil2, üçüncü şəxs X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası YYYYYYnə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 30 may 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Sumqayıt şəhər bələdiyyəsinin 7 mart 2008-ci il tarixli, 07 nömrəli protokol qərarından görünür ki, “Samur-Abşeron” kanalının şimalında salınacaq Yeni yaşayış məntəqəsinin 362 saylı, 600 kv.m həyətyanı torpaq sahəsinin FFFFFFFFFFFna ayrılması qərara alınmışdır.
2. FFFFFFFFFFFna ayrılmış “Samur-Abşeron” kanalının şimalında, Yeni yaşayış məntəqəsinin 7-ci məhəlləsində yerləşən 600 kv.m torpaq sahəsinin mövqe sxemi.
3. Azərbaycan Respublikasının Sumqayıt bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli, 06 nömrəli protokol qərarından görünür ki, Sumqayıt bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan “Samur- Abşeron” kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni yaşayış massivinin 7-ci məhəlləsində sahəsi 600 kv.m olan 362 saylı həyətyanı torpaq sahəsi vətəndaş İddiaçı mülkiyyətinə ayrılmışdır.
4. 28 aprel 2015-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli satıcı Sumqayıt bələdiyyəsi və alıcı İddiaçı arasında Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”.
5. Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(118)- 333/2021 nömrəli qərarı ilə Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı Sumqayıt şəhərinin “Samur-Abşeron” kanalının şimalında salınacaq yeni yaşayış məntəqəsində 600 kv.m torpaq sahəsinin iddaçı FFFFFFFFFFFna satılması barədə Sumqayıt bələdiyyəsinin 7 mart 2008-ci il tarixli, 07 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin 24 fevral 2023-cü il tarixli, 05/182 nömrəli məktubundan görünür ki, Sumqayıt bələdiyyəsinin 7 mart 2008-ci il tarixli, 07 nömrəli qərarının ləğv edilməsi, ləğv təklifinin 5 iş günündən gec olmayaraq bələdiyyə iclasında müzakirə olunması təklif edilmişdir. Məktub onunla əsaslandırılmışdır ki, Sumqayıt bələdiyyəsinin 7 mart 2008-ci il tarixli, 07 saylı qərarı ilə X6 Salman oğluna 0,06 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, torpağın ayrılmasına dair müvafiq sənədləşmə işləri başa çatdırılmamış, M.Süleymanov tərəfindən torpağın hər hansı alqı-satqı məbləği bələdiyyəyə ödənilməmiş, həmin qərar üzrə üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməmiş və torpaq sahəsi M.Süleymanovun mülkiyyətinə verilməmişdir. Sonradan həmin torpaq sahəsi bələdiyyənin 24 aprel 2015-ci il tarixli, 06 saylı qərarı ilə vətəndaş İddiaçı mülkiyyətinə ayrılmış və İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
7. Azərbaycan Respublikasının Sumqayıt bələdiyyəsinin 17 may 2023-cü il tarixli, 08 nömrəli protokol-qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin təklif və tövsiyəsini nəzərə alaraq “X6 Salman oğluna fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” Sumqayıt bələdiyyəsinin 7 mart 2008-ci ı tarixli (protokol № 07) qərarı ləğv edilmişdir.
8. Azərbaycan Respublikasının Sumqayıt bələdiyyəsinin 8 iyun 2023-cü il tarixli, 08 nömrəli protokol qərarından görünür ki, X6 Salman oğluna fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” Sumqayıt bələdiyyəsinin 7 mart 2008-ci il tarixli (protokol №07) qərarının ləğv edilməsi haqqında” Sumqayıt bələdiyyəsinin 17 may 2023-cü tarixli (protokol № 08; §-30) qərarı ləğv edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, X6 Salman oğlu Sumqayıt bələdiyyəsinin ləğvetmə qərarını mübahisələndirmiş və Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2- 1(1 18)-333/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Hazırkı məhkəmə mübahisəsi və məhkəmə araşdırılması davam etdiyi üçün 7 mart 2008-ci il tarixli (protokol № 07) bələdiyyə qərarının ləğv edilməsi məqsədəmüvafiq hesab edilmir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
9. Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(118)- 333/2021 nömrəli qərarı (§5).
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2-1(102)-2200/2022 nömrəli qərarı ilə aşağıdakı hallar müəyyən edilir: - iddiaçı FFFFFFFFFFF cavabdeh Sumqayıt şəhər bələdiyyəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhər bələdiyyəsinin “Vətəndaş İddiaçı mülkiyyətinə torpaq sahəsinin ayrılması haqqında” 24 aprel 2015-ci il tarixli, 06 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. - Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(118)-473/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, Sumqayıt şəhər bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli, 06 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2022ci il tarixli, 2-1(105)-427/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(118)- 473/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2-1(102)-2200/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2022-ci il tarixli, 2-1(105)-427/2022 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəyə göndərilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
11. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası YYYYYYnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 8 iyun 2023-cü il tarixli, 09 saylı iclasının 39 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildən “Yaşıldərə” adlandırılan Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış massivinin ərazisində 600 kv.m torpaq sahəsini çəpərləyərək istifadə etmişdir. 2013-cü ildə ərizə ilə cavabdehə müraciət edərək Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış massivinin 7-ci məhəlləsində yerləşən, sahəsi 600 kv.m olan 362 saylı həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə mülkiyyətinə verilməsini xahiş etmişdir. Torpaq sahəsinin ayrılmasına dair iddiaçının müraciəti cavabdehə məqsədəuyğun sayılmış və müvafiq sənədləşmə işlərinin aparılması məqsədi ilə cavabdeh tərəfindən əvvəlcə 17 iyul 2014-cü il tarixli, 2330 saylı məktubla Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə, daha sonra isə 23 oktyabr 2014-cü il tarixli, 3399 saylı məktubla Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə müraciət olunaraq müvafiq rəylərin verilməsi xahiş olunmuşdur. Cavabdehin torpağın sənədləşdirilməsinə dair müraciətlərinə cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsi tərəfindən 17 oktyabr 2014-cü il tarixli, 420 saylı, Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən isə 11 noyabr 2014-cü il tarixli, 02/949 saylı rəylər verilmiş və torpaq sahəsinin mülkiyyətinə alqı-satqı qaydasında sənədləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Sözügedən rəylər bələdiyyəyə daxil olduqdan sonra cavabdehin 24 aprel 2015-ci il tarixli, 06 saylı iclasının 11 saylı qərarı ilə Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış massivinin 7-ci məhəlləsinin ərazisində yerləşən, sahəsi 600 kv.m olan 362 saylı həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçının mülkiyyətinə verilmişdir. Eyni zamanda həmin torpaq sahəsinin alqı-satqı haqqı olan 1.212 manat pul vəsaiti bələdiyyənin bank hesabına ödənilmiş və 28 aprel 2015-ci il tarixdə torpağın alqı-satqısına dair iddiaçı ilə cavabdeh arasında notarial qaydada müqaviləsi imzalanmış, torpaq sahəsi təhkim aktı əsasında yerində iddiaçıya təhvil verilmişdir. Həmin torpaq ayırma sənədləri əsasında sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. 18 avqust 2021-ci il tarixli, AN-İ ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış massivinin 7-ci məhəlləsinin ərazisində yerləşən, sahəsi 600 kv.m olan 362 saylı həyətyanı torpaq sahəsi iddiaçı tərəfindən X1 və ********** qeydiyyat nömrəli, 2 sentyabr 2021-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi 7-ci məhəllə, 362 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmişdir. Lakin bir müddət əvvəl FFFFFFFFFFF cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə cavabdehin 24 aprel 2015-ci il tarixli, 06 saylı iclasının 11 saylı qərarının ləğv edilməsini tələb etmişdir. M.Süleymanov həmin torpaq sahəsinin ilkin olaraq cavabdehin 7 mart 2008-ci il tarixli, 07 saylı qərarı ilə ona ayrıldığını iddia edərək torpağın iddiaçının mülkiyyətinə verilməsi barədə bələdiyyə qərarını mübahisələndirmişdir. Halbuki, ona torpaq sahəsinin ayrılması barədə cavabdehin 7 mart 2008-ci il tarixli, 07 saylı qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələri əsasında Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı ilə ləğv edilmişdir. Ancaq adı çəkilən qərarının ləğvi barədə FFFFFFFFFFFna cavabdeh tərəfindən vaxtında məlumat verilməməsi səbəbindən həmin qərar ona torpaq sahəsinin ayrılması hissəsində Sumqayıt inzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(118)-333/2021 saylı qərarı ilə ləğv edimişdir. Bundan sonra FFFFFFFFFFF yuxarıda qeyd edilən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, iddiaçı da ərizə ilə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan olaraq Sumqayıt Regional Ədliyyə İdarəsinə müraciət etmiş və cavabdehin qanun normlarını pozaraq 7 mart 2008-ci il tarixli, 07 saylı qərarı ilə FFFFFFFFFFFna torpaq sahəsinin ayrılması məsələsinə münasibət bildirilməsini xahiş edilmişdir. İddiaçının müraciəti əsasında Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra adı çəkilən bələdiyyə qərarının bələdiyyə torpaqlarının ayrılmasına dair qanun normalarının pozuntusu ilə çıxarıldığı müəyyən edilmiş və cavabdehin FFFFFFFFFFFna torpaq sahəsinin ayrılması barədə 7 mart 2008-ci il tarixli, 07 saylı qərarının ləğv edilməsi ilə bağlı yazılı tövsiyə verilmişdir. Sumqayıt Regional Ədliyyə idarəsinin tövsiyəsi əsasında cavabdeh tərəfindən 17 may 2023-cü il tarixli, 08 saylı iclasının 30 saylı qərarı qəbul edilmiş və həmin qərarla “X6 Salman oğluna fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” cavabdehin 7 mart 2008-ci il tarixli (protokol №07) qərarı ləğv edilmişdir. Lakin bundan heç bir ay keçməmiş cavabdeh 8 iyun 2023-cü il tarixli, 09 saylı iclasının 39 saylı yeni qərarını qəbul edilmişdir ki, bu qərarla da özünün 17 may 2023-cü il tarixli, 08 saylı iclasının 30 saylı qərarını ləğv etmişdir. Cavabdeh bunu iddiaçı ilə FFFFFFFFFFF arasında məhkəmə mübahisəsinin getməsi ilə əsaslandırmağa çalışmışdır, halbuki həmin məhkəmə işləri 2020-ci ildən aparılmaqla bələdiyyənin cavabdeh qismində iştirak etdiyi olduğu işlərdir və bələdiyyənin məhkəmə mübahisəsindən 17 may 2023-cü il tarixli, 08 saylı iclasının 30 saylı qərarını qəbul edərkən də məlumatı var idi. Cavabdehin 8 iyun 2023-cü il tarixli, 09 saylı iclasının 39 saylı qərarının kənar təsirlər nəticəsində qəbul edildiyini, iddiaçının maraqlarına toxunduğunu, eləcə də qanuni və əsaslı olmadığını hesab edərək həmin bələdiyyə qərarını mübahisələndirmək qərarına gəlmişdir. Belə ki, cavabdehin 7 mart 2008-ci il tarixli, 07 saylı iclasının qərarı ilə Sumqayıt şəhərinin cənubunda, “Samir-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış massivinin ərazisində yerləşən sahəsi 600 kv.m olan 362 saylı həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün FFFFFFFFFFFna ayrılması nəzərdə tutulsa da, torpağın ayrılmasına dair müvafiq sənədləşmə işləri başa çatdırılmamış, FFFFFFFFFFF həmin qərar üzrə üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməmiş və torpaq sahəsi onun mülkiyyətinə verilməmişdir. FFFFFFFFFFF tərəfindən torpağın hər hansı alqı-satqı məbləği ödənilməmişdir. Belə olan halda iddiaçı hesab edir ki, cavabdehin 7 mart 2008-ci il tarixli, 07 saylı qərarı 17 may 2023-cü il tarixli, 08 saylı iclasının 30 saylı qərarı ilə qanuni şəkildə ləğv edildiyi halda, həmin qərarın bələdiyyənin 8 iyun 2023-cü il tarixli, 09 saylı iclasının 39 saylı yeni qərarı ilə ləğv edilməsi üçün hər hansı hüquqi əsaslar mövcud olmamışdır. Cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasr Qanununun tələbləri kobud şəkildə pozulmaqla 17 may 2023-cü il tarixli, 08 saylı iclasının 30 saylı qərarı 8 iyun 2023-cü il tarixli, 09 saylı iclasının 39 saylı qərarı ilə ləğv olunmuşdur. Göründüyü kimi, bələdiyyənin bu qərarı ilə iddiaçının hüquqları cavabdeh tərəfindən aşkar şəkildə pozulduğu üçün iddiaçı məhkəməyə müraciət etmək və cavabdehin 8 iyun 2023-cü il tarixli, 09 saylı iclasının 39 saylı qərarının ləğv olunmasını tələb etmək qərarına gəlmişdir. Belə ki, torpağın bələdiyyə tərəfindən mülkiyyətinə ayrılması zamanı iddiaçı öz tərəfindən üzərinə düşən öhdəlikləri, o cümlədən mülkiyyətinə verilmiş torpaq sahəsinin tələb olunan alqısatqı pulunu bələdiyəyə ödəməklə tam yerinə yetirmişdir. Beləliklə, iddiaçının hüquqları cavabdeh tərəfindən aşkar şəkildə pozulduğu üçün məhkəməyə müraciət etmək və öz pozulmuş hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalmışdır. Cavabdehin mübahisələndirilən qərarı iddiaçıya məlumat verilmədən və hər hansı məhkəmə qərarı olmadan çıxarıldığından, hesab edir ki, həmin bələdiyyə qərarı qanunsuz qəbul edilmişdir və bu əsasla ləğv edilməlidir.
13. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Sporring va Lonnort İsveçə qarşı” Qərarına, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47, 56, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 7, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1, 64.3-cü maddələrinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 17, 21, 22-ci bəndlərinə, “V.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər Üzrə Kollegiyasının 2 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 yanvar 2010-cu il tarixli Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 1.2, 2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, maddələrinə istinad olunmuşdur.
14. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
15. Məhkəmənin 4 dekabr 2023-cü il tarixli, 2-1(118)-4030/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qərarın ləğvi” tələbinə dair iş iş üzrə FFFFFFFFFFFnun (bundan sonra – “üçüncü şəxs M.Süleymanov”) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması (zəruri cəlbetmə) qərara alınmışdır.
16. Məhkəmənin 26 may 2025-ci il tarixli, 2-1(118)-280/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qərarın ləğvi” tələbinə dair iş iş üzrə X2 (bundan sonra – “üçüncü şəxs V.Allahverdiyev”) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması (zəruri cəlbetmə) qərara alınmışdır.
17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
18. Üçüncü şəxs M.Süleymanov iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir.
19. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi 2008-ci il tarixdə ona ayrılmışdır. Həmin torpaq sahəsində hasarlama işləri aparmış və müəyyən materialları da torpaq sahəsində olmuşdur. Həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə almaq istədikdə məlum olmuşdur ki, cavabdeh üçüncü şəxs M.Süleymanova məlumat vermədən birtərəfli qaydada ona torpaq ayrılması barədə olan qərarını ləğv etmiş, bundan 7 il sonra həmin torpaq sahəsini iddiaçıya ayırmışdır. Üçüncü şəxs M.Süleymanov bu barədə olan cavabdehin qərarlarını inzibati məhkəmədə mübahisələndirmişdir və ona torpaq ayrılması barədə qərarın ləğv edilməsi və torpaq sahəsinin İddiaçı ayrılması barədə olan qərarların ləğv edilməsi barədə iddia vermişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(118)-333\2021 saylı qərarına əsasən cavabdehin üçüncü şəxs M.Süleymanova torpaq sahəsi ayrılması barədə olan qərarının ləğv edilməsi barədə olan qərarı ləğv edildi, iddiaçıya torpaq ayrılması barədə qərarın ləğv edilməsinə dair iddiası isə mümkünsüz hesab edilmiş və məhkəmə öz qərarında izah vermişdir ki, bu qərar qüvvəyə minəndən sonra üçüncü şəxs M.Süleymanov iddiaçıya torpaq ayrılması barədə qərarı mübahisələndirə bilər. Qərar qüvvəyə minəndən sonra üçüncü şəxs M.Süleymanov iddiaçıya torpaq sahəsi ayrılması barədə qərarın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmış və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-473\2022 saylı, 16 mart 2022-ci il tarixli qərarına əsasən üçüncü şəxs M.Süleymanovun iddiası təmin edilmiş və iddiaçıya torpaq sahəsi ayrılması barədə olan cavabdehin qərarı ləğv edilmişdir. İddiaçı bu qərardan apellyasiya şikayəti vermişdir və iş apellyasiya baxışında olarkən məhkəməyə cavabdehin yeni - üçüncü şəxs M.Süleymanova torpaq sahəsi ayrılması barədə olan qərarın ləğv edilməsi barədə qərarını təqdim etmiş və bildirmişdir ki, artıq üçüncü şəxs M.Süleymanovun hazırkı iddianı verməyə subyektiv hüququ yoxdur. Üçüncü şəxs M.Süleymanov cavabdehə müraciət edərək, bir dəfə belə bir qərarının məhkəmə tərəfindən ləğv edildiyini, həmin qərardan cavabdehin şikayət vermədiyini və məhkəmə qərarını icra etdiyini bildirərək, hazırda eyni məzmunlu, eyni əsaslarla vermiş olduğu qərarın qanunsuz olduğunu bildirmişdir. Qeyd edilir ki, məhkəmə qərarı ilə müəyyən və təsdiq edilmişdir ki, bələdiyyənin birtərəfli qaydada torpaq sahəsinin ayrılması barədə qərarı ləğv etmək hüququ yoxdur. Bu qanuni iradlarından sonra cavabdeh öz səhvini başa düşərək, eləcə də bu məzmunlu qərarının məhkəmə tərəfindən qanunsuz olmasını nəzərə alaraq, öz qərarını ləğv etmişdir. Bundan sonra iddiaçı həmin qərardan narazı qalaraq hazırkı iddianı vermiş və iddia məhkəmə baxışındadır. İşin şərh edilən, heç bir mübahisəsi olmayan və məhkəmə qərarları ilə təsdiq olunan halalrı ondan ibarətdir ki, bu torpaq cavabdehin 2008-ci il tarixli qərarı ilə üçüncü şəxs M.Süleymanova ayrılmış və hazırda həmin qərar qüvvədədir və onun həmin qərarı və torpağa olan hüququ hazırda qüvvədə olan məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Belə olan təqdirdə, üçüncü şəxs M.Süleymanova torpaq sahəsi ayrılması barədə qərar qüvvədə ola-ola cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə olan qəran avtomatik olaraq öz hüquqi qüvvəsini itirir və məhkəmə qərarı ilə həmin qərar məhz bu əsaslarlıa ləğv edilmişdir. Yəni, iddiaçının özünün həmin torpağa hər hasnı bir hüququnun olması bu gün mübahisələndirilir və onun öz qərarının qanuniliyi məhkəmə tərəfindən qəbul edilmədiyi təqdirdə, onun bu torpağa dair cavabdehin hər hasnı bir qərarını mübahisələndirməyə hüququ yoxdur. Çünki, onun torpağa dair hüququnu təsdiq edən qərar üçüncü şəxs M.Süleymanova torpaq sahsəi ayrılması barədə olan qərardan 7 il sonra verilmiş, məhkəmə üçüncü şəxs M.Süleymanovun qərarının qanuniliyini öz qərarı ilə təsdiq edib, iddiaçının qərarını isə qanunsuz hesab edərək ləğv etmişdir. Belə olan təqdirdə iddiaçının torpağa dair hər hansı bir hüququ olmadığı halda, bu torpağa dair verilmiş hər hansı bir qəran mübahisələndirmək üçün subyektiv hüququ yaranmamışdır. Çünki, bu zaman subyektiv hüququn ən vacib hissəsi – tələb etmə hüququ mövcud deyildir. Bu halda belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Bundan əlavə, iş materiallarından görünür ki, 2021-ci ildə cavabdehin qərarı ləğv edilməsi barədə məhkəmə qərarı qəbul edildikdən sonra iddiaçı həmin torpaq sahəsini 2021-ci ilin sentyabr ayında satmışdır və torpaq sahəsi hazırda başqa şəxsin mülkiyyətindədir. Belə olan təqdirdə, onun torpağa dair hər hansı bir hüququ (sahiblik, mülkiyyət) olmadan, cavabdehin həmin torpağa dair qəbul etdiyi hər hansı bir qərarı mübahisələndirmək üçün də subyektiv hüququ yoxdur. Bu halda da iddia mümkün hesab edilməməlidir.
c) Tərəflərin iştirakı və izahatları:
20. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək bildirmişdir ki, üçüncü şəxs M.Süleymanova torpaq sahəsi ayrıldıqdan sonra o, hər hansı hərəkətlər etməmiş, ödənişləri həyata keçirməmişdir. Torpaq sahəsi ayrıldıqdan 3 ay sonra qərar ləğv edilmişdir. Hazırda mübahisələndirilən cavabdehin qərarı qanunsuz qəbul edildiyi üçün ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi izahat verərək, iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olduğunu bildirmiş, həmçinin qeyd etmişdir ki, torpaq sahəsi ilkin olaraq kimin adına ayrılmışdırsa, həmin şəxsin adına olmalıdır. İddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
22. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs M.Süleymanovun nümayəndəsi və vəkili Vəkil3 izahat verərək, iddiaçının subyektiv hüququnun olmadığını, cavabdeh üçüncü şəxs M.Süleymanova torpaq sahəsinin ayrılması barədə qərarın ləğv edilməsi barədə qərarın ləğv etdiyini, torpaq sahəsinin iddiaçı tərəfindən üçüncü şəxs V.Allahverdiyeva satıldığını bildirmiş, sonda isə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
23. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs M.Süleymanovun nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, 2008-ci ildə torpaq ayrılması barədə qəbul edilmiş qərar qüvvədədir və məhkəmə tərəfindən tanınmışdır. Bu səbəbdən də torpaq sahəsinə dair heç bir hüququnun olmadığını qeyd edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
24. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs V.Allahverdiyev izahat verərək, iddiaçının müraciət etmək üçün subyektiv hüququn olduğunu, üçüncü şəxs M.Süleymanova torpaq sahəsinin qanunsuz olaraq ayrıldığını, ona münasibətdə sənədləşdirmənin qanuni yollarla aparıldığını bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
25. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)- 823/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası mümkün hesab edilməmişdir.
26. Məhkəmə prosesində izahat verən üçüncü şəxs M.Süleymanovun nümayəndələri və vəkilləri torpaq sahəsinin iddiaçı tərəfindən satıldığı üçün, onun subyektiv hüququnun olmadığını bildirmişdirlər (§22, 23).
27. Məhkəmənin araşdırması zamanı mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olmadığı, 2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında üçüncü şəxs V.Allahverdiyevin mülkiyyətinə verilməsi, işin hallarından və məhkəmə gedişatında verilən izahatlardan həmin şəxsin iddianın təmin olunduğda daha çox marağı olduğu müəyyən edilmişdir.
28. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 23 avqust 2024cü il tarixli, 2-1(105)-731/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)- 823/2024 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Kollegiya hesab etmişdir ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun mövcudluğu müəyyən edilir. Eləcə də, iddiaçı cavabdehin 8 iyun 2023cü il tarixli qərarının mübahisələndirilməsinə dair hazırkı tələblə 23 iyun 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da müəyyən edilir ki, iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilmişdir.
29. İPM-in 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
b) Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi
İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
31. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Regional ədliyyə idarələri haqqında” Əsasnamə:
“1.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Regional ədliyyə idarələri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müstəqil struktur qurumlarıdır. 1.2. Regional idarə Nazirliyin qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, müvafiq ərazi vahidlərində ədliyyə qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, əhalinin ədliyyə qurumlarına müraciət etmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılmışdır. ...” “3.0. Regional idarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: ... 3.0.2. bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – bələdiyyələr) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədilə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək; 3.0.3. Nazirliyə mütləq təqdim olunan bələdiyyə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunluğunu müəyyənləşdirmək məqsədilə həmin aktlara baxmaq; 3.0.6. bu Əsasnamənin 3.0.3-cü yarımbəndində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olduğu aşkar edildikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət etmək; 3.0.7. bu Əsasnamənin 3.0.5 və 3.0.6-cı yarımbəndlərində nəzərdə tutulmuş müraciətlər “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə məhkəməyə müraciət etmək və bu barədə müvafiq bələdiyyəyə məlumat vermək; 3.0.8. hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ziyan vura bilərsə, həmin aktın ləğv edilməsi (dəyişdirilməsi) və ya həmin fəaliyyətə xitam verilməsi haqqında müvafiq bələdiyyəyə təklif vermək, bu təklif Qanunla müəyyən edilmiş müddətdə bələdiyyə tərəfindən yerinə yetirilmədikdə məhkəməyə müraciət etmək; ...”
32. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu:
“Maddə 8. İnzibati nəzarət icraatı ... 8.4. İnzibati nəzarəti həyata keçirən orqan inzibati nəzarət icraatı nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu müəyyən etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə təklif təqdim edərək informasiya sistemində müvafiq aktın qarşısında qeyd edir. Bələdiyyə tərəfindən həmin təklifə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. 8.5. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. ...”
33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar
1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı
21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda.
Maddə 24. İşin hallarının obyektiv araşdırılması
24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ...
Maddə 25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ
25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. ...
Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar
28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. …
Maddə 36. İnzibati icraatda iştirakçılar
36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; 36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; …
Maddə 61. İnzibati aktın əsaslandırılması
61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. ...
Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi
62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. … 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
34. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 14. Sübut etmə vəzifəsi
14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
“Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.”
“Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-) c) Məhkəmənin mövqeyi
35. Məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.
36. İddiaçının iddia tələbinin əsası ondan ibarətdir ki, cavabdehin 24 aprel 2015-ci il tarixli, 06 saylı iclasının 11 saylı qərarı ilə mübahisələndirilən torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçının mülkiyyətinə verilmiş, alqısatqı haqqı olan 1.212 manat pul vəsaiti bələdiyyənin bank hesabına ödənilmiş və 28 aprel 2015-ci il tarixdə torpağın alqı-satqısına dair iddiaçı ilə cavabdeh arasında notarial qaydada müqaviləsi imzalanmış, torpaq sahəsi təhkim aktı əsasında yerində iddiaçıya təhvil verilmişdir. Həmin torpaq ayırma sənədləri əsasında sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Cavabdehin 7 mart 2008-ci il tarixli, 07 saylı iclasının qərarı ilə qeyd edilən torpaq sahəsinin fərdi ev tikintisi üçün üçüncü şəxs M.Süleymanova ayrılması nəzərdə tutulsa da, torpağın ayrılmasına dair müvafiq sənədləşmə işləri başa çatdırılmamış, üçüncü şəxs M.Süleymanov həmin qərar üzrə üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməmiş və torpaq sahəsi onun mülkiyyətinə verilməmiş, torpağın hər hansı alqı-satqı məbləği ödənilməmişdir. Bu səbəbdən də, cavabdehin 7 mart 2008-ci il tarixli, 07 saylı qərarı 17 may 2023-cü il tarixli, 08 saylı iclasının 30 saylı qərarı ilə qanuni şəkildə ləğv edildiyi halda, həmin qərarın 8 iyun 2023-cü il tarixli, 09 saylı iclasının 39 saylı yeni qərarı ilə ləğv edilməsi üçün hər hansı hüquqi əsaslar mövcud olmamışdır.
37. Məhkəmə işin hallarının və iş materiallarına əlavə edilmiş məhkəmə aktlarının araşdırılması zamanı müəyyən edilmidir ki, cavabdehin 7 mart 2008-ci il tarixli, 07 nömrəli qərarı ilə “Samur-Abşeron” kanalının şimalında salınacaq Yeni yaşayış məntəqəsinin 362 saylı, 600 kv.m həyətyanı torpaq sahəsi üçüncü şəxs M.Süleymanova ayrılmış, cavabdehin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş X5 İdarəsinin rəisinin müraciətləri nəzərə alınaraq, 7 mart 2008-ci il tarixli, 07 saylı iclasının qərarı ləğv edilmişdir. Daha sonra cavabdehin 24 aprel 2015-ci il tarixli, 06 nömrəli qərarı ilə həmin torpaq sahəsi iddiaçıya ayrılmışdır.
38. Üçüncü şəxs M.Süleymanov cavabdehin qeyd olunan 27 iyun 2008-ci il tarixli, 14 saylı və 24 aprel 2015-ci il tarixli, 06 nömrəli qərarlarının ləğv edilməsi ilə məhkəməyə müraciət etmiş, nəticədə Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(118)-333/2021 nömrəli qərarı ilə cavabdehin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı üçüncü şəxs M.Süleymanova satılması barədə 7 mart 2008-ci il tarixli, 07 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilmişdir. Hal-hazırda da qeyd edilən məhkəmə qərarı qanuni qüvvədədir.
39. Eyni zamanda, Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-1(118)-333/2021 nömrəli qərardadı ilə üçüncü şəxs M.Süleymanovun iddiaçıya torpaq sahəsinin satılmasına dair 24 aprel 2015-ci il tarixli, 06 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, üçüncü şəxs M.Süleymanovun ilkin olaraq mübahisələndirdiyi 27 iyun 2008-ci il tarixli qərarın ləğv edilməsinə dair məhkəmə qərarı qüvvəyə mindikdən sonra, yəni onun mübahisəli torpaq sahəsi üzərində hüquqları təsdiq edildikdən sonra belə bir tələb hüququ yaranmış olacaqdır.
40. Hal-hazırda da iddiaçıya münasibətdə qəbul edilmiş cavabdehin 24 aprel 2015-ci il tarixli, 06 nömrəli qərarının ləğv edilməsi tələbi ilə üçüncü şəxs M.Süleymanov tərəfindən iddia qaldırılmış, apellyasiya instansiyası məhkəməsinin icraatındadır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. ... Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir.Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. ...”
42. Göründüyü kimi, artıq qüvvədə olan məhkəmə qərarı ilə üçüncü şəxs M.Süleymanova münasibətdə qəbul edilmiş 7 mart 2008-ci il tarixli, 07 saylı qərarının ləğv edilməsinin qanunsuz olduğu sübut edilmiş, cavabdeh tərəfindən qeyd edilən qərarın ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsi əsassızdır.
43. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh üçüncü şəxs M.Süleymanovun əleyhinə olan 17 may 2023-cü il tarixli, 08 nömrəli qərarını qəbul edərkən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin təklif xarakterini daşıyan məktubunu əsas götürərək, inzibati icraatın aparılması qaydalarına riayət etməmiş, marağlı şəxsin iştirakını təmin etməmiş, dinləməkdən imtina edilməsi hər hansı bir halının mövcud olduğunu göstərməmiş, qərar barədə tərəfi məlumatlandırmamışdır. Əksini sübut edən sənədlər, faktlar məhkəməyə təqdim edilməmişdir.
44. Qeyd edilənlər əsasında məhkəmə müəyyən edir ki, hazırda mübahisələndirilən 8 iyun 2023-cü il tarixli, 09 saylı (üçüncü şəxs M.Süleymanova münasibətdə olan §39) qərarı qəbul edərək, 17 may 2023-cü il tarixli, 08 nömrəli (üçüncü şəxs M.Süleymanova münasibətdə olan §30) qərarını ləğv etməkdə cavabdeh haqlı olmuşdur.
45. Beləliklə, işin faktiki hallarına və müvafiq qanunvericiliyinin müddəalarına əsaslanaraq, məhkəmə hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərini əsas götürərək, proses iştirakçılarının hüquqlarına qanunsuz müdaxilənin qarşısının alınmasını təmin etmək üçün hazırkı iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ
46. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası YYYYYYnə qarşı “cavabdehin 8 iyun 2023-cü il tarixli, 09 saylı iclasının 39 saylı qərarının ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova