Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2801/2022 20.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akrt qeydində soyadının “Ağabaloğlu” əvəzinə “Ağabalayev” kimi qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, soyadının “Ağabaloğlu” əvəzinə “Ağabalayev” kimi qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək doğum haqqında akt qeydində soyadının “Ağabaloğlu” əvəzinə “Ağabalayev” kimi qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1985-ci il tarixdə Quba rayonu İ Nügədi kəndində anadan olmuş və həmin vaxt doğum haqqında şəhadətnaməsində soyadı “Ağabalayev” kimi qeyd edilmişdir. İddiaçı doğum haqqında şəhadətnaməsinə əsasən bütün şəxsiyyətini təsdiq edən sənədləri əldə etmiş, həmin sənədlərində soyadı “Ağabalayev” kimi qeyd edilmişdir. 2016-cı ildə soyadının sonluğunu dəyişdirərək “Ağabalaoğlu” kimi qeyd etdirmək qərarına gələrək Cavabdehnə müraciət edərək soyadının sonluğunun dəyişdirilərək “Ağabalaoğlu” kimi qeyd etdirmək barədə ərizə ilə müraciət etmiş və xx.xx.2016-cı il tarixdə Cavabdeh soyadının sonluğunda dəyişiklik edərək İddiaçı adında iddiaçıya doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsində dəyişdirib soyadını “Ağabalaoğlu” kimi qeyd etdirmişdir. Hal-hazırda şəxsiyyətini müəyyən edən sənədlərin bir qismində soyadı “Ağabalayev”, bir qismində isə “Ağabalaoğlu” kimi qeyd edildiyindən müəyyən idarə və təşkilatlarda sənədləşdirmə işləri aparanda maneələr yaranır, soyadında uyğunsuzluq olduğundan iddiaçıya tələb etdiyi sənədləri vermirlər və onun şəxsiyyətini müəyyən edən sənədlərin baza hissəsində soyadının “Ağabalayev” kimi qeyd edildiyindən bu uyğunsuzluqları aradan qaldırmaq üçün öz əvvəlki soyadı olan “Ağabalayev” soyadını qəbul etmək qərarına gəlmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasəncavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - İddiaçıya məxsus nikah haqqında şəhadətnamədə,hərbi biletdə iddiaçının soyadının “Ağabalayev” kimi qeyd olunduğu müəyyən edildi. -İddiaçıya məxsus doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində soyadının “Ağabalaoğlu” kimi qeyd olunduğu müəyyən edildi. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə X4 tərəfindən heç bir məhdudiyyət olunmamışdır. Məhkəmənin sorğusuna əsasən Xaçmaz rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki,İddiaçı axtarışı və məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı doğum haqqında akt qeydində dəyişiklik aparılması və müvafiq şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh özünün xx.xx.2022-ci il tarixli məktubu ilə imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 5.1. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 5.3. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. 5.4. Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. 5.10. Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Azərbaycan Respublikası Milli Məclisinin 02 fevral 1993-cü il tarixli, 495 nömrəli Qərarı:
1. Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.
2. Azərbaycan Respublikasının vətəndaşları soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək hüquqi əhəmiyyəti olan bütün sənədlərdə soyadlarının yeni ifadə formalarını işlədə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İşdən görünür ki, iddiaçı soyadının “Ağabalaoğlu”dan “Ağabalayev”ə dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan isə soyadın dəyişdirilməsindən imtina edərək, 05/Q-396 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 31 may tarixli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.10-cu bəndinə istinad edərək soyadın sonluğunun növbəti dəfə dəyişdirilməsinə yol verilmədiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının atasının soyadı “Ağabalayev”, anasının soyadı “Ağabalayeva” olmuşdur. İddiaçının soyadı da doğum haqqında şəhadətnamə verilərkən atasının soyadına uyğun “Ağabalayev” kimi qeyd edilmişdir. İddiaçı hətta atasının doğum haqqında şəhadətnaməsini təqdim etmiş və atasının və onun valideynlərinin də soyadı müvafiq olaraq “Ağabalayev” və “Ağabalayeva” olmuşdur. Məhkəmə hesab edir ki, hazırkı mübahisə soyadın dəyişdirilməsi ilə deyil, soyad sonluğunun dəyişdirilməsi ilə bağlıdır. İddiaçının əvvəlki soyadına qayıtmaq istəməsi, iddiaçının soyad sonluğuna növbəti dəfə dəyişiklik edilməsi kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsində qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Yuxarıda sadalanan normalardan görünür ki, Azərbaycan Respublikası vətəndaşlarının soyadının sonluğuna dəyişiklik edilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. İddiaçı da ona verilmiş bu hüquqdan istifadə edərək inzibati orqana müraciət etmişdir. Bundan başqa məhkəmənin sorğusuna əsasən Quba rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Quba rayonu l Nügədi kəndində yaşayan X1 məhkumluğu barədə DİN-in BƏSİİ-nin məlumat bazasında məlumat qeydə alınmamışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd nəzarəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, X1 Azərbaycan Respublikası hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət qoyulmamışdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69,75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı doğum haqqında akt qeydində soyadının “Ağabaloğlu” əvəzinə “Ağabalayev” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova