Məhkəmə qərarları › İş №2-1(118)-2802/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2802/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2802/2023 28.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına qarşı “AR Nazirlər Kabineti tərəfindən 2 illik putyovka xərclərinin verilməsinin təmin olunması və 24000 (iyirmi dörd) min manat dəymiş maddi və mənəvi ziyanın ödənilməsi vəzifəli şəxslərinin üzərinə öhdəlik qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Prezidentinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının hərəkətsizliyinin aradan qaldırılmasına məcbur edilərək karantin rejimin aradan qaldırılması, qərarların ləğv olunması, putyovkaların verilməsinin təmin olunması və 4000 manat dəymiş maddi və mənəvi ziyanın ödənilməsinin vəzifəli şəxslərin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin № 2-1(112)-4394/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı ərizəsində qeyd edir ki, AR Konstitusiyasının 1,7,8,12,24-26,28,29,31- 33,35,43,46,56,57,60,68,71-ci maddələrinə əsasən AR-da dövlətin yeganə mənbəyi xalqdır ,hüquqi dövlətdir, AR prezidenti vətəndaş hüquq və azadlıqlarının qorunmasının və tərəfdaş çıxdığı müqavilələrə riayət olunmasının təminatçısıdır, dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir,hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqları vardır, qanun qarşısında hamı bərabərdir, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, əmək, mənzil, şərəf və ləyaqətinin qorunması, seçki, müraciət hüququ vardır, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir, heç kəs qanunsuz təqib edilə bilməz, cinayət, habelə hakimiyyətdən suiistifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur, zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödnilməsini tələb etmək hüququ vardır, konstitusiyada təsbit edilmiş insan hüquq və vətəndaş hüquqlarının və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur, lakin bunların heç birinə əməl olunmur, fiksiyadır. Belə ki, iddiaçının müraciətlərinə AR prezident administrasiyası, Nazirlər kabineti konstitusiyanın maddələrinə məhəl qoymur, onları pozur, onlara qarşı ərizə ilə məhkəməyə müracət etmişdir, lakin əksinə olaraq iddiaçı və ailə üzləri təqiblərə məruz qalmışdırlar, bu da onu sübut edir ki, hakimiyyətə qarşı işlərə baxmaq istəmirlər, onların hərəkətlərinə qanuni qiymət verilmir, onların nəticəsində əmələ gəlmiş qanunsuzluqların-qəbul edilmiş qərarların ləğv etməyinin onların üzərinə qoyulmalı , qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi ziyanın ödənilməsini barədə qərar qəbul olunmalıdır. Belə ki, ölkədə konsititusiya zidd olaraq heç bir qanun olmadan tətbiq edilmiş karantin rejiminin və Covidə görə vaksin vurdurmayan şəxslərin 01 sentyabr 2021-ci il tarixindən işə buraxılmaması qərarına görə oğlu İsayev İsanı həmin tarixdən işə buraxmamışdırlar, ondan qabaq da allerqiyaya görə arayış alınması üçün müraciətlərinə də Quba mərkəzi xəstəxanasından bildirilmişdir ki,onlara göstəriş verilməmişdir (ərizələr əlavə olunur), tibbi karta da qəsdən itirilmişdir, yalnız rəsmi orqanlara kəskin müraciətlərdən sonra 5 saylı xəstəxanaya göndəriş verilmişdir, lakin həmin dövlət xəstəxanasında da avandanlıqların olmamaması səbəbindən onlar öz xərclərini özəl klinikada analizləri verdikdən sonra onda allerqiyanın normadan həddən artıq olduğu müəyyən edilmiş, həkim-allerqoloq da bildirmişdir ki,vaksin vurmaq olmaz, iki aylıq müalicə təyin edilmişdir,lakin səhiyyə nazirliyinə göndərilən bildirişə isə şikayət etdilərinə görə qərəzli olaraq imtina göndərilmişdir. AR Konstirusiyasının və AİHAHK-nın maddələrinə görə də heç qanun olmadan karantin rejimi tətbiq edilə, vaksin olunmağa məcbur edilə bilməz və buna görə də heç bir məhdudiyyət qoyula bilməz. Həmçinin iddiaçının və həyat yoldaşının sənədləri göndərilsə də onlara vaksinə görə əks göstəriş sertifikatı verilməmişdir. İddiaçı 2017-ci ildə insult keçirmişdir, həkimin təyinatına əsasən ona sanatoriyaya müalicəyə putyovka verilmişdir, bu il də ona sanatoriya putyovkanın alınması üçün göndəriş verilmişdir, lakin Nazirlər kabinetinin qanunsuz qərarına əsasən iddiaçını sanatoriyaya müalicəyə buraxmırlar.Həmçinin qanunsuz qərarlara görə onları dövlət orqanlarına qəbula və məhkəmələrə buraxmamışdırlar. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Prezidentinin hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının hərəkətsizliyinin aradan qaldırılmasına məcbur edilərək karantin rejimin aradan qaldırılması, qərarların ləğv olunması, putyovkaların verilməsinin təmin olunması və 4000 manat dəymiş maddi və mənəvi ziyanın ödənilməsinin vəzifəli şəxslərin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət edilmiş, lakin məhkəmədə iştirak etməmiş, məhkəməyə əlavə ərizə göndərmişdir. Həmin ərizədə eyni əsasları sadalamış əlavə olaraq qeyd etmişdir ki, həmin faktlara görə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmədə iddianın mümkünlüyü barədə arşdırılması üçün bildiriş göndərilmişdir. Həmin iş üzrə iddia mümkün sayılmalı, əsas cavabdeh Nazirlər Kabineti hesab edilməli, onların məhkəmə iclasında iştirakı təmin olunmalı, iddiaçının sanatoriyada müalicə xərclərinin ödənilməsi üçün qərar qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq AR Nazirlər Kabineti tərəfindən 2 illik putyovka xərclərinin verilməsinin təmin olunması və 24000 (iyirmi dörd) min manat dəymiş maddi və mənəvi ziyanın ödənilməsi vəzifəli şəxslərinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçı tələblərində qeyri müəyyənliklər var, iddiaçı hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət edilsədə məhkəmədə iştirak etməmişdir. Ərizədən görsənir ki, iddiaçı özündən başqa arvadının və oğlununda hüquqlarının pozulduğunu bildirir və ona uyğun olaraq tələblər irəli sürür. Məhkəmə qeyd edir ki, iddiaçı ancaq özünün hüquqları ilə bağlı tələblər irəli sürə bilər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Hazırki iş üzrə iddiaçı oğlunun və arvadının hüquqlarının pozulması ilə bağlı tələblər irəli sürür, lakin iddiaçının belə bir tələblər irəli sürməyə subyektiv hüququ yoxdur. Bundan əlavə ziyanla kompensasiya tələbləri ilə bağlı cavabdeh inzibati orqana müraciət edilməsi tələb edilir. Lakin iddiaçının belə bir müraciətinin olması müəyyən edilmir. Bundan əlavə iddiaçının tələbini yönəltdiyi orqan olaraq Azərbaycan Nazirlər Kabinetinin cavab verməli orqan olması ilə bağlı hər hansı bir hüquqi əsas göstərilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar