Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2803/2022 19.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Ramiz qızının katibliyi, İddiaçı Ruslan oğlunun (Şabran rayonu, Xırdaoymaq kəndində yaşayan) və vəkili X12 (Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan ) Cavabdehin nümayəndəsi X13 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində Hüquq şöbəsinin müdiri işləyən, Xaçmaz şəhəri, Ş.Sultanov küçəsi ev 57-də yaşayan) iştirakı ilə, İddiaçı Ruslan oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Şabran rayonu Xırdaoymaq kəndindəki 0.37 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və həmin torpaq sahəsinin mərhum Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Ruslan oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Şabran rayonu, Xırdaoymaq kəndində yerləşən, Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızına məxsus 0.37 ha həyətyamı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin daşınmaz əmlaka dair daşınamz əmlakın dövlət reeystrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Şabran rayonu, Xırdaoymaq kəndindəki 0.37 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və həmin torpaq sahəsinin mərhum Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran (keçmiş Dəvəçi) rayon Beynəlmiləl kənd XDS İcraiyyə Komitəsinin 1986-1990-cı illərdə Xırdaoymaq kəndi üzrə tərtib edilmiş təsərrüfatbaşına kitabında iddiaçının nənəsi Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızının təsərrüfatı qeydə alınmışdır. Həmin təsərrüfatda 1970-ci ildə tikilmiş ümumi yaşayış evi və 1986-1990-cı illər üçün 0,37 ha həyətyanı sahə göstərilməklə tək Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızı qeydə alınmışdır. Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızı xx.xx.1989-cu il tarixdə vəfat etmiş, həmin daşınmaz əmlaka dair ilkin hüquqməyyənedici sənədin olmasına baxmayaraq, o, sağlığında həmin daşınmaz əmlaka dair adına qeydiyyat vəsiqəsi almamışdır. İddiaçının müraciəti, qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və digər təsdiqedici sənədlər əsasında vəfat etmiş nənəsi Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızının adına vərəsəlik işi açılmışdır. Şabran rayon Notariat Ofisi tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli məktubla müraciət olunaraq göstərilən əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın sorğu verən vərəsə İddiaçı vasitəsilə Şabran rayon Notariat Ofisinə təqdim edilməsi xahiş edilmişdir. Həmçinin iddiaçı qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh quruma müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə imtina məktubu verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X19 iddianı qəbul etmədi və izah etdi ki, Şabran rayonu Beynəlmiləl kənd XDS İcraiyyə Komitəsinin 1986-1990-cı illərdə Xırdaoymaq kəndi üzrə tərtib edilmiş təsərrfatbaşına kitabda vətəndaş X3 adına qeydə alınmış 0,37 ha torpaq sahəsinin yerləşdiyi ərazinin 1:10000, 1:2000 miqyasda yerquruluşu sxemləri əlavə olunmamışdır. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan : -Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 203 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Şabran (keçmiş Dəvəçi rayon Beynəlmiləl kənnd XDS icraiyyə Komitəsinin 1986- 1990 - ci illərdə Xırdaoymaq kəndi üzrə tərtib edimiş təsərrüfatbaşına kitabında X4 təsərrüfatı qeydə alınmışdır. Lakin həmin kitabda ailə başçısının adının üstündən xətt çəkilib - Soltanov Soltan adı yazılmışdır.Şəxsi hesab №
556. Həmin təsərrüfatda 1970-ci ildə tikilmiş ümumi yaşayış evi və 1986-1990-cı illər üçün 0,37 ha həyətyanı sahə göstərilməklə tək X8 qeydə alınmışdır. - AZ-İİ № 151653 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1989cu ildə vəfat etmişdir. -Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X5 1944-cü ildə anadan olmuşdur. X2,anası X6r. - AZ-İİ № 267154 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2003cü ildə vəfat etmişdir. - İX –ЖГ № doğum haqqında şəhadətnamədən görünür ki,İddiaçı Sutan oğlu xx.xx.1983-cü ildə anadan olmuşdur. X1, anası X14r.
ƏSASLANDİRMA HİSSƏSİ
Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə qeyd edir ki, cavabdeh izniabti orqanın imtina cavabında göstərdiyi dəlil torpaq sahəsinin sərhədlərini əks etdirən ölçülərin və yerquruluçu planınddan çıxarışın təqdim edilməməsindən ibarətdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq -6- təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: .... 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Məhkəmə cavabdehin iddiaçı tərəfindən yerquruluşu sxeminin təqdim olunmaması kimi dəlilini formal xarakterli hesab edir. Belə ki, mübahisəli torpaq sahəsi iddiaçının faktiki istifadəsində və qanuni sahibliyindədir, naturada mövcuddur. Cavabdeh orqan özü iddiaçının təqdm etdiyi torpaq sahəsini müayinə edərək həmin torpaq sahəsi olubolmamasını müəyyən edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Şabran rayonu, Xırdaoymaq kəndindəki 0.37 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və həmin torpaq sahəsinin mərhum Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Şabran rayonu Xırdaoymaq kəndindəki 0.37 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və həmin torpaq sahəsinin iddiaçının mərhum nənəsi Güləliyeva (Hüseynova) Mənsumə Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova