Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2803/2023 08.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı “Xüsusi Dövlət Mühafizə Xidmətinin xx.xx.2014-cü il tarixli, 227 saylı əmrinin ləğv edilməsi, hərbi uyğunsuzluğun üzərindən götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı “Xüsusi Dövlət Mühafizə Xidmətinin xx.xx.2014-cü il tarixli, 227 saylı əmrinin ləğv edilməsi, hərbi uyğunsuzluğun üzərindən götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü ildə Sabirabad rayonunda anadan olmuş, 2003-cü ildə Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində və 2011 -ci ildə isə Azərbaycan Müəllimlər İnstutunda təhsil almışdır.Sonradan hərbi xidmətə getmiş və orada qalıb hərbi xidmət etmiş, hərbi xidmətlərinə görə Leytenant rütbəsi almışdır.Vətənimə layiqli, vicdanla xidmət etmiş, xidmət dövründə heç bir səhvə yol verməmiş, lakin əskərlərdən birinin səhvinə görə, ona aidiyyəti olmayan bir məsələylə bağlı haqsızlıq edilərək, Xüsusi Dövlət Mühavizə Xidmətinin rəsmən xx.xx.2014 tarixli, 227 saylı əmri ilə 156 41/4 xidməti uyğunsuzluq ilə buraxılmışdır. Onun Xüsusi Dövlət Mühafizə Xidmətindən qanunsuz təxris edilməyinə və hazırda xidmətə bərpa edilməyinə köməklik göstərilməsinə dair xx.xx.2020-ci il tarixli7/516 nömrəli müraciəti Azərbaycan Respublikası Hərbi Prokurorluğuna daxil olmuş və baxılmışdır. Orada ona izah olunmuş ki, mübahisələ məsələni yalnış məhkəmə qaydasında həll edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı XDMX rəisinin xx.xx.2014-cü il tarixli 106 ş/h nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı XDMX rəisinin xx.xx.2014-cü il tarixli 106 ş/h nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. İstinad olunan maddəyə müvafiq olaraq, hərbi qulluqçuların buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, o cümlədən XDMX-nin, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir.İddiaçı barəsində aparılmış müvafiq araşdırmanın nəticəsinə görə hərbi xidmətdən ehtiyata buraxılarkən əlavə olaraq ona şifahi məlumat verilmiş, eləcə də icraatında olan işlərin və digər maddi əmlakın təhvil-təslimi üçün ona qeyd vərəqəsi təqdim olunmuşdur.Sözügedən sənəddə aidiyyəti struktur bölmələrlə keçirilən təhvil-təslimin nəticəsi barədə qeydlər aparılmışdır. Beləliklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə əmr “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 165-ci maddəsinə əsasən, xx.xx.2014-cü il tarixində İddiaçı elan olunmuşdur. Əmrin elan olunduğu vaxtdan hesab olunduqda isə iddianın qaldırılması müddəti buraxılmışdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən əmr qəbul edildikdən sonra iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəmədə mübahisələndirməmişdir. Nəzərə alınmalıdır ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin xx.xx.2014-cü il tarixli, 227 saylı əmrin narazı qalan iddiaçı ilk olaraq 2020-ci ildə prokurorluq orqanlarına şikayət etmiş, lakin prokurorluq orqanları iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Daha sonra iddiaçı müvafiq əmrin ləğv edilməsi üçün xx.xx.2022-ci ildə məhkəməyə müraciət etmişdir. Mübahisə predmeti olan xx.xx.2014-cü il tarixli, 227 saylı əmrlə iddiaçı 2014-cü ildə tanış olmuş, məhkəməyə iddia ərizəsi ilə isə xx.xx.2022-ci ildə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və Xüsusi Dövlət Mühafizə Xidmətinin xx.xx.2014-cü il tarixli, 227 saylı əmrinin ləğv edilməsi üçün məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı “Xüsusi Dövlət Mühafizə Xidmətinin xx.xx.2014-cü il tarixli, 227 saylı əmrinin ləğv edilməsi, hərbi uyğunsuzluğun üzərindən götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2803/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2803/2023
08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver