Məhkəmə qərarları › İş №2-1(118)-2805/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2805/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2805/2022 20.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr ərzində əlillik dərəcəsinə uyğun sosial müavinətin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr ərzində əlillik dərəcəsinə uyğun sosial müavinətin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edlməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin yanvar ayından 5 il müddətinə ümumi səbəblərdən iddiaçıya 2-ci dərəcə əlillik müəyyən edilmiş və o 5 il ərzində həmin əlillik dərəcəsinə görə aylıq sosial müavinat almışdır. 28 iyun 2021-ci il tarixində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində iddiaçıya 3-cü əlillik dərəcəsi müəyyən edilmiş və bu əsasla ona həmin tarixdən bu əlillik dərəcəsinə uyğun sosial müavinat ödənilir. İddiaçı əlilliyin təkrar müəyyən edilməsi üçün keçirilmiş 6 ay ərzində əlilliyə görə müavinət almamışdır. Qeyd olunan məsələ ilə bağlı cavabdehə edilən müraciətinə cavab olaraq iddiaçıya bildirilmişdir ki, “Sosial müavinatlar haqqında” Qanunun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinat - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüquququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Bildirilmişdir ki, qeyd olunan maddənin tələblərinə uyğun olaraq, iddiaçıya xx.xx.2016-cı il tarixdən 2-ci dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və əlilliyinin müddətinin bitməsi ilə əlaqədar müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Həmin cavabda daha sonra qeyd olunmuşdur ki, X1 Sisteminin Əlillik altsisteminə əsasən iddiaçının təkrar müayinəsi əsasında xx.xx.2021-ci il tarixdən müddətsiz olaraq 3-cü dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq ona xx.xx.2021-ci il tarixdən müddətsiz 3-cü dərəcə əlilliyə görə sosial müavinat təyin edilmişdir. Həmçinin “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Qanunda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Qanuna 3.3.1-ci madənin əlavə olunmasını əsas gətirərək həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla əlilliyi olan şəxs hesab olunur tələbini əsas gətirərək iddiaçının təkrar müəayinəsi əsasında 3-cü əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdən müəyyən olunduğu üçün ərizədə qeyd etdiyi dövr ərzində müavinətin təyin edilərək ödənilməsinin mümkün olmaması qeyd olunmuşdur. Hesab olunur ki, bütün bunlar tam əsassızdır. Belə ki, iddiaçı əlillik dərəcəsini mübahisələndirmir. Lakin hər bir halda o, qeyd olunan buraxılmış müddət (əlilliyinin yenidən müəyyən olunmasına qədər olan 6 aylıq müddət) ərzində əlil olaraq qalmışdır. Əlillik dərəcəsində dəyişiklik olunub. Bu isə iddiaçı tərəfindən mübahisələndirilmir. Həmin dövr ərzində iddiaçı əlil olaraq qalmışsa (əlilliyin dərəcəsindən asılı olmayaraq) hansı prinsiplər əsas götürülərək müavinətdan məhrum olunmuşdur. İddiaçı göstərilən 6 ay ərzində də əlil olmuşdur, əlilliyi itməmişdir. Hər hansı bir şəkildə vətəndaşın vəziyyətini ağırlaşdıran qanunun geriyə şamil olunmaması, vəziyyəti yaxşılaşdıran qanunun isə geriyə şamil olunması prinsipləri nəzərə alınaraq qeyd olunur ki, cavab qeyri-qanunidir, əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ümumi səbəblərdən 2-ci dərəcə əlllilik təyin edilmiş və həmin müddətdən sosial müavinət almışdır. Daha sonra iddiaçıya 28 iyun 2021-ci il tarixdə əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində 3-cü dərəcə əlillik müəyyən edilmiş və bu əsasla sosial müavinət almışdır, iddiaçı xx.xx.2022-ci il tarixdə inzibati orqana müraciət edərək, ona əllilliyin təkrar müəyyən edilməsi üçün keçirilmiş 6 ay ərzində ala bilmədiyi (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) əliliyə görə təyin olunmuş müavinətin hesablanaraq ödənilməsi üçün müraciət etmişdir. İddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli **********8 saylı cavab məktubunda iddiaçının 3-cü dərəcə əlilliyi xx.xx.2021-ci il tarixdən müəyyən edildiyi üçün həmin dövrlər üzrə sosial müavinətin hesablanaraq ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur. (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 356- VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. İstinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili, işin faktiki halları və iddiaçının iddia ərizəsindən də göründüyü kimi, iddiaçının əlillik müddətinin bitməsindən sonra 3-cü dərəcə əlilliyi xx.xx.2021-ci il tarixdən müəyyən edildiyinə və qanuna sözügedən dəyişiklik xx.xx.2021-ci il tarixdə edildiyinə görə (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli AR Qanununa əsasən) iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə sosial müavinətin hesablanaraq ödənilməsi qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh orqan iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etirazla eyniməzmunlu izahat verərək təmin olunmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daxildir: • İş materiallarında olan cavabdeh orqanın xx.xx.2022-ci il tarixli, **********8 saylı məktubundan görünür ki, iddiaçının müraciətindən imtina olunmuşdur. • İşdə olan 12 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarına əsasən iddiaçıya ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə əlillik verilmişdir (TSEK-in diaqnozu: hər iki daban sümüyünün sınığı, hər iki aşıq-baldır oynağının kontukturası, hər iki a/ə funksiya pozğunluğu, şəkərli diabet İİ tip, ağır gedişli, hipertoniya İİ). • 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. • 25 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçıya əlavə müalicəyə ehtiyacın olması səbəbindən imtina verilmişdir. • Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçıya ümumi xəstəlik səbəbindən müddətsiz olaraq üçüncü dərəcə əlillik verilmişdir (TSEK-in diaqnozu: aşağı ətrafın digər sınıqların nəticələri, hər iki daban sümüyünün qeyri düzgün bitişmiş sınığından sonra hər iki aşıq baldır oynağının ankilozu, hərəkət həcmi sıfır). Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İşdən göründüyü kimi hazırkı işdə iddianı mümkünsüz edən hər hansı bir hala rast gəlinməmişdir. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. İş materiallarından göründüyü kimi iddiaçı əvvəllər ikinci qrup əlil olmuş, hazırda isə üçüncü qrup əlildir. İlkin olaraq iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək İİ dərəcə əlilliyə görə müavinət təyin edilmişdir. Həmin əlilliyin müddətinin bitməsi səbəbindən müavinətin ödənilməsi xx.xx.2021-ci il tarixdən etibarən dayandırılmışdır. Daha sonra iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdən müddətsiz olaraq yenidən bərpa edilmiş və həmin tarixdən İİİ dərəcə əlilliyə görə müavinət təyin edilmişdir. Beləliklə, iddiaçıya xx.xx.2021-ci il tarixdən müddətsiz əlilliyin təyin olunmasına qədər olan müddət (xx.xx.2021) aralığında əlilliyə görə müavinət ödənilməmişdir. Bununla bağlı iddiaçı tərəf müvafiq olaraq cavabdeh orqana müraciət etməsinə baxmayaraq, cavabdeh orqan əlilliyin təkrar qiymətləndirilməsi tarixindən, yəni xx.xx.2021-ci il tarixdə yenidən bərpa edildiyindən müavinətin həmin tarixdən ödənilməli olmasını əsas gətirərək iddiaçının müraciətindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətindən imtinası əsaslı olmadığından iddia təmin edilməlidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər (3.1.). “Əmək pensiyaları haqqında’’ Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının (TSEK) müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir (3.1.). Şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (3.3.). Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir ( 3.3-1.). Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının ərizəsinin təmin edilməsinə dair etirazı əsassızdır. Hazırkı iş üzrə iddiaçının üçüncü dərəcə əlil olması işin mübahisəsiz tərəfidir, yəni iddiaçının əlil olması mübahisələndirilmir. Belə ki, xx.xx.2016-xx.xx.2021 və xx.xx.2021-ci illər üzrə iddiaçıya əlillik təyin edilmişdir. xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək 6 aylıq müddət ərzində iddiaçıya əlilliyin yenidən təyin edilməsinin uzanması iddiaçının təqsiri deyildir. Yəni, 6 ay ərzində iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun İİİ dərəcə əlilliyi müəyyən edildiyi üçün ötürülmüş həmin müddət də daxil olmaqla iddiaçı əlilliyi olan şəxs hesab edilir. Həmin 6 aylıq müddət ərzində iddiaçıya müavinətin ödənilməməsi onun hüquqlarının və qanuni mənafeyinin pozulmasına səbəb olar. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ötürülmüş 6 ay müddətində TSEK-ə əlilliyin müəyyən edilməsi ilə bağlı müraciətlər etmiş, lakin Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə ona əlilliyin verilməsindən imtina edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iddiaçı iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır, iddiaçıya əlilliyə görə ödənilmiş müavinətin dayandırıldığı xx.xx.2021-ci il tarixdən yenidən bərpa edildiyi xx.xx.2021-ci il aralığında olan dövr üçün əlillik müavinətinin iddiaçıya ödənilməsi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr ərzində əlillik dərəcəsinə uyğun sosial müavinətin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar