Məhkəmə qərarları › İş №2-1(118)-2809/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2809/2022

26.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2809/2022 26.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Quba rayonu Püstə-qasım kəndində yaşayan), Cavabdehin nümayəndəsi X2 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində Hüquq şöbəsinin hüquq məsləhətçisi işləyən, Xaçmaz şəhəri, Füzuli küçəsi, ev 16-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayonu Püstə-qasım kəndi ərazisində “Püstəqasım” kolxozunun 24 mart 1995-ci il tarixli, 04 saylı ümıımi yığıncağının qərarı və xx.xx.1997-ci il tarixli təhkim aktı ilə ayrılmış Quba rayonu Püstə-qasım kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 0,12 ha həyətyanı torpaq sahəsi üçün adına çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Quba rayonu Püstə-qasım kəndi ərazisində “Püstəqasım” kolxozunun 24 mart 1995-ci il tarixli, 04 saylı ümıımi yığıncağının qərarı və xx.xx.1997-ci il tarixli təhkim aktı ilə ayrılmış Quba rayonu Püstə-qasım kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X3 filialının verdiyi 13 oktyabr 2021-ci il tarixli 1005 nömrəli arayışında göstərilir ki, Quba rayonu Püstə-qasım kəndi ərazisində “Püstəqasım” kolxozunun 24 mart 1995-ci il tarixli, 04 saylı ümıımi yığıncağının qərarı ilə ərizə vermiş 34 nəfər vətəndaşa həyətyanı torpaq sahəsi vermək üçün torpaq sahəsi ayrılmışdır. Lakin torpaq alacaq vətəndaşların siyahısı protokola əlavə edilməmişdir. Yerli aqrar islahat komissiyasının üzvləri - Qulu Mustafayev, Mustafaqulu Mustafayev, Mübariz Güləliyev, Rustov İƏV-nin nümayəndəsinin müavini Rasim Mahmudov və iddiaçının iştirakı ilə tərtib 21 fevral 1997-ci il tarixdə tərtib etdiyi aktla, “Püstəqasım” kolxozunun 24 mart 1995-ci il tarixli 04 saylı ümumi yığıncağının qərarına əsasən 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Quba rayonu Rustov bələdiyyəsinin 1:10000 və 1:2000 miqyaslı təqdim etdiyi kəndin plan-xəritəsindən etdiyi çıxarışdan da görünür ki, həmin 0,12 ha torpaq sahəsi onun adına ayrılmışdır. Lakin o, hələ də həmin torpaq sahəsi üçün çıxarış ala bilmir. Şifahi məhkəmə baxışından iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq izah etdi ki, o, 1991-ci ildə Leninqrad şəhərindən deportasiya olunduqdan sonra Azərbaycana qayıtmışdır. 1992-ci ildə ona yaşadığı kənddən torpaq sahəsi ayrılmışdır. Daha sonra həmin torpaq sahəsini və inşasına başladığı evin özülünü sel yuyub aparmışdır. Bundan sonra təkrar müraciətindən sonra 1997-ci ildə hazırda istifadəsində olan 0.12 ha torpaq sahəsi ayrılmışdır. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının müraciətinə xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, onun tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməsi mümkün olmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi torpağın təhkim edilməsinə dair akt torpaq sahəsinin mülkiyyət hüquqlarının əldə edilməsi üçün əsas deyildir. İş materiallarında olan : - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ləğv edilmiş DTXK tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatlarına əsasən onun adına “Torpağa mülkiyyətə dair dövlət aktı”nın və “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv nüsxəsi aşkar edilməmişdir. - X3 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Püstəqasım kolxozunun 24 mart 1995-ci il tarixli 4 saylı ümumi yğıncağının qərarı ilə ərizə vermiş 34 nəfər vətəndaşa həyətyanı torpaq sahəsi vermək üçün torpaq sahəsi ayrılmışdır. Lakin torpaq alacaq vətəndaşların adlı siyahısı protokola əlavə edilməmişdir. - Quba rayonu Püstə-qasım kənd bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu xəritəsindən çıxarışdan görünür ki, İddiaçı ayrılan 0.12 torpaq sahəsi göstərilmişdir. - X3 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Püstəqasım kolxozuna ərizə vermiş 34 nəfər vətəndaş üçün “Ağababa” sistemsiz bağ sahəsindən 0,48 ha, “Qandalaşluq” bağ sahəsindən 2,08 ha, biçənək sahəsindən 2,60 ha, əkin sahəsindən 0,96 ha həyətyanı torpaq sahəsi üçün asudə torpaq fondu ayrılması qərara alınmışdıır. Püstəqasım kolxozunun 24 mart 1995-ci il tarixli 4 saylı protokoluna adlı siyahı əlavə edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasəlar sadalanmışdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən həmin əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur. İddiaçı iddia tələbinin əsası kimi Quba rayonu “Püstə-qasım” kolxozunun 24 mart 1995-ci il tarixli 04 saylı ümumi yığıncağının qərarına və torpaq sahəsinin təhkim edilməsinə dair xx.xx.1997-ci il tarixli akta istinad edir. Həmin aktda Quba rayonu Püstəqasım kolxozunun xx.xx.1995-ci il tarixli ümumi yığıncağın qərarına əsasən “Qandalaşluq” torpaq sahəsindən 0.12 ha həyətyanı torpaq sahəsininn İddiaçı təhkim edildiyi göstərilmişdir. Lakin məhkəmənin sorğusuna cavab olaraq X4 filialı Quba rayonu “Püstə-qasım” kolxozunun 24 mart 1995-ci il tarixli 04 saylı ümumi yığıncağının qərarında 34 nəfər vətəndaşa torpaq sahəsinin ayrılması göstərilsə də, qərara vətəndaşların adlı siyahısı əlavə edilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi torpağın təhkim aktı hüquqmüəyyənedici sənəd deyildir və iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas ola bilməz. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsinə hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 1999-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yerquruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər.Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər.Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. Beləliklə, göstərilən normaların məzmunundan göründüyü kimi, qanunverici hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir. İddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsi üçün əsaslardan biri, yəni torpağın ayrılmasına dair qərar (sərəncam, əmr və s.) mövcud olmadığından onun həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasına dair iddiası təmin edilməməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın İddiaçı verdiyi imtina cavabı mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar