Məhkəmə qərarları › İş №2-1(118)-281/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-281/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-281/2024 09.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçılar İddiaçı1, İddiaçı2 və Niftəliyeva (Əzizova) Nargilə Sərdar qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “26 noyabr 1998-ci il tarixli JN-962 KOD ******* saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə onlara məxsus Quba rayonu, Ərməki kəndində yerləşən 1.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və Niftəliyeva (Əzizova) Nargilə Sərdar qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “26 noyabr 1998-ci il tarixli JN-962 KOD 30307028 saylı Torpağa Mülkiyyət Hüququna X9 ilə Quba Rayon Ərməki kəndində yerləşən 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı, həmçinin digər iddiaçıların nümayəndəsi İddiaçı1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “26 noyabr 1998-ci il tarixli JN-962 KOD ******* saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə onlara məxsus Quba rayonu,Ərməki kəndində yerləşən 1.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 04 N-li qərarı ilə Quba Rayonu Ərməki kəndi ərazisində 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq onların mülkiyyətinə ayrılmış və adlarına mülkiyyət hüquqlarını təsdiq edən Torpağa Mülkiyyət Hüququna X9 verilmişdir. Adlarına verilən JN-962 X7 cavabdehin arxiv məlumatlarında texniki səhv olaraq JN-8420 kimi qeyd edilmişdir. İddiaçı qeyd olunan uyğunsuzluğun aradan qaldırılması və adlarına çıxarışın verilməsi üçün cavabdeh təşkilata müraciət etmiş və ərizəsi cavabdeh tərəfindən təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmaqla, onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş iddiaçı, həmçinin digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı1 Quba rayonu, Ərməki kəndi ərazisində yerləşən JN-962 nömrəli "Torpağa mülkiyyət hüququna X9nda" qeyd olunan 1.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə 11.11,2022-ci il tarixli, **********39 nömrəli məktubla bildirilmişdir ki: "Ərizənizə əlavə olunmuş JN-962 nömrəli "Torpağa mülkiyyət hüququna X9" ərazi İdarəsi tərəfindən araşdırılmışdır. Məlumat üçün bildiririk ki, qeyd olunan JN-962 nömrəli "Torpağa mülkiyyət hüququna X9" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Bundan əlavə "xxxx" MMC-nə ünvanlanmış sorğuya cavab olaraq JN-962 nömrəli "Torpağa mülkiyyət hüququna X9” barədə hər hansı məlumatın aşkar edilmədiyi bildirilmişdir. Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. ” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxarıda qeyd edildiyi kimi, JN-962 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna X9" elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb- düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - “Torpağa mülkiyyət hüququna dair” JN-962 KOD ******* saylı dövlət aktından görünür ki, Quba rayonu, Ərməki kəndində yerləşən 1.02 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Quba rayon Aqrar İslahat Komissiyasının 04 nömrəli, 03 may 1997-ci il tarixli qərarı əsasında İddiaçı1, İddiaçı2 və X1 mülkiyyətinə ayrılmışdır. - AZ-İ № 890829 saylı, 09 sentyabr 2013-cü il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 ilə X2 arasındakı nikah 09 sentyabr 2013-cü il tarixdə 385 nömrə ilə qeydə alınmışdır, nikah bağlandıqdan sonra ərə “Əzizov”, arvada “Əzizova” soyadı verilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş "xxxx" MMC-nin 25 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Quba rayonu, Ərməki kəndi üzrə torpaq sahəsinə dair subyektlərin siyahısından İddiaçı1 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarış məhkəməyə təqdim edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Dövlət X5 25 avqust 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Quba RİHB-nın Amsar İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Ərməki kəndi üzrə 12 saylı təsərrüfatbaşına kitabında vətəndaş İddiaçı1 1006 saylı təsərrüfat başçısı olub, onun xüsusi mülkiyyətində 1999-2000-ci illərdə 1.02 ha pay torpağının olduğu qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı1 və onun ailə üzvlərinin istifadəsində olan 1.02 ha pay torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) JN-8420 nömrə ilə öz əksini tapmışdır; JN-962A və JN-962C cizgilərdə öz əksini tapdığı 8420 nömrə ilə qeyd edilən torpaq sahələri iddiaçı və onun ailə üzvlərinin istifadəsində olan 1.02 ha torpaq sahəsi ilə, eyni zamanda JN962 KOD 30307028 saylı “Torpağa mülkiyyət hüququna X9”nda qeyd edilən 1.02 ha torpaq sahəsi ilə eyni torpaq sahələridir; Quba rayon Aqrar İslahat Komissiyasının 04 nömrəli, 03 may 1997-ci il tarixli qərarı ilə iddiaçılara ayrılmış 1.02 ha torpaq sahəsi ilə elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) JN-8420 nömrə ilə üst-üstə düşür; mübahisəli torpaq sahəsindən heç bir yüksək gərginlikli elektron xətti keçmir, mühafizə zolağında yerləşmir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 11 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Xaçmaz İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 11 noyabr 2022-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Quba rayon Aqrar İslahat Komissiyasının 04 nömrəli, 03 may 1997-ci il tarixli qərarı Quba rayonu, Ərməki kəndi ərazisində yerləşən 1.02 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və X1 mülkiyyətinə ayrılmışdır. Qeyd olunan qərar əsasında onların adına JN962 KOD 30307028 saylı “Torpağa mülkiyyət hüququna X9” tərtib edilmişdir. İddiaçılar qeyd edilən hüquq müəyyənedici sənəd əsasında cavadeh orqana müraciət edərək, Quba rayonu, Ərməki kəndində yerləşən 1.02 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh orqan 11 noyabr 2022-ci il tarixli bildirişi ilə iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi JN962 KOD 30307028 saylı “Torpağa mülkiyyət hüququna X9”nın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamasını və ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamasını göstərmişdir. Məhkəmə cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinasını əsassız hesab edir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, mübahisəli torpaq sahəsi, yəni Quba rayonu, Ərməki kəndində yerləşən 1.28 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 04 nömrəli, 03 may 1997-ci il tarixli qərarı əsasında ayrılmış və buna dair JN962 KOD 30307028 saylı “Torpağa mülkiyyət hüququna X9” tərtib edilmişdir. Göründüyü kimi torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir, iddiaçının bu torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğundur. Məhkəmə tərəfindən cavabdeh orqanın öz imtinasında göstərilən dəlilinin araşdırılması üçün aidiyyatı üzrə sorğular verilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş "xxxx" MMC-nin 25 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Quba rayonu, Ərməki kəndi üzrə torpaq sahəsinə dair subyektlərin siyahısından İddiaçı1 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarış məhkəməyə təqdim edilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı1 və onun ailə üzvlərinin istifadəsində olan 1.02 ha pay torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) JN- 8420 nömrə ilə öz əksini tapmışdır; JN-962A və JN-962C cizgilərdə öz əksini tapdığı 8420 nömrə ilə qeyd edilən torpaq sahələri iddiaçı və onun ailə üzvlərinin istifadəsində oln 1.02 ha torpaq sahəsi ilə, eyni zamanda JN962 KOD 30307028 saylı “Torpağa mülkiyyət hüququna X9”nda qeyd edilən 1.02 ha torpaq sahəsi ilə eyni torpaq sahələridir; Quba rayon Aqrar İslahat Komissiyasının 04 nömrəli, 03 may 1997-ci il tarixli qərarı ilə iddiaçılara ayrılmış 1.02 ha torpaq sahəsi ilə elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) JN-8420 nömrə ilə üst-üstə düşür; mübahisəli torpaq sahəsindən heç bir yüksək gərginlikli elektron xətti keçmir, mühafizə zolağında yerləşmir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi cavabdeh orqanın elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) JN-8420 nömrə ilə öz əksini tapsa da, JN962 KOD 30307028 saylı “Torpağa mülkiyyət hüququna X9”nda qeyd edilən torpaq sahəsinin koordinatları ilə eyni torpaq sahəsidir. Bununla da cavabdeh inzibati orqanın imtinasında göstərdiyi dəlilin formal xarakter daşıdığı bir daha təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Beləliklə də müəyyən edilir ki, iddiaçıya məxsus torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq, müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh orqanın imtina məktubunda göstərdiyi dəlil tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 26 noyabr 1998-ci il tarixli JN-962 KOD ******* saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə Quba rayonu, Ərməki kəndində yerləşən 1.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2 və Niftəliyeva (Əzizova) Nargilə Sərdar qızının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. 26 noyabr 1998-ci il tarixli JN-962 KOD ******* saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə Quba rayonu, Ərməki kəndində yerləşən 1.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2 və Niftəliyeva (Əzizova) Nargilə Sərdar qızının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar