Məhkəmə qərarları › İş №2-1(118)-2810/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2810/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2810/2025 24.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “12 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-R-219752/2024 saylı imtinanın ləğv edilməsi və iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, 12 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-R- 219752/2024 saylı imtina aktında ümumi sığorta stajının 23 il 3 ay 26 gün olması barədə yazılanları əsassız hesab edir. Əslini bu ərizəyə daxil etdiyi X4 Filialından verilmiş 08 iyul 2024-cü il tarixli, 3-48-11F/2-M-246-33-24 saylı sənəddən görünür ki, Şamaxı rayon təsərrüfatlararası tikinti idarəsində 1980-1982-ci illərdə, “Şamaxı” sovxozunda 1983, 1984- 1986-cı illərdə və MPMK-100-də 1988-1989-cu illərdə işlədiyinə görə 9 ilə yaxın əmək stajı vardır. Bu sənəddə yazılıb ki, PMK-7QKSXT-nın (7 nömrəli Səyyar mexanikləşdirilmiş dəstə) heç bir sənədi X4 Filialına təhvil verilməmişdir. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əmək və ona uyğun sığorta stajının müddətini hesablayarkən bu qeyd etdiklərini nəzərə almamışdır. Əmək kitabçasının notarial təsdiqli surətini də bu ərizəyə daxil etmişdir. Bu əmək kitabçasında 3-cü sıradan (xx.xx.1980-ci il tarixli) başlayaraq 7-ci sırada (xx.xx.1983-cü il tarixli) yazılanadək olan rəsmi iş yerləri göstərilmişdir. Həmin müddətdə işinə uyğun əmək haqqı almışdır. Bundan əlavə, əmək kitabçasında xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixinədək, daha sonra xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1987-ci il tarixinədək əmək fəaliyyəti olmuşdur ki, bunlar cavabdehin qeyd etdiyi əmək və sığorta stajına daxil edilməmişdir. Əgər həmin müddətlərdəki əmək fəaliyyətləri nəzərə alınarsa, bu halda ümumi sığorta stajının müddəti 26 (iyirmi altı) ildən çoxdur. Yuxarıda qeyd etdiyi qanuni əsaslara görə yaşa görə əmək pensiyası düşür. Lakin cavabdeh əmək stajının bir hissəsini gizlədərək müddət kimi hesablamamışdır. Əgər əmək və buna uyğun sığorta stajı müddəti elektron informasiya sisteminə daxil edilməyibsə, itbata salınıbsa bunun ona aidiyyəti yoxdur. Əmək kitabçasında bütün əmək fəaliyyətinin müddəti orada ardıcıllıqla göstərilmişdir. Əmək kitabçası həm onun üçün, həmdə cavabdeh üçün qanuni sənəddir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə (xx.xx.2024-cü il tarixdə) çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçının əmək fəaliyyəti üzrə mübahisələndirilməyən və mübahisələndirilən dövrlər aşağıdakı kimidir: Mübahisələndirilməyən dövrlər- İddiaçı təqdim etdiyi ******* №li hərbi biletin surətinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmət dövrü, ******* №-li əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1999-cu il tarixədək əmək fəaliyyəti dövrləri və X2 xx.xx.2024-cü il tarixli 3-48-11F/-2- M-246-33- 24 №-li arayışına əsasən 1983-1986-cı illərdə “Şamaxı" sovxozunda işlədiyi dövrdə 1983-cü il üzrə 4 ay, 1984-cü il üzrə 5 ay, 1985-ci il üzrə 12 ay, 1986-cı il üzrə 4 ay əmək haqqı aldığı dövr, 1988-1989-cu illərdə MPMK-100-də işlədiyi dövrdə 1988-ci il üzrə 12 ay əmək haqqı aldığı dövr nəzərə alınmaqla ümumi 23 il 3 ay 26 gün mübahisələndirilməyən sosial sığorta stajı müəyyən edilmişdir. Mübahisələndirilən dövrlərsözügedən arayışda qeyd edilənlərə əsasən 1983-cü il üzrə 8 ay, 1984-cü il üzrə 7 ay, 1986-cı il üzrə 8 ay əmək haqqı almadığı dövrlərin ümumi 1 il 11 ay təşkil etməklə mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı təqdim etdiyi 1848 №-li təhsil haqqında sənədin (attestatın) surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək olan təhsil dövrü əmək fəaliyyəti ilə üst-üstə düşdüyündən qeyd edilən dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd etmək lazımdır ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumata əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. İş materiallarına əlavə olunmuş X2 xx.xx.2024-cü il tarixli 3-48- 11F/-2-M-246-33- 24 №-li arayışına əsasən E. Rüstəmov 1983-cü il üzrə 8 ay, 1984-cü il üzrə 7 ay, 1986-cı il üzrə 8 ay əmək haqqı almamışdır. İşlədiyi dövrlər üzrə müəssisə tərəfindən əməkhaqqı verilmədiyi halda, həmin dövrlərin iş stajına daxil edilərək iddiaçıya Mərkəzi Filial tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Yuxarıda qeyd olunan qanunun 1.0.1-ci müddəasından belə bir məntiqi nəticəyə gəlmək mümkündür ki, iddiaçının işlədiyi dövrlər üzrə əməkhaqqı aldığını təsdiq edən sənəd olmadığından onun xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənildiyi müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmışdır. Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Qeyd etmək lazımdır ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələblərinə əsasən iddiaçıya xx.xx.2024-cü ıl tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçının əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. X3 Filialının 08 iyul 2024-cü il tarixli, 3-48-11F/2-M-246-33-24 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı ərizəsinə cavab olaraq Şamaxı rayon Təsərrüfatlararası tikinti idarəsində 1980-1982-ci İlərdə, "Şamaxı" sovxoxunda 1983,1984-1986-cı illərdə, MPMK- 100-də 1988-1989-cu illərdə İddiaçı işləyib aldığı aylıq əmək haqqı barədə Arxiv arayışı təqdim edilir. Qeyd: PMK-7 QKSXT- nın (7№-li Səyyar mexanikləşdirilmiş dəstə) heç bir sənədi X4 filialına təhvil verilməmişdir. İnzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq X4 Filialının 20 fevral 2025-ci il tarixli, 3-48-DA- 11F/2-59-33-25 saylı məktubu ilə Şamaxı rayon Şamaxı Sovxozunda 1983,1984-1986-cı illərdə aldığı əmək haqqının Arxiv arayışı və əmrlərdən çıxarış məhkəməyə təqdim edilmişdir. 7 №li X1 heç bir sənədi X4 filialına təhvil verilməmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh qeyd edir ki, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən nəzərə alınmayan dövrlər nəzərə alındığı halda belə iddiaçının qanunvericiliklə tələb olunan 25 il ümumi iş stajı yaranmır. Cavabdeh tərəfindən nəzərə alınan dövrlər ümumi 23 il 3 ay 26 gün təşkil edir. Nəzərə alınmayan mübahisələndirilən dövrlər 1983-cü il üzrə 8 ay, 1984-cü il üzrə 7 ay, 1986-cı il üzrə 8 ay əmək haqqı almadığı-ümumi 1 il 11 ay təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisəli dövrlər məhkəmə tərəfindən nəzərə alınsa belə 25 il ümumi iş stajı yaranmır. İddiaçının ümumi iş stajı: xx.xx.1974-xx.xx.1978-ci il; (xx.xx.1978-xx.xx.1980-ci il (hərbi xidmət dövrü)) xx.xx.1980-xx.xx.1982-ci il; xx.xx.1982-xx.xx.1983-cü il (xx.xx.1982ci il tarixli əmr etibarsız hesab edilib); xx.xx.1983-xx.xx.1983-cü il; xx.xx.1983-xx.xx.1983cü il; xx.xx.1983-xx.xx.1984-cü il; xx.xx.1984-xx.xx.1984-cü il; xx.xx.1984-xx.xx.1986-cı il; xx.xx.1986-xx.xx.1987-ci il; xx.xx.1988-xx.xx.1989-cu il; xx.xx.1989-xx.xx.1999-cu il tarixləri əhatə edən dövrlərdir ki, hərbi xidmət dövrü ilə birlikdə cəmi 24 il 5 ay 10 gün təşkil edir. Bundan əlavə iddiaçının təhsil dövrü əmək fəaliyyəti dövrü ilə üst-üstə düşərək (xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək olan təhsil dövrü) iş stajına hesablanan dövrlə tam əhatə olunmuşdur. Yuxarıda qeyd edilən halları rəhbər tutaraq məhkəmə cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hallara ayrıca qiymət verilməsini zəruri hesab etmir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilən bütün əmək fəaliyyəti dövrü, hərbi xidmətdə olduğu dövr tam şəkildə nəzərə alınacağı təqdirdə belə iddiaçının qanunvericiliklə tələb olunan 25 il ümumi iş stajı yaranmayacaqdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar