Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2813/2024 24.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinin özəlləşdirilməsi” iddia tələbi üzrə işin mümkünlük məsələsinə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş:
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı göndərilmiş 18 dekabr 2023-cü il tarixli, 3-21-3/2-X-0253-8/2023 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında mülkiyyətində olan 196,9 kv.m qeyri-yaşayış binasının yerləşdiyi 5547 kv.m torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə müraciətinə baxılması ilə əlaqədar bildirilmişdir ki, müraciəti əsasında Xidmətin Sumqayıt ərazi şöbəsinin əməkdaşları tərəfindən iştirakı ilə adıçəkilən torpaq sahəsinə baxış keçirilmiş, təqdim edilmiş sənədlər ekspertiza olunmuşdur. Baxış zamanı texniki pasportda göstərilən tikili ilə faktiki vəziyyəti arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Eyni zamanda, yanacaqdoldurma stansiyasının tikintisi üçün müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə 1000 kv.m torpaq sahəsi ayrıldığı halda, 5547 kv.m torpaq sahəsindən istifadə edilməsi müəyyən edilmişdir. Nəzərinə çatdırılmışdır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar qanunvericiliyin tələblərinə uyğun olaraq aradan qaldırıldıqdan sonra bu məsələyə baxıla bilər.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı göndərilmiş 15 aprel 2024-cü il tarixli, 3-21-3-31/2-0001- 8/2024 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi ümumi sahəsi 0,5547 ha olan torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciətilə bağlı olaraq bildirilmişdir ki, ərizəsinə sözügedən torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Odur ki, torpaq sahəsi üzərində daşınmaz əmlak əldə edənin hüququ qeydiyyata alındıqdan sonra müraciətinə yenidən qanunamüvafiq qaydada baxılacağı qeyd olunmuşdur.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ İddia tələbinin dəlilləri
3. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra - “cavabdeh”) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 196,9 kv.m qeyri-yaşayış sahəsinin yerləşdiyi 5.547 kv.m torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 3 ünvanında yerləşən 5.547 kv.m torpaq sahəsinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə 27 may 2024-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.
5. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
6. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia tələbinə dair münasibət
7. Cavabdeh 22 iyul 2024-cü il tarixli, 3-21-3/2-12283/2024 nömrəli məktubu ilə iddia ərizəsinə dair münasibətini bildirmişdir. Məktubdan müəyyən olunur ki, iddiaçının cavabdehə ilkin müraciəti iddianın predmeti olan torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı olmuşdur ki, Xidmətin 3-21-3/2-X-0253-8/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli məktubu (§1) ilə qeyd olunan müraciətə cavab verilmişdir. İddiaçının hazırkı tələbi cavabdeh quruma ilkin müraciətinə uyğun olaraq iddianın predmeti olan torpaq sahəsinin özəlləşdirilməsi deyil, həmin sahə üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı olduğundan, Xidmət qeyd olunan tələb üzrə cavabdeh qismində çıxış edə bilməz.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin mümkün hesab edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazın dəlillərini müdafiə etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü
10.Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
11. Məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 12.Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. 13.İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 14.İrəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılır. 15.İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara öhdəliyin icrası haqqında iddia kimi baxılır. 16.İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 17.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) 18.Məhkəmə araşdırılması ilə məlum olur ki, tələblə bağlı iddiaçının iş üzrə cavabdeh inzibati orqana müraciəti olmamışdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə göndərilmiş məktubda bildirilmişdir ki, iddiaçının hazırkı tələbi cavabdeh quruma ilkin müraciətinə uyğun olaraq iddianın predmeti olan torpaq sahəsinin özəlləşdirilməsi deyil, həmin sahə üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı olduğundan, Xidmət qeyd olunan tələb üzrə cavabdeh qismində çıxış edə bilməz. 19.Digər tərəfdən, iş məhkəmə icraatında olan zaman tələblə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə də sorğu göndərilmişdir. 2 saylı Sumqayıt Ərazi İdarəsinin 23 may 2024-cü il tarixli, 3-21- 3-31/2-1843/2024 nömrəli “Qeyd edilən məsələyə münasibət bildirilməsi barədə” məktubundan görünür ki, iddiaçının ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi ümumi sahəsi 0,5547 ha olan torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar 13 mart 2024-cü il tarixdə idarəyə daxil olmuş müraciətindən imtina edilmiş və 15 aprel 2024-cü il tarixli, 3-21-3-31 /2-.-0001-8/2024 nömrəli bildiriş məktubu ilə cavablandırılmışdır. Müraciətə sözügedən torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Həmçinin, bildiriş məktubunda vətəndaşa “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq sözügedən qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin alınması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi və torpaq sahəsi üzərində hüququ qeydiyyata alındıqdan sonra müraciətinə yenidən baxılması qeyd olunmuşdur. 20.Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. 21.İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
22. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq, ilk növbədə sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin alınması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli, daha sonra torpaq sahəsi üzərində hüququ qeydiyyata alındıqdan sonra 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edə bilər. 23.İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 24.Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “ünvan 3 ünvanında yerləşən 5.547 kv.m torpaq sahəsinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova