Məhkəmə qərarları › İş №2-1(118)-2828/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2828/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2828/2024 04.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0,3577 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********55 reyestr nömrəli, həmçinin 0,1827 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********54 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi, həmin torpaq sahələrinə texniki göstəriciləri əks etdirən torpaq sahəsinin plan və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0,3577 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********55 reyestr nömrəli, həmçinin 0,1827 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********54 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi, həmin torpaq sahələrinə texniki göstəriciləri əks etdirən torpaq sahəsinin plan və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Yergüc kəndi ərazisində mülkiyyət hüququ ilə ona məxsus 0,3577 ha və 0,1827 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. 0,3577 ha torpaq sahəsinə dair cavabdeh tərəfindən adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********55 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, həmçinin 0,1827 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli çıxarış və plan və ölçü sənədi verilmişdir. İddiaçı 2023-cü ilin noyabr ayında cavabdeh orqana müraciət edərək həmin çıxarışlardakı 0,3577 ha və 0,1827 ha torpaq sahələrinin yeni uçot xəritələrindəki vəziyyəti barədə məlumat verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, həmin çıxarışlar torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Daha sonra iddiaçı təkrarən cavabdeh orqana müraciət edərək həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının yeni hazırlanmış elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) yerləşdirməklə dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahələrinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin plan və ölçüsünün hazırlanmasını xahiş etmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən 0,3577 ha və 0,1827 ha torpaq sahələrinə dair ərizəyə əlavə olunmuş çıxarışlar torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Həmçinin, qeyd olunmuşdur ki, tərəfinizdən naturada faktiki vəziyyətdə tələb edilən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) digər şəxsin zəbt hissəsi kimi göstərilmişdir. Qeyd olunan torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) düzəliş edilməsi üçün MDB faylının hazırlanması və yerli özünüidarətmə orqanları və qonşu torpaq sahələrinin istifadəçilərinin iştirakı ilə tərtib olunan akt qeyd olunan şəxslər tərəfindən təsdiq edilməmişdir. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Yuxarıda qeyd olunan çatışmazlıqlar torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) aradan qaldırıldıqdan sonra ərizənin icrasına baxılacaqdır. İddiaçı hesab edir ki, bu imtina əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 27 iyun 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Lakin məhkəməyə təqdim edilən etirazda qeyd olunmuşdur ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən 0,5404 ha torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş çıxarışlar torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Həmçinin, tərəfinizdən naturada faktiki vəziyyətdə tələb edilən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində digər şəxsin zəbt hissəsi kimi göstərilmişdir. Qeyd olunan torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində düzəliş edilməsi üçün MDB faylının hazırlanması və yerli özünüidarətmə orqanları və qonşu torpaq sahələrinin istifadəçilərinin iştirakı ilə tərtib olunan akt qeyd olunan şəxslər tərəfindən təsdiq edilməmişdir. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Yuxarıda qeyd olunan çatışmazlıqlar torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) aradan qaldırıldıqdan sonra ərizənin icrasına baxılacaqdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonun Yergüc kəndində yerləşən 0,3577 ha torpaq sahəsi iddiaçının (tam) xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair AA № 511804 nömrəli plan və ölçü sənədi də tərtib edilimiş, torpaq sahəsinin kadastr göstəriciləri, kadastr xəritəsindən çıxarış və koordinatlar əks olunmuşdur.  İşdə olan xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonun Yergüc kəndində yerləşən 0,1827 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. AA № 511803 olan torpaq sahəsinin planı və ölçüsü sənədi verilərək torpaq sahəsinin qonşu sərhədləri əks olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubları ilə iddiaçının ərizəsinin icrasından imtina edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir: 1.1-ci bənd: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bənd: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bənd: Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bənd: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlər mövcuddur. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Xaçmaz rayonu olduğu üçün həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı tərəf cavabdeh orqana müraciətlər etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubları ilə onun müraciətləri təmin olunmamışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Xaçmaz rayonu olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu 6-cı maddə. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F- 144 nömrəli əmri ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi 3.1.7. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək;... 3.1.12. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək;... 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək.

“Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il, 818 nömrəli Fərmanı

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin. 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin.

Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi. 5.1 Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2 Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3 Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. 6.6 Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir

Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 16.1-ci maddə. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətindəbildirişverilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqavə ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. Məhkəmənin mövqeyi

Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçıya Xaçmaz rayonunun Yergüc kəndində **********55 reyestr nömrəli çıxarışla, 0,3577 ha və **********54 reyestr nömrəli çıxarışla 0,1827 ha torpaq sahələri ayrılmışdır. Həmin çıxarışlar əsasında AA № 511803 və AA № 511804 olan torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Cavabdeh tərəfindən təqdim edilən etirazda iddiaçıya məxsus çıxarışların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmaması, digər şəxsin zəbt hissəsi kimi göstərilməsi və YÖİ orqanları və qonşu torpaq sahələrinin istifadəçilərinin iştirakı ilə tərtib olunan aktın qeyd olunan şəxslər tərəfindən təsdiq edilməməsi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, işin araşdırılan hallarından göründüyü kimi iddiaçıya məxsus torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsinə əsas Xaçmaz rayonu 1 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi olmuşdur. Həmin çıxarışlar əsasında tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədlərində torpaqların rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış və torpaq sahəsinin qonşu sərhədləri də göstərilmişdir. İddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilmiş kadastr göstəricisi ilə müəyyən olunur ki, ona məxsus ümumi sahəsi 0,5404 ha olan torpaq sahəsi qonşu torpaq sahəsi ilə üst-üstə düşmür. Beləliklə, iddiaçının məqsədi mülkiyyətində olan ümumi sahəsi 0,5404 ha torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) daxil edilməsi, həmin torpaq sahələrinə texniki göstəriciləri əks etdirən torpaq sahəsinin plan və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınmasından ibarət olmuşdur. Göründüyü kimi iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Belə ki, ona məxsus olan daşınmaz əmlakın plan və ölçü sənədində döngə nöqtələrinin koordinatları (döngə nöqtələri arasındakı məsafə) da qeyd edilmişdir. Lakin həmin koordinatların əsassız olaraq elektron kadastr uçotu informasiya sistemində əks olunmaması nəticəsində iddiaçının mülkiyyət hüquqlarının, yəni əmlak üzərində sərəncamvermə hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi, həmin torpaq sahələrinə texniki göstəriciləri əks etdirən torpaq sahəsinin plan və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0,3577 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********55 reyestr nömrəli, həmçinin 0,1827 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********54 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi, həmin torpaq sahələrinə texniki göstəriciləri əks etdirən torpaq sahəsinin plan və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar