Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-283/2021 19.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi Nümayəndə (AR ƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, Y.Səfərov küçəsi, ev 12A, mənzil 17 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi Filialına qarşı iddiaçının 09.08.1984-cü il tarixdən 01.01.2006-cı il tarixə kimi X2 işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Zülqədar qızı cavabdeh ƏƏSMN yanında DSMF-nun Abşeron rayon şöbəsinə qarşı iddiaçının 09.08.1984-cü ildən 01.01.2006-cı ilə qədər X2 sanitarka (xadimə) vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək, onun 09.08.1984-cü ildən 01.01.2006-cı ilədək X2 işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, 1963cü ildə Ağdam rayonu Xıdırlı kəndində anadan olmuşdur. 09.08.1984-cü il tarixdən 12.05.2020-ci tarixə kimi 2 saylı X2 sanitarka (xadimə) işləmişdir. Əmək kitabçasında həmin fakt öz əksini tapmışdır. O, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə müraciət etmişdir. Onun müraciətinə komissiya tərəfindən baxılmış və yaşa görə əmək pensiyası hüququ verən 09.08.1984-01.01.2006-cı illərə aid sosial sığorta stajının yoxlanılması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon Şöbəsinə soğru verilmişdir. Sorğuya gələn 24.06.2020-ci il tarixli cavab məktubuna əsasən onun 09.08.1984-01.01.2006-cı ilədək olan iş stajı təsdiq olunmadığı üçün və 25 il iş stajı yaranmadığı üçün əmək pensiyası hüququnun olmadığı göstərilmişdir. Ağdam rayonu işğal olunduğu üçün ona aid sənədlər arxivə təhvil verilməmişdir. Bu səbəbdən o, həmin illərdə işləməsini təsdiq edən sənədləri təqdim edə bilmir. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və izah etdi ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İddiaçı iddia etdiyi işlədiyi illərlə bağlı əmək kitabçasında qeydlər mövcuddur. İddiaçının təqdim etdiyi əmək kitabçasında 04.1963-cü il təvəllüdlü İddiaçı (AZE № ********, FİN xxxxxxx) 09.08.1984-cü ildən 12.05.2020-ci il tarixinədək Ağdam Rayonlararası 2 saylı Psixiatriya Xəstəxanasında işlədiyi qeyd olunmuşdur. Əmək kitabçasının 12.05.2020-ci ildə doldurulduğunu nəzərə alaraq, doldurulmaya əsas verən əmrlərin və əmək haqqı cədvəlinin, eyni zamanda qeyd olunan dövrlərdə “Ağdam Rayonlararası 2 saylı Psixiatriya Xəstəxanasının” (VÖEN**********) mövcudluğuna dair məlumatların təsdiq olunmuş sürətinin təqdim edilməsinə dair göstəriş verilməsi üzrə Bərdə rayonu, Uşaq Xəstəxanasının binasında yerləşən Ağdam Rayonlararası 2 saylı Psixiatriya Xəstəxanasına sorğu göndərilmişdir. Eyni zamanda Ağdam rayonu işğal olunduğu üçün iddiaçıya 10 may 1994-cü il tarixli “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş verindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin № 181 qərarı tətbiq olunmuşdur. Belə ki, həmin qərara əsasən, Respublikaya edilmiş hərbi təcavüz nəticəsində 1000-ə yaxın təhsil və 700-dən çox səhiyyə müəssisəsi, 2000-dən artıq mədəniyyət ocağı və digər humanitar istiqamətli sosial obyektlər işğal altında qalmış, burada işləyən on minlərlə qulluqçu və fəhlələr iş yerlərindən məhrum olaraq acınacaqlı vəziyyətə düşmüşlər. Eyni zamanda qərarın 2-ci bəndinə görə, Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 2017-ci il yanvarın 1-dək orta əmək haqlarının verilməsini təmin etsinlər. Bundan başqa İddiaçı 09.08.1984-cü il tarixdən 02.05.2020-ci il tarixədək “Ağdam Rayonlararası 2 saylı Psixiatriya xəstəxanasında” işlədiyini dövrlər ərzində əmək haqqından tutulan məcburi dövlət sosial sığorta vəsaitləri və digər məlumatların təqdim edilməsinə göstəriş verilməsi barədə Dövlət Sosial Müdafiə Fonduna 07.10.2020-ci il tarixli № **********9 xidməti məktub göndərilmişdir. 20.10.2020-ci il tarixli № **********4 cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: “Sığortaedən Ağdam rayonlararası 2 saylı Psixiatriya Xəstəxanası (SUN: **********0) tərəfindən təqdim edilmiş 2006-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlara əsasən Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölməsində sığortaolunan İddiaçı **********764 sosial sığorta nömrəli fərdi şəxsi hesabında əks olunmuş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim edirik. Eyni zamanda bildiririk ki, Nazirliyin “X1 Sistemi”nin "Sığorta (Hesabat)" altsistemində sığortaedən "Ağdam rayonlararası 2 saylı Psixiatriya Xəstəxanası"nın 2017-2019-cu illərin l-İV rübləri və 2020-ci ilin l-ll rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabatları aşkar olunmamışdır. İddiaçı 2017-ci il yanvarın 1dək əmək haqqının ödənməsi 10 may 1994-cü il tarixli “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin № 181 qərarının 2-ci bəndinin birbaşa göstərişidir. Belə olan halda iddiaçının işləmədən orta aylıq əmək haqqı aldıqım və məcburi dövlət sosial sığorta haqlarının həmin məbləğdən tutulduğunu nəzərə alsaq, vətəndaş 12.05.2020-ci il tarixdə işdən azad edilə bilməz. Əmək kitabçasında qeyd olunmuş isdən azad edilmə tarixinin düzgün olmaması, işə qəbul tarixinə dair də əsaslı şübhələr yaradır. Belə ki, əmək kitabçasında İddiaçı 09.08.1984-cü ildən Ağdam rayonlararası 2 saylı Psixiatriya Xəstəxanasında işlədiyi qeyd olunmuşdur. Lakin Ağdamın işğal zonası olduğunu və müəssisəyə dair heç bir sənədin arxivə verilmədiyini nəzərə alınsa, işə qəbul tarixinin hansı sənəd əsasında qeyd olunduğunu müəyyən etmək qeyri-mümkündür. İddiaçı himayəsində sağlamlıq imkanı məhdud uşağı olduğundan “Əmək pensiyaları haqqında” qanunun 8-ci maddəsinə əsasən, Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bütün bu hallarla yanaşı İddiaçı qızma yaşa görə əmək pensiyasının təyin olunması zamanı yaş həddi 5 il azaldılsa da, fərdi hesabın sığorta hissəsində pensiya kapitalı toplanmadığından və ya 25 il sığorta stajı olmadığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. İş materiallarında olan : - İddiaçı Zülqədar qızı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1963-cü il təvəllüdlüdür. - ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 09.08.1984-12.05.2020-ci il tarixədək 2 saylı X2 sanitar vəzifəsində çalışmışdır. - AZ-T № 130546 saylı doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçının övladı X6 21.04.1983-cü il tarixdə anadan olmuşdir. Ata qrafasında X7, ana qrafasında İddiaçı Zülqədar qızı qeyd edilmişdir. - 049829 saylı TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı Zülqədar qızının 1983-cü il təvəllüdlü övladı X6 üçüncü qrup əlildir. - Siğortaolunanın hesabı çıxarışından görünür ki, siğortaedən Ağdam rayonlararası 2 saylı Psixiatriya Xəstəxanasının 2017-2019-cu illərin İ-İV rüblərivə 2020-ci ilin İ-İİ rübləri üzrə Məcburi dövlət sosial siğortası üzrə hesabatları aşkar olunmamışdır. Məcburi dövlət sosial siğortası üzrə ödənişləri yanvar 2006-dan dekabr 2016-cı ilədək olmuşdur. - DSMF-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 25.06.2020-ci il tarixli, **********5 saylı imtina məktubundan görünür ki, yaşa görə əmək pensiyası hüququ verən 09.08.1984-01.01.2006-cı illərə aid sosial siğorta stajının yoxlanılması barədə AR ƏƏSMN yanında DSMF-nin Ağdam rayon şöbəsinə sorğu verilmişdir. Sorğuya gələn 24.06.2020-ci il tarixli cavab məktubuna əsasən iddiaçının 09.08.1984-01.01.2006-cı ilədək olan iş stajı təsdiq olunmadığı üçün və 25 il iş stajı toplanmadığı üçün əmək pensiyası hüququ yoxdur. - 2-1(118)-283/2021 saylı 11.02.2021-ci il tarixli sorğuya cavab olaraq Ağdam rayonlararası 2 saylı Psixiatriya Xəstəxanası tərəfindən göndərilmiş 16.03.2021-ci il tarixli, 07 saylı məktubdan görünür ki, xəstəxananın işçisi İddiaçı Zülqədar qızı həqiqətən də 1984-cü ildən Ağdam rayonlararası 2 saylı Psixiatriya Xəstəxanasının 2-ci şöbəsində işləmişdir. Xəstəxananın yerləşdiyi ərazi 1993-cü ilin iyulunda ermənilər tərəfindən işğal olunduğu üçün həmin tarixə qədər olan sənədlər işğal zonasında qalmış, daha sonra xəstəxana müdiriyyəti və mühasibatlıq Bərdə şəhər poliklinikasında 4-cü mərtəbədə yerləşmişdir. 2006-cı ildə poliklinikanın 4-cü mərtəbəsində yanğın hadisəsi baş vermiş, yanğının söndürülməsi prosesində, digər sənədlərlə birlikdə mühasibat sənədləri də yararsız vəziyyətə düşmüşdür. Daha sonrakı tarixdən isə maaşlar elektron qaydada işlənmişdir. İşçinin həqiqətən həmin tarixdən işlədiyini həmin şöbənin müdiri, böyük tibb bacısı tərəfindən təsdiq edilməsi mümkündür. Nazirlər Kabinetinin göstərişinə əsasən 31.12.2016-cı il tarixdən dondurulmuş əmək haqlarının verilməsi dayandırılmış və müvafiq olaraq həmin tarixdən İddiaçı Zülqədar qızı və daha 130 işçi bugünə kimi əmək haqqı almır. Səhiyyə Nazirliyi tərəfindən idarənin bağlanması haqda heç bir göstəriş verilmədiyi və qalan işçilər işdən azad edilmələri haqda ərizə ilə müraciət etmədiklərinə görə hələ də işçi kimi sayılırlar. - 2-1(118)-1292/2020 saylı 13.11.2020-ci il tarixli sorğuya cavab olaraq Ağdam rayon Dövlət Arxivi tərəfindən göndərilmiş 07.12.2020-ci il tarixli, 71 saylı məktubdan görünür ki, X3 arxiv sənədləri (1984-2006) X10 filialına təhvil verilməmişdir. Ona görə də İddiaçı Zülqədar qızının işləməsi barədə heç bir məlumat vermək mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə qeyd edir ki, iddiaçının adına 12.05.2020-ci ildə açılmış əmək kitabçasından görünür ki, onun işə qəbul ediməsi barədə əmrlər qrafasında “akta əsasən” sözləri, 12.05.2020-ci il tarixdə isə öz arzusu ilə işdən azad edilməsi qeyd edilmişdir. Əmək kitabçalarında aparılan qeidlrdən görünür ki, hər iki qeyd eyni şəxs tərəfindən aparılmış və qeydlər “baş həkim Əmriov R.” və “Süleymanov L.” Qrafaları qarşısındakı imza eyni şəxs tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci maddəsinin tələbinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Beləliklə, yuxarıda sadalanan halları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının 09.08.1984-cü il tarixdən 12.05.2020-ci il tarixədək 2 saylı X4 işləməsinə dair əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi iş materialları ilə sübuta yetirilmir. Məhkəmə hesab edir ki, bu ziddiyyətin yoxlanılması üçün iddiaçının işə qəbul edilməsi, işdən azad edilməsi, əmək haqqı cədvəlləri və s.mötəbər sübutların təqdim edilməsi zəruri olmuşdur. Lakin həmin sənədlərin aşkar edilməməsi araşdırmanı imkansız etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddiaçının Ağdam rayonlararası 2 saylı Psixiatriya Xəstəxanasının işlədiyi dövr onun sosial sığorta stajına daxil edilmədən tələb olunan 25 il sosial sığorta stajı tamam olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmamış olur. Məhkəmə hesab edir ki, əmək kitabçasında aparılan qeydlər sözügedən müddətin sosial sığorta stajına daxil edilməsi üçün kifayət etmədiyindən iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-283/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-283/2021
19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver