Məhkəmə qərarları › İş №2-1(118)-283/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-283/2022

10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-283/2022 10.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi, X5 Mövlətxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon Fatmayi Bələdiyyəsinin 24 aprel 2007-ci il tarixli 04/470 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş Abşeron rayon Fatmayı kəndində yerləşən sahəsi 800 kvadrat metr olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq mülkiyyət çıxarışının verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayon Fatmayi Bələdiyyəsinin 24 aprel 2007-ci il tarixli 04/470 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş Abşeron rayon Fatmayı kəndində yerləşən sahəsi 800 kvadrat metr olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq mülkiyyət çıxarışının verilməsi üçün cavab orqana müraciət etmiş, cavabdehin 11.08.2021-ci il tarixli, **********00 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ilin əvəllərində Abşeron rayon Fatmayı Bələdiyyəsinə müraciət edərək fərdi ev tikintisi üçün Abşeron rayon Fatmayı kənd ərazisində həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Müraciəti müsbət qarşılandığından Abşeron rayon Fatmayı Bələdiyyəsi tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi işlərinə başlamışdır. Torpaq sahəsinin ayrılması ilə bağlı Abşeron rayon Fatmayı bələdiyyəsinin müraciətinə cavab olaraq keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron şöbəsi tərəfindən rəy verilərək torpaq sahəsinin alqı-satqı qaydasında mülkiyyətinə ayrılmasının mümkün olduğu bildirilmişdir. Həmçinin Abşeron rayon rayon İcra hakimiyyəti Memarlıq və tikinti şöbəsi 30.03.2007-ci il tarixli rəyi ilə 76 nəfər kənd sakininə o cümlədən iddiaçıya fərdi ev tikintisi üçün 800 kv.m torpaq sahəsinin ayrılmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra iddiaçı torpağın dəyəri kimi 600 manat məbləğində pulu Abşeron rayon Fatmayı bələdiyyəsinin hesabına ödəmişdir. Yuxarıda qeyd olunan rəy və etdiyi ödəniş əsasında Abşeron rayon Fatmayı bələdiyyəsinin 24 aprel 2007-ci il tarixli 04/470 nömrəli qərarı ilə Abşeron rayon Fatmayı kəndində yerləşən sahəsi 800 kv m torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Elə həmin tarixli aktla sözügedən torpaq sahəsi yerində nişangahlar qoyulmaqla iddiaçıya təhvil verilmişdir. Eyni zamanda həmin torpaq sahəsi barəsində iddiaçı ilə bələdiyyə arasında alqısatqı aktı da bağlanılmışdır. Sonradan torpağın sənədləşmə işlərinin tamamlanması və torpağa dair mülkiyyət çıxarışını almaq üçün ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydiyyatından imtina etmişdir. Cavabdeh bunu alqı-satqı aktının gec tarixdə bağlanması, qərar qəbul edilərkən şəhər memarlıq və şəhərsalma idarəsinin rəyinin müvafiq möhür ilə təsdiqlənməməsi və torpağın yerləşdiyi ərazinin 145 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə əsaslandırmışdır. Cavabdehin iddiaçının hüququnun dövlət qeydiyyatından imtinasını tamamilə qanuna zidd hesab edir. Belə ki o, torpaq sahəsinin alqı-satqı haqqını bələdiyyəyə ödəmiş və iddiaçı ilə Abşeron rayon Fatmayı Bələdiyyəsi arasında torpağın alqı-satqısına dair akt tərtib olunmuşdur. Bundan başqa şəhərin həmin ərazidə yüzlərlə bələdiyyə qərarı əsasında fiziki şəxslərin mülkiyyət hüququ bu günədək cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, sadalananlardan cavabdehin bələdiyyə qərarının qanunvericiliyə uyğun şəkildə verilməməsi və bu səbəbdən bələdiyyə qərarı əsasında mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatından imtinasının əsaslarının səhv olduğu anlaşılır. Bələdiyyə qərarının qüvvədə olduğu halda, cavabdehin onun müraciətinə əsassız şəkildə imtina etməsi nəticəsində onun hüququ aşkar şəkildə pozulmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı işə iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən X3 ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 02 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Fatmayı Bələdiyyəsi tərəfindən X3 0.08 ha torpaq sahəsinin 24 aprel 2007-ci il tarixdə, 04/470 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 02 iyun 2021-ci il tarixdə verildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Həmçinin müayinə olunan torpaq sahəsinin 145.0 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin (110 kvt) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından dc olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonı qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. O zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanın nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərti olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktları təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarix 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları”na Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklə və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycar Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Həmin Məcəllənin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 90.1-ci və 90.3-cü maddələrinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hər hansı nisbətdə bir-biri ilə dəyişdirilə bilər və torpaq sahəsinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən əsasən 110 kvt elektrik xəttlərinin mühafizə zonası hava elektrik ötürücü xəttləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 20 metr məsafədə müəyyənləşdirilmişdir. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə, həmçinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan, sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümükünsüz edən hər hansı bir hal müəyyən edilmir. İddia öndəliyin icrası iddisıdır, iddiaçı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etmiş və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas mövcud deyil. İddianın mahiyyəti ilə bağlı isə, məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayon Fatmayi Bələdiyyəsinin 24 aprel 2007-ci il tarixli 04/470 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş Abşeron rayon Fatmayı kəndində yerləşən sahəsi 800 kvadrat metr olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq mülkiyyət çıxarışının verilməsini istəyir. Cavabdeh isə etirazında qeyd edir ki, Aparılan araşdırma zamanı Fatmayı Bələdiyyəsi tərəfindən X3 0.08 ha torpaq sahəsinin 24 aprel 2007-ci il tarixdə, 04/470 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 02 iyun 2021-ci il tarixdə verildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Fatmayı bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Həmçinin müayinə olunan torpaq sahəsinin 145.0 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin (110 kvt) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Məhkəmə hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Abşeron rayon Fatmayı Bələdiyyəsinin 24 aprel 2007-ci il tarixli, 04/470 saylı Qərarı əsasında Azərbaycan Respublikası DTXK-sı Abşeron rayon şöbəsinin rəyini nəzərə alaraq Fatmayı Bələdiyyəsi hüdudları daxilində təhkim aktına əsasən 800 kv.m torpaq sahəsi X4 alqı-satqı yolu ilə satılması qərara alınmışdır. Həmin qərar əsasında 02.06.2021-ci il tarixli alqı-satqı müqaviləsi tərtib və təsdiq edilərək 09 nömrə ilə qeydə alınmışdır. 23 aprel 2007-ci il tarixli ödəniş qəbzindən də göründüyü kimi iddiaçı tərəfindən torpaq sahəsinin qiyməti ilə əlaqədar 600 manat rüsum Abşeron rayon Fatmayı bələdiyyəsinin Kapital bank hesabına ödənilmişdir. Abşeron rayon Fatmayı Bələdiyyəsinin 02 iyun 2021-ci il tarixli 122 saylı məktubundan görünür ki, ayrılmış 0.08 ha torpaq sahəsinə qanunvericliyin tələbləri çərçivəsində dövlət reyestrindəm çıxarışın verilməsinə Fatmayı bələdiyyəsi etiraz etmir. Göründüyü kimi torpaq sahəsi iddiaçıya Abşeron rayon Fatmayı bələdiyyəsi tərəfindən ayrılmış, alqı-satqı müqaviləsi və ödniş qəbzi də mövcuddur. Abşeron rayon Fatmayı Bələdiyyəsinin 24 aprel 2007-ci il tarixli, 04/470 saylı Qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alğı- satğının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur, cavabdeh inzibati orqanın alqı-satqının qanunamüvafiq qaydada həyata keçirilməməsinə dair münasibəti əsaslı olmamışdır. Habelə, torpaq sahəsinin 145.0 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin (110 kvt) mühafizə zolağında yerləşməsinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən hal iddiaçının torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına maneə yaratmır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinin də tələbindən göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Göründüyü kimi torpaq sahəsində hüquqların dövlət qeydiyyatına alınmasını mümkünsüz edən bir əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazlrkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Abşeron rayon Fatmayi Bələdiyyəsinin 24 aprel 2007-ci il tarixli 04/470 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün İddiaçı mülkiyyətinə verilmiş Abşeron rayon Fatmayı kəndində yerləşən sahəsi 800 kvadrat metr olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq mülkiyyət çıxarışının verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddia təmin edilsin. Abşeron rayon Fatmayi Bələdiyyəsinin 24 aprel 2007-ci il tarixli 04/470 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün İddiaçı mülkiyyətinə verilmiş Abşeron rayon Fatmayı kəndində yerləşən sahəsi 800 kvadrat metr olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq mülkiyyət çıxarışının verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar