Məhkəmə qərarları › İş №2-1(118)-2831/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2831/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2831/2023 02.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, məsləhətçi X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2022-ci il tarixli, 461sXRDb/22 nömrəli Kredit Müqaviəsinə və xx.xx.2021-ci il tarixli, 7620Sxrd/19 saylı kredit müqaviləsinə 2 saylı əlavəsinə əsasən əlavə hesablanmış faizlərin silinməsi və ana məbləğə görə aylıq ödənişin ümumi məbləğinin 120 (yüz iyirmi) manat məbləğində müəyyən edilməsinə” dair iddiasının mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1982-ci ildə Türkmənistan, Çardjo Vilayətində anadan olmuşdur. Ailəlidir və iki azyaşlı övladı var. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yanaşı həm də ki, ailəsi ilə birlikdə yaşayır. O, əsgərlik zamanı beta talassemiya, ara forma splenektomiyadan sonrakı vəziyyət. Digər irsi hemolotik anemiyalar xəstəliklərə düçar olmuşdur. Belə ki, 9 ay hərbi xidmət keçdikdən sonra səhhəti pisləşdiyi üçün Müdafiə Nazirliyi Mərkəzi Hərbi Qospitalda 3 ay müalicə almışdır. xx.xx.2001-ci il tarixli, 1753 nömrəli xəstəlik haqqında şəhadətnamədə də xəstəliyi təsdiq edilmişdir. O, daha sonra evdə valideynlərinin köməyi ilə müalicələr almağa başlamışdır. Hələ də müalicələri davam edir. İddiaçının həm mənəvi həm də ki, maddi əziyyətini ahıl yaşlı valideynləri çəkir. İddiaçı ağır formalı bədxassəli qan xəstəlikləri daşıyıcısı olduğu üçün 6 yaşlı qızı İlayda da həmin xəstəliyin ağır formasından əziyyət çəkir. Cənab Prezidentimizin və X3 Əliyevanın sayəsində qızı hazırda Türkiyə Respublikasında “Medical Park” xəstəxanasında əməliyyat olunmuş və müalicə alır. Belə ki, övladının xəstəxana xərcləri dövlət tərəfindən təmin olunmuşdur. Övladına və həyat yoldaşına Türkiyə Cümhuriyyətində olan zaman cib xərcliyi kimi maddi imkansızlıqdan və məcburiyyət qarşısında qalaraq "xxxx" KB ASC Xırdalan Filialı tərəfindən xx.xx.2022-ci il tarixdə, 461sXRDb/22 nömrəli Kredit Müqaviləsinə əsasən bank ona 25 (iyirmi beş) % olmaq şərtilə xx.xx.2025 il tarixinədək kredit ayrılmışdır. Krediti 800 manat məbləğində müəyyən edilmişdir. 7620sXRD\19 saylı Kredit Müqaviləsinə 2 saylı Əlavə cədvəlində isə ona 4 660 (dörd min altı yüz altmış manat) məbləğində kredit ayrılmışdır. 4 660 manat məbləğə görə iddiaçı aylıq 148 manat məbləğində pul ödəyir. Əvvəllər həmin pulu ödəyə bilsə də, hazırda çox çətinlik çəkir. Bunun üçün o, ilk əvvəl "xxxx" KB ASC Xırdalan Filialına yaxınlaşmış və ona köməklik olunmasını xahiş etmişdir. Bildirmişdir ki, həm özü, həm də qızı ağır xəstəlikdən əziyyət şəkir və həmin pulu qızının müalicəsi üçün götürmüşdür. Lakin ona müsbət cavab verilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddiaçıya hüquqi yardım edilərək izah edilmişdir ki, iddia tələbi mülki xarakterli olduğu üçün inzibati qaydada baxıla bilməz. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İddiaçı xx.xx.2022-ci il tarixli, 461sXRDb/22 nömrəli Kredit Müqaviəsinə və xx.xx.2021-ci il tarixli, 7620Sxrd/19 saylı kredit müqaviləsinə 2 saylı əlavəsinə əsasən əlavə hesablanmış faizlərin silinməsi və ana məbləğə görə aylıq ödənişin ümumi məbləğinin 120 (yüz iyirmi) manat məbləğində müəyyən edilməsini istəyir. İddiaçının cavabdeh qismində qoyduğu X2 Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də X2 Açıq Səhmdar Cəmiyyətinin publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Göründüyü kimi hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməsini mümkün edən əsaslar mövcud deyil. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia tələbi müqavilə öhdəlikləri ilə bağlı olduğu üçün mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Bu halda iddiaçı öz hüquqlarını mülki məhkəmə icratı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələri ilə qoruya bilər. Bu halda müvafiq ümumi məhkəmədə iddia inzibati orqandan tələb formasında deyil, mülki məhkəmə icratı qaydasında nəzərdə tutulmuş iddia tələbləri formasında qaldırılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edərək, müvafiq ümumi məhkəməyə müraciət etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar