Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2833/2022 31.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı “iddiaçıya “hamiləlik və doğuma görə xəstəlik vərəqəsi” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Sumqayıt Tibb Mərkəzi və Cavabdeh1nə qarşı “iddiaçıya “hamiləlik və doğuma görə xəstəlik vərəqəsi” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, Sumqayıt Tibb Mərkəzinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər X3 xx.xx.2020-ci il tarixli 01 nömrəli iclas protokolunun qərarı ilə iddiaçı bələdiyyənin sədr müavini vəzifəsinə təyin olunmuşdur və onunla xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək müqaviləsi bağlanmışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq 2020-ci ilin əvvəllərində xx.xx.2020-ci il tarixinə kimi öz hesabına məzuniyyətə çıxaraq Rusiya Federasiyasına getmişdir. 2020-ci ilin mart ayından etibarən pandemiya ilə əlaqədar olaraq Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında gediş-gəliş məhdudlaşdırıldığına görə Azərbaycan Respublikasına qayıda bilməmişdir. xx.xx.2020-ci il tarixində Moskva şəhəri Səhiyyə Depertamentinin 52 saylı şəhər Kliniki Xəsatəxanasında xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək statisonar müalicədə olmuşdur. Bu barədə bütün sənədlərin notarial qaydada tərcümə edilərək təsdiq olunmuş surətləri iddia ərizəsinə əlavə olunmuşdur. xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasına qayıtmışdır. Bir müddət sonra rəsmi qeydiyyatda olduğu yer üzrə Sumqayıt şəhər 5 saylı Ailə Sağlamlıq Mərkəzinə müraciət edərək ona “hamiləlik və doğuma görə xəstəlik vərəqəsi” açılmasını xahiş etmişdir. Lakin Mərkəzdən ona xəstəlik vərəqəsinin açılmasından imtina edilmişdir. 5 saylı Ailə Sağlamlıq Mərkəzi tərəfindən ona “hamiləlik və doğuma görə xəstəlik vərəqəsi” açılmasından imtina edilməsini qanunsuz və əsassız hesab edərək dəfələrlə Sumqayıt Tibb Mərkəzinin rəhbərliyinə müraciətlər etmişdir. Müraciətində süründürməçiliyə son qoyulmasına, qanunvericiliyin tələblərinə əməl edilməsini, vətəndaşlara qarşı diqqətli davranılmasını xahiş etsə də, müraciətlərinin heç bir nəticəsi olmamışdır. Cavabdehlər tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsinə köməklik göstərilməsinə dair ərizələrlə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, X4 Xidmətinə etdiyi müraciətləri də nəticəsiz qaldığına görə hüquqlarının məhkəmə qaydasında bərpa edilməsi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehlərin onun qanuni tələbini icra etməmələri əsassız və qanunsuzdur. Belə ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona “hamiləlik və doğuma görə xəstəlik vərəqəsi”nin açılmamasına görə analıq hüququndan əsassız olaraq məhrum edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında dinlənilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq onun tələbi aydınlaşdırılmış və ona hüquqi yardım edilmişdir. Həmin normaya əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddiasına olduğu kimi baxılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasının mənası baxımından izah edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı – onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati akta anlayış verilmişdir. Qərarda qeyd edilmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, məzmunu da nəzərə alınmalıdır. Yəni, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdeh qismində Cavabdeh1 qoyaraq ona “hamiləlik və doğuma görə xəstəlik vərəqəsi” verilməsini istəyir. Hazır ki iş üzrə Cavabdeh1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. Eyni zamanda , iddiaçının qəbul edilməsini tələb etdiyi (hamiləlik və doğuma görə xəstəlik vərəqəsi) sənəd inzibati aktın əlamətlərinə malik deyildir. Qəbul edilməsi tələb edilən vərəqə özlüyündə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsələni həll etmir və hakimiyyət tədbiri hesab edilmir. Beləliklə, hazırda iddiaçı tərəfindən verilməsi tələb olunan sənəd inzibati akt olmadığından həmin sənədin inzibati məhkəmə icraatında mübahisələndirilməsi də mümkün deyildir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqan olmalı və mübahisə həmin orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisədə Sumqayıt şəhər 5 nömrəli Ailə Sağlmalıq Mərkəzinin publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1nə qarşı “iddiaçıya “hamiləlik və doğuma görə xəstəlik vərəqəsi” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-2833/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2833/2022
31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver