Məhkəmə qərarları › İş №2-1(118)-2837/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2837/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2837/2022 11.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində formal qeydiyyatda olan X9 və X3 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində formal qeydiyyatda olan X9 və X3 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-2837/2022 saylı Qərardadı ilə X9 və X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vardır. O həmin evi alqı-satqı müqaviləsi əsasında X7 almışdır. Hazırda ona məxsus olan həmin evdə xx.xx.1992-ci il təvəllüdlü X9, xx.xx.1990-cı il təvəllüdlü X5 adlı şəxslər qeydiyyatdadır. Həmin şəxslər evin əvvəlki mülkiyyətçisinin ailə üvzləridir. Əvvəlki mülkiyyətçi ilə aralarında olan alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən əvvəli mülkiyyətçi 22 iyul 2022-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Əvvəlki mülkiyyətçinin ailə üvzləri olan üçüncü şəxslər notarial qaydada təsdiq etdikləri ərizələri ilə evdən müqavilədə nəzərdə tutulan müddətdə qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. O həmin şəxslərin ona məxsus olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları barədə Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Abşeron rayon Polis İdarəsin qanunsuz və əsassız olaraq onun müraciətini təmin etməkdən imtina etmişdir. Abşeron rayon Polis İdarəsi imtinanı onunla əsaslandırılmışdır ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-in 550 saylı əmrininin 5-ci maddəsinin a bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyatda alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. Odur ki, iddiaçı Abşeron rayon Polis İdarəsinin üzərinə öhdəlik qoyulması barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmiş, cavabdeh tərəfindən iddiaya yazılı münasibət bildirilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Abşeron rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li, xx.xx.2022-ci il tarixli arayışından və xx.xx.2022-ci il tarixli “Elektron Notariat” X2 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, xx.xx.1990-cı il təvəlllüdlü X5 və xx.xx.1992-ci il təvəllüdlü X4 şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadırlar. - “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Xırdalan şəhəri, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. - AN-İ № ******* saylı, xx.xx.2022-ci il tarixli “Daşınmaz Əmlakın alqı-satqı mqaviləsi”ndən görünür ki, ünvan 2 X11 tərəfindən İddiaçı satılmışdır. - X3 **********829 saylı notarial ərizəsindən görünür ki, o müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzildə üçüncü şəxslər X9 və X5 da qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Üçüncü şəxslər məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Həmçinin iş materiallarında olan X3 **********829 saylı notarial ərizəsindən və Elektron notariat” X1 xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, üçüncü şəxslər müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşdürlər. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X9 və X3 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X9 və X3 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar