Məhkəmə qərarları › İş №2-1(118)-284/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-284/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-284/2025 01.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Novxanı bağlar massivində yerləşən, 347B saylı bağın 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Abşeron rayonu, Novxanı bağlar massivində yerləşən, 347B saylı bağın 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı anadangəlmə 1-ci qrup əlildir. Səhhəti nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-cı il tarixli 1964 saylı qərarına əsasən Abşeron rayonu, Novxanı bağlar massivində 39 saylı ВТК nın nəzdində sahəsi 0,10 ha olan 347B saylı bağ sahəsi verilmiş, buna dair adına 133 saylı order tərtib edilmişdir. Qeyd olunan vaxtdan hal-hazıradək bağ sahəsindən təyinatı üzrə istifadə edir. Bakı şəhər İcra Hakimiyyətinin arxivindən qeyd olunan qərarın arxiv çıxarışını əldə etmiş, bağa dair 133 saylı orderin əsli vardır. Bağ sahəsinin təxminən 10-15 metr aralıdan dəmir yolu xətti keçir və heç bir maneəçilik törətmir. Dəmiryol idarəsi magistral xəttin mühafizəsi üçün bağlardan ayırmaq üçün dəmir hasar çəkib ki, həmin hasarın iddiaçıya heç bir maneəçiliyi yoxdur. Bizimlə eyni sırada olan bütün bağ qonşuları öz bağlarını özəlləşdirib. Habelə bağın ərazisindən hər hansı elektrik xətti keçmir. Bağın qonşuluğunda bütün qonşular özlərinə bağ evi tikib bütün şəraitlərini qurmuşlar. Yaşayış massivindən su, qaz və digər kommunal xəttlər keçə bilər ki, bu hal maneə ola bilməz. Bundan başqa torpaq sahəsi 4 tərəfdən daş hasara alınmış, dəmir darvaza quraşdırılmışdır. Bağ sahəsi ilə bağlı qonşularla hər hansı mübahisə mövcud deyildir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinə dair kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasının müraciət ərizəsinə əlavə edilmədiyi; arxiv məlumatlarına əsasən təqdim edilmiş orderin arxiv nüsxəsinin aşkar edilmədiyi; orderdə bağın sahəsinə münasibətdə düzəliş olunduğu; torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığı; sözügedən daşınmaz əmlakın bir hissəsinin dəmir yolu, bir hissəsinin "xxxx" ASC-nin istifadəsində (istismarında) olan su kəməri, digər bir hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 05 sentyabr 2022-ci il tarixli Q-281-112 saylı arxiv arayışında qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1992-ci ilə dair sərəncamlar kitablarında aşağıdakı sərəncam vardır: Sərəncam № 1694 xx.xx.1992-ci il Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda (bağ məsələləri üzrə komissiya yığıncağının 17 oktyabr 1992-ci il tarixli, 44 №li protokolu) Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən: 2. Aşağıdakı vətəndaşlara fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılsın: 2.133.İddiaçı - Novxanı ВТК № 39 Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Novxanı bağlar sahəsindəki 39 №li kooperativi tərəfindən verilmiş 133 №li orderin surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filalının 07 avqust 2023-cü il tarixli, 3-48-2F/2-05469/2023 saylı məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İH-nin 1992-ci ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1992-ci il tarixli, 1964 saylı sərəncamı və Bağ Məsələləri Komissiyasının 1992-ci ilə dair arxiv sənədləri Dövət Arxivinin Bakı fililalına təhvil verilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 29 avqust 2023-cü il tarixli 3- 52/2-4454/2023 saylı arxiv arayışında qeyd edilmişdir ki, Bakı şəhər Sovet İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli, 6/333 №li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il tarixli 195 №li Qətnaməsinə əsasən X2 bağ sahəsi ayrılmışdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2- 12159/2023 saylı məktubu ilə müayiən aktı məhkəməyə təqdim edilmişdir. Müayinə aktında sənəd üzrə 0.10 ha, faktiki 0.2396 ha torpaq sahəsi olduğu, 2 ədəd su xətti, dəmir yolu, 6 kv-luq elektrik xəttinin mühafizə zolağında yerləşir. Ümumi daş hasar daxilindədir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları sxemdə göstərilmişdir. İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin 0.0321 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Elektron məlumat bazasına iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin bir hissəsi dəmir yolunun, bir hissəsi isə su kəmərlərinin mühafizə zolağında yerləşir və sxemdə göstərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su X3 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin balansında olan və 1980-1982-ci illərdən istismar olunan strateji əhəmiyyətli 2xd1220 mm Ceyranbatan-Maştağa magistral su kəmərləri keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın 6.1.2.1-ci yarımbəndinə əsasən kəmərin mühafizə zonası, xəttin mərkəzi oxundan hər iki tərəfə 10 metr məsafə saxlanılmaqla qəbul edilmişdir. Bakı şəhəri və Abşeron yarımadasının bir hissəsinin içməli su ilə təminatında mühüm rolu olan Ceyranbatan-Maştağa magistral su kəmərlərinin mühafizə zonasında tikinti-quraşdırma işlərinin aparılması sözügedən Qaydaların tələblərinə əsasən qadağandır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Abşeron rayonu, Novxanı bağlar massivində yerləşən, 347B saylı bağın 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasının müraciət ərizəsinə əlavə edilmədiyi; arxiv məlumatlarına əsasən təqdim edilmiş orderin arxiv nüsxəsinin aşkar edilmədiyi; orderdə bağın sahəsinə münasibətdə düzəliş olunduğu; torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığı; sözügedən daşınmaz əmlakın bir hissəsinin dəmir yolu, bir hissəsinin "xxxx" ASC-nin istifadəsində (istismarında) olan su kəməri, digər bir hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə sorğusu ilə Bağ təsərrüfatı məsələləri üzrə komissiya iclasının xx.xx.1992-ci il tarixli, 44 nömrəli protokolunun təsdiq edilmiş surəti təqdim edilsə də, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin 0.0321 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Elektron məlumat bazasına iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin bir hissəsi dəmir yolunun, bir hissəsi isə su kəmərlərinin mühafizə zolağında yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su X3 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin balansında olan və 1980-1982-ci illərdən istismar olunan strateji əhəmiyyətli 2xd1220 mm Ceyranbatan-Maştağa magistral su kəmərləri keçir. İri Şəhərlərin Birləşmiş Su təchizatı xidmətindən outlook vasitəsi ilə xx.xx.2025-ci il tarixində Ceyranbatan STİ-ə daxil olmuş sənədə əsasən yerində iddiaçının iştirakı ilə mühəndis ölçmə işləri aparılmışdır. Sözügedən ərazi Maştağa sol xətti 1980-ci il ildən, Maştağa sağ xətti isə 1982-ci ildən istismara verilmiş, 1996-1997-ci illərdə isə demontaj olunaraq müəyyən hissələri yenilənmişdir. Bundan əlavə qeyd edilmişdir ki, iddiaçı torpaq sahəsini hasara almaqla magistral su kəmərlərinin mühafizə zolağını (1199 m2 hissəsini) zəbt etmiş, bu da öz növbəsində kəmərə texniki qulluq olunmağında maneələr törədir. Sözügedən magistral su kəmərləri Bakı, Abşeron və Sumqayıt şəhərinin bir hissəsini fasiləsiz olaraq içməli su ilə təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın tələblərə əsasən:

2. Hidrotexniki qurğuların mühafizə zonaları onlara bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilən ərazilərdir.

3. Bu ərazilərdə xüsusi rejimə əməl edilməsi, hidrotexniki qurğuların texniki və istismar vəziyyətinin yaxşılaşdırılması, sahilyanı ərazilərin abadlaşdırılması və mühafizə tədbirləri kompleksinin həyata keçirilməsi, hidrotexniki qurğuların təhlükəsizliyinin təmin edilməsinə müvafiq təminat yaradır.

4. Su anbarlarında, magistral və təsərrüfatlararası kanallarda və kollektorlarda mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazilərində əlavə məhdudiyyətlər tətbiq edilir. Bu zolaqların ölçüləri, sərhədləri və istifadəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”na əsasən həyata keçirilir.

6. Hidrotexniki qurğuların təhlükəsizliyi üzrə təsnifatından asılı olaraq onların ətrafında mühafizə zonalarının ölçüləri aşağıdakı kimi qəbul edilir: 6.1. Dövlət əhəmiyyətli meliorasiya və su təsərrüfatı qurğularında: 6.1.1. su anbarlarında (bəndlər, tərkibində su elektrik stansiyaları olan hidroqovşaqlar və digər qurğular daxil olmaqla): 6.1.1.1. akvatoriyasının sahəsi 2 kv. km-dək olduqda - suyun normal yığılma səviyyəsindən 300 m; 6.1.1.2. akvatoriyasının sahəsi 2 kv. km-dən artıq olduqda - suyun normal yığılma səviyyəsindən 500 m məsafədə. 6.1.2. Kanallar, kollektorlar, magistral sunəqledici kəmərlər və tunellər boyu onların suburaxma qabiliyyətindən asılı olaraq: 6.1.2.1. 10 kub. m/san qədər olduqda - 10 m; 6.1.2.2. 10-30 kub. m/san olduqda - 25 m; 6.1.2.3. 30-50 kub. m/san olduqda - 60 m; 6.1.2.4. 50 kub. m/san-dən artıq olduqda - 100 m. məsafədə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariyamühafizə zonası üçün torpaqayırma Normaları”na əsasən: 1.2. Dəmir yolunun təhkim zolağı hüdudlarında aşağıda göstərilən torpaqlar yerləşir: 1.2.1. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus dəmir yolları ilə, sənaye, kənd təsərrüfatı və meşə emalı müəssisələrinin xarici dalan dəmir yolları ilə, həmçinin bu dəmir yollarına bitişik dəmir yol nəqliyyatı təyinatlı tikililər, qurğular və binalarla (dəmir yolları və onların altında olan torpaq yataqları, stansiya yollan və stansiyalar, sərnişin vağzalları, dəmir yol təyinatlı süni tikililər, rabitə və enerji təchizatı, lokomotiv-vaqon, yol, yük və sərnişin təsərrüfatları üzrə bina və tikililər, dəmir yol nəqliyyatı təyinatlı su təchizatı və kanalizasiya qurğu və tikililəri ilə) tutulmuş torpaqlar; 1.2.2. dəmir yolunun xüsusi mühafizə zonasının torpaqlan; 1.2.3. dəmir yollarını qum və qar basqınından, həmçinin yarğanəmələgəlmədən və digər zərərli təsirlərdən qorumaq məqsədilə salınmış meşə zolaqları ilə tutulmuş torpaqlar; 1.2.4. dəmir yol nəqliyyatının fəaliyyətini təmin edən xidməti, yaşayış, mədəniməişət və digər təyinatlı bina və tikililərlə tutulmuş torpaqlar. 1.7. Təhkim zolağı üçün nəzərdə tutulmuş torpaq sahəsinin ölçüləri relyefdən və ərazinin xüsusi təbii şəraitindən, yaşayış məntəqələrindəki yaşayış tikililərinin ötüb keçən qatarların yaratdığı normadan artıq səslərdən mühafizə olunması zərurətindən və dəmir yol qovşaqlarının, stansiyalarının, ayrı-ayrı obyektlərin sonrakı etaplı inkişafından asılı olaraq müəyyənləşdirilir. 1.8. Təhkim zolağının təşkil edilməsi məqsədilə torpaq sahələrinin seçilməsi, ayrılması və bu zolağın hüdudlarında yerləşən torpaq sahələrindən istifadə olunması Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun həyata keçirilməlidir. Qeydlər. 1. Təhkim zolağının yaradılması məqsədilə torpaq zolaqları müddətsiz (daimi) istifadəyə verilir. Yolların tikintisi dövründə isə müvəqqəti tikililərin yerləşdirilməsi üçün torpaq sahələri və zolaqları müvəqqəti, qısamüddətli istifadəyə verilir.

2. Yeni dəmir yol xətlərinin, əlavə baş yolların tikintisi və mövcud dəmir yollarının rekonstruksiyası zamanı təhkim zolağının yaradılması məqsədilə torpaq zolaqları layihədə nəzərdə tutulmuş qaydada tikintinin ardıcıllığına uyğun olaraq sahələrə ayrılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara aiddir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Maddə 62. Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı torpaq sahələrinin verilməsi Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı fərmanına əsasən:

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə qərara gəlir ki, cavabdehin imtinası əsaslı olmuş, iddia edilən torpaq sahəsinin mühafizə zolaqlarında yerləşməsi iş üzrə verilmiş mütəxəssis rəyi və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş məlumatlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar