Məhkəmə qərarları › İş №2-1(118)-2840/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2840/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2840/2024 30.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: istehsalat qəzası zamanı dəymiş zərərə görə aylıq ödəncin və ya ödəncin əvəzinə aylıq müavinətin verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “istehsalat qəzası zamanı dəymiş zərərə görə aylıq ödəncin və ya ödəncin əvəzinə aylıq müavinətin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1947-ci il tarixdə doğulmuşdur.

2. Ləğv prosesində olan Sumqayıt Dəmir Beton-1 ASC tərəfindən DSMF-nin Sumqayıt şəhər şöbəsinə göndərilmiş arayışından görünür ki, "xxxx" ASC 11 noyabr 2003-cü il tarixdə Azərbaycan Respublikası İqtisadı İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin qərarı ilə "xxxx" zavodunun bazasında yaradılmışdır. "xxxx" ASC həmin tarixdən etibarən istehsal prosesində əmək xəsarəti almış İddiaçı və digər qeyd olunan vətəndaşlara 1 aprel 2022-ci il tarixədək əmək xəsarəti müavinəti ödəmişdir. "xxxx" ASC səhmdarlarının 14 aprel 2022-ci il tarixli növbəti ümumi yığıncağının qərarı ilə "xxxx" ASC ləğv edilmişdir. Ləğv etmə 15 aprel 2022-ci il tarixdən qüvvəyə minmişdir. Əlavə olaraq bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixdən əmək qabiliyyətini 80% itirmiş İddiaçı əmək xəsarəti müavinəti 240 manat məbləğdə ödənilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı göndərilmiş 13 dekabr 2022-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları”nın 5.1-ci maddəsinə əsasən, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən 30 avqust 2005-ci il tarixdən "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatmışdır. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 13 mart 2023-cü il tarixli, **********177500 nömrəli məktubundan görünür ki, 5 dekabr 2003-cü il tarixdə D-3526 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" ASC (ləğv prosesindədir) 13 mart 2023-cü il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 sentyabr 2023-cü il tarixli, 3-17-1/2- 1/20248/2023 nömrəli məktubundan görünür ki, ləğv prosesində olan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində zərər dəymiş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə zərərə görə aylıq ödəncin əvəzinə aylıq müavinətin Fond tərəfindən verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.

6. Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti üzrə 1 saylı Məhəllə Komitəsinin 22 sentyabr 2023-cü il tarixli, 1383 nömrəli arayışından görünür ki, İddiaçı “Xəzər” bağçılıq Cəmiyyətinin ərazisində Novruz küçəsi, 565A/5 saylı bağ evində qeydiyyatsız yaşayır.

Cavabdeh tərəfindən məhkəmənin sərəncamına münasibətdə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati icraat materiallarına görə:

7. AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (§1);

8. Sumqayıt şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin Sosial Təminat Şöbəsinin 19 oktyabr 1988-ci il tarixli, 1066 nömrəli arayışından görünür ki, İddiaçı 3 oktyabr 1988-ci il tarixdən 3 oktyabr 1989-cu il tarixədək ikinci dərəcəli əlillik təyin edilmiş və o, 80% əmək fəaliyyətini itirmiş əmək qabiliyyətsizdir.

9. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlar”dan görünür ki, İddiaçı 24 oktyabr 1995-ci il tarixdə əmək zədəsi səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş və o, 80% əmək fəaliyyətini itirmiş əmək qabiliyyətsizdir.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İddiaçı “İstehsalat qəzası və yaxud peşə xəstəliyi ilə bağlı aylıq ödənc əvəzinə aylıq kompensasiya” məzmunlu 2 dekabr 2022-ci il tarixli müraciəti;

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı göndərilmiş 13 dekabr 2022-ci il tarixli, **********2 nömrəli məktubu (§3).

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 6 mart 2024-cü il tarixli, **********308100 nömrəli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "xxxx" ASC 13 mart 2023-cü il tarixdə ləğv olunaraq dövlət reyestrindən çıxarılmışdır.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 15 mart 2024-cü il tarixli, 3-21-3/2-4241/2024 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin 11 noyabr 2003-cü il tarixli, 301 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Tikinti Sənaye Müəssisələri Kombinatının Sumqayıt 1 nömrəli Dəmir-Beton Məmulatları zavodunun bazasında "xxxx" ASC yaradılmış, 30 avqust 2005-ci il tarixdə cəmiyyətin səhmlərinin özəlləşdirilməsi tam başa çatdırılmışdır. Eyni zamanda, qeyd edilir ki, müstəqil təsərrüfat subyekti olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təşkilati-hüquqi formasında sonradan dəyişikliyin olub-olmamasına və hüquqi varisinin müəyyən edilməsinə dair məlumatların əldə olunması məqsədilə Dövlət Vergi Xidmətinə müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddiaçı tərəfin tələbi və əsasları

14. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC (bundan sonra - “ASC”) ləğv edilməsi nəticəsində istehsalat qəzası zamanı dəymiş zərərə görə aylıq ödəncin və ya ödəncin əvəzinə aylıq müavinətin 1 aprel 2022-ci il tarixdən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC-də işləmiş və 1988-ci ildə iş qəzası xəsarəti alaraq əlil olmuşdur. Ödənişləri ASC tərəfindən 2022-ci ilin mart ayına qədər hər ay ödənilmiş, həmin ilin aprel ayından etibarən cəmiyyətin ləğv prosesinə cəlb edilməsi əsas gətirilərək ödənişlərin ödənilməsindən imtina edilmişdir. ASC 14 aprel 2022-ci il tarixli qərar ilə ləğv edilmiş, ləğv etmə 15 aprel 2023-cü il tarixdə qüvvəyə minmişdir. Dəfələrlə ödənişləri ilə bağlı ASC-yə müraciət etsə də, müəssisənin ləğv edilməsi ilə əlaqədar müavinətlərin dayandırılması və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ödəniləcəyi bildirilmişdilər. Müəssisə tərəfindən sənədlərin Dövlət Sosial Müdafiə Fonduna göndərildiyi üçün, ora müraciət edilməli olması bildirilsə də, edilmiş müraciət nəticəsiz olmuşdur. Həmçinin qeyd edilir ki, iddiaçının aldığı xəsarətlərlə bağlı zərərin kim tərəfindən ödənilməsi barədə dəqiq cavab verilmir. Tam ümidsiz bir vəziyyətə düşmüşdür. Özü yaşlı və xəstədir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur.

16. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 1126.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və bu səbəbdən borcların təmizlənməsi Qaydaları"nın 5.1, 5.2, 5.3-cü bəndlərinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 33.1-ci maddəsinə istinad olunmuşdur.

17. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – "xxxx") ilə əvəz edilərək, ASC-nin ləğv edilməsi nəticəsində istehsalat qəzası zamanı dəymiş zərərə görə aylıq ödəncin və ya ödəncin əvəzinə aylıq müavinətin 1 aprel 2022-ci il tarixdən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

18. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

19. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfin iddia ərizəsinə qarşı mövqeyi - etiraz və onun dəlilləri:

20. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinə dair iş üzrə müvafiq ödənişin həyata keçirilməsinin cavabdehin təyinatı üzrə mərkəzi filialının səlahiyyətləri xaricində olmasına əsaslanmaqla iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

21. Etirazın dəlilinin əsası kimi qeyd olunmuşdur ki, ləğv prosesində olan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində zərər dəymiş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə zərərə görə aylıq ödəncin əvəzinə aylıq müavinətin cavabdehin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2003-cü il tarixli, 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydalarının 2-ci bəndinə əsasən, bu Qaydalar: "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir.

22. Etirazın maddi hüquqi əsası kimi MM-in 1126.1-ci maddəsinə, Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2003-cü il tarixli, 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın 2, Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 3, 5.1, 5.2, 5.3, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli Qərarının 3.11, 3.12-ci bəndlərinə, prosessual hüquqi əsası kimi isə İPM-in 47.2-ci maddəsinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

23. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə (§15) uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

24. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın dəlillərini (§21) müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

25. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

26. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

27. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

28. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

29. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

31. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

2.1. Bu Qaydalar: 2.1.1. “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” çərçivəsində və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; 2.1.2. idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir.

32. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

3.1. Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aşağıdakı məbləğlərdə aylıq müavinət verilir: 3.1.1. peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq); 3.1.2. həlak olduqda – minimum aylıq əməkhaqqı məbləğində.

5.1. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. 5.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. 5.3. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir.

33. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.2. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. 43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.

Maddə 44. Hüquqi şəxsin hüquq qabiliyyəti 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. (-)

Maddə 52. Hüquqi şəxsin məsuliyyəti 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.

Maddə 59. Hüquqi şəxsin ləğvi 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. (-)

Maddə 60. Hüquqi şəxsin ləğvi haqqında qərar 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. 60.4. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir. 60.5. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) öz fəaliyyətləri zamanı bu Məcəllənin 49.3-cü maddəsinin tələblərinə riayət etməlidirlər. 60.6. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) təyin olunduqları qaydada geri çağırıla və ya başqa şəxslərlə əvəz edilə bilərlər.

34. İPM-n müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

35. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

36. Belə ki, Sumqayıt şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin Sosial Təminat Şöbəsinin 19 oktyabr 1988-ci il tarixli, 1066 nömrəli arayışından və Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlar”dan görünür ki, iddiaçıya 3 oktyabr 1988-ci il tarixdən 3 oktyabr 1989-cu il tarixədək ikinci dərəcəli əlillik təyin edilmiş və o, 80% əmək fəaliyyətini itirmiş əmək qabiliyyətsizdir. İddiaçı istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət aldığına görə müəssisə tərəfindən ona 2022-ci ilin aprel ayınadək aylıq ödənc ödənilmişdir.

37. Həmçinin, ləğv prosesində olan ASC tərəfindən DSMF-nin Sumqayıt şəhər şöbəsinə göndərilmiş arayışından görünür ki, cəmiyyət 11 noyabr 2003-cü il tarixdə Azərbaycan Respublikası İqtisadı İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin qərarı ilə "xxxx" zavodunun bazasında yaradılmışdır. ASC həmin tarixdən etibarən istehsal prosesində əmək xəsarəti almış iddiaçı və digər qeyd olunan vətəndaşlara 1 aprel 2022-ci il tarixədək əmək xəsarəti müavinəti ödəmişdir. ASC səhmdarlarının 14 aprel 2022-ci il tarixli növbəti ümumi yığıncağının qərarı ilə cəmiyyət ləğv edilmişdir. Ləğv etmə 15 aprel 2022-ci il tarixdən qüvvəyə minmişdir. Əlavə olaraq bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixdən əmək qabiliyyətini 80% itirmiş iddiaçıya əmək xəsarəti müavinəti 240 manat məbləğdə ödənilmişdir. 5 dekabr 2003-cü il tarixdə D-3526 nömrə ilə dövlət qeydiyyatına alınmış “ASC (ləğv prosesindədir) 13 mart 2023-cü il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır.

38. Ödənişlərin dayandırılması ilə əlaqədar olaraq iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh müraciətlə bağlı iddiaçıya bildirmişdir ki, onun təqdim edilmiş sənədlərdə işlədiyi müəssisə ləğv edildiyindən müraciətin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı ödənişlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

39. Yuxarıda istinad olunan normaların məzmunundan və onların müddəalarının təhlilindən göründüyü kimi, istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış işçilərə ödənclərin ödənilməsinə məsul olan və cavabdehlik daşıyan subyektlərin dairəsi və bununla bağlı hüquqi varislik məsələsi tam şəkildə tənzimlənməmişdir.

40. Hazırkı mübahisəyə münasibətdə işəgötürən müəssisənin hüquqi şəxs kimi ləğv edildiyi nəzərə alındıqda, həmin müəssisənin xəsarət almış işçilərinə ödənilməli olan ödənclərin kim tərəfindən ödənilməsi məsələsi həllini tapmamışdır. Lakin istinad edilən Qaydaların 3.7 və 3.8-ci bəndlərinin 19 mart 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyalarında oxşar münasibətlər üzrə ödənclərin ödənilməsinin üsulu və qaydası tənzimlənmişdir. Həmin normalara əsasən, ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir.

41. Məhkəmə hesab edir ki, mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarət nəticəsində dəymiş zərərə görə Ödəncin ödənilməsinə olan hüququnun mədudlaşdırılmasına səbəb ola bilməz.

42. Nəzərə alınmalıdır ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər sosial həssas qrupa aiddir və hüquqi tənzimləmənin natamamlığı həmin kateqoriyadan olan şəxslərin əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən onlara təyin olunmuş və ödənilmiş ödənclərdən məhrum edilməsinə səbəb ola bilməz.

43. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçıya 13 mart 2023-cü il tarixdən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməlidir. Belə ki, iddiaçının istehsalat xəsarəti aldığı müəssisənin rəsmi olaraq 13 mart 2023-cü il tarixdə ləğv edildiyi məhkəmə araşdırması zaman öz təsdiqini tapmışdır.

NƏTİCƏVİ HİSSƏ

45. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi qismən təmin edilsin. İddiaçı 13 mart 2023-cü il tarixdən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar